Birlikdə buz yediyimiz oğlan

Birlikdə buz yediyimiz oğlan
19 avqust 2014
# 10:46

Bir az da üşüməkdən yazmaq istəyirəm. Uşaq olanda üşüdüyüm heç ağlıma da gəlmir. Çox sağlam, möhkəm, yanaqlarının qırmızısı şaxtalarda çat verən, qışda buzlu gölməçələrdə ayağıyalın qaçan kənd uşağı olmuşam. Əlcək taxdığım olmayıb, qartopunu da, Qar adamını da əllərimlə düzəldidim.

Nənəm neçə dəfə məni qovalıyıb tuta bilməmişdi ki, paltarımın üstündən palto geyindirsin. Qışda odun peçi qaladığımızdan evdə otura bilmirdim istidən, nəfəsim elə bil gəlmirdi. Bir sözlə soyuğu sevən uşaq olmuşam. Onda Xocalıdakı qohumlarımız da bizə tez-tez gələr, biz də onlara gedərdik.

Mamanəvəsi Etibar mənnən kiçik olsa da bir yerdə qar evi tikər, bir yerdə girib qarın içində balaca küçüklər kimi eşələnərdik. Etibar da istini sevmirdi. Bizə buz baltası deyirdilər. Xəstəlik filan tanımırdıq. Sırsıra bağlamış buzları xartdadıb yeyəndə qocalar hirslənir, həm də qibtəylə bizə baxırdılar. Neçə dəfə evimizin qabağındakı şah tutdan sallanan sırsıralardan qoparıb qocalara da uzatmışam ki, evin başınnan sallanan buzlardan deyil, bu tut ağacının buzlarıdı, yəni təmiz buzlardı. Evin üstündən sallanan buzlara dam örtüyünün qaramtıl çirkli suyu qarışardı deyə, o buzlar kirli görsənərdi.

Qocalar da, əlimdən buzları alar, yerə atardılar. Neçə dəfə mənə buz yeməyimin üstündə təpinmiş və anama şikayət eləmişdilər ki, bu uşaq miningit olub öləcək. Onda miningit bilmirdim nədi. Kəndimizdə Sarı dayının 12 yaşlı qızı miningitdən ölmüşdü. Deyirlər o da çox buz yeyirmiş. Amma mən çoxlu buz yesəm də ölmədim və həyatın buz dövünə gəlib çıxdım.

Buz yeyə-yeyə, ayaqyalın çapa-çapa, xoşbəxtliyin qar-çovğunundan keçə-keçə böyüdük.

Etibar gözəllər gözəli Çiçək adlı bir qızla evlənmiş, mən də ailə qurmuşdum. Və yenə də kəndə getmişdim. Etibargil də gəlmişdi. O qədər xoşbəxt idik ki... Yay olduğundan soyuducuda dondurduğum buzları yenə də Etibarla uşaq kimi xarttadırdıq, hamı da bizə baxıb gülürdü. Hamı deyirəm eee, hamı. Hamı onda varıydı. Onda HAMI varıydı. Mənim də hamım varıydı deyə hamıdan xoşbəxtiydim, elə hamı da xoşbəxtiydi. Bu, Etibarı gördüyüm axırıncı iliydi....

Xocalı...mənim ömrümün buz, sırsıra kəsiyi oldu. O vaxtdan üşüyürəm....hələ də üşüməyim dayanmır. Bilirəm ki, ölənə kimi də belə üşüyəcəm...Yuvası ağacdan qarın içinə düşmüş sərçə balası kimi üşüyürəm...və Xocalı da üşüyəcək, Ağdam da, Şuşa da...ölənlər də.

Etibarı da öldürmüşdülər, Çiçəyi də. Atamgil Ağdama ölənlərimizin meyidini almağa gedəndə...qar yağırdı, fevral idi. Mənə heç kim demədi Etibarın doğrandığını, başının kəsildiyini, Çiçəyin meşədə ermənilər tərəfindən güllələrlə dəlik deşik edildiyini...Mən bütün bunlardan xəbərsiz üşüməyə başlamışdım...

Sonralar...sonralar eşitdim Etibargilin faciəsini. Atam hamıya demişdi ki, bəzi xəbərləri hələlik Esiyə demiyin, o bizə bənzəmir. O insanları da, ağacları da, quşları da, hamını da bir başqa sevir....Ona görə də mən Etibarın ölümündən xəbərsiz idim. Etibarla Çiçəyin ölüm xəbərini elə həmin fevralın yayında eşitdim.

Hava çox isti idi və mən üşüyürdüm. Gözüm nənəmi axtarırdı, istəyirdim uşaqlıqdakı kimi paltomu gətirib geyindirsin...O vaxtdan üşüyürəm.

kimin nə vecinədi....

necə üşüyür ağaclar,

necə üşüyür adamlar,

necə üşüyür uzaqlar...

O vaxtdan sırsıra yemirəm, dərd yeyirəm buz kimi. Yayda da əlim-ayağım qızınmır. Ocaqların böyründən, peçlərin yanından aralanmıram, elə üşüyürəm ki... Sümüklərim donur, dişlərim şaqqıldayır və elə bilirəm ki, günəşdən qar yağır. Günəşdən qar yağır eyy, Etibar!

İradə Tuncayın isti səsini eşidirəm:

-Esmiraaaa...bu qədər üşümək olarrr?

# 1603 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #