Böyümədən böyüyənlər... - Günay Bəkir

Böyümədən böyüyənlər... - Günay Bəkir
6 dekabr 2023
# 11:50

Kulis.az Günay Bəkirin "Böyümədən böyüyənlər..." hekayəsini təqdim edir.

“Bağışladığım şeyləri mən etsəydim, bağışlamazdılar”. (F.Dostoyevski).

Bilmirəm neçə saat idi ovcumu büküb, saxlamışdım. Topa-topa yağan qar ovcumun içini doldurur, əlimin azacıq istisindən suya dönüb, damcı-damcı yerə axırdı. Soyuqdan donmuş beynim hərdən ayılır, o biri əlimlə qar topalarını silkələyib yerə tökürdüm. İndi xeyli vaxt idi onu da edə bilmirdim. Soyuqdan göyərmiş barmaqlarımı bilmirəm nə vaxtdan idi artıq hiss eləmirdim. Mənim key tutmuş barmaqlarımın cəmi 7 yaşı var idi. Yəqin ki, bundan hələ neçə saat sonra azacıq isti duyan kimi sızıldayacaqdılar. Necə sevirdim o sızıltını... Onların sızıldaması həmin günki əzabın sonu demək idi. Hava getdikcə ayazıyırdı. Kipriklərimdən keçib, gözlərimi sulandıran qar dənələri elə bil məni uşaq görüb oynamağa çağırırdı. Bu an ən çox istədiyim bir sobanın kənarında büzüşüb titrəyə-titrəyə qızınmaq idi. Ovcum açıq, soyuqdan başımı dirsəyimin büküşündə gizlətməyə çalışırdım. O vaxt boşluğunda isə bir sobanın kənarında qızınmağın xəyalını qurmaq istəmirdim. Çünki bilirdim ki, gözünün qabağında canlandırdığın şeyləri bir az sonra ürəyin istəyir. Ürəyim bəzən dönər istəyən kimi...

Təkcə bu da deyildi... Məsələn bu an göyərmiş əlimi qoynumda isitməyə də haqqım yox idi, bəs axşam ev deyilən o yerə nə aparacaqdım?
Buraları yaxşı tanıyırdım. 3 yaşımdan burda idim. Tam 3 yaşımda, bu divarın bir küncündə, kələ-kötür daşların içində özümə, yanımı əzməyən bir hamar daş seçib, insanların üzündən mərhəmət dilənməyə başladım. Həmin vaxt mən 30 yaş böyümüşdüm. Əvvəl elə bilirdim mərhəməti hamıdan dilənmək olar. Ona görə yanımdan ötüb-keçən hamının gözündə axtarmışdım onu... Sonra başa düşdüm ki...yox!

Mən daşın üstündə büzüşüb, harasa tələsən insanları izləyəndə onlar yaxından o qədər böyük idilər ki, gözlərimə sığışmırdılar. Onları oturduğum yerdən, aşağıdan-yuxarıya izləyirdim həmişə. Ayaqlara o qədər öyrəşdim ki, sonralar insanların üzünə baxmağı da unutmuşdum. Yəqin ondan qalan vərdişdir ki, indi heç kimin üzünə- gözünün içinə diqqətlə baxa bilmirəm. Söhbət edəndə ya gözüm həmin adamın ayağında ilişir qalır, ya da başım sağa-sola fırlanır. İndi bu yaşımda soruşsalar deyərəm ki, adamları yerişindən tanıyıram.

Məsələn, harasa tələsən “əmilər” üçün mən ümumiyyətlə görünməz idim. Divarın soyuq küncünə sıxışdığım üçün “xalalar” məni sonradan görürdülər. Əgər yanlarında elə mən yaşlarda uşaq olsaydı, yanımdan keçməsinlər deyə tez özlərinə dartardılar.

Hərdənbir yaxşı “nənələr” də olurdu, bazardan qayıdanda sellofandan çıxarıb bir alma verərdilər. Hərdənbir deyəndəki, əslində cəmi ikicə dəfə olub bu soyuq mərhəmət. Aylardır dilinə yaxşı nə isə dəyməyən mən, o sarı almanın mənə necə uzandığını, onu necə ehtirasla qapdığımı indi də xatırlayıram. Ağzımın acı bir ağrı ilə sulandığını, boğazımın bir küncündən həmin suyun mədəmə axdığını hiss etmişdim. Əlimi uzadıb, qorxa-qorxa o almaya toxunmağa nəhayət cəsarət etmişdim.

Çünki məni “işə” göndərəndə döyə-döyə tapşırırdılar ki, sənə yemək versələr alma. Əvəzində yapış həmin adamlardan, pul istə. Qorxma, yemək verən, pul da verəcək. Həm də ona görə verəcəklər ki, səndən yaxa qurtarsınlar. Lap gördün baş qoşmayıb gedir, düş ardınca, utandır hamının içində. Axırda hamıdan utanıb yaxşı “bəxşiş” verəcəklər. Əsas odur almayınca əl çəkmə!

Deyiləni edirdim, daha doğrusu etməliydim. Çünki .hər gecə ev deyilən o komaya tapşırılan pulu aparmağa məhkum idim. Və qazancım deyiləndən az olanda canımı ən az vəhşicəsinə döyülməklə qurtarırdım.

Bir dəfə bir “əmi” dalınca düşüb pul istədiyim üçün məni başı üstə qaldırıb yaxınlıqdakı dəmir dirəyə çırpdı. Şappıltı ilə yerə çırpıldım. Bircə boğazımdan çıxan zəif “hıq” səsini eşidə bildim. Həmin “əmi” sonra hirsi soyumayıb, məni yerdəcə təpikləməyə başladı. İndi, bu an həmin günü məndən soruşsalar, deyərəm ki, mənə dəyən zərbələri, bədənimi qançır edən təpikləri, dəmir dirəyə yapışan belimin ağrıdan keyiməsini – heç nəyi xatırlamıram. O an məni yerdə,ayağının altında dünyanın ən zərərverici həşaratı kimi xırçımlayıb torpağa qarışdıran o “əmi”nin əlindəki nar kimi qızarmış toyuğu xatırlayıram bircə. Bədənimi ayaqqabısının şiş ucu ilə gömgöy edən o “əminin” əlindəki qızarmış toyuğun ətrini, rəngini unuda bilmirəm...

Bilmirəm, kim aldı məni onun əlindən. Gözlərimi bağlayıb, işgəncənin bitməsini, hirsinin soyumasını gözləyirdim ancaq. Bircə həmin an... Kaş ki, fürsət verəydi bircə kəlmə danışmağa. Fürsət versəydi, deyərdim ki, “sizdən yapışıb, almaq istədiyim pulu yığıb, anama dərman almalıyam. Özü adına “şüşə” deyir onun. O dərmanı vaxtında içməsə əsməcə tutur, titrəyir, özündən gedir.” Mən isə onu belə görməyə dayana bilmirəm. Buna görə hər şeyə dözürəm.

Bəli, mən pis vərdişlərdən asılı qalan bir ana-atanın törəməsi idim. Qanımda onların bədənlərindən çox beyinlərinə yeriyən o narkotikdən neçə faiz var idi, bilmirdim. Ancaq onların iliyini, mənim isə ömrümü sümürən o asılılığı mən də canımda daşıyırdım. Bu mənə anamın hamiləliyindən “hədiyə” idi.

Bizim “işin” bircə “yaxşı” tərəfi o idi ki, özün kimi “dostların” olurdu. Ona görə ”yaxşı” ki, onlar da sənin kimi səfil, dilənçi, üst-başı kir-pasağın, cır-cındırın içində olurdular.Nə sən onların yediyinə, əyin-başına baxıb köks ötürürdün, nə onlar özlərini səndən bir mərtəbə yuxarı tuturdular. Bizim dilənçi dünyamızda biri o birini yaşadığı heç nəyə görə qınamırdı. Hekayələrimiz də aşağı-yuxarı bənzər olurdu. Ancaq tanıdığlm, bildiyim, şahidi olduğum bütün hekayələrin bir ortaq ağrısı var idi .Bu, elə bil hamımızın həyatına yazılan, dəyişməz düstur idi- sevilə bilməmək,varlığına “gəlir mənbəyi” kimi baxılmaq və bizdən qopardılan fədakarlıq...

Biz böyüklərin bütün günahını bu balaca canımıza sığdırmağa borclu idik. Onların həyatındakı quyunun səbəbi biz olmasaq da, o quyuya özlərindən sonra biz düşürdük.

Canımızdakı bu sevilmək ehtiyacı bizə həyatın hər zibilini yeməyə itələyirdi. Biz balaca “quyuçular”ın dilənməyə də, döyülməyə də, aşağılanıb-təhqir olunmağa da, içimizdəki uşaq arzularımızı bircə şeyə- tək bir şeyə görə boğurduq- bizi sevsinlər..!
Mənim adım Uğurdu. Tək-tük halda, hardansa eşidəndə özümün də gülməyim gəlirdi bu ada. Çoxdan unutmuşdum öz adımı, mənə öz “kruqumuzda” “ şüşəbaş” deyirdilər. Elə yaxşı ki, çoxu bilmirdi adımı. Çünki yaxşı şeylər bizə yaraşmırdı. Çünki o yaxşı şeylər bizim leksiyonumuzdan çoxdan çıxmışdı.Bəs niyə “şüşəbaş”? Bilmirəm kim taxmışdı bu ləqəbi mənə, amma yəqin dölündən və belindən gəldiyim “adamların” canlarına hopdurduqları “şüşə” nin izini daşıyırdı bu ləqəb. Bizim “kruqda” heç kim heç kimin həqiqi adını bilməzdi. Hər uşağın yaşadığı hekayədən doğulan bir ləqəbi var idi.

Məsələn, “kruqda” elə təxminən biznən eyni yaşlarda bir qız vardı, onu “gəlincik” çağırırdılar. Adətən metroların qarşısında dilənərdi - diləndirilərdi. İndiyə kimi o qızın gözlərini xatırlayıram. İri,mavi gözləri həmişə dolu olardı. Elə bil o qız dünyaya da həmin mavi gözün önünə çökən ağır pərdəni arıq barmaqları ilə ağır-ağır aralayıb baxırdı. Elə bil dolmuş bulud kimi bir himə bənd idi gözləri. O harasa baxanda həmişə gözündən yaş gözləyirdim onun. Baxmayaraq ki, heçvaxt buna şahid olmadım, ancaq gözümün önündə həmişə onun yanağından süzülən yaş canlanırdı. Bilmirdim olmayan bu şey niyə mənim təsəvvürümə belə yerləşmişdi. Sonralar bunu xatırlayanda başa düşdüm ki, mən o qızın ağlaya bilməyən mavi gözlərini o doluluqdan qurtarmaq istəyirmişəm. Üz-gözünün qara his-pas, saçının pırtlaşıq, kirli, bit-birəli olması da bu qızın gözlərinin rəngini öldürməzdi. Mən onu indiyənə qədər ancaq 10-11 yaşlarında kimi xatırlayıram. Elə o yaşlarda görüb, sonra itirmişdim o qızı. Onun diləndiyi yerlər mənimkindən xeyli uzaqda olsa da aradabir gözümə dəyirdi. Həmişə eyni yerdə, eyni pilləkənin üstündə oturardı. O qızda gözlərindən başqa, nəzərimi çəkən başqa bir şey də var. Yayın ən cırhacır vaxtında həmişə əynindən çıxmayan o topuqdan yuxarı ətəyinin altından mütləq bir şalvar geyinərdi. İnsanların üz-gözündən buçur-buçur tər axdığı vaxtda özünə niyə belə zülm elədiyinə bir məna verə bilmirdim. Hə,bir də ləqəbinə. Mən əvvəl elə bilirdim ona, çox gözəl olduğu üçün “gəlincik” deyirdilər. Ancaq, həyatın ona vurduğu damğanı öyrənəndən sonra yayın cırhacırında ətək altdan niyə şalvar geyindiyi də mənə məlum olmuşdu. “Gəlinciyə” təcavüz etmişdilər...

Hansısa rayonun ucqar kəndindən idi bu qız. Gözlərinin maviliyi arıq, qarayağız üzünə rəng qatırdı. Diqqətlə baxsan. dodağının azacıq kənarında “məskunlaşan” nöqtədən bir az iri, qəhvəyi xalını da sezmək olardı. Deyilənə görə, ata-anası yanğında öləndə Gəlinciyin 5 yaşı var imiş. Özündən kiçik 3 yaşlı qardaşı isə bədənində ağır yanıqlarla həyatdan asılı qalmışdı. Həmin vaxt şanssızlıqdan Gəlincik nənəsigildə olur. Beləcə, o gecə onu gözləyənlərin caynağından xilas ola bilir. 3 yaşlı qardaşı ağır bədən yanıqlarından sonra şikəst qalır. Bədəni və üzü getdikcə qorxunc forma alan bu uşağa qohum və kənd sakinlərindən heç kim sahib çıxmaq istəmir. Əmisigil isə öz aralarında danışırlar ki, belə uşağın xərci də ağırdı, həkimi, dərmanı də. Yenə sağlam ola, bilərsən ki, bir az yekəldib işə-gücə buyuracaqsan. İndi bu şikəst uşaq böyüyüb kimə nə xeyir verəcəkdi? Bu kasıblıqda qarınlarına yeməyi güclə tapırdılar, qaldı ki, müalicəyə... Ancaq hərdən də öz aralarında gizli-gizli pıçıldayırlar ki, yenə dövlət baxımı üçün yaxşı pul versəydi, bir şey fikirləşmək olardı.

Görənlərdən biri deyirdi ki, qardaşı uşaq evinə yola düşəndə onunla vidalaşmamaq üçün Gəlincik hardasa qaçıb gizlənmişdi. Ailəsindən tək yadigar qalan qardaşına sahib çıxa bilməməyin günahını sanki daşıyırdı balaca çiyinlərində. O, bundan utanırdı. Ancaq bu qədər qohum-əqraba və kənd əhalisi sahib çıxmaq istəmədikləri bir parça uşağı yola salmağa utanmamışdılar. Bəlkə də qardaşının bu qədər yad adamın içində onu görüb, ətəyindən yapışmasından qorxmuşdu. Bəlkə də son dəfə baxışı ilə qardaşının gözünə toxunmaqdan qorxmuşdu. Hər nə idisə bu bir parça iki uşağın daşıdığı ürəyi bütün kənd əhalisi daşıya bilməmişdi. Hamı Gəlinciyi axtarır, əmisi arvadı onu evin zirzəmisində, qab-qacağın bir küncünə qısılıb, eləcə donmuş vəziyyətdə tapmışdı. Qızı danlayıb, ora-burasını çimdikləyə-çimdikləyə ac şirin önünə yem atan kimi, bütün kəndin qabağına atmışdı. Orda-burda yayılan, getdikcə yüksələn qınaq səsi isə qızın qulaqlarında uzun illər cingildəmiş, nimdaş paltarından hərə bir dəfə dartışdırmışdı. Kəsik-kəsik qulağını deşən “buna bax, gör heç utanırmı?”, “Bacı olasan, doğma qardaşına belə olasan”, “qardaşını bir də görməyəssən” cümlələri ürəyinə ox kimi batmışdı. Bir parça şikəst uşağa sahib çıxmaq istəməyən qohum-əqraba və kənd əhalisi qardaşı ilə sağollaşmaq istəməyən bacının nə qədər “qansız” olmasını hələ çox sonralar da öz aralarında bir-birlərinə pıçıldamışdılar. Gəlincik bunu yanından keçib-gedəndə susan, uzaqlaşanda qeybət tökülən dodaqlardan oxumuşdu.

Qardaşının yanmış, qırışmış üzündə bircə gözləri diri qalmışdı. Həyatın məşəqqətini cəmi üçcə ilə sığışdıran bu uşağın boynu qırışmış dərisindən ora-bura dönə bilmədiyi üçün gözləri ilə axtarmışdı bacısını. Getdikcə yüksələn səs-küyün, qınaqların,hər ağızdan çıxan bir avazın içində bacı-qardaş qabaq-qabağa dayanmışdılar. 3 yaşlı uşaq hər şeyi-nə baş verdiyini yaxşı başa düşmüşdü. Nəyə məhkum olduğunu da. Ağlamır, eləcə gözü ilə bacısını axtarıb-tapmışdı. Ağır yanıqdan üst dodağı alt dodağına yapışan uşağın dodağında bacısı azacıq təbəssüm sezə bilmişdi. Bacı-qardaşın gözləri bir-birinə dirənmişdi. Gəlinciyin dizləri əsir. Birtəhər ayağını sürüyüb yaxına gəlir. Əlini uzadıb qardaşının yanıqdan aça bilmədiyi barmaqlarından, ovcunun içinə sıxılıb, yumruğa çevrilən əllərindən yapışır. Heç birisi ağlamır. Bu son dəqiqələrin ağrı-acısı onları bir az da böyütmüşdü.
Gəlincik boğazını kəsən zəhər kimi tüpürcəyi birtəhər ötürüb gözlərini qapadır. Qapatdığı gözlərində o an ora yığışan hamını “yoxa çıxardır”. Hamı yox olur... Anası bax elə orda yaxında, bir neçə addım aralıda təndirə çörək yapırdı. İsti çörəkdən bir parça kəsib əli ilə uşaqları çağırırdı. Gəlincik qardaşının hələ ovcuna sıxılmamış, sağlam barmaqlarından yapışıb anasına tərəf qaçır. Ömrünün ən gözəl anları bu bir neçə saniyədə gözünün önündə peyda olur və elə o anda da yoxa çıxır. Kimsə hər ikisinin əlini bir-birindən qopardır. Gözünü açıb, əmisinin acıqlı gözlərini görür.

- Camaat sizi gözləyir, sağollaş, çıxıb getsinlər də.
Bunu deyəndə qız əmisinin gözlərindəki qardaşını göndərmək arzusunun necə şimşək kimi parladığını görür.

Gəlincik əmisinə qardaşını uşaq evinə verməməsi üçün cəmi bircə dəfə yalvarmışdı. Ya birlikdə qalmaqlarını, ya da qardaşı ilə bərabər onu da göndərməsini istəmişdi. Lakin... Hələ sonralar anlayacaqdı ki, həmişə, tanıdığın “ən yaxşı” doğmalarının belə özlərinə aid planları olur.

Qardaşı Gəlinciyin əlini son dəfə bərk-bərk sıxmaq istəsə də, əlləri yumulmur. Qız son dəfə qardaşını qucaqlayır. Əlinin yanıb-büzüşmüz dərisini incitməyə qıymayıb, tezcə də buraxır. Ovcuna qısılan əllərindən öpür, o son anda bir-birlərinin qoxusundan doymaq istəyirlər. Onlar bu son görüşdə bircə kəlmə belə danışmırlar.

Gəlincik sonralar qardaşına aid bir şeyi çox dəqiq, anbaan xatırlamışdı: Uşaq evinə yola düşən zaman maşına minən qardaşının o gözdən itənə qədər oturacağın pəncərədən sallaşıb, sadəcə mavi gözləri ilə vidalaşmağını...

Hamı dağılışır. Hərə ağzında bir cümlə qoydu gedir həmin yerə. Az sonra hamı iş-gücünə çəkilir. Əmisi də, əmisi arvadı da uşaq üçün belə yaxşı olacağını bir az da yüksək səslə deyinir, bu andıra qalmış çətin vaxtda elə xəstə uşağın öhdəsindən gələ bilməyəcəklərini dağılışan adamlara eşitdirmişdilər. Gəlincik olduğu yerdə donub qalmışdı. Bundan sonra onu nələr gözləyirdi bir Allah bilir... Qəfil əmisi arvadının buyruğunu eşidir. Bu evdə bir boğaz artıq idi. Qalacaqdısa, səhərdən-axşama buyruğa baxıb, yediyi çörəyin haqqını verməli idi. Bunu ona hələ neçə gün əvvəl əmisi arvadı divara qısnayanda demişdi. Olduğu yerdən tərpənəndə yerə düşən bir ədəd ağ düymə görür. Bu, anasının sonuncu dəfə qardaşı üçün toxuduğu jiletin qırılan düyməsi idi. Əyilib yerdən götürüb, ovcuna sıxır. Hələ çox şeylər olacaqdı...

Biz “işimizi” uşaq qanunlarımızla idarə edirdik. Birimiz, o birinin “obyektinə” soxulmazdıq. Bu, dilənçiliyin öz yazılmamış qanunlarında var idi. Arada bu “işə” təzə qoşulanlar olurdu, gəlib sən oturduğun yeri zəbt edir,hələ üstəlik çörəyinə də şərik olurdular. Dilənçilərin dünyası hamının yaşadığı o dünyadan çox başqa idi. Güclü zəifi əzməyə çalışsa da, zəiflər yığışıb daha güclü olurdular. Həmin onda bizdən qat-qat zalım olanlara yığışıb “yerini bildirirdik”.

Biz küçə uşaqları idik. Bəli, atası, anası, yaxını olan, amma əzizi olmayan heç kim idik. Bizə bir konfet, bir cırıq ayaqqabı, bir quru çörək, bir sığal çəkənə qurban gedirdik. Dilənçi uşaqların hər birinin hekayələri fərqli olsa da, tək ortaq zəifliyi bunda idi- qurban getmək. Bəzilərimiz, elə həqiqətən buna qurban gedirdik.

Qanında həmin zəhrimarı məndən də artıq daşıyan 7 aylıq qardaşım da var idi mənim. Hey ağlayırdı... Mən “işə” gedəndə də, gələndə də bircə onu özümə dərd edirdim. Qardaşımın islaq bezi çox vaxt 2-3 gün dəyişmirdi. Bir sınıq butulkadakı süd payı ilə iki-üç gün dolanmalı idi. Bunu mənim 7 aylıq körpə qardaşım yaxşı bilirdi, elə ona görə də hər acanda özünü ən dözülməz ana saxlayıb, butulkadakı süddən cəmi bir qurtum içərdi. Soyuq qış ayında nəm, şişmiş bezi qarnına yapışıb, paltarlarına keçirdi. Buz kimi daxmanın soyuğunu qardaşım qarnında, ayaqlarında “gəzdirirdi”. Bizim evdə heç vaxt isti nəsə olmazdı. Nə peç, nə yemək,nə geyim... Mənim qardaşım ağlamağın qadağan olduğunu bilirdi. Nəsə istəməyin də. Əgər işdir, nəsə belə “şıltaqlıq” eləsə, onu əvvəl atam, sonra anam tərəfindən nə gözləyirdi, eləbil hiss eləmişdi. Çox vaxt qaranlıqda evə gələndə onu sınıq kolyaskasında, üstüaçıq, bezi və paltarı sidik içində, buz kimi bədəndə görürdüm.

Bir dəfə hava lap ayaz idi, əynim də qupquru, nazik. Diləndiyim yerdə iliyimi kəsən şaxtaya dözə bilməyib, it kimi döyüləcəyimi bilsəm də evə tez gəldim. Eybiyox, dedim, onsuz da bədənimdə taqətim qalmayıb, bir az döyüləcəm, sonra bir küncdə yuxu tutar, yataram. Evə yaxınlaşanda ürəyimin döyüntüsünü boğazımda hiss eləyirdim. Durub yolun qırağında bir az gözlədim. Küçədə bir ins-cins yox idi. İt-pişiklər də soyuqdan harasa dürtülmüşdülər. Gözüm qabaqdakı binada işığı yanan bir evə ilişdi. Deyəsən evin mətbəxi idi. Yemək stolunu pəncərənin qabağına qoymuşdular, pərdə açıq olduğu üçün hərşeyi aydın görə bilirdim. Aclıqdan ayaq üstə dayana bilmədiyim vaxtda o süfrədəki yeməkləri görməyin nə qədər işgəncə olduğunu təsəvvür edə bilməzsiniz. Ondan da əzabılısı vardı. O süfrənin arxasında oturan ata-ana və elə mən yaşlardakı uşaq. Atası öz boşqabındakı əti çəngəl ilə uşağa yedirtmək istəyirdi. Uşaq atasının əlini itələyib, başını çevirirdi. Sonra anası uşağı dilə tutub, qaşıqla nə isə yedirtmək istəyirdi. Pəncərədən izlədiyim, adını bilmədiyim o uşaq mənim kim olduğumu, nə yaşadığımı, indi bu anını necə paxıllıqla izlədiyimi heç vaxt bilməyəcəkdi. Bəlkə də nə vaxtsa ovcuma qəpik-quruş da qoymuşdu o uşaq, bilmirəm. Sonra işığı yanan, pərdəsi aralı o evdə pəncərəni qəfil isti yeməyin buxarı vurdu. Buxar onsuz da uzaq olan o həyatı mənə birdəfəlik görünməz elədi. İliyimi kəsən bu soyuq qış günündə, kimsəsiz, qaranlıq küçənin ortasında o isti xörəyin ətrini xəyalən ciyərlərimə çəkdim və ayıldım.

Evə getmək lazım idi. Bir az da dayansaydım bədənim donacaqdı. Qorxudan boğazımda döyünən ürəyim bayaqki izlədiyim mənzərədən sonra bir az sakitləşsə də, evə 5-6 addım qalmış təzədən çırpınmağa başladı. Səs-səmir yox idi. Qapını bir az da dayanıb dinlədim. Əlimi əsə-əsə uzadıb, yavaşca dəstəyi aşağı əydim. Kirayə qaldığımız bu daxmanın adamın beyninə işləyən qulaqbatırıcı cırıltısı vardı. Yenə də cırıldadı, gözlərimi yumub qorxudan udqundum. Bir-iki dəqiqədən sonra məni ölümcül döyülmək gözləyirdi. Səs-küy yox idi. Gözlərimi açdım. İşıqları borcdan yenə kəsmişdilər yəqin. Daxmada bircə çəlimsiz şam yanırdı. Daxmamızın həmişə gəldiyim küçələrdən heç bir fərqi olmazdı-buzxana idi. Şamın divara saldığı kölgədə 7 aylıq qardaşımı həmişəki yerində gördüm.Nə oynayır, nə səsini çıxarırdı. Bunların bu evdə cəzasız olmadığını bilirdi. Qardaşımın üzü məni görcək qəfil şam işığının qaranlığında canlandı. Elə bil danışa bilməyən dili ilə çağırırdı məni. Çəlimsiz ayaqlarını bir-birinə sürtüb, gözləri ilə məni çağırdı. Gün ərzində ilk dəfə dodağımın azacıq qaçdığını hiss elədim. Mənim dilənməyimin də, hər gecə bu daxmaya gəlib çıxmağımın də səbəbi o idi. Barmağımı iki dodağımın arasına sıxıb, “sus” deyə, işarə elədim. Məni başa düşüb, şıltaqlığını kəsdi. Gözləri ilə məni izləyirdi. Gözüm soyuq,kirli palazın üstünə eləcə sərilmiş anama ilişdi. Yenə halı o hal deyildi. Bu vəziyyətini yaxşı bilirdim. Bu dünyadan təcrid halı yenə bizi məhv edən zəhrimarı canına, qanına hopdurub, öz dünyasında həzz alması demək idi. Bilmirəm neçə saat idi bu vəziyyətdə olduğu... Bilmirəm neçə saat idi 7 aylıq qardaşım qarnına yapışan sidikli, nəm paltarların içində beləcə qalırdı. Bilmirəm neçə saat idi 7 aylıq qardaşım acından barmağını sümürür, südü bitmiş butulkasını başına çəkib, yerə qoyur, ağzını marçıldadırdı. Bezinin sidikdən şişib, paltarından daşdığını dünən səhərdən görmüşdüm. Bir butulka soyuq südünü neçə günə qurtum-qurtum içib, acından ölməmək üçün mübarizə apardığını bilirdim. Bir an atamı gözüm axtardı. O da anamın vəziyyətində idi. Dünən dilənib topladığım pullar indi hər ikisinin canında, qanında gəzişir, bizi də, özlərini də məhv edirdi. Barmaqlarımın ucunda içəri keçib,bir küncə qısılıb, həm qızınmağa, həm də səsimi çıxartmadan gecəni yola verməyə çalışdım. Qardaşımın gözləri qaranlıqda məni tapıb, üzümə dirəndi. Elə bil gözləri ilə məni köməyə çağırırdı. Başımı cırıq paltarımın içində gizlətməyə çalışdım. Eşitməmək üçün qulaqlarımı, gözlərimi qapadım. Olmadı... Səs etsəydim, onu götürsəydim ölü kimi yerə gömülən ata-anam bəlkə də oyanacaqdılar. O zaman da mənim sınmamış sümüyüm qalmayacaqdı. Qardaşım qırıq-qırıq səslər çıxarır, kömək istəyirdi. Qulaqlarımı bağlamaq da vicdanımı susdura bilmədi. Ayağa qalxdım. Yaxınlaşıb, götürmək istədim. Dözülməz dərəcədə pis qoxurdu. Götürdüyüm yerə qoyub, barmağımla susmağını işarə elədim. Ciblərimi qurdaladım. Dilənib, yığdığım pul bir bez, bir az da süd almağa çatırdı. Bu gün hava şaxtalı olduğundan küçədə adam az-az tapılmışdı. İndi bunları alsam, sabah səhər nə verəcəkdim bu daxmaya? Yenə döyüləcəkdim... Hər şeyi gözə alıb, özümü topladım. Barmaqlarımın ucunda qapıdan çıxdım. Bilmirdim nə edəcəyimi. Bircə onu bilirdim ki, narkotikdən asılı qalan, bizi dünyaya gətirməklə həyatımızı mıəhv edən bioloji ata-anamın qanını doyurmaqdan çox günlərdir ac, sidik içində boğulan körpənin həyatını xilas etməliyəm. Ciblərimi qurdaladım. 3-5-10 qəpikləri üst-üstə qoyub, yolun kənarındakı dükana girdim. Buranın satıcısı çoxdan bilirdi anamın-atamın vəziyyətini, mənim isə nə işlə məşğul olduğumu. Məni görən kimi cəld yerindən sıçrayıb, qapıdan itələmək istədi, əlimdəki qəpikləri göstərib yalvardım. Pulumun olduğunu, nə alsam pulnan alacağımı dedim. Bir az sakitləşməyi mənə azca cəsarət verdi. Əlimdəki qəpiklərə baxdı. Nəzir-niyaz olduğunu, dilənib qazandığımı bildiyindən götürmək istəməyib, yenə itələdi. Həyatımda özümü bu qədər aciz, çıxılmaz, çarəsiz görməmişdim. Bu yerlərdə dükan çox idi. Ancaq ata-anam hamısından çoxlu pul və nisyə mal alıb, qaytarmamışdılar. Bura mənim son ümidim idi, qovulsaydım qardaşım acından öləcəkdi. Yenə yalvardım, qəfil gələn bir cəsarətlə qardaşımın acından öləcəyini dedim. Bir saniyəlik süküt çökdü. Deyəsən yumşaldı bir az. Qəzəbi üzümə zilləndi. Bir söz deməyə ehtiyac görmədim daha. Ehtiyac olsa belə nə deyəcəkdim? Hər şey kimi o da düyün-düyün olub, qaldı boğazımda. İçəri keçib bir qutu süd, 2 bez götürdüm. Əlimdəki bugünki bütün qazancım olan qəpikləri sakitcə piştaxtanın üzərinə qoyub, yavaşca dükandan çıxdım. Kişi susub dayanmışdı. Başımı bəhanə ilə çevirib, bir saniyəlik baxış atdım üzünə. Gözlərindəki qəzəbə mərhəmət qarışmışdı. Çıxhaçıxda piştaxtanın üstünə qoyduğum xırda qəpikləri hirslə təzədən cibimə doldurub, məni qapıdan itələdi. Əlimi cibimə salıb, pulu yenidən ora qoymağa taqətim qalmamışdı. Bilirdim ki, onun həmin pula ehtiyacı yox idi. Və ən əsası o pul onun üçün bərəkətsiz, dilənib yığılan nəzir-niyaz idi.

Cırıq ayaqqabılarımda barmaqlarım soyuqda keyimişdi. Daxmaya gəlib, qapının ağzında bir az dayandım, səsə qulaq asdım. Qardaşımın qığıltı səsi gəlirdi. Ehmalca içəri keçib,səs çıxartmamağa çalışdım. Qardaşım məni təzədən görüb, ayaqları ilə təpikləyir, götürməyimi istəyir, özünü qucağa atırdı. İşarə barmağımı dodağımın arasına sıxıb dayandım. O, bunu yaxşı tanıyırdı. Bu dəfə də əlimdəki südü görüb, özünü üstümə atmaq istədi. Gah əlində günlərdir qalan içi boş butulkanı ağzına aparır, gah mənə uzadır, yenə ağzına çevirib, içində bir damcı yemək axtarırdı. Dodağım qaçdı. Hiss etdim ki, ilk dəfədir gülümsəyirəm. Çirkdən üst-üstə yığılmış, bulaşıq qabların arasından çətinliklə bir qab tapıb, birtəhər südü qızdırdım. Ağlı kəsəndən bəri ac qalmaq qorxusu ilə qurtum-qurtum içdiyi süddən doya bilməyən, günlərdir butulkasında o bircə qurtumu da olmayan ac qardaşım südü nəfəsi kəsilə-kəsilə içib, bugünə kimi bütün aclığının heyfini çıxırdı. Onun doyan qarnı mənim aclığımı da öldürürdü. Süd bitdi. Butulkanı ağzına çevirib,dibində qalan damcıları da udmağa çalışdı. Əlindən alıb, bir butulka yenə verdim. Ağlı kəsməsə də bu gecə onun yaddaşına ilk dəfə qarın dolusu yemək yediyi və təmiz paltarda yatdığı gün kimi yazılacaqdı.

Yeyib doyandan sonra körpə qardaşımın üzündəki xoşbəxtlik şamın öləzəyən işığında üzümü güldürdü. Günlərdir sidik içində boğulan, adamın iliyinə işləyən soyuqda nəm paltarları islanıb əynində quruyan bu körpə yaşadıqlarını dərk etməsə də, nə vaxtsa ağlamaqla nəyəsə etiraz etməyi ağlına belə gətirməmişdi.

Suyu isidib, yaş paltarlarını dəyişməyə çalışdım. 7 aylıq bu körpənin nəmlikdən şişib, paltarlarını isladan bezi əyninə yapışmışdı. Əynindəki nazik şalvarı dartıb çıxarda bildim. Bezi açanda gördüyüm dəhşəti unuda bilmirəm. 7 aylıq qardaşımın günlərdir nəcisi ətinə yapışıb, quruyub qalmışdı. Əti topa-topa qızarıb, şişmişdi. Necə təmizləyəcəyimi bilmirdim. Nəhayət, çarəni onu suya oturtmaqda tapdım. Ən dəhşətlisi isə o idi ki, qardaşım körpə canında öz taqətini toplayıb, bu qədər ağrıya günlərdir sadəcə susmuşdu.

Həmin an şamın son nəfəsində bioloji ata-anamın “ölən” cismini və bizi öldürən ruhunu gördüm.

İllər sonra, mən eyni iri,mavi gözləri bir kişinin üzündə gördüm. .O vaxt Gəlinciklə lap çoxdan idi ki,rastlaşmırdım. Hətta varlığını da yadımdan çıxartmışdım. Elə qəribəsi də bunda idi. Yaddaşım adını, üzünü, varlığını unutduğum bir qızcığazın ancaq gözlərini həkk eliyə bilmişdi. Niyəsə həyat mənə Gəlinciyə bənzəyən hər şeyi inadla xatırlatmağa çalışırdı. O kişinin gözləri kimi... Səhər vaxtı harasa tələsənlərin arasında toqquşmağa başqa adam yoxmuş kimi o adama dəyib, yerə sərələndim. Yıxıldığım asfaltın üstündə aşağıdan yuxarıya “süzməli” oldum bu adamı. İri, kobud ayaqları yöndəmsiz qıçları ilə birlikdə gövdəsinə birləşmişdi. Aşağı sallanan qarnının arxasında gizlənən siması elə bil gerçək kimliyini də ört-basdır etməyı çalışırdı. İlk baxışda iri,donqar burnu kişinin qırmızı sifətini arxa plana atırdı.İki qaşının arasında qalan, alnına doğru uzanan çapıq susuz qalan torpağın yarılmasına bənzəyirdi. Bu vücudda və bu üzdəki bəlkə də baxılası tək yer bu kişinin mavi gözləri idi. O da kin və qəzəb saçırdı. Həmin vaxt ona toxunub, yıxılanda mənim dilənçi olduğumu anladı. Bəlkə də insanların arasında olmasaydıq,buna görə ayağının altında ikən bir-iki kötəkləyərdi də. Gözlərindəki mavi qəzəb üzümə zillənəndə diksindim. Cəld ayağa qalxıb, arxama baxmadan qaçdım. Bir az uzaqlaşdıqca maraq mənə güc gəldi, geri çevrilib arxamca baxıb-baxmadığını bilmək istədim. Həmin an sarı saçlı, çəlimsiz bir qızın qolundan tutub-dartışdırdığını gördüm. Və xatırladım...

Bizim “kruqa” bəzən anaların diləndirdiyi uşaqlar da düşürdü. Adətən 3-4 yaşarında olan bu uşaqları küçələr dünya qədər böyüdüb şillələyir, onlara yaşadıqları dünyada bir yük olduqlarını qandırırdı. Yağışda, küləkdə, soyuqda həmin uşaqlar onları lazımsız bir şey kimi əli ilə itələyən adamların dalınca düşüb yalvarır, pul qoparana qədər əl çəkmirdilər. Divarın bir küncündə, yolun kənarında soyuq bir karton parçasının üstündə səhərdən-axşama qədər dayanıb “işləyən” bu uşaqların adətən ayaqqabıları yırtıq, pal-paltarı nazik cır-cındır içində olurdu. Qucağında körpə uşaqla dilənən qadınlar bizdən də çox yığırdılar. Onlara pul qazandıran qucaqlarındakı uşaqlar idi. Soyuqda-qarda, yağışda hamının küçədən canını qurtarıb evə tələsən vaxtında o körpələr qadınlara pul qazandırırdı. Həmişə qucaqda yatılı olan bu uşaqlara səhər-axşam oyandıqca dərman verirdilər ki, ora-bura qaçıb, işə mane olmasınlar. Bəziləri isə həmin körpələri öz ata-anasından “kirayələyir”,hər axşam uşağı təhvil verəndə yığdıqları puldan danışılan məbləği ödəyirdilər.
Əli-ayağı olmayan, şikəst olan uşaqlar daha yaxşı pul qazandırırdılar. Çünki mərhəməti yaxşı sömürə bilir, diqqəti tez çəkirdilər. Ona görə də uşaq “kirayələyən” qadınlar yaxşı qazanmaq üçün daha çox şikəst uşaqlara üstünlük verirdilər.

Aylar əvvəl, bir gün gecəyarı qıvrıldığım balaca döşəkcənin üstündə bioloji ana-atamın səsinə oyandım. Nəsə haqqında gah səsli, gah pıçıltı ilə danışırdılar. Oyansam da məni yatmış bilmələri üçün gözləri açmadım. Anam nəyəsə görə dodaqaltı mızıldanır, atam gah baş-gözünə şillə-qapaz ilişdirə-ilişdirə, gah yumşaq səslə nəyəsə inandırmağa çalışırdı onu.

Həmin vaxt işlər pis gedirdi. Mənim dilənib gətirdiklərim onların qanlarına yeritdiyi zəhrimarlarına çatmırdı. Buna görə hər gecə vəhşi kimi döyülsəm də bir xeyri yox idi. Bir müddət qulaq asandan sonra eşitdiyim sözlərdən qanım dondu. Tüpürcəyim boğazıma yapışıb, məni öskürtdü. Öskürüb səs eləməmək üçün özümü az qala boğdum. Nəfəsim kəsilmişdi.

Hər ikisi dilənçilərin şikəst uşaqları gündəlik yaxşı pula kirayələdiyini bilirdilər. O vaxt qardaşım 3 aylıq olardı. Atam anamı inandırırdı ki, bir azdan mənim diləndiyim pulla hər ikisinə zəhrimar almaq müşkül olacaq. Qardaşımın qolunu ya ayağını sındırıb, şikəst eləmək, sonra tapdığı adamlara gündəlik kirayələmək lap yaxşı qazanc gətirəcək. Bunu etsə idi, atamın hazır klientləri də var idi artıq.
Həmin gecə necə nəfəs aldığımı xatırlamıram. O gecədən sonra qardaşımın şikəst olmaması üçün lazım olan pulu nə yolla olur-olsun tapıb gətirəcəyimə söz verdim.

Uşaqlar böyüklərin etdiyini etməzlər-ona görə də həmişə böyüklərdən böyükdülər. Məsələn, hansısa uşağın ağır vəziyyəti başqa bir uşağın qeybət mövzusu olmayıb. Uşaqlar öz yaşıdlarını heç nəyə görə qınamazlar. Uşaqlar öz yaşıdlarını zəif nöqtəsi ilə vurmazlar. Onlar bir-birlərinə quyunun ən dərinini qazmazlar. Əgər böyüklər imkan versə, uşaqlar öz qanunları ilə dünyanı da xilas edərlər. Bizim dünyamızdakı rənglərin çoxunu da böyüklərin içindəki o böyüməyən uşaqlar oğurladı...

Biz dilənçi, yolçu, ən pis şeyləri edən, oğru, tərbiyəsiz, cəmiyyətin ən lazımsız atılmışları idik. Heç kim bizim gözlərimizin içinə baxmazdı. Bizim hansı boyda,hansı rəngdə, hansı yaşda olduğumuz heç kimə lazım deyildi. Nəinki başqalarına, bu heç öz “doğmalarımıza” da lazım deyildi. Biz doğulduğumuz günü bilməzdik. Bir dəfə kruqumuzdakı dilənçi uşaqlardan biri üzündəki ən ağır kədər ilə “bu gün mənim ad günümdü” demişdi. Dediyi sözlərdən də daş sallanmışdı. Biz- yəni bunu eşidənlər o vaxt bizim də anadan doğulduğumuz hansısa günün olduğunu xatırlamışdıq. Ancaq o hansı gün idi, heç kim yadına sala bilməmişdi. Kruqumuzda bizdən 4-5 yaş böyük “qoca” ləqəbli bir uşaq var idi. O, həmin gün təsadüfən mağazanın qabağına qoyulan tort qabı tapıb, sevinə-sevinə gətirmişdi. İçindəki 3-4 dilimlik kiminsə yemədiyi tortun üstünə bir balaca şam da tapıb qoyduq. Uşaq şamı üfürəndə,biz də onunla bərabər xatırlamadığımız bütün doğum günlərimizi keçirtmişdik. O yaşa qədər ilk dəfə şam üfürüb, ad gününü qeyd eliyən həmin uşağa heç birimiz “yaxşı ki, doğulmusan” deyə bilməmişdik. Və o kiminsə bəyənməyib mağazanın qabağına atdığı 3-4 dilimlik tort bütün “dilənçi ordüsü”na bəs eləmişdi.

Gəlinciyi o son gördüyüm anı yadımdan çıxara bilmirdim. Həmin gündən sonra neçə dəfə o yerə gedib, ora-bura da baş çəkmişdim. Çox vaxt metronun çıxışında,pilləkənlərin üstündə oturub dilənərdi. Ən çox da həmin gündən sonra eşitdiklərimin dəhşəti idi məni günlərdir ora sürüyən. Bilmirdim niyə gedirdim? Görsəm belə nə edəcəkdim? Nə deyəcəkdim?
Gəlinciyin qardaşı uşaq evinə veriləndən sonra onun ən dəhşətli günləri başlayır. Məktəbdən də çıxarılan qız əmisi arvadının qulluqçusuna çevrilir. Ən ağır işlərə gözünü qırpmadan yollayan əmisi arvadı beləcə onu da evdən bezdirib göndərməyin hayında olur. Bir neçə il beləcə keçir. Gəlincik artıq yetkinlik yaşına addım atır. Qızın böyüyən sinəsi, dəyişən bədəni əmisinin də gözündən qaçmır. Bir gün əmisi arvadı və uşaqları evdə olmadığı vaxt əmisi Gəlinciyə təcavüz edir və kiməsə desə onu da, qardaşını da öldürməklə hədələyir. Əmisinin Gəlinciyin bədəninə sahib olması, sonralar ondan istədiyi formada zövq almasına qədər gətirir. Qardaşına görə hər şeyə sussa da, bir gün yenə əmisi evdə tək olan vaxt qızı çılpaq soyundurub,həzz almağa başlayır. Evə vaxtsız gələn əmisi arvadı hadisənin üstünə çıxır və baş-gözünə döyə-döyə bütün kəndə xəbər salır. Dalınca ürəyi soyumayıb, ərinin soyundurduğu çılpaq qızı saçından sürüyə-sürüyə səs-küyə yığılan kənd camaatının qabağına atır.

Ərindən ölümcül döyülməklə canını birtəhər qurtaran əmisi arvadı qorxudan bir neçə gün qohumugildə qalır. Həmin vaxt kənd camaatı tərəfindən evin daş-qalaq edilməsi əmisini o kənddən çıxmağa məcbur edir. Və tək çıxmır... Qardaşını və özünü yenə də öldürməklə hədələyib, gecənin bir yarısı Gəlinciyi də götürüb kənddən qaçır. Uzun müddət orda-burda yaşasa da, şəhərdə heç kimin onu tanımayacağı yırtıq-deşikde birotaqlı ev kirayələyir. Bir müddət Gəlinciyi evə kilidləyib saxlasa da, artıq işləmədən yaşamağın mümkün olmadığını görüb, qızı diləndirməyə qərar verir. Gecələr qızın bədəninə, gündüzlər yığdığı qəpik-quruşa sahib olan əmisi hər səhər qızı diləndiyi yerə gətirir kənarda bir yerdə dayanıb, axşama qədər onu izləyərdi. Gəlinciyin kişilərə çox da yaxınlaşması qadağan idi. Və mən bütün bu hekayəni dinləyəndə qızın yayın qızmarında niyə ətək altdan isti şalvar geyindiyini, ətəyin ucunu isə tez-tez niyə aşağı çəkişdirdiyini anladım.

Bütün bunlar beynimin bir ucundan kino lenti kimi keçdiyi vaxt hələ bilmirdim ki, bir il sonra, məhz dayandığım bu yerdə uzaqdan Gəlinciyi izləyəcəm. Bir soyuq qış günü axşamın qaranlığında o,diləndiyi yerdən qəfil ayağa sıçrayıb, yolda şütüyən maşının önünə atacaq özünü. Və mən, maşının qarşısında, qan içində onun açıq qalan mavi gözlərini son dəfə görəcəm..

# 811 dəfə oxunub

Oxşar xəbərlər

BMU-da “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olundu

BMU-da “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olundu

14:02 30 noyabr 2024
Milli Kitabxanada “İlyas Tapdıq - 90” adlı sərgi açıldı

Milli Kitabxanada “İlyas Tapdıq - 90” adlı sərgi açıldı

13:29 30 noyabr 2024
Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

Milli Kitabxanada “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

12:54 30 noyabr 2024
Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

12:32 30 noyabr 2024
Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı

Tbilisidə Azərbaycan xalçalarının sərgisi açıldı

11:15 30 noyabr 2024
Türkiyədə Əli Çağlanın kitabı çap olundu

Türkiyədə Əli Çağlanın kitabı çap olundu

10:35 30 noyabr 2024
# # #