Çernoqoriya, Hindistan və ABŞ alimlərindən ibarət komanda Puorto-Rikoda kəşf etdikləri yeni su gənəsini Cenifer Lopesin şərəfinə adlandırıblar. Bu barədə Kulis.az lenta.ru-ya istinadən xəbər verir.
Bioloqların söylədiklərinə görə, onlar kəşfləri haqda məqalə yazarkən Cenifer Lopesin ifasını dinləyirmişlər. Əvvəllər məlum olmayan növ haqqında material ZooKeys elmi jurnalında çap olunub. Yeni növü Litarachna lopezae adlandırmaq sadəcə amerikalı pop-ulduza qarşı “kiçik bir minnətdarlıq əlamətidir” deyə alimlər bildirib.
Litarachna lopezae bu qrupdan olan mikrorqanizmlərin ən dərin sularda olan növüdür. Qeyd edək ki, bu ilk hadisə deyil. Bundan əvvəl düzayaqlı xərçəngkimi parazit növünü Bob Marleyin şərəfinə adlandırmışdılar. Fred Merkürinin, Mik Caqqerin şərəfinə adlandırılmış kəşflər də vardır.