Şəhriyar qalmaqallı statusundan danışdı: “Hirslənib söyürlər, sonra düzəlirlər”

Şəhriyar qalmaqallı statusundan danışdı: <span style="color:red;">“Hirslənib söyürlər, sonra düzəlirlər”
21 iyun 2017
# 17:25

Şair Şəhriyar Del Geraninin bir neçə gün əvvəl yazdığı status sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. O, statusda kənddən gələn insanların şəhər həyatını pozduğunu, mədəniyyətsizlik etdiklərini birləşdirmişdi. Kulis.az Şəhriyar Del Gerani ilə bu məsələlərlə bağlı müsahibə edib. Müsahibəni təqdim edirik.

- Şəhriyar, məlum statusunun bu qədər səs-küy salacağını gözləyirdinmi?

- Bilirsiniz ki, mən nə yazdığımı bilən adamam. Nəinki bədii mətn, ümumiyyətlə bilirəm nəyi necə yazmalı. Oxun hədəfə dəyməsi yayın dartılma hadisəsidir. Yəni hədəfə dəyən ox deyil, yayın gərginliyidir. Mən də yayı rayon, kənd seçmişəm. Yəni bu kontekstdə dartılan rayondu, kənddi, ol səbəbdən bu münasibəti gözləyirdim əlbəttə. Mən deyirəm gəlin bir-birimizə adekvat olaq. Mən kəndə gedəndə özümü çərçivəyə salıram, doğma, əziz kənd əhlinə uyğunlaşdırıram özümü, davranışlarımı. Məsələn, şortik geyinmirəm, hətta çənəmdəki saqqalı qırxıram. Bəs kənd adamları niyə mənə hörmət etmir şəhərə gələndə? Kəndin özünümüdafiəsi var, buna hamımız hörmətlə riayət edirik. Amma şəhərin immuniteti yoxdur. Gördünüzmü 3-5 aydından savayı heç kəs müdafiə etmədi məni? Halbuki hamının dodaqaltı mızıldadığı gileyləri dilə gətirmişəm. Mən də istəyirəm şəhərin immuniteti olsun. Və belə görürəm bu immuniteti məndən başqa heç kəs formalaşdırmayacaq. Yaxın günlərdə braşürlər çıxartdırıb vağzallarda, metro stansiyalarında paylayacağıq. Artıq könüllülərimiz var. Təxminən ümumiləşmiş tezislər belə olacaq - “Şəhərdə davranış qaydaları”. Bu, yeni deyil bizdə. Sovetlər dönəmində kəndlərdən, rayonlardan şəhərə işləməyə gəlmiş adamları öncə fəhlə yataqxanalarında yerləşdiriblər. Uzaq tarix deyil. Orda adamlara birgəyaşayışı öyrədiblər, yanlarında şəhərə çıxardıblar, kino-teatrlara aparıblar. Daha sonra tək çıxmağa “icazə” verilib. Burda eyib sayılacaq heç nə yoxdur. Biz də Bakıya gələndə eskalatora ehtiyatla minmişik ilk dəfələrdə. Sonra-sonra alışmışıq.

- Səncə, adamları qıcıqlandıran nədir?

- Adamları qıcıqlandıran səmimiyyətdi. Səmimiyyət dağıdıcı, yalan qurucudur. Adamlar istəyir bu mövzuda da hamı yalan danışsın, aldatsın onları. Zatən aldadırlar da. Məmur aldadır, bank aldadır, su idarəsi aldadır, müxalifət aldadır, hətta Allahın mobil operatorları da aldadır bunları. Ona görə istəyirlər mən də aldadım. Niyə? İcazə verin aldatmayım da. Bəlkə aldanmaya da bilirsiniz?

- Deyirlər, özü rayondandır, amma əyalət adamlarını lağa qoyur.

- Heç bir lağa qoymaqdan söhbət gedə bilməz. Məsələ əyalətdə doğulmaqda deyil, əyalət təfəkküründə meqapolisdə yaşamaqdadır. Bizim vətən seçimimiz yoxdur doğuluşda. Amma hansı qafayla yaşamaq seçimimiz var. Keçən ay səfərə çıxmış idim. Ukrayna, Rusiya, Belarus, Gürcüstan gəzib-dolandım xeyli. Hər bir millətə öz kültürlərindən, tarixlərindən, ədəbiyyatlarından, incəsənətlərindən danışırdım məclislərdə, heyrətə gəlirdilər. Necə olur mən özümü yetişdirib bu yerə çıxarda bilmişəm, amma mənim sözlərimdən acıqlanan adamlar yox? Niyə özlərini yetişdirmək əvəzinə mənim üstümə gəlirlər? Niyə oxumurlar, gəzmirlər, dünya görüşlərini artırmırlar? Məncə bu barədə düşünsələr daha əlverişlidir.


