Təxminən beş əsr əvvəl hazırlanmış nadir əlyazma dünyanın ən qeyri-adi kitab hərraclarından birinin əsas lotuna çevrilib.
Kulis.az xəbər verir ki, “Book of Miracles” adlı 16-cı əsr kitabında fəlakətləri, təbiət hadisələrini və insanların ilahi xəbərdarlıq kimi qəbul etdiyi təsvirləri əks etdirən 167 rəsm var.
Onlardan birində 1551-ci ildə Leypsiq üzərində eyni vaxtda beş Günəşin göründüyü, digərində isə 1456-cı ildə Romaya qan yağdığı təsvir olunur.
Əlyazma yalnız bir nüsxədə mövcuddur və indiyədək elm adamları onun niyə hazırlandığını dəqiq müəyyənləşdirə bilməyiblər. Kitabın dekabrın 10-da Londonda keçiriləcək hərracda 700 min funt sterlinq – 1 milyon funt sterlinq arasında qiymətə satılacağı gözlənilir.
Maraqlıdır ki, əsərin mövcudluğu alimlərə məlum olmayıb; o, Almaniyanın cənubundakı qədim qəsrin kitabxanasında tapıldıqdan sonra 2008-ci ildə satışa çıxarılıb.