Kulis.az Əməkdar İncəsənət Xadimi, rejissor Mehriban Ələkbərzadə ilə müsahibəni təqdim edir.
- Mehriban xanım, ənənəvi sualla başlayaq: hazırda rejissor kimi nə üzərində çalışırsız?
- Hazırda Dövlət Musiqili Teatrın Ceyhun Hacıbəylinin xatirəsinə ithaf olunmuş əsər -tamaşa üzərində işləyirəm. Bu layihə teatrın direktoru Əliqismət Lalayevin təşəbbüsü ilə baş tutdu. Biz çox düşündük ki, C.Hacıbəylinin şəxsiyyətinə yenidən baxmaq üçün hansı əsərə müraciət edə bilərik, çox araşdırdıq və qərara gəldik ki, belə bir əsəri yenidən yazmaq lazım olacaq. Və ikimiz də bu yazarın Əli Əmirli olacağına qərar verdik. Beləliklə, layihənin rəhbəri kimi Əliqismət müəllim yazıçı Əli Əmirlini dəvət etdi. Birlikdə bu istəkdə bulunduğumuzu ona söylədik. Və Əli müəllim çox gözəl bir əsər ərsəyə gətirdi. Hazırda məşqlər gedir və sağlıq olsun, oktyabr ayında tamaşanı təhvil verməyi planlaşdırırıq.
Əsər C.Hacıbəylinin az qala yarım əsrlik Parisdəki mühacir həyatından, həmçinin məmləkətdəki ictimai və siyasi durum, Üzeyir Hacıbəyov və onun başı üzərində olan "Damokl qılıncı" və digər proseslərdən bəhs edir. Bir sözlə, Vətənsizlik havasının boğduğu aydınlardan bəhs edən xatirə ithafdır bu tamaşa. Bu mənim - Musiqili teatra ilk dəvətim və ilk tamaşam olacaq.
- Bədii film sahəsində yenilikləriniz görünmür. Nəylə bağlıdır?
- Mən oradan çoxdan uzaqlaşmışam.
- Televiziya sahəsindən uzaqlaşdığınızı bilirik. Amm kino sahəsindən uzaqlaşmağınızla bağlı xəbərimiz yox idi.
- 2007-2008-ci illərdə "Məhkumlar" bədii filmimi çəkdim. Daha sonra 2010-2011 ci llərdə "Salnamə" studiyasında isə 3 seriyalı "Mart hadisələri və yaxud qara oyunlar" adlı bədii sənədli film işlədim. Bu film-araşdırma 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan, bizə bəlli mart hadisələrindən bəhs edirdi. Bu, mənim kino sahəsində gördüyüm son iş oldu. 6 ildir kino ilə heç bir əlaqəm yoxdur. Təbii ki, dəvət də yoxdur. Bu səbəbdən də orda baş verənlərdən xəbərsizəm.
- Özünüzün də bədii flm çəkmək istəyiniz yoxdur?
- Mən iki dəfə sifariş, yəni sinopsis təqdim etmişəm. Bu filmlərdən biri "ALJİR"- Şükriyyə xanım Axundzadənin həyatı ilə bağlı idi. Mən film sifarişi üçün gərək olan sinopsisi nazirliyin kino şöbəsinə, şəxsən Cahangir müəllimə təqdim etmişəm. Amma hələ ki, xəbər-ətər yoxdur. Bu, əsasən tarixi faktlara söykənən bədii film kimi nəzərdə tutulub. Nə qədər ümumiləşdirilmiş obraz olsa da, konkret əfsanəvi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın repressiya həyatından bəhs edəcək. Təkrar edirəm, bütün repressiya olunan Azərbaycan qadınlarının ümumiləşdirilmiş obrazı və hadisələr olaraq qələmə alınmış bir materialdır. Azərbaycanda bu müsətvidə çəkiləcək (əgər çəkiləcəksə) ilk bədii film ola bilər. Mən Şükriyyə xanımın sürgün həyatı ilə bağlı oğlu Yılmaz bəydən eşitdiklərimi povest halına salmışam. Olduqca təsirli, ibrətamiz bir hekayətdir. Ən məşəqqətli anlarda belə qadının öz ləyaqətini qoruya bilməsi həqiqətən çox təsirli və ibrətamiz hadisədir. Bu, təkcə repressiya edilənlərin sürgün həyatı deyil, həmçinin məşhur 37-ci illərdəki hadisələrin qaranlıqlarına işıq tutan bir əsər -film ola bilər. Çox istədim bu filmi çəkim, bu gün də bu istəyimdə israrlıyam. Amma.... ya qismət…
- Bu filmlə bağlı sifarişinizi nə zaman təqdim etmisiz?
- Keçən il də təqdim etmişəm. Sifarişlərə hər il baxılır. Bundan başqa bir əsər də təqdim etmişəm. Bu artıq başqa bir film idi. Amma mən nə etsəm də, düşünürəm ki, onun arxasına ya tarix, ya da bu gün içində yaşadığımız Qarabağ savaşı dayanacaq. Bunun da səbəbi bizim uzun illər ermənilərlə apardığımız "qaydasız döyüş", işğalla bağlıdır. Mən vətənə borcumu vermək üçün, bu savaşda iştirak etmək üçün... bu mövzularda film çəkməli olduğumu düşünürəm.
İkinci təqdim etdiyim sifarişdə də yenə də, milli, etnik kimlik məsələsi öndədir. Şuşa həbsxanasından ta bu günə qədər davam edən hadisələrdən bəhs edir.
- Mehriban xanım, yeri gəlmişkən, müharibə filmlərində rejissorun doğru saydığı tərəf olmalıdırmı? Və onun doğru saydığı tərəfi ideal təsvir etməsi, bu tərəfin qəhrəmanlarını son dərəcə qüsursuz göstərməsi, qarşı tərəfi isə birmənalı şəkildə aşağılaması düzgündürmü? Yəni sizcə, dünya tamaşaçısı qarşısında bu tip filmlər uğur qazanır, yoxsa, humanizmin, passifizmin dəstəkləndiyi, müharibələrin pisləndiyi filmlər?
- Bəzən tərəf qətiyyən olmalı deyil. Hər şeyi tamaşaçıya, onun düşüncə tərzinə və intellektinə buraxmaq lazımdır. Amma belə hallarda da əvvəldən görünməz saziş mütləqdir. Sən nəyi və necə qabardırsan... sən nəyə vurğu vuraraq, hansı qənaətə gəlməyə sövq edirsən... bir sözlə, riyaziyyat. Bəzən isə... mətləb və məntiq zaman və məkan kontekstində həll olunur. Əsər müəllif tərəfindən yazılır, bu aydındır. Amma filmin müəllifi rejissordur. Uğura gəlincə... dünya qan və savaşı kassa filminə çevirsə də, əslində qan və savaşın fövqünə keçəcək ciddi film istəmir. Çünki bu siyasətdir.Yalnız az qala əsr zaman fasiləsindən sonra yəhudi soyqırımı istisna olmaqla. Amma bu da siyasətdir. Bizə də bəllidir ki... müharibəni pisləmək, onu təqdir etməmək də yalançı, amma mütləq mövqedir. Yəni... yalan amma ibrətamiz bir mövqedir, bu qədər. Dünya ...çoxdan belə taleyüklü məsələlərə ikili-üçlü standartlarla yanaşır.
- Konfliktli məsələlərə həsr olunmuş filmlərlə bağlı sualıma davam etmək istəyirəm. Bir tərəfin qəhrəmanlarının ideallaşdırılması doğrudurmu?
- Məsələn.
- Məsələn, Qarabağ probleminə həsr olunmuş filmlərdə qəhrəmanlarımızın haqlı olduğunu ifrat, fantastik, həyatdan qopmuş detallar üzrə təqdim etmək effektivdirmi? Yəni belə film dünya tamaşaçısı üçün maraqlıdırmı?
- Təbii ki, bu bayağı görünür, şişirtmə görünür. Amma bizim başqa seçimimiz də yoxdur. Çünki biz ildə 20-30 film çəkə bilmirik. Biz bir film çəkirik. Bir filmimizdə də qəhrəmanımızın mənfi çalarını göstərsək, bu, həm tarixi təhrif, həm vətəndaşlıq tərbiyəsinə, həm də milli kimliyə zərbə ola bilər.
- Amma hədəfimiz yenə də dünya tamaşaçısıdır.
- Jan Pol Sartrın ən gözəl əsərləri müqavimət hərəkatı dövründə yazılıb. Ən gözəl əsərlərindən biri "Dəfn olunmamış ölülər"dir. Bu möhtəşəm əsərin içində düşmən qabağında əyilməməyi seçənlər, sonda həyat eşqinin oyanışından komandirlərinin yerini satacaq hala düşürlər. Bu həyatdır. Heç kəs ən kritik anda nə edəcəyindən sığortalanmayıb. Ona görə gərək müəyyənləşdirək: Biz qəhrəmanlıq salnaməsi yaratmalıyıq, yoxsa həyatı reallıqla dolu yaşamı göstərmək istəyirik? Bir filmlə həm real həyat şərtlərini çəkmək, həm də qəhrəmanlıq salnaməsi yaratmaq çox çətindir. Hərçənd ki... müasir salnaməmiz buna imkan verir. Biz bu gün beyni az da olsa dumanlandıran nəsə edə bilmirik. Hollivud bunu edə bilər. Çünki Hollivud torpağında oturmuş düşmənlə, eyni zamanda dünyanın ikili, üçlü standartları çərçivəsində müharibə aparmır. Onlar heç vaxt bizi başa düşməzlər. İkincisi, Azərbaycanın vətənpərvərlik mövzusunda çəkdiyi filmlə dünyaya çıxması imkansızdır. Dünya mənim həqiqətimi qəbul etmirsə, mənim həqiqətimi car çəkən sənət əsərinimi qəbul edəcək? Hələ mən peşəkarlığı bir tərəfə qoyuram.
Əgər mən istəyirəmsə, filmimi Avropa qəbul etsin, bu zaman öz milli-etnik mütləqliyimi basdırıb, onlara xoş ola biləcək cizgiləri qabartmalıyam. Onların bəyənə biləcəyi səsdə danışmalıyam. Məsələn, mən düşmənin qanını içsəm də, ürəyim soyumaz. Amma mən bu rəngdə film çəkə bilmərəm. Çünki çəksəm, o kino Azərbaycandan o yana keçməyəcək. Ona görə yox ki, o film deyil, ona görə ki, mənim düşüncəmi qəbul etməyəcəklər. Mənə vəhşi deyəcəklər, çünki mən qisas almaq, intiqam peşində olacam. Dünya isə həm qaynar ocaqlar istəmir, həm də onlar bizlə deyil, erməni ilə dostdurlar. Mən öz müqəddəs savaşımı hansısa fərdi uğurlara görə qarşı tərəfin istədiyi hala sala bilmərəm axı....
Türk etniki dünyada qıcıq yaradır. Bu gün İran filmlərinin dünyanı fəth etməsi də mədəniyyət yox, siyasi məsələdir. Hərçənd ki, bu filmlərin keyfiyyətini şübhə altına almıram. Əksinə... yetərincə peşəkar işlərdir. Amma səbəb bu deyil.
- Keçək fərqli müstəviyə... Sizcə, kino əyləncədirmi, yəni kinonun əyləncə funksiyası varmı?
- Bu gün artıq əyləncədir. Artıq mənim məmləkətimdə kino əyləncəyə çevrilib. Əyləncə filmləri baxılır, ancaq ciddi işlərə diqqət yox səviyyəsindədir. Bir əlin barmaqları qədər olan istisnaları nəzərdə tutmuram. Təkcə filmdə deyil, teatrda da, mədəniyyətin digər sahələrində də kütlə əyləncə axtarır, düşündürücü, maarifləndirici materiallara dırnaqarası baxır. İnsanlar yorulub... sadəcə, dincəlmək və əylənmək istəyirlər.
- Sizin kino həqiqətinizdə, kino anlayışınızda əyləncə varmı?
- Təbii ki var və olmalıdır da. Bir yönlü iş olmaz ki. Amma mənim kino, film istəklərimin arxasında əsasən tarixi faktlar və sənədlər durur. Mənim kino düşüncəmin içində gizli həqiqətlərin faş olunması dayanıb həmişə. Ola bilsin bu çox zaman bədii film deyil, sənədli filmdir. Amma yenə də hansısa bağlı qalmış həqiqətin ortaya çıxmasıdır. Baxmayaraq ki, bədii filmlər də tarixi fakt və real hadisələrə söykənə bilir. Bu variant məni özünə daha çox çəkir.
- Qadın rejissorların kişilərlə müqayisdə az olmasını nəylə bağlayardınız?
- Mənim üçün qadın, ya kişi rejissurası, yaxud filmlərinin heç bir fəqri yoxdur.
- Amma qadın rejissorlar çox azdır. Bunun səbəbinin nə olduğunu düşünürsüz?
- Ona görə ki, siz kişilər qadınlara imkan vermirsiz. Düşünürsüz ki, siz çox ağıllısız, qanunu yazan sizsiniz. Hər şeyi yaradan sizsiniz. Qadınları ciddi qəbul etmək imkanından uzaqsız.
- Bəs niyə sənətin digər sahələrində qadınlar hətta kişilərdən də çoxdur? Məsələn, aktrisalıqda, müğənnilikdə və s.
- Özünüifadə başqa, intellekt başqa. Kişilər intellekt savaşında qadınları qısqanır. Amma qadınlar da adətən bu savaşa getmirlər. Belə peşələrdən imtinaya meyillidirlər... həqiqət var. Bir də... atılan bumeranqların heç də hamısı, ilkin çıxış nöqtəsinə qayıtmır. Onların bəziləri azadlığı seçir.
- İntellekt savaşında qadınların qarşısını nə kəsir ki?
- İntellekt savaşında kişilər qadınları həzm edə bilmir. Bunu sizə mən deyirəm, böyük təcrübəsi olan bir adam kimi. Kişi həmkarlarımın hər birindən çəkdiyimi çəkirəm. Buna qısqanclıq deyim, paxıllıq deyim, nə deyim, bilmirəm... amma uzun-uzadı qarşındakı maneələri dəf etmək adamı yorur. Əsas iş bir tərəfdə qalır... başlayırsan var olmaq, ayaqda qalmaq uğrunda savaşa. Yəqin ki, bu təkcə bizdə deyil. Və məncə, məsələ təkcə bu da deyil. Qadın, kişi... nə fərq edər ki. İnsan var... onun düşüncə tərzi var. Başqa... qadınla kişi filmlərində hansı fərqləri görmək olur ki?
- Əgər sual mənə ünvanlanıbsa, fikrimi deyə bilərəm ki, qadın rejissorların filmlərində praqmatiklik və sentimentallıq daha çox diqqət çəkir. Bunu cinsi ayrı-seçkilik kimi demirəm. Mən bu fərqi yalnız yazıçı, rejissor, və filosoflar müsətvisində görə bilirəm.
- Mən belə deməzdim. Tatyana Lioznovanın filmlərində hansı sentimentallıqdan söhbət gedə bilər? Yaxşı, əgər mənim tamaşalarıma baxmısınızsa, hansı sentimentallıq, yumşaqlıq görmüsünüz? Əksinə, ən sərt, ən cəsarətli addımlar mənim tamaşalarımda atılmayıb? Hansı kişi rejissorları bunu edib? Siz mənim tamaşalarıma baxmamısız axı. Hansı tamaşama, hansı filmimə baxmısız?
- Mən "Güzgü" filminizə baxmışam.
- "Güzgü" debüt film idi. Yalnız o filmə baxmaq, mənim haqqımda heç nə bilməