Noyabrın 8-də 33-cü Beynəlxalq İstanbul Kitab Sərgisinin açılışı oldu.
Kulis.Azın Türkiyəyə ezam olunmuş əməkdaşı Mirmehdi Ağaoğlunun məlumatına görə açılış mərasimində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini (bakan yardımçısı) Abdulhemid Arıcı, Macarıstan İnsan qaynaqları naziri Zoltan Balogh, kino tənqidçisi Atilla Dorsay, tənqidçi, “Hürriyyet” qəzeti yazarı Doğan Hızlan, Türkan Şoray, Haluk Levent, yerli və xarici qonaqlar iştirak edirdi.
Mərasimdə Doğan Hızlan, Atilla Dorsay, Türkiyə və Macarıstan rəsmilərinin çıxışı oldu.
33-cü İstanbul Kitab Sərgisində türk kinosunun 100 illiyi münasibətlə “Kinomuzun yüzüncü ili” mövzusunda sərgilər, panellər keçiriləcək. Kitab sərgisinin fəxri qonağı isə kino tənqidçisi Atilla Dorsaydır. Tədbirdə çıxış edən Dorsay tükr kinematoqrafiyasının keçmişi və hazırkı vəziyyəti barədə məlumat verdi.
Macar nazir Balogh türk-macar əlaqələrinin qədimliyindən, modern çağda dostluq əlaqələrinin inkişafında ədəbiyyatın rolundan danışdı. Builki sərginin fəxri qonağının Macarıstan olmasını yüksək qiymətləndirdi.
Daha sonra mərasimin açılış lentinin kəsilməsi üçün qonaqlar səhnəyə dəvət olundu. Bu zaman salondakı bəzi şəxslər ayağa qalxaraq, tədbiri saxlamağa çalışdılar. Onlar pankart çıxarıb, şüar səsləndirdilər, bəyanat oxudular.
Aksiya qısa müddətə qonaqların, jurnalistlərin diqqətini çəksə də, açılış mərasiminə təsir etmədi. Səhnəyə çıxmış mərasim iştirakçıları aksiyaçılara müdaxilə etmədən lenti kəsdilər.
Açılış mərasimindən sonra iştirakçılar fuarın fəxri qonağı olan Macarıstanın stendinin açılışına qatıldılar. Fuarın fəxri qonağının seçdiyi şüar Nazim Hikmətin “Macar torpağı” şeirindən götürülmüşdü: “Bir bağçadan, bir bağçaya!”.
1981-ci ildən keçirilən Beynəlxalq İstanbul Kitab Fuarında yerli və xarici olmaqla 870 nəşriyyat, müxtəlif təşkilatlar iştirak edirlər. Fuar boyu yazarlarla görüş, imza günləri, nəşriyyat məsələləri ilə bağlı 270 tədbir keçiriləcək. Rəsmi statistikaya görə açılış günü fuarı 40 mindən artıq adam ziyarət edib.
Səkkiz gün davam edəcək fuarda ölkəmizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, “Qanun”, “Qələm”, “Hədəf”, “Altunkitab” nəşriyyatları iştirak edir.
Fuarla bağlı mütəmadi materialar təqdim edəcəyik.