Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Ayasofiyada aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində abidənin yeraltı tunel və sərdabə bölmələrini yerində nəzərdən keçirib.
Kulis.az xəbər verir ki, cümhuriyyət tarixinin Ayasofiyadakı ən əhatəli bərpa prosesi zamanı ərazidən təxminən 3 min ton dolğu materialı çıxarılıb və ümumilikdə 420 metrlik tunel xətti təmizlənib.
Vəzir Bağçası bölgəsindəki yeraltı sərdabə strukturunda aparılan qazıntılar zamanı döşəmənin 1,5 metr dərinliyinə enilib və bu hissənin mövcud Ayasofiya binasından daha qədim bir dövrə aid olduğu müəyyənləşdirilib.
Qərb Bağçasında isə 6 ayrı məkan və onlarla əlaqəli 9 tunel aşkar edilib.
Aşkarlanan ən uzun xətt olan 180 metrlik "Tunel-4"ün tarixinin Roma küçəsi ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
Bu tunellərin vaxtilə su paylanması və yağış sularının axıdılması məqsədilə istifadə olunduğu bildirilir.
Nazir Ersoy abidənin mühafizəsi və təhlükəsizlik tədbirləri təmin edildikdən sonra xüsusi sərgi layihəsi çərçivəsində bu yeraltı bölmələrin gələcəkdə ziyarətçilərin üzünə açılmasının planlaşdırıldığını qeyd edib.