Fuad Poladov: "Mənim barəmdə heç kimdən, heç nə soruşma" - Müsahibə 

Fuad Poladov: "Mənim barəmdə heç kimdən, heç nə soruşma" - Müsahibə 
26 dekabr 2020
# 09:00


Kulis.az kinoşünas Aygün Aslanlının Xalq artisti Fuad Poladovla vaxtilə kitab üçün götürdüyü müsahibədən növbəti hissəsini təqdim edir.

əvvəli burda

Üçüncü cəhd

“Axırıncı dayanacaq”

Bu gün ilk dəfə Fuad müəllimi iş başında görəcəm. Yolum Buzovnayadı. Fikrət Əliyevin “Axırıncı dayanacaq” (işçi adı – “Polkovnikin xəzinəsi”) filminin çəkilişlərinə. Qəhrəmanım bu filmdə gəncliyi həbsxanalarda keçmiş, yaşlı vaxtında qocalar evinə düşən cibgiri oynayır.

Fuad Poladov elə ilk görüşümüzdə kinonu o qədər də sevmədiyini demişdi. Bəlkə də ondan istədiyi diqqəti görmədiyindəndi. Yəqin, elə bu soyuqluğu hiss elədiyi üçündü ki, özünü çətinliyə salmağı xoşlamayan kinomuz da uzun müddət Fuad Poladova qarşı münasibətini, hansı ampluada istifadə eləyəcəyini müəyyənləşdirə bilməyib və o, adətən, epizodik rollara dəvət olunub. Ta ki 80-ci illərin əvvəllərində- Atayevlər ailəsi” və “Alov” televiziya tamaşaları ekranlara çıxana qədər….

…Əslində çəkilişə getməyim qəribə alındı. Bu filmə çəkildiyini Fuad müəllim özü danışsa da, onu meydançada izləmək istədiyimi deyəndə “dəqiq vaxtı məlum deyil, olsa, xəbər eləyərəm” deyə qeyri-müəyyən bir cavab verdi. Beləcə, çəkilişin birini ötürdüm. İkinci dəfə işimi təsadüfə buraxmaq istəmədim və rejissor Fikrət Əliyevlə əlaqə saxladım. Niyyətimi eşidəndə nəinki etiraz eləmədi, hətta köməkçisi Xədicə xanım vasitəsilə çəkilişin yerini, saatını dəqiqliklə çatdırdı.

İndi budu, səhər erkəndən oyanmaq nə qədər əziyyətli olsa da, yoldayam, özümü çəkiliş başlamamış çatdırmalıyam Buzovnaya. Xədicənin təlimatı dəqiq yadımdadı: “Q.Qarayev metrostansiyasının yanında “Əli ayağı” pirinə gedən avtobuslardan birinə min. Çəkiliş pirdən bir neçə metr aralıda yerləşən “Şəki” istirahət mərkəzinin ərazisindədi”.

Dayanacaqda “Əli ayağı”nı soruşuram, dərhal avtobusu nişan verirlər. Minən kimi sürücüyə “pirin yanında xəbər eləyin” deyirəm. Bütün avtobus bir anlıq diqqətini mənə yönəldir, baxışlardan razılıq, təqdir yağır. Xüsusən yaşlı xalaların baxışlarından.. Hətta biri “qızım, gəl, yanımda dur, mən də ora gedirəm” deyir. İndi mənzil başına çatanda bir də “Şəki” istirahət mərkəzini soruşmaq dərdi var. Əməlli-başlı günah hissi keçirirəm. Xalanın gümanını yanıltmaq yaxşı olmayacaq.

Saat yarımdan sonra, nəhayət, Əlinin ayağından xeyli aralıda yerləşən istirahət mərkəzinə çatanda çəkiliş çoxdan başlamış, statist qismində qocalar evindən gətirilən nənələr və babalar qabaqlarındakı sıyıq boşqablarını iki dəfə boşaltmışdılar, ikinci rejissor Akif müəllim (Akif Rüstəmov) boş qabları doldurmağı tapşırırdı. Bəxtim onda gətirmişdi ki, hələlik ümumi planlar çəkilirdi. Kənan Məmmədovun kamerasından uzaqda, amma hamını görə biləcək bir nöqtədə yerimi rahatlayanda Fuad müəllim gəldi. Üzündə təbəssüm mən daxil hamı ilə görüşdü. Amma halında bir əcaiblik vardı. Gülümsünürdü, ancaq üzü daş kimi idi. Sanki özü burda deyildi. Əlini sıxmaq, kəlmə kəsmək üçün yanına gələnlər uzaqlaşan kimi, ya da özü üzünü onlardan çevirən kimi dodaqlarındakı təbəssüm itirdi. Kadr qurulduğu müddətdə isə ümumiyyətlə, hər kəsdən aralanıb həyətdə gəzişməyə başladı. Elə bil, ətrafında buzdan hörülmüş çox qalın divar vardı və o divar əlimi uzatsam, toxuna biləcək qədər hiss olunurdu.

Bir ara rejissorla söhbət elədiyi yerdə şəklini çəkmək istədim, üsulca başını aparatdan döndərdi. Qəsdənmi elədi, yoxsa təsadüf idimi, bilmədim. Hərçənd telefonda çəkilişə gələcəyimi xəbər verəndə dediyi “orda mənim barəmdə heç kimdən heç nə soruşma” cümləsini nəzərə alsaq…

Nə isə.. Kamera artıq hazırdı. Fuad müəllimi içəri çağırırlar. Bu epizodda yeri o qədər də çox deyil. Baş həkimlə (Bəhram Bağırzadə) yeməkxanaya girir, həkim hamıya onunla bağlı xəbərdarlıq eləyəndən sonra keçib masalardan birinin arxasında oturur, yoldaşlarının atmacalarına cavab verə-verə yeməyini yeyir, vəssalam. Cəmi bir neçə dəqiqə çəkir və bitir. Yaşlılar, çəkiliş heyətindəki cavanlar onunla şəkil çəkdirmək üçün növbəyə düzülürlər. Bayaqkı gah görünüb, gah itən təbəssümü ilə heç kimin xətrinə dəymir. Mən düz qarşısında dayanmışam, tünlüyün seyrəlməyini gözləyirəm. Hərdən gözləri mənə sataşır, məqamdan istifadə eləyib dillənmək istəyəndə kimsə yenə şəkil çəkdirmək istəyir.

İkinci rejissor növbəti kadrı qurmağı tapşıranda hər kəs yerini tutur, Fuad müəllim də bayıra çıxır. Ardınca qaçıram:

Fuad müəllim, ay Fuad müəllim! Məni unutduz.

– Aaa, sən gəlmisən? Nə vaxt gəldin?

Çaşıb qalıram. Gələndə görüşmüşdük, axı. Bayaq da neçə dəfə üzümə baxdı.

Karıxmış halda nə vaxt görüşəcəyimizi soruşuram, “birinci gün zəng eləyərsən, danışarıq” deyir və yenə divarının arxasında yoxa çıxır. Yəni doğrudan, görməmişdi məni?!

Beşinci cəhd

“Şah Qacar”

Azdramaya “Qacar”ın məşqinə gedirəm. Yəqin, Fuad müəllim məni görəndə təəccüblənəcək. Çünki bir neçə dəfə məşq olanda çağıracağını desə də, hər dəfə unudur. Hərçənd bəlkə də zalda oturduğumdan heç xəbəri olmayacaq. Buzovnada, çəkiliş meydançasında olanları unutmamışam. O, rolda olanda ətrafında heç kimi görmür, deyəsən. Odu ki, yenə gözəgörünməz olmağa hazırlaşsam, yaxşıdı.

Elə bunu fikirləşə-fikirləşə özümə təskinlik verməyə başlamışdım ki, onun səsini eşitdim. Qarşısına çıxan hər kəslə salamlaşıb hal-əhval tuta-tuta, gülümsəyə-gülümsəyə gəlirdi. Amma bu Buzovnada gördüyüm soyuq, növbətçi təbəssüm deyildi. Türklər demiş, üzündə güllər açmışdı. Girişdəki qəbul otağının yanından keçəndə dönüb baxdı:

-Bıy, sən də burdasan?

– Salam. Hə, Azər müəllim məşqə baxmağa icazə verdi.

– Hə? Lap yaxşı. Bəs burda niyə oturmusan?

– İçəri xəbər veriblər. Cavab gözləyirlər.

– Mən indi deyərəm, buraxarlar.

İki dəqiqədən sonra cavan bir oğlan gəlib məni “gömrükdən” keçirir. Teatrın dəhlizlərindən keçib yan qapıdan zala daxil oluram. Nədənsə o dəhlizlər yadımda dolanbac kimi qalır. Ancaq dəqiq xatırlamıram, həqiqətən elə idilər, ya da filmlərin təsirindəndi. Adətən, filmlərdə həyəcanı artırmaq üçün belə dəhlizləri dolanbac göstərirlər. Mənimsə buna ehtiyacım yoxdu, zatən həyəcanlıyam. Görməyənlər anlamaz, amma kinoda da, teatrda da məşq, çəkiliş prosesi son nəticədən - hazır tamaşadan, filmdən daha maraqlıdı. Doğuşa şahid olmaq kimidi. Məncə, adam tanrının bir parçası olduğunu, içinə iki deyil, onlarla cahanın sığdığını bu prosesdə dərk eləyir.

Mən sadəcə baxmağa gəlmişəm, bu qədər həyəcanlıyam. Gör, o yaradılışa vasitəçi olan aktyorlar, yaradan rejissor nə hiss eləməlidi?

İlk baxışda sakit görünürlər. Aktyorlar yavaş-yavaş zala girir, rejissorla görüşüb, ön sıralarda otururlar. Azərpaşa Nemət zalı iki hissəyə ayıran keçiddə qoyulmuş masanın arxasında mikrofon tələb eləyir, yaxınlaşıb salam verənlərlə zarafatlaşır. Mən də salamımı verib arxaya keçmək istəyirəm, ancaq yanında oturmağımı istəyir.

Fuad Poladov da zala daxil olur. Bir neçə dəqiqədən sonra Fuad müəllim qabaqda, Elşən Rüstəmov və Anar Heybətov da ardınca rejissorun yanına gəlir.

– Azər, sənə demişdim ha.. Bu uşaqların təklifi vardı..

– Var, var də. Deyin görək.

Fuad müəllim gəncləri irəli ötürüb yerinə qayıdır.

Rejissorla aktyorların arasında gedən söhbəti eşitməyə çalışıram. Daha doğrusu, eşidirəm, amma heç nə başa düşmürəm. Quş dilində danışırlar elə bil. Deyəsən, kimsə kimisə əvəz eləmək istəyir. Azər müəllim onları yola salır, texniki işçilərin gətirdiyi mikrofonu götürüb lap önə keçir, məşqqabağı son tapşırıqlarını verir.

Aktyorlar bir-birilə zarafatlaşır, məktəbli uşaqlar sayağı bir qulaqları rejissorda pıçıldaşırlar. Adi insanlar kimi. Amma bir azdan bizdən heç nə ilə fərqlənməyən onlar, qəddarlığı ilə ad çıxarmış şah Qacar, Kərim Xan Zənd, ağa, sərbaz olacaqlar. Bunun üçün yerdən iki-üç pillə yuxarı-səhnəyə qalxmaq kifayətdi. Əslində bu adi qalxış deyil. Zaman tunelində səyahət, ölümlü insanın hər gün tapdaladığı torpaqdan ruhlar aləminə keçmək kimidi. Zamanda səyahət eləmək, cilddən-cildə düşmək bacarığı ilə aktyor həm də maqdı. Olmayan qılıncları cingildədib, xəyali tacı başa qoymaqları da bu magiyanın təsirini artırır.

Məşq başlayıb. Əvvəlcə xanlar Qacara qarşı sui-qəsd planları qururlar. Sonra minimalist tərzdə dekor edilmiş səhnə fırlanır, qaranlıqdan mədh sədaları ucalır. Qacar – Fuad Poladov səhnəyə çıxır.

Yox, səhnədəki Fuad Poladovla Buzovnada gördüyüm arasında yerlə göy qədər fərq var. Səhnədəki F.Poladov həm şahlar şahı, kəsdiyi başa sorğu-sual olmayan Ağaməhəmməd şah Qacardı, həm də tərəf müqabillərini bir an belə unutmayan, hər jesti, hərəkəti ilə onları gördüyünü, dinlədiyini büruzə verən aktyordu. Bu Fuad Poladov sevgilisini qoruyan, heç bir əyər-əskiyin ona xələl gətirməyinə izn verməyən cəngavərə bənzəyir. Həm bütün diqqəti tamamilə roluna cəmlənib, həm də bütün səhnəyə nəzarət eləyir, ətrafında baş verənlərə anında, səbrlə və nəzakətlə reaksiya verir. Tələsib səhnəyə vaxtından əvvəl çıxandan, sözünü unudandan tutmuş əlində qırılan rekvizitə – Məhəmmədhəsən xanın gips kəlləsinə qədər.

Düşdüyüm ovsundan məni rejissorun mikrofonda guruldayan səsi çıxardır. Sui-qəsddə iştirak eləyən, sonra da yoldaşlarını satmaq hesabına canını qutaran, indi də əfv diləmək üçün şahın qarşısında ikiqat əyilmiş xan - gənc aktyor ( əslində o, çoxdan səhnədədi. Tərəf müqabilləri ilə müqayisədə gənc deyirəm) şalvarını kirlətməmək üçün dizlərini yerə qoymaq istəmir. Gah məhlədə təsbeh hərlədən ceyillər sayağı sallağı oturur, gah da dizlərini döşəməyə toxundurmadan müvazinətini saxlamağa çalışır. Az əvvəl ağ şalvarda yerdə oturub Kərim Zəndin sümükləri ilə danışan Fuad müəllim də sakitcə onun müvazinətini tutmağını gözləyir. Son illər tez-tez eşitdiyim, özümün də dəfələrlə soruşduğum “Niyə artıq səhnədə, kinoda əvvəlki kimi adı dillərdə gəzən, şəxsiyyətə çevrilmiş isimlər yox dərəcəsindədi” sualını xatırlayıram. Bu da sənə əyani cavab. Zirvəyə çata bilməkdən ötrü nəinki dizlərini, yeri gələndə başdan-ayağa bütün vücudunu toza bulamalısan.

Çünki “səni özəl qılan sevdiyin yox, sevgindi” deyir Şəms Təbrizi..

Fasilə elan olunur. Fuad müəllimi axtarıram. Otağında olduğunu deyirlər. “Gedimmi, ya yox” deyə bir az fikirləşəndən sonra – çünki nə deyəcəyimi bilmirəm – Azər müəllimlə sağollaşıb girdiyim qapıdan çıxıram.

Dəhlizlər dolanbac deyilmiş.

# 4202 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #