Bəlkə də Vaqif bəy haqqında yazmaqdan asan, rahat heç nə ola bilməz. Çox rahatdı. Qələmi götürüb onun adını yazan kimi hərflər uçur, düzülür, sıralanır dalbadal. Öz-özünə Sözə, fikrə, mətnə çevrilir, anlama gəlir, bütövləşir, tamlaşır. Əziyyətə-filana düşmürsən, dalana dirənmirsən, “bunu yazmaq olar, onu yox”la üzləşmirsən. Bir də ayılıb görürsən ki, kağız qurtarıb, istədiyin yazılıb. Ancaq qələm yaza-yaza gedir: masanın üstü, otaqdakı əşyalar, divarlar, döşəmə, tavan yazıyla dolub, boş yer qalmayıb, sözlər otaqdan dışarıya, bayıra çıxıb adamlara, ağaclara, suya qarışıb, səsə dönüb, öz ilkinliyinə qayıdıb.
***
Şeir çeşidli baxışlardı, müxtəlif münasibətlərdi, dünyagörüşləridi, baxıb görmədiklərimizdi. Milyon şairin görünən və görünməyən şeylər haqda milyon informasiyasıdı, bilgisidi. Eyni şeyin min cür ifadəsidi, yazıyla, sözlə canlandırılmasıdı. Əsl şair odur ki, milyon bilgi içində öz bilgisinin təzəliyi və bənzərsizliyi ilə seçilib fərqlənir...
Vaqif Bayatlı Odər kimi. Vaqif bəy günə, aya, zamana köklənir. Günü, ayı, zamanı özünə kökləmək istəyir, öz qaydalarına, sözünə uyğunlaşdırmağa çalışır. Demirəm uyğunlaşdırır, yox, buna cəhd eləyir. Bəzən bu, uğurlu, bəzən uğursuz olur. Bəzi üzdə olan tanınmışlar kimi şair rolu oynamır, artistlik eləmir, oyun çıxarmır, necədisə, elədi. Olduğu kimi, yerişi-duruşu, şeirləri kimi. Bəyənən bəyənir, bəyənməyən yox. O, bundan qətiyyən cırnamır, bunu özünə dərd eləmir. Tənqid olunsa belə bəziləri kimi o dəqiqə qələmə cummur, kinini, qəzəbini yazıya çevirmir. Bilir ki, bir şairi hamı sevib oxuya bilməz. Eyni vaxtda hamının sevimlisi olmaq anormallıqdı...
***
Sənət, şeir həm də görüb diqqət eləmədiyimizdi, əhəmiyyət vermədiyimizdi. Elə anları nəzərdən qaçırırıq ki! Şairlər həmin anları yaxalayıb, tutub bizə qaytaranlardı. Onlardan heç şübhəsiz biri də Vaqif bəydi. Bu, boş, pafoslu sözlər deyil. Xoşlamadığım adamlar haqda özümü gücə salıb, nəyinsə xətrinə yazanlardan deyiləm. Həmin adamlar nə qədər istedadlı olsalar belə. Mənim istedadlı adamla həm də ruhi bağlılığım olmalıdı. Yalandan nəsə quraşdıra bilmirəm. Təbii ki, quraşdırmaq da bir istedaddı, yalanın da öz peşəkarları, professionalları var...
***
Uilyam Folkner çox sevdiyi “Hay-küy və hiddət” romanını özünün ən böyük və ən gözəl məğlubiyyəti sayırdı. Vaqif bəyin bütün şeirlərini (onları bir-birindən ayırmıram, çünki şair ömrü boyu vur-tut bir uzun şeir yazır) onun ən böyük, ən gözəl məğlubiyyəti sayıram. Yabançılardan yeri gəldi-gəlmədi sitat gətirməyi sevməsəm də burda gətirəsi oldum. Yəqin ki, bu azar məndən də yan keçməyib...
****
Vaqif bəylə 1997-ci ildə tanış olmuşam, qışda, soyuq bir gündə. “Azadlıq” qəzetində təzəcə işə başlamışdım. Yazılar yazırdım, hər şairi bəyənmirdim, özümü dahi saydığım vaxtlar idi. Ondan müsahibə aldım və bu söhbət bizi yaxınlaşdırdı, doğmalaşdırdı. Vaqif bəy elə şeirlərindəki kimi idi, nə bir qram artıq, nə də əskik, dəli-dolu, ipə-sapa yatmayan... Bir də o, dilimizin türk, yoxsa Azərbaycan dili qalmasıyla bağlı keçirilmiş məşhur toplantıda öz sürüşkən, ehtiyatlı qələmdaşlarından fərqli olaraq “türk dili” deyib israr etməsiylə, orda aldığı “Yaşıl köynəkli oğlan” ayamasıyla, o boyda çoxluğun içində hər yerdən görünməsiylə yadımda qalıb.
Ötənlərdə çap olunmuş bir məqalədə müəllif onun haqqında təxminən “O, bu dünyanın şairi deyil” yazmışdı. Mənsə yazıram ki, o, elə bu dünyanın şairidi. Sadəcə, bu dünyanın şairlərindən deyil!
****
...Həmişə yarızarafat-yarıgerçək deyirdi ki, adım məni bezdirib, dəyişib Yaşıl Köynəkli Dəniz Qulduru qoyacam. Bir də imzasız kitab çap etdirmək istəyirdi...
Ədəbiyyatımızda bəlkə də ən çox təxəllüs-soyad dəyişən şair odu. Cəbrayılzadəni ləğv edib oldu Bayatlı, sonra Önər, sonra isə Odər. Yəqin bu da onun bir yerdə qala bilməməsindən, həmişə harasa tələsməsindən irəli gəlir. Bu dəfə deyəsən ümumiyyətlə, imzadan, addan imtina edəcək...
Vaqif bəy həmişə isti-soyuq demədən, yolun ağına düşüb tək-tənha, pay-piyada gəzib dolaşmağı, saatlarla yol ölçməyi çox sevirdi, yorulmurdu, canındakı mənfi enerjini bu yolla çıxarırdı. Onunla addımlaşmaq çətin məsələ idi. Ona görə də özünü zarafatla “Azərbaycanın ən gəzəyən şairi” adlandırırdı...
***
Həftədə bir-iki dəfə zəngləşib dəniz qırağında görüşürdük. Gəzintimiz bir-iki saat, bəzən çox çəkirdi. Şeirdən, türkçülükdən, sənətdən elədiyimiz söhbətlər bitmək bilmirdi... Gəzintilərin birində şair Dilsuzla qarşılaşdıq, o da bizə qoşuldu. Ancaq nə qədər çalışırdısa, bizimlə ayaqlaşa bilmirdi. Axırda dözməyib narazılıqla soruşdu: “Hara tələsirsiz belə?” “Heç, gəzintiyə çıxmışıq” – dedik. Başını bulayıb təəccüblə qayıtdı ki, sizin gəzintiniz budu?
...Gəzintilərimiz belə olurdu. Hamının içində ola-ola hamıdan uzaq... Heç kəs bizə çata bilmirdi. Vaxtı da, özümüzü də ötüb keçirdik...