Aleksandr Blok arvadına: “Başqa şeylərin hamısı iblisanə hisslərdi”

Aleksandr Blok arvadına: “Başqa şeylərin hamısı iblisanə hisslərdi”
31 oktyabr 2013
# 14:19

Kulis.Az “Məşhurların məktubları” layihəsində rus şairi Aleksandr Blokun arvadı D. Bloka yazdığı məktubu təqdim edir.

30 may, 1911-ci il (Şaxmatovo)

Lyuba, dünən çox gümrah və xoş əhval-ruhiyyədə idim, çoxlarına münasibətimdən, hər şeydən əvvəl sənə münasibətimdən çox şey başa düşdüm .

Sənə böyük bir məktub yazmağa hazırlaşırdım, ancaq bu gün yaza bilməyəcəyəm, yenə tənbəllik məni basıb. Bura çox ucqar yerdi, xüsusən bayram günləri bilmirsən harda vaxtını keçirəsən. Hətta poçt da yoxdur burda, sənsizliyimi bu daha dözülməz eləyir.

Mən sənə yazmaq istəyirdim ki, yeganə qiymətli nəyim vardısa, onu artıq sənə vermişəm və başqa heç kimə verə bilmərəm, hətta istəsəm belə. Başqaları üçün məndə ağıl və dostluq hissləri qalıb (dostluğun sevgidən ancaq bir fərqi var: dostluq telləri çox olur və bu çoxluqdan da heç nə itirmir); başqa şeylərin hamısı iblisanə hisslərdi, yaxud qeyri-müəyyən əyləncələrdi (onlar da getdikcə azalır), yaxud da alçaq əlaqələrdi.

Bütün bunları dünən daha aydın deyə bilərdim, ancaq məncə sən elə bu yazdıqlarımdan da mənim nəyi daha dəqiq müəyyənləşdirmək istədiyimi başa düşəcəksən.

Troitsa bayramı (xristian dini bayramlarından biri) ərəfəsində bir axşam öz kilsəmizə getmişdim, kilsə başdan-başa ağcaqayın budaqları ilə bəzədilmişdi, döşəməsinə ot döşənmişdi.

Hər dəfə soruşursan ki, sənin məktubların xoşuma gəlirmi? Bəli, demək olar ki, hamısı xoşuma gəlir, bəzən isə xüsusilə xoşuma gəlirlər. Sənin öz bacarığın müqabilində aydın ifadə etdiyin fikirlərin hamısı maraqlıdır mənim üçün. Məktublarında sən buna nail olursan. Allah sənə yar olsun.

Saşa

Hazırladı: Turanə Almuradova

# 2068 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #