Sosial şəbəkələrin dəhşətli xəstəliyi

Sosial şəbəkələrin dəhşətli xəstəliyi
30 yanvar 2015
# 21:00

Sosial media ilə birlikdə hər gün həyatımıza yeni anlayışlar da daxil olur. Bunlardan biri sosial media asılılığını, daha doğrusu “hadisələri qaçırma qorxusu”nu ifadə edən bir kəlmədir: FOMO.

Yaxşı, yuxusuz qalmağımıza, davamlı olaraq hesablarımızı yoxlamağımıza səbəb olan FOMO nədir? Kulis.Az professor Nevzat Tarhanın FOMO ilə bağlı müsahibəsini təqdim edir.

- FOMO nədir?

- Fomo (Fear of Missing Out) gündəmi qaçırmaq qorxusudur. Asılılıq zamanı telefondan istifadə nomofobiya adlanır. Bu asılılıq insanın nəzarəti itirmə qorxusu ilə əlaqədardır. Hər bir insanda nəzarət hiss var. Fiziki bütövlüyə nəzarət yox olanda bədənimizdə ağrı yarandığı kimi psixoloji bütövlük də pozulanda qorxu yaranır.

- İnsanların virtual aləmdə nə baş verməsi ilə davamlı olaraq maraqlanması asılılıqdırmı?

- Cəmiyyətdə virtual aləmdə daha çox mövqe qazanmaq kimi bir istək formalaşıb. “Virtual aləmdə mövqe əldə edə bilməyəndə özümü pis hiss edirəm” deyənlər, Tvitterdə yazdıqları retvit olmayanlar və ya Facebookda kifayət qədər layk almayanlar özlərini pis hiss edirlər. Çünki özlərini təsdiqlənməmiş və cəmiyyətdə qəbul olunmayan biri kimi hiss edirlər.

- FOMO-nu müalicə etmək lazımdırmı?

- İnsanlar sosial mediada həddindən artıq vaxt keçirilməsi nəticəsində əmələ gələn bu asılılıqdan yaxa qurtarmağa çalışsalar da baş tutmur. Nəticədə sosial mediada keçirilən vaxt getdikcə artır. Bununla da həzz almaq hissi azalır. Beyindəki mükafat-cəza sistemi pozulur. Belə adamlar virtual aləmdə olmaqdan zövq alırlar. Bunu beyindəki mükafat–cəza sisteminə qeyd edirlər və bu olmadıqda onlara elə gəlir ki, ən vacib ehtiyaclarını ödəyə bilmirlər. Buna görə də gərgin olurlar. Bu vaxt isə qorxu yaranır. Yəni buna virtual narkotik də demək olar. Narkotik vasitələr insanın mühakimə qabiliyyətini itirməsinə səbəb olduğu kimi FOMO da insanın şüur nəzarətini dağıdır.

- Kimlər daha çox risk altındadırlar? Onlarla necə davranmaq lazımdır?

- Xüsusilə hiperaktiv və instinktlərinə nəzarəti zəif olan insanlar risk qrupunu təşkil edirlər. Bu adamların müalicəsində “əvvəl düşün, sonra hərəkət elə” paradiqmasından istifadə edirik. Yəni bu cür adamlar hər hansı bir addımı atmazdan əvvəl düşünməli və yalnız düşünülmüş addım atmalıdırlar.

- FOMO-ya daha çox kimlərdə rast gəlinir?

- FOMO Z nəslində (Sovetlərin dağılması və internetin meydana çıxmasından sonra doğulanların nəsli, 90-cı illərdə anadan olanlar) daha çox olur. Z nəslinin nümayəndələri hər şeyi çox tez əldə etmək istəyir. Onlar azadlığa meylli olurlar. Həyatın çətinliklərini görməyiblər. Onlar hər şeyi asan əldə etmiş nəsildir. Virtual aləmi zövq, maraq sahəsi kimi seçirlər. Bundan başqa kişilərdə də bu asılılığa rast gəlmək olur. Kompüterlə bağlı peşəsi olan adamlar arasında da geniş yayılıb.

- Tətil zamanı belə dincəlmək yerinə telefonlarımızı qurcalayırıq. Bu bizi ruhi cəhətdən zəiflədirmi?

- Hazırda sosial media asılılığı şəklində sosiallaşan adamların 5-10 il ərzində xüsusi bir xəstəliyə düçar olması ehtimalları çox yüksəkdir. Buna görə də kompüterdə çox vaxt keçirənlər, gələcəkdə psixoloji sindroma mübtəla ola bilərlər.

- FOMO-ya yoluxmamaq üçün nə etmək lazımdır?

- Tövsiyəm odur ki, adamların maraq dairəsi təkcə kompüter və virtual aləm olmasın. Özlərinə başqa sahələr tapsınlar. Təbiət gəzintisinə çıxsınlar, dostları ilə birlikdə vaxt keçirsinlər. Yəni kompüterdən aralı durmağa çalışsınlar.

# 1066 dəfə oxunub

Müəllifin son yazıları

# # #