Həmyerlimiz Moldovada tamaşa hazırlayacaq

Həmyerlimiz Moldovada tamaşa hazırlayacaq
21 iyul 2016
# 12:35

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı rejissoru, Əməkdar artist Nicat Kazımov Moldova Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, dəvətin məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan milli teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir. Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən rejissorumuz görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni can-ciyər” pyesi əsasında tamaşa hazırlayacaq.

N.Kazımov cari ilin iyulun 28-dən sentyabrın 1-dək Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında sözügedən tamaşanı hazırlayıb təhvil verərək Vətənə dönəcək. /AzərTAC/

# 1451 dəfə oxunub

Müəllifin son yazıları

# # #