Tanınmış qəzəlxan yad edilib

Tanınmış qəzəlxan yad edilib
12 dekabr 2017
# 09:32

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət Evində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, qəzəl ustadı, klassik şeir ənənələrinin təbliğatçısı, şair və tədqiqatçı alim Hacı Mailin xatirə gecəsi keçirilib.

AYB-in Xəzər bölməsindən bildirilib ki, gecədə Hacı Mailin ömür yolundan, yaradıcılığından, alim kimi klassik ədəbiyyatımızın tədqiqi sahəsində gördüyü işlərdən danışılıb və onunla bağlı unudulmaz xatirələr söylənilib.

Bildirilib ki, 20 ildən artıq Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışan Hacı Mail Məhəmməd Füzuli “Divan”ının müxtəlif ölkələrdə qorunub saxlanılan ən qədim nüsxələri üzərində tədqiqatlar aparıb. “Füzuli “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” əsərini yazan Hacı Mail 1997-ci ildə müdafiəsiz filologiya elmlər namizədi elmi dərəcəsinə layiq görülüb. “Məcməüs-şüəra” ədəbi məclisinin bərpaçısı, “Füzuli” ədəbi məclisinin təşkilatçısı və sədri olub.

Diqqətə çatdırılıb ki, alim, eyni zamanda, mindən çox qəzəlin, qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifi kimi tanınır.

Tədbirdə şairin xatirə gecəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin üzvləri arasında keçirilən şeir müsabiqəsinin nəticələri də açıqlanıb. Müsabiqənin formatına əsasən Hacı Mailin şeirlərinə nəzirələr, təxmislər yazılıb və onlar arasında 3 şeir mükafata layiq görülüb. Qaliblərə hədiyyə və diplomlar təqdim olunub.

Sonra şairin yaradıcılıq nümunələri əsasında muğam ifaları təqdim edilib.

# 967 dəfə oxunub

Müəllifin son yazıları

# # #