Bu, pornoqrafiya deyil, incəsənətdir

Bu, pornoqrafiya deyil, incəsənətdir
15 mart 2013
# 08:15

Nərmin Məmmədlinin yazısı

Sənətin ən çılpaq halı

“Nu” yunan əlifbasının 13-cü hərfidir, incəsənətdə isə tamamilə fərqli bir anlam daşıyır: “çılpaq fiqur”. Bizim mədəniyyətimizdə nu sənəti daha çox erotik və pornoqrafiya olaraq qiymətləndirilir. Bəli, nu rəsimlərində çılpaqlıq və cinsəllik anlayışları mövcuddur, lakin bu bizim düşündüyümüz erotik tərzin əksinə sevginin, bağlılığın, naturallığın estetik görüntüsünu əks etdirir. Bu səbəbdən hər gördüyümüz çılpaq rəsmi də nu adlandırmaq doğru yanaşma deyil.

Nu əsərindəki çılpaqlığın məqsədi pornoqrafiya deyil, sənətdir

İzləyicinin hansı düşüncə ilə nu rəsmini incələməsindən asılı olmayaraq hər bir halda ortada çılpaq bir bədənin təsviri yer alır. Burda əsas öhdəlik işin ustasının(fotoqraf, rəssam və s.) üzərinə düşür. İşin keyfiyyəti ustanın niyyətindən və professionallığından asılıdır. Qısacası, onun məqsədi nədir? Cinsəl istək oyatmaq, yoxsa insan bədənini istifadə edərək bir düşüncəni əks etdirmək? Bu səbəbdən hər istənilən insanın bu sənətlə məşğul olması mümkün deyil. Əks təqdirdə əsərdəki çılpaqlıq pornoqrafiyaya keçid alır.

Nu rəsminin əsas məqsədi insan anatomiyasını düzgün qavrayaraq onun bədən dilini ortaya çıxartmaq və rəsmə köçürməkdir. Yeri gəlmişkən onu da qeyd edim ki, daha çox nu sənətində model olaraq qadınlardan istifadə edilir. Çünki kişiyə nisbətən qadın bədəni daha estetik və ritm duyğularını özündə əks etdirmə qabiliyyətinə malikdir.

“Sənət əslində yaratmaq mənasında tanrıyla rəqabətə girməkdir”

Bizdə hal-hazırda professional olaraq bu sənətlə məşğul olan konkret şəxslər yoxdur. Bu barədə araşdırma edərkən Mədəniyyət və İncəsənət Universitetindən bir neçə şəxslə əlaqə saxladıq, sadəcə məlumat verə biləcəklərini söylədilər. Son illərdə həvəskar fotoqrafçılar bu işlə çox az işləyirlər. Lakin nu sənəti ilə az da olsa, maraqlanan şəxslər bu rəsmlərin nu olmadığını aydınca sezə bilər. Əsas səbəb təbii ki, təcrübəsizlikdir. Təcrübə qazanmaq üçün çox çalışmaq gərək, bunun üçün də bizdə o dərəcədə nə şərait var, nə də ki, sənət düşüncəsi. Çünki bilindiyi kimi cəmiyyətdəki tabular, dindən gələn qadağa və ayıb anlayışları bu sənəti tamamilə bizə yad edir. Belə ki, İslam dinində canlıların surətinin yaradılması ayə və hədislərlə müxtəlif şəkillərdə təfsir edilərək nəticədə qadağa edilmişdir. Qısacası, bu islamiyyətdə Allaha şirk qoşmaq sayılır. Mikalencelo deyirdi: “Sənət əslində yaratmaq mənasında tanrıyla rəqabət etməkdir”. Yəqin ki, məhz bu fikir islami düşüncənin sənətə olan münasibətini daha yaxşı ifadə edir. Bu səbəbdən islam ölkələrində rəsm sənətinin inkişafı Qərblə müqayisəyə gəlməz.

Osmanlı miniatür sənətində nu rəsmləri yer almaqdadır

Əslində çılpaqlığın və cinsəlliyin incəsənətdə istifadəsi heç də yeni deyildir. Əski yunan sənəti, renessans dövrü mənbəyini buradan alır. Bizə daha yaxın olan Osmanlı miniatür sənətində də nu rəsmləri yer almaqdadır. Hətta islam dinində günah və qadağa sayılmasına baxmayaraq tamamilə çılpaq rəsmlər belə çəkilmişdir. Abdullah Buxarinin Topkapı Saray Kitabxanasından tapılan ”Hamamda Yıkanan Kadın” əsəri buna misal ola bilər. Ruhi Avni Lifij, Ali Sami Bayer, Şevket Dağ, Feyhaman Duran, Hikmet Onat Osmanlının ilk nu əsərləri olan usta sənətçiləridir. Qadağalar hər zaman pozulmağa məcburdur. Bütün tabulara baxmayaraq Osmanlının Paris elçisi Halil Şerif Paşa qadının bütün cinsəl orqanlarını detallı şəkildə göstərdiyi üçün bütün dünyada müzakirə edilən və bu gün dünyanın ən önəmli muzeylərində sərgilənən Gustave Courbetin 1866-ildə çəkdiyi “Dünyanın qaynağı” adlı əsərini almışdı.

Nu sanətinin tarixi peşəkarları

Erkən xristianlıqda sənətdəki erotizm ayıb və qadağa anlamı daşıyırdı, lakin buna baxmayaraq ilkin dövrlərdə belə bütpərəstliyin izləri qalmaqda davam edirdi. Bunu ilk olaraq Avropadakı kilsələrdə yer alan müxtəlif erotik fiqurlarda aydınca sezmək olardı. Bunların içərisində ən məşhuru vulfalarını göstərən və çılpaq qadın şəklində təsvir olunan Shelahna-Gig bərəkət fiqurları sayılırdı. Qotik kilsələrində də erotik təsvirlərə yer verilmişdi.

XV əsrdə renessansla başlayan yeni humanizm axımı incəsənətin bütün sahələrində köklü dəyişiklərə gətirib çıxardı. Artıq əvvəlki utanc və qadağa anlayışı sənətdə yumşalmağa başlamışdı. Renessans sənətindəki erotik motivlərin əsas qaynağı yunan mifologiyası idi. Bu dövrün əsərlərini Afrodita, Venera və Zevs başda olmaqla saysız mifoloji qəhrəmanlar bəzəmişdir.

Dünyaca məşhur rəssam Leonardo da Vinçinin "Mona Liza" və "Məryəm və uşağı" kimi rəsmləri renessansın heç şübhəsiz ki, erotik təsir bağışlayan ən güclü əsərləri sırasındadır. Mikelancelonun “Davud” heykəli, Rafaelin freskaları da hələ uzun müddət yadsaşlarda qalacaq.

Almaniyaya erotik rəsm sənətinin əsasını qoyan Dürer olmuşdur. Onun 1510-cu ildə çəkdiyi bir-birini qucaqlamış şəkildə təsvir olunan “Adəm və Həvva” tablosu ən qiymətli əsərlərdən hesab olunur.

Çılpaqlığa qarşı olan konservativ mövqeyinə baxmayaraq rəsm tarixinin ən önəmli 2 çılpaq tablosunu ispaniyalı rəssamlar Velaskes və Qoya işləmişdir. Onlar "Rokeby Venus'ü" və "Çılpaq Maya" idi

XVIII əsrdə Fransada da bu cərəyan yayılmağa başlamışdı. Lakin əsas fərq buradakı çılpaq sənətin daha çox fransız sarayının məhəbbət və əyləncə içində keçən abu-havasını təsvir etməsi idi. Bu dövrün ən məşhur fransız tablosu erotik rəsmin başlıca ustası sayılan Waüeaunun "Maraqlı" adındakı bir qadının ətəyinin altından baxan bir kişi olaraq təsvir edilən əsər sayılır..

XIX əsrdə nəşr texnikasının inkişafı erotik rəsmlərlə dolu kitabların çapını sürətləndirdi. Onu da qeyd edim ki, əvvəlki dövrlərlə müqayisədə artıq bu rəsmlər daha çox rəğbət görməyə başlamışdı. Artıq mövzular da dəyişmişdi, belə ki, mifologiyalar yerini qadınların ruhi dünyasına buraxırdı. Nəinki cinsəllik, hətta homoseksual əlaqələr təsvir edilirdi. Fahişələr də unudulmamışdı. Lautreceh in ən azı 50 tablosunun mövzusu fahişələrə həsr edilmişdi. Vincent Van Qoq da fahişə portretlərini çəkən rəssamlar sırasında idi. Lakin bu tablolar cinsəllikdən daha çox duyğusallığı əks etdirirdi. Bu əsərlərə diqqət yetirsək, görərik ki, onlar təhrik məqsədi güdmür, erotizmi duyğusallıqla təsvir edir, qəhrəmanları seks obyekti kimi yox, sadəcə gözəllikləri, anlatmaq istədikləri hekayələri ilə məşhurlaşırdı.

Azərbaycan miniatür sənətindəki ilk nu numunələri

Şərqin tabularını az da olsa, nəinki sadəcə osmanlılar, hətta biz də rəsm anlamında qırmış hesab oluna bilərik. Belə ki, kiçik bir araşdırma

zamanı, qarşıma çox maraqlı faktlar çıxdı. Dünyaca məşhur Şərq miniatür məktəbinin əsas qollarından olan Azərbaycan miniatür sənətində nu çalışmaları yer almışdır. Bunlardan biri də Füzulinin “Hədiqətüs Süəda” miniatürlü əsərində yer alan bu rəsmdir. Onu da qeyd edim ki, erkən nu çalışması sayılan bu miniatürlər heç də bununla bitmir. Sadəcə bir az araşdırma etməniz yetərlidir.

Müasir Azərbaycan incəsənətində yuxarıda bəhs etdiyim kimi sırf bu sənətlə məşğul olan şəxslər yoxdur. Lakin məşhur rəssamların əsərləri içərisində nu çalışmaları da yer alır. Onlardan bəzilərini sizə təqdim edirik:

Nu rəsmini başa düşməyə məcbur deyilsiniz.

Pikasso deyirdi ki, bütün rəsmlərin izləyici tərəfindən anlaşılması, başa düşülməsi kimi bir dərdi, gözləntisi yoxdu. Kim necə istəyər o şəkildə də görər. Demək, əsas məsələ əsərin keyfiyyəti ilə bərabər izləyicinin beyin və düşüncəsi ilə bağlıdır. Çox təəssüf ki, cəmiyyətimizdə var olan tabular bizim bu sənətə olan sevgimizi, marağımızı izləməkdən daha irəliyə apara bilmir.

Hətta bəzən vəziyyətimiz IV Karlosdan fərqlənmir. İspanyalı rəssam Fransisko Qoyanın Madrid Prado Muzeyində eyni qadını iki şəkildə təsvir etdiyi çox məşhur iki tablosu var: biri “La Maja Desnuda” (Geyinik Maja), digəri isə “La Maja Vestida”( Çılpaq Maja). Deyilənlərə görə, İspanya Kralı IV Karlos çirkin arvadı Kraliça Maria Luisa onu ziyarətə gələndə otağının divarına “La Maja Vestida” portretini asdırarmış, görüş bitincə digər portret əski yerini alırmış. İndi düşünürəm, deyəsən biz də bəzən bu vəziyyətə düşürük, elə deyilmi?

# 6225 dəfə oxunub

Müəllifin son yazıları

# # #