“Evlənmə” tamaşası Azərbaycan Dram Teatrının səhnəsində

“Evlənmə” tamaşası Azərbaycan Dram Teatrının səhnəsində
20 sentyabr 2024
# 12:30

Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) “Böyük qastrollar”ı çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Nikolay Qoqolun eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Evlənmə” tamaşası göstərilib.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşu yazıçının 200 illik yubileyinə həsr olunub.

Valeri Fokinin hazırladığı bu tamaşada özünəməxsus dünyasını qoruyub saxlamağa çalışan qəhrəmanla absurd, az qala gülməli vəziyyətdə olan reallıq arasındakı kəskin münaqişə ortaya qoyulur. İnsanı ən inanılmaz fəndləri yerinə yetirməyə və gülünc attraksionlarda iştirak etməyə təhrik edən reallıq, sanki şər ruhlar tərəfindən yaradılıb. Bu qarmaqarışıq hekayə hətta xəyallarında və fantaziyalarında da bütün insani fəzilətlərə sahib olan gələcək ərini tapa bilməyən tacir qızı Aqafya Tixonovna Kuperdyagina ilə evlənmək istəyən altı nəfərin sərgüzəştləridir. Tanınmış səhnə tərtibatçısı Aleksandr Borovskinin yaratdığı gah xaricdən, gah da içəridən açılan qarmaqarışıq süjet xətti demək olar ki, “Oblomov” divanında oturan qəhrəmanın daxili fantaziyası fonunda keşməkeşli düşüncələrin aktiv dinamikasını vurğulayır, onun özünü son dərəcə inamsız hiss etdiyi xarici - düşmən və qeyri-sabit mühitə işıq salır.

Tamaşanın rejissoru Valeri Fokindir. Səhnə tərtibatı və geyimlər Aleksandr Borovskinin, musiqisi Leonid Desyatnikovundur.

Tamaşada baş rolları Vladimir Koşevoy (Podkolesin), Vasilisa Alekseyeva (Aqafya Tixonovna, gəlin), Rusiyanın Əməkdar artisti Mariya Kuznetsova (Fekla İvanovna, yengə), İvan Yefremov (Koçkaryov, Podkolesinin dostu) və başqaları ifa ediblər.

Qeyd edək ki, sentyabrın əvvəlində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Aleksandrinski Teatrında Azərbaycanın Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda Hüseyn Cavidin faciəsi əsasında hazırlanmış “İblis və...” tamaşasının premyerasını təqdim edib.

Aleksandrinski Teatrının “Böyük qastrolları” mübadilə xarakteri daşıyan Bakıda Aleksandrinski Teatrı Günlərinin maarifləndirici proqramının bir hissəsi olaraq təşkil edilir.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

# # #