- Bəzisi də deyir ki, qəsdən adamları qıcıqlandırmaq üçün belə eləmisən.

- Mənim azarım millətin mədəni rifahına xidmət etməkdir. Bunu da yalnız qıcıqla etmək mümkün bizim cəmiyyətdə. Vəziyyət o yerə çatmış yəni. Başqa təhər reaksiya olmur, özlərini ifadə edib kənardan görmək imkanları yoxdur çünki. Keçən dəfələrdəki “Şəhriyarı daşlamaq” məsələsində müxalifət cameəsi gördünüz necə ifadə etdi özünü. Mən adamlara müstəvi verirəm. Ki, özlərini ifadə etsinlər, görsünlər. Bu çaxnaşmaların, fikir qarşudurmalarının hər birinin də müsbət təsiri olur. Həssas adamlar fərqi müşahidə edirlər. Eybi yox, bir müddət hirslənib söyürlər, amma sonra düzəlirlər. Mənə də bu lazımdır – adamların mədəni rifahının yüksək olması, ən azı buna cəhd etmələri. Şair demiş, qoy həmişə günəş olsun!

- Ümumiyyətlə, səndə olur, adamları qıcıqlandırıb kənara çəkilmək... Və daha çox diqqət çəkmək, yox yerdən gündəm yaratmaq.

- Yaa zəlzələdən - yaa vəlvələdən, nə yazıram gündəmə çevrilir. Görünür adamlar mənim dəyərimi bilirlər dərin qatlarda. Məni Azərbaycan ədəbiyyatının vicdanı kimi görürlər. Ona görə polemikaya çevrilir dediklərim. Şair də təbibdir bir növ. Gərək o millətini sevməklə yanaşı, tənqid etməyi də bacarsın. Gərək millətin ağrıyan yerlərinə ucadan toxunsun, millət də ağrısının harda olduğunu bilsin, mərəzinin adını bilsin. Pafoslu təriflər keyidici olur.

- İndi bütün bu çaxnaşmadan sonra fikirlərində nəyisə redaktə etmək istəyərdin?

- Yox e, nə demişəm ki? Deyirəm əyalət təfəkkürünü yığışdırın da. Heç olmasa Bakıda belə olmayın. Oxuyun, özünüzü yetişdirin. Mirzə Cəlil demiş, söhbət “Danabaş” kəndinin sakini olmaqdan getmir, danabaş olmaqdan gedir. Heç kəsə sirr deyil ki, rayon, kənd uşaqları tüpürcək yarışları keçirirlər öz aralarında. Kim çox uzağa tüpürürsə, o da qalib olur. Yəni bu cür peşəkar tüpürənlərin əlində qalmışıq. Kənddə tüpürəndə torpağa düşür, itir gedir. Amma şəhərdə mərmərin üstündə itmir axı. Deyirəm, ictimai nəqliyyatdan istifadə edirsiniz, çalışın tər iyinin qarşısını alın. Yeriyəndə adamların ayaqlarını tapdamayın. Bir oxucu yazıb ki, maşın alın ayağınız tapdanmasın. Dedim qızım, elə onun dərdindən maşın almışam, amma bu adamlar adamın ayağını maşında da tapdayır. Zarafat eləmirəm. Görürsən gəlir maşının üstünə, elə bilirsən saxlatdırıb məhz pedalda olan ayağını tapdayacaq. Sonra da deyəcək arxa şüşəni yendir, bir dənə də “sideniya”ya tüpürəcək, deyəcək yaxşı yol. Belə şey olar? Deyirəm belə olmayın da. Pis söz deyirəm? Əlbəttə Bakı elə bir məkan ki, hamımız gəlməyik. Amma özünü yetişdirə bilənlər var, bilməyənlər var. Şəhərli olmaq ərazi deyil, təfəkkür məsələsidir.

- Bəlkə sonda sənə yeni qalmaqallar arzulayaq?

- Ziyalı, intiligent adamam. Siz mənə rahat, işıqlı cəmiyyət arzulayın. İstəyirəm rahat cəmiyyətdə yaşayım. İnanıram ki, gec-tez buna nail olacağıq. Eybi yox, söysünlər, daşlasınlar, təki nəsə düzəlsin sonucda. Təki bu söhbətlərdə mənə “tüpürən” adamlar şəhərimizin küçələrinə tüpürməyi tərgitsinlər.

# 1056 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #