Akademik Musiqili Teatr Beynəlxalq festivalda iştirak edəcək

Akademik Musiqili Teatr Beynəlxalq festivalda iştirak edəcək
3 fevral 2022
# 19:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi 9-13 fevral tarixlərində 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasında səfərdə olacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatr kollektivlərinin hər il qatıldığı ənənəvi tədbirlərdə dəfələrlə iştirak edən Akademik Musiqili Teatr fevralın 11-də "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında) musiqili dramını, fevralın 12-də isə "Utancaq qız" (F.Dostoyevski) monotamaşasını Tehranda nümayiş etdirəcək.

Qeyd edək ki, janr etibarı ilə bir-birindən fərqli olan bu səhnə əsərlərinin hər biri iki dəfə göstəriləcək.

Rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda “Bir nəfəs qədər” tamaşası Zəfər salnaməmizi qanları ilə yazan şəhidlərimizin əziz xatirəsinə ithaf olunur. Əsərin süjet xəttində Vətən Müharibəsinin könüllü döyüşçülərindən biri olan Vətən adlı bir gəncin həyat hekayəsindən bəhs edilir…

Festivalda nümayişi nəzərdə tutulan digər səhnə əsəri isə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşadır. Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovdur.

Hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev səfər öncəsi təəssüratlarını bildirib: “Belə bir nüfuzlu beynəlxalq teatr festivalında iştirakımız bizi çox sevindirir. Xüsusi ilə də “Bir nəfəs qədər” tamaşasını seçməyimiz də əbəs yerə deyil. Hər birimizin canlı şahidi olduğumuz şərəfli tariximizi beynəlxalq arenada dünyaya bir daha göstərmək istəyirik.

Düşünürəm ki, yaradılan bu şərait dünyaca məşhur “Fəcr” Beynəlxalq Teatr Festivalının rəhbərliyi tərəfindən Azərbaycan teatrına göstərilən hörmətdir, ümumilikdə, teatr sənətimizə sevginin, marağın təzahürüdür. Bundan öncə də həm münsiflər heyətinin üzvü, eyni zamanda ekspert kimi, həm də rəhbərlik etdiyim teatrın kollektivi ilə birgə Fəcr festivallarında iştirak etmişəm. Həmişə də nümayiş etdirdiyimiz layihələr iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb… Budəfəki festivalın da möhtəşəm mədəniyyət hadisəsinə çevriləcəyinə inanıram. Belə görüşlər ölkələrarası mədəni əməkdaşlığın inkişafı üçün çox vacibdir”.

# 1717 dəfə oxunub

Müəllifin son yazıları

# # #