Aldığın can çürük çıxıb, apar yiyəsinə qaytar...

Aldığın can çürük çıxıb, apar yiyəsinə qaytar...
10 iyul 2013
# 11:29

Kulis.Az şair Mahir Mehdinin yeni şeirlərini təqdim edir.

Sonuncu qat

ay keçir belə, elə beləcə,

səhər səhərdi, gecə də gecə...

günlər bir boyda, öz sırasında,

sanki qurulub hər şey indicə...

öz yerindədi kitab, dəftərin,

pəncərə, qapı, qara köynəyin.

hər şey yerində, yerindən başqa...

harasa baxır tozlu eynəyin....

lap sonuncusan, bu yekə evin

yox, səndən qəlbi, ayrı bir qatı...

axır ki gəldi bu ucalıqdan

öz mərtəbənə düşməyin vaxtı...

Yevrey dilində...

xəbərlər yetişər öz ünvanına,

ya səhərə yaxın, ya gecəyarı...

bir səs lap yavaşdan döyər qapını,

qapı da dartılar o səsə sarı...

dartılar, dartılar açıla bilməz,

qapı özü qalar qapı dalında...

nə qədər axtarar tapmaz çıxışı,

səs batıb boğular öz qabığında...

qapqara bir ərəb partladar özün,

susar beş-on adam yevrey dilində.

günəş qərbdən çıxar, pozular düzüm,

İordan çayının Qərb sahilində...

Gerçək

nə yox olan kimi yoxsan,

nə də var olan kimi var.

aldığın can çürük çıxıb,

apar yiyəsinə qaytar....

gördüyün gerçək-zad deyil,

gerçəyin görüntüsüdü...

çıxmağa çıxışı da yox,

bura göyün tərs üzüdü.....

bu sir-sifətlə doğulmaq,

var olmağın deyil hələ...

eyni şeyin təkrarıdı,

ayrı-ayrı ölçülərdə

Yol və rol

aldatdım özüm-özümü,

söznən başımı qatdım.

çıxa bilmədim qırağa

bu çevrədən bir addım...

gəzib gəldim öz içimi,

təzə heç nə tapmadım.

köhnəyə yeni rəng verdim,

təzə bir şey yapmadım.

dəyişəmmədim bir qram,

elə həmin yoldayam...

təzə filmdə yenə də

özüməm, baş roldayam...

STOP

dişlərin ağartdı gecə,

pəncərələr gülüşdü.

yıxıldı qalxdığı yerdən,

sözün yerindən düşdü...

bircə kəlmə əvəzinə,

çaşıb, yüz söz danışdın...

nə yalan söyləyə bildin,

nə də ki, düz danışdın...

adam olmaq istəyəndə

bir az doğru, bir az gop,

kimsə əl çaldı qəfildən:

-çəkiliş qurtardı, "STOP"

# 3104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #