Fransız prezidentinin ən məşhur eşq macərası

Fransız prezidentinin ən məşhur eşq macərası
17 sentyabr 2014
# 08:30

Kulis.az Besma Lauri "Karla Bruni: Sirli həyatı" kitabından bir hissəni yazar Aytən Cavanşirin tərcüməsində təqdim edir.

– Yeni məşuqum var... Karin? Bu, Karladır...

Paris, 2007-ci ilin noyabrı, gecə saat 11.

Aktrisa Karin Silla Monten küçəsində yerləşən mənzilindəki divanda yarı-uzanıqlı halda əyləşib televizora baxırdı. İlk baxışdan, uşaqlıq rəfiqəsinin zəngində qəribə heç nə olmamalı idi. Ancaq Karlanın səsi Karini narahatçılıq keçirməyə məcbur etdi.

– Tap görüm, kiminlə görüşürəm?

– Kiminlə? Denən...

– Nikolya... Sarkozi ilə!

– Nə? Yox! Ola bilməz!

Karin özü də bilmədən telefonda haray qopardı. Bu, onun beş barmağı kimi tanıdığı Karladır?! İyirmi il əvvəl onlar podiumları birgə fəth edirdilər. Belə baxanda, hər ikisi məşhur idi: Karin Jerar Depardyedən qız övladı dünyaya gətirdiyinə görə tanınmışdı, Karla isə model kimi parlayırdı. Rəfiqələr gec-gec olsa da, münasibət saxlayır, hər görüşdə bir-birilərinin uğurlu-uğursuz eşq macəralarını müzakirə edirdilər.

Odur ki, Karin rəfiqəsinin həyatındakı kişilərin kimliyindən agah idi. Medianın gündəm xəbərinə çevrilən Karlanın ulduzlara olan sevdası, əyləncələri Karin üçün yeni xəbər deyildi. Hətta onun əri - aktyor Vensan Peres də Karlanın qucağına atılan kişilərin sırasında idi. Amma Nikolya Sarkozi... Karin hər şeyə hazır idi, təkcə buna yox.

– Sən lap ağını çıxardın, Karla...

***

Deməli, neçə illər keçməsinə baxmayaraq, Karla hələ də dostlarını təəccübləndirməyə qadirdir. Fəqət bu dəfə o, müqəddəs bir şeyə toxunmuşdu. Bu vaxta qədər o, dövlət başçısının yanından belə keçməmişdi. Nikolya Sarkozi kimi qüdrətli bir insanla görüşmək – bu artıq bütün arzuların gerçəkləşməsi demək idi... Hər halda, Karla otuz il ərzində məhz bu məqsədinə doğru asta-asta addımlayırdı.

Bulvar mətbuatı onun hər addımı işıqlandırılırdı.

Keçmiş kostyumçu Emelin 1987-ci ildə stilistlər Marite və Fransua Jirbon tərəfindən parisli müştərilər üçün düzənlənən şou zamanı Karlanın işlətdiyi məşhur ifadəni heç vaxt unutmayacaq. Karlanın on yeddi yaşı vardı, model karyerasına yenicə başlamışdı. Emelin Karlanın ünsiyyətcil qız olduğunu, həmişə qrimçilər və kostyumçularla “sən”lə danışığını xatırlayır: “Aramızda otururdu, çox vaxt elə döşəmənincə ortasında. Tez-tez balaca güzgüsünə baxır və təkrar edirdi: “İnanın, mən məşhur olacam!”. Biz onu təbəssümlə dinləyirdik. O vaxtlar ulduz top-model Amira Kazar idi, ancaq bu onu qətiyyən narahat etmirdi. Dörd gün ərzində o, dalbadal təkrar etdi: “Kim olacağımı görəcəksiniz!”

Karin Silla gördü və təəccüblənən də tək o olmadı...

***

Bir neçə gündən sonra, dekabrın 1-i Karla daha bir uşaqlıq rəfiqəsinə, bu dəfə italiyalı rəfiqəsinə sürpriz etdi. Rəfiqələr bütün günü birgə mağazaları gəzdilər. Müğənninin Parisin 16-cı dairəsində yerləşən möhtəşəm şəxsi mülkünə qayıdanda isə, Bruni əşyalarını girişə atıb üzünə rəfiqəsinə çevirdi:

– Mən duş qəbul etməyə girirəm. Birdən yeni məşuqum gəlsə, onu burax, yaxşı?

On beş dəqiqədən sonra qapının zəngi çalındı. Karla hələ vanna otağından çıxmamışdı deyə, qapını rəfiqəsi açdı. Qapını açar-açmaz, yerindəcə dondu: Fransa prezidenti üzündə təbəssüm düz onun qarşısında dayanmışdı və deyəsən, prezident xanımın bu çaşqın simasından zövq alırdı.

Xəbər Karlanın bütün tanışlarına ildırım sürətilə yayıldı, lakin nədənsə hamı sözügedən xəbərə şübhə ilə yanaşdı.

Onların qızcığazı – sağların lideri ilə? Potensial immiqrantlar üçün DNK-testlər tətbiq etmək istəyən biriylə? Axı onların hamısı, o cümlədən, Karla bundan hiddətə gəlmiş və bununla bağlı petisiyanı elə bir neçə həftə əvvəl imzalamışdı.

Bruninin imkanlı dostlarından ən tolerantları belə bu xəbərlə barışmaqda çətinlik çəkirdi.

Nikolya yağlı tikə idi və sözsüz, Karla bu xəbərdən daha çox insanın agah olması üçün əlindən gələni edəcəkdi...

Bu “tikə” özü də bilmədən, Karlanı məqsədlərinə çatmasına birmənalı olaraq, yardım etdi. Artıq fransızlar prezidentin ailəsi və eşq macəraları barədə kifayət qədər məlumat toplamışdılar.

Seçki qabağı hamı onun sarışın mələksimalı oğulları ilə fəxr edirdi. Sarkozinin “Razılıq meydanı”nda seçildiyi gün, hər kəs Sesiliyanın solğun simasına tamaşa edirdi: Hamı Fransanın birinci xanımının tərəddüd içində olduğunu gözəl anlayır və baş verəcəkləri maraqla izləyirdilər. Gedəcək? Getməyəcək? Bir neçə ay müddətində Yelisey sarayı melodramın baş verdiyi məkana çevrildi. İnsanlar çaşqınlıq içində idilər. Bəli, prezidentlərinin həyat yoldaşı onu tərk etdi, bu, hamıya məlumdur. Amma maraqlıdır, nə səbəbə prezident qəfildən həyat yoldaşına hansısa zəif səsli müğənni ilə xəyanət etdi?...

Ölkə prezidentinin həyatında baş verən bu ani dəyişikliyə ən ciddi nəşrlər belə ironiya ilə yanaşdı. Karla və Nikolya? Müğənni və prezident? Ancaq niyə də yox? Bizə bunun ilk baxışdan məhəbbət olduğunu öyrədiblər, olsun.

Ən nəhayətdə, ürəyin qarşısında təslim olduğu qanunlar var və görünür, Sarkozinin iti ağılı da bu qanunlara tabe olub...

# 2204 dəfə oxunub

Müəllifin son yazıları

# # #