Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi

Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi
13 may 2026
# 10:00

Kulis.az "Tarixin Kulisi" layihəsi çərçivəsində Eynal Əliyevin "Şıxlinskilər" yazısını təqdim edir.

Qarşımda arxivdən çıxarılmış, üz qabığı solmuş, qırx ildən də əvvəl Şıxlinskilər nəslinə qarşı hazırlanmış kiçik bir qovluq var. Həmin qovluğun içində 1949-cu il mayın 17-də Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 1-ci şöbəsinin əməkdaşı mayor Siplis tərəfindən yazılmış və o vaxt üçün tamamilə məxfi sayılan bir arayış diqqəti daha çox cəlb edir. Həmin arayış Şıxlinskilərin əzab və əziyyətləri üçün əsas olmuşdur. Heç bir reallığa əsaslanmayan və sübuta yetməyən bu saxta sənədin tam mətni belədir: “Türkiyədə siyasi mühacir Qiyas bəy Cahandarbəy oğlu Şıxlinski 1895-ci ildə doğulmuşdur. Azərbaycan SSR Qazax rayonu Şıxlı kəndinin sakini, Qazax rayonunun keçmiş nüfuzlu bəyi, müsavat hökuməti zamanı Gəncədə pristav olmuşdur. 1930-cu ildə siyasi banda yaratmış (!) və Azərbaycanın bir sıra rayonlarında əməliyyatlar keçirmişdir. Sonra qardaşları və quldur dəstəsilə (!) Türkiyəyə mühacirət etmişdir. Müsavat liderlərinin göstərişi ilə Türkiyənin SSRİ ilə həmsərhəd rayonlarında bizim əraziyə göndərilmək üçün quldur dəstələri təşkil etmişdir. Azərbaycan SSR-də gizli antisovet təşkilat yaratmaq məqsədilə həmin quldur dəstələrinin köməyilə emissarların göndərilməsini həyata keçirmişdir. İstər özü, istərsə də Türkiyədə yaşayan yaxın qohumları müsavatçı dairələrlə sıx bağlıdır və SSRİ-yə qarşı təxribat işi aparırlar”.

Bu ağ yalan idi, çünki Şıxlinskilər Türkiyədə olarkən ancaq sovet rejiminə müxalifətdə idilər və öz xalqına qarşı təxribat aparmırdılar. Fransada və digər ölkələrdəki rus mühacirləri kimi bolşevizm diktaturası metodlarını ifşa etməkdə idilər. Buna görə də Azərbaycan Demokratik Respublikasının süqutundan sonra bolşeviklərin təqibindən mühacirət etmək məcburiyyətində qalan Müsavat partiyası liderlərinin xaricdə olması totalitar rejimə rahatlıq vermirdi. Qiyas bəy Şıxlinski qardaşları və yaxın qohumları ilə həmin liderlərin arasında idilər. Onları Azərbaycan xalqının gözündən salmaq məqsədilə rejim ifşaedici materiallar uydurur, “xalq düşməni” kimi göstərməyə çalışır, Azərbaycanda qalan qohumlarını isə ailəliklə Qazaxıstanın soyuq çöllərinə, Sibirin və Uzaq Şərqin ucqar tayqasına sürgün edirdi.

Bu da başqa bir arayış. Tələsik tərtib olunmuş bu sənəd 1949-cu ilin mayında rayon hakimiyyət orqanlarından alınmışdır. Arayışdan məlum olur ki, 1887-ci ildə Qazaxın Şıxlı kəndində doğulmuş Şıxlıyeva Badisəfa Səadətdin qızı (Şıxlinskaya) Ağstafa rayonunun Tatlı kənd sovetliyindəki Köhnəqışlaq kəndində yaşamaqdadır. Arayışı tərtib edən göstərir ki, Badisəfa Şıxlıyeva 1930-cu ildə qardaşı Həsənağa Şıxlinski və qohumları Alabəy İsfəndiyar oğlu Şıxlinski, Mustafa Ağa Abdulla oğlu və başqaları xaricə getmiş siyasi mühacir Qiyas bəy Cahandar oğlu Şıxlinskinin arvadıdır. Badisəfa Şıxlıyeva - Şıxlinskaya öz qızı, 1919-cu ildə Qazax rayonunun Şıxlı kəndində doğulmuş, Köhnəqışlaq kənd natamam orta məktəbində müəllim işləyən Dilşad Qiyas bəy qızı Şıxlı (həm Şıxlıyeva, həm də Şıxlinskaya), nəvələri - 1939-cu ildə doğulmuş, şagird Minayə Səməd qızı Şıxlıyeva (Dilşadın uşaqları) ilə birlikdə yaşamaqdadır. Sonra materiallardan aydın olur ki, Badisəfa Şıxlinskayanın oğlu Əbdül Qiyas bəy oğlu Şıxlinski əksinqilabi fəaliyyətinə görə 1941-ci ildə DTN Balakən rayon şöbəsi tərəfindən həbsə alınmış və məhkum edilmişdir. Badisəfanın özü AzDİXK orqanları tərəfindən 1934-cü ildə Qazaxıstana sürgün olunmuş, lakin 1939-cu ildə qayıdaraq Balakən rayonuna köçmüşdür. Görünür, oğlu Əbdül də orada həbs edilmişdir. B.Şıxlinskayanın qeydiyyatına xitam verilmiş və 1944-cü il avqustun 13-də saxlanılmaq üçün arxivə göndərilmişdir. B.Şıxlinskayanın əzabları bununla qurtarmamış, o, həmişə çekist orqanlarının sayıq nəzarəti altında qalmışdır ki, lazım gələn vaxt onu qaldırmaq mümkün olsun.

Bununla belə, 1949-cu ilin mayında bir-birinin ardınca yeni arayışlar tərtib olunmuşdur. Qiyas bəyin ailəsi üzərində qara buludlar yenidən sıxlaşırdı. Həmin il Stalin yeni tədbirlərə başlamışdı. “Xalq düşmənlərinin” möcüzə nəticəsində sağ qalmış “etibarsız” qohumları kütləvi şəkildə sürgün olunmalı idilər. Qiyas bəyin ailəsi - arvadı, qızı, nəvələri də həmin qrupa aid edilmişdi. 1949-cu ilin iyununda Badisəfa Şıxlinskaya və qohumlarının işi SSRİ DTN yanında qeyri-məhkəmə orqanı olan xüsusi müşavirəyə göndərilmişdi. Bu orqan insanların taleyini qiyabi şəkildə - tərəfləri və şahidləri çağırmadan həll edirdi. Həbsxanada 5 ay qaldıqdan sonra, nəhayət 1949-cu il noyabrın 12-də “millətçi ailəsi” kimi şıxlinskilər DİN orqanlarının nəzarəti altında Tomsk vilayətinə sürgün olundular.

Xəstə, əzablar çəkmiş 62 yaşlı Badisəfanın və böyük qızı Dilşadın, on yaşlı qızı Mina, yeddi yaşlı oğlu Arifin yeni işgəncələri başlandı... Stalin öləndən sonra buzlar əridi, “sosializm naminə” əsassız, qanunsuz özbaşınalıq qurbanları olan və təsadüf nəticəsində sağ qalmış “siyasi dustaqlar” həbsxanalardan, sürgünlərdən, “QULAQ” düşərgələrindən qayıtmağa başladılar. Lakin xüsusi sürgün yerlərində qalan şıxlinskilərin gözlədikləri azadlıqdan xəbər yox idi.

Tomsk vilayətinin Çernışovka qəsəbəsində sürgündə olan Badisəfanın kürəkəni, Dilşadın əri Səməd Şıxlı 1955-ci ildə SSRİ Prokurorluğuna müraciət edərək ürək ağrısı ilə yazırdı ki, o, 1942-ci ildən istintaqsız və məhkəməsiz Sibirə sürgün edilmişdir. “Cəzasını” çəkdikdən sonra 1952-ci ildə Tomsk vilayətindəki Bakçarsk qəsəbəsində yaşayan ailəsinin yanına köçmüşdür. Lakin nə o, nə də qohumları bu amansız cəzanın səbəblərini bilmirlər. Səməd Şıxlının SSRİ Prokurorluğuna məktubu ədalətli qərar qəbul etmək və onun ailəsinin, həddi-buluğa çatmamış uşaqlarının azad olunmasına, doğma yurd-yuvalarına qayıtmasına və Azərbaycanda yeni həyata başlamasına imkan verilməsi xahişilə bitir. Səməd Şıxlının müraciəti, nəhayət, diqqəti cəlb etmiş və 1956-cı il yanvarın 4-də Respublika Prokurorluğu Ali Məhkəmənin kollegiyasına protest vermişdir. Lakin burada qəribə bir dolaşıqlıq ortaya çıxmışdır. Məsələ bundadır ki, həmin prosessual sənəddə Şıxlinskilər ailəsinin Sibirə sürgün edilməsi üçün əsas “Badisəfanın əri Qiyas bəy Şıxlinskinin 1930-cu ildə Türkiyəyə mühacirət etməsi və hazırda orada yaşaması” olmuşdur.

Sonra protestdə göstərilir ki, SSRİ DİN-in 1954-cü il 13 dekabr tarixli izahatı nəzərə alınaraq Türkiyəyə mühacirət edənlərin qohumlarının sürgün olunması qanunda göstərilmir. Buna görə də, “SSRİ-də məhkəmə quruluşu haqqında” Qanunun 16-cı maddəsini rəhbər tutaraq Azərbaycan SSR prokuroru respublika Ali Məhkəməsi qarşısında Şıxlinskilərin qeyri-qanuni sürgün edilməsi haqqında SSRİ DTN yanında xüsusi müşavirənin 1949-cu il 12 noyabr tarixli qərarını dəyişdirmək və onları xüsusi sürgündən azad etmək tələbini irəli sürmüşdür. Belə dolaşıq qərar heç bir qanun çərçivəsinə yerləşmirdi, çünki SSRİ DİN-in yuxarıdakı izahatından aydın görünürdü ki, şıxlinskilər əsassız sürgün olunmuşdular. Buna görə də xüsusi müşavirənin qərarını dəyişdirmək yox, ləğv etmək, beləliklə, şıxlinskilərə bəraət vermək, təbii olaraq, onları xüsusi sürgündən azad etmək lazım idi. Təəssüf ki, belə olmamışdır! Güman etmək olardı ki, kobud səhv respublika Ali Məhkəməsinin nəzərindən qaçmayacaqdır, lakin yüksək məhkəmə instansiyası “işin içindən iş çıxmasın” deyə, prokurorluğun protestindəki dəlillərlə razılaşmış, əsas məsələ kölgədə qalmış, hətta “xüsusi müşavirənin” qeyri-qanuni qərarı müzakirə olunmamışdır. Halbuki qanunsuz yaradılmış bu qeyri-məhkəmə orqanı minlərlə insanın həyatını məhv etmişdir. Beləliklə, hər iki orqan “xüsusi müşavirənin” qərarına siyasi qiymət verməmiş, onu ləğv etməmiş və dolayısı ilə onu qanuni hesab edərək hüquqi qorxaqlıq göstərmişdir. 40 il keçdikdən sonra Badisəfa Şıxlinskayanın, onun qızı Dilşad xanımın, uşaqları Minayə və Arifin işinə yenidən baxılmış və onlara tam bəraət verilmişdir.

Təəssüf ki, Badisəfa xanım və Dilşad xanım üçün bu akt onların ölümündən sonra həyata keçirilmişdir. Dilşad xanımın uşaqlarının sonrakı taleyi barədə isə heç bir məlumatımız yoxdur. Bu gün, müstəqil Azərbaycan Respublikasının hüquqi dövlət kimi inkişaf yoluna qədəm qoyduğu, cəmiyyətin demokratikləşdiyi bir vaxtda biz keçmiş DTK arxivlərindəki qanlı səhifələri ürək ağrısı ilə vərəqləyərək bu təqsirsiz insanların müsibət və əzablarını yada salırıq. Ən əsası isə arzu edirik ki, belə amansızlıqlar bir daha təkrar olunmasın.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər