1946-cı ilin 1 oktyabr tarixində nasist liderlərinə Nürnberq prosesində hökm oxunub.
Kulis.az sözügedən mövzu ilə bağlı Sevinc Mürvətqızının yeni essesini təqdim edir.
İnsanlıq tarixi boyunca şərin qorxunc üzü qanlı pəncələr, alov saçan gözlər və vəhşi təbəssümlə təxəyyül edilib. Miflər, ədəbiyyat və dini mətnlər bizi inandırmışdı ki, böyük fəlakətlər yalnız ifrat nifrətlə qidalanan, qəlbi qaralmış xüsusi bir iblis zümrəsinin əlindən çıxa bilər. Lakin 1945-ci ilin payızında xarabazara çevrilmiş Almaniyanın Nürnberq şəhərində, 600 nömrəli məhkəmə zalında qurulan kürsülər bu qədim mifi yerlə-yeksan etdi. İttiham olunanlar kürsüsündə əyləşənlər əsatirlərdən qopan əcaib divlər-filan deyildi, səliqə ilə daranmış saçları, ütülü kostyumları və donuq baxışları olan adamlar idi.
Qısa statistik haşiyə çıxsaq, Nürnberq prosesi - İkinci Dünya müharibəsinin qalib müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945–1949-cu illərdə qurduqları məhkəmədir. Bu məhkəmələr, İkinci Dünya müharibəsindən sonra Soyuq Müharibənin hələ tam olaraq ortaya çıxmadığı, hüquqiliyin ön planda olduğu dönəmdə nasist rejiminin dəhşətə gətirən vəhşətlərinə verilən hüquqi bir reaksiya idi. Hərbi məhkəmələr ABŞ, İngiltərə, Fransa və Rusiyanın hakimlərindən təşkil olunmuşdu və mühakimə edilən öndə gələn şəxsiyyətlər arasında Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop kimiləri vardı. Bu nasist liderləri bütün dünyaya qarşı təcavüzkarlıq, sülhə, bəşəriyyətə qarşı cinayətlərdə və hərbi cinayətkarlıqda ittiham olunurdular. Ən məşhur olan birinci məhkəmədə ən yuxarı pillədəki 22 nasist lider mühakimə olundu; 12 nəfər ölüm cəzası, 7 nəfər həbs cəzası aldı, 3 nəfər isə sərbəst buraxıldı. Bu məhkəmənin ardından ümumilikdə 177 nəfərin mühakimə olunduğu daha 12 məhkəmə də reallaşdırıldı, 24 nəfər ölüm cəzasına məhkum olundu.
Bu, karmik statistika XX əsrin ən böyük sivilizasiya böhranı məhz burada - kağız qoxulu otaqların, möhürlənmiş blankların və dəqiq tərtib edilmiş cədvəllərin soyuq qaranlığında qarşımıza fəlsəfi bir sual qoyur: İnsan bu dərəcədə canavarlaşa bilərmi? Bu miqyasda vəhşiləşməyin səbəbləri nələrdir?
Mənəvi aspektdən yanaşanda Nürnberq prosesi hüququn tarixdə ilk dəfə birbaşa vicdanla qarşı-qarşıya gəldiyi məqam idi. Lakin məhkəmənin divarları arasında səslənən ən amansız sözlər nifrət nitqləri olmadı; oradakı ən dəhşətli kəlmə soyuq bir intizamla tələffüz edilən iki kəlməlik alman formulunda gizlənmişdi: “Befehl ist Befehl” - “Əmr əmrdir”.
Məhkəmə qarşısına çıxarılan hərbi generallar, nazirlər, iqtisadçılar və həkimlər törətdikləri dəhşətlərdən daha çox, əslində, öz iradələrini inkar edirdilər. Onlara görə, onlar qatilliyin birbaşa subyekti deyildilər, sadəcə qüsursuz işləyən nəhəng bir ölüm maşınının kiçik, əvəzlənə bilən və müstəqil iradəsi olmayan çarxları olduqlarını iddia edirdilər. Qərarlar “yuxarılar”dan idi - əmr verilmiş, möhürlər vurulmuş, onlara isə sadəcə icra etmək tapşırılmışdı…
Məhz bu nöqtədə məhkəmə hüquqi çərçivəsini aşaraq fəlsəfi bir dilemma ilə toqquşdu. Qustav Radbrukun illər sonra sistemləşdirəcəyi hüquq fəlsəfəsi -pozitiv qanun ilə təbii ədalətin toqquşması Nürnberq məhkəməsi zalında əyani şəkildə canlanıb “ətə-qana dolub” insanlığın qarşısına çıxmışdı.
Nasistlər dövrün qüvvədə olan qanunlarına əməl etmişdilər. Əgər qanun dövlətin iradəsidirsə, dövlətin əmrinə itaət cinayət sayıla bilərdimi? Nürnberq məhkəmələri bu suala qətiyyətlə cavab verdi: Qanunun arxasında insan ləyaqətini qoruyan ali əxlaq dayanmırsa, o artıq hüquq deyil, leqallaşdırılmış zorakılıqdır. Nürnberq məhkəmələri tarixə həm də ona görə düşdü ki, insanın daxilindəki vicdan mühakiməsini dövlətin möhüründən ucaya qaldırmağı hədəfləmişdi.
Bu məhkəmə prosesinin arxasında dayanan insan psixologiyasını anlamaq üçün Nürnberq həbsxanasının hücrələrinə nəzər salmaq kifayətdir. Məhbuslarla aylarla vaxt keçirən məşhur amerikalı psixoloq Qustav Gilbert onların heç birində klassik mənada psixiatrik pozuntu aşkarlamamışdı. Əksinə, onların intellekt səviyyələri orta göstəricidən də xeyli yüksək idi, aralarında bəzi isimlər parlaq zəkaya malik insanlar idilər. Gilbertin apardığı psixoloji şəxsiyyət testləri vahiməli bir həqiqəti ortaya qoydu: bu insanlar qətiyyən dəli yaxud islaholunmaz psixopatlar deyildi. Onlar sadəcə özlərinin lazımi bildikləri anda empatiya hissini dondurmağı, öz şəxsi mənliklərini funksional rollarından ayırmağı bacaran kütləvi cəmiyyətin “məhsulları” idilər. Yəni ki, gün ərzində ölüm düşərgələrinə aralarında qadın, uşaq və ahılların olduğu minlərlə insanın göndərilməsi əmrini imzalayan bir nasist məmuru axşam evində rahatlıqla Bethoven dinləyə, övladına nağıl oxuya və eyvandakı güllərini sulaya bilirdi. Psixologiyada "şöbələşmə" adlanan bu daxili parçalanma, insanın öz hərəkətlərinin mənəvi yükündən tamamilə azad olmasına şərait yaradırdı.
Nürnberqdən başlayıb 1961-ci ildə Qüdsdə Adolf Eyxmanın şüşə qəfəsdəki mühakiməsinə qədər uzanan bu xətt, nəhayət, yəhudi əsilli ABŞ filosofu Hanna Arendt tərəfindən sərrast adlandırıldı: Şərin bayağılığı. Qısacası, şərin bayağılığı - insanın qəsdən qəddarlaşması deyil, sadəcə verilən tapşırıqları sorğulamadan və başqasının yerinə hiss etməkdən, empatiya qurmaqdan imtina edərək, öz vicdanını sistemin əmrlərinə sakitcə təslim etməsidir deyə bilərik.
Hanna Arendt Eyxmanı seyr edərkən qarşısında qaniçən bir qatil görməmişdi, qarşısında sadəcə karyerasını düşünən, lüğəti ştamplarla dolu, fikirləşmək zəhmətinə qatlaşmayan bomboz bir məmur dayanmışdı. Arendtə görə, bu yeni şər tipinin ən qorxunc tərəfi onun dayazlığı, bayağılığı və sıradanlığı idi.
Bu insanlar ideologiyaya kor-təbii inanmasalar belə, düşünmə qabiliyyətini - başqasının yerinə özünü qoymaq, hərəkətlərinin nəticəsini dərk etmək bacarığını könüllü olaraq systemin ayağına sərmişdilər. Öz fikrinin olmamamsı isə intellektin yoxluğundan deyil, əxlaqi qərar vermə məsuliyyətindən könüllücə imtina idi…
Psixoloq Stanley Milqramın 1960-cı illərdə apardığı məşhur itaət təcrübəsi isə Nürnberqin yalnız nasistlərə aid bir anomaliya olmadığını, bəşəriyyətin ortaq zəifliyi olduğunu sübut etmişdi: Ağ xalatlı bir səlahiyyət sahibinin soyuq səslə “təcrübə davam etməlidir” göstərişi qarşısında adi insanların 65 faizi heç tanımadıqları birinə ölümcül təsir göstərə biləcək elektrik cərəyanı verməyə razı olmuşdu. Əmr edən bir güc mərkəzi tapıldıqda, fərd özünü qərarverən tərəf olmaqdan çıxarır, məsuliyyəti yuxarıya ötürür və daxili əxlaqi nəzarəti “söndürürdü”, vəssalam…
Bütün bu mənzərənin ortasında görkəmli alman filosof Karl Yaspers qeyd edirdi ki, Nürnberq prosesi məsələnin yalnız ən səthi qatını - cinayət məsuliyyətini həll etdi. Qanunları pozanlar asıldı və ya həbs olundu. Siyasi məsuliyyət isə dövlətin vətəndaşlarına düşdü.
Lakin əsl faciə daha dərindədir: fərdin “mənə əmr edilmişdi” deyərək özünü aldatdığı əxlaqi suç və baş verən haqsızlığa səssiz qalıb sağ qalmağın yaratdığı metafizik günah. İnsan başqalarının istənilən formada məhvinə biganə qaldığı hər an bu metafizik günahın ortaq şərikinə çevrilir… Dünən də belə idi, bu gün də…
Nürnberq sadəcə keçmişdə qalmış bir tarixi məhkəmə deyil. O, müasir insanın qarşısında asılmış bədənnüma güzgüdür. O güzgü bizə xatırladır ki, dünyanı viran qoyan şər çox vaxt fanatiklərin əli ilə deyil, “sadəcə öz işini görən”, sual verməyən, sorğulamayan, vicdanını reqlamentlərə satan itaətkar, laqeyd insanların sakit razılığı ilə pərvəriş tapır.
Nürnberq məhkəməsi haqqında kitabları, araşdırmaları, orada mühakimə olunanların törətdiyi vəhşilikləri də, etirafları da oxumaq ağrılıdır. Yəqin ki, vicdanı olan hər kəsin içində o ağrı vaxtaşırı özünü büruzə verir. Bəlkə də bizi əslində incidən, didən o ağrı oradakıların canavarlığı yox, onların göstərdiyi o laqeydliyin bir parçasını hər birimizin öz içində daşıdığını və bəzən sadəcə susmaqla eyni günaha şərik olduğumuzu bilməkdir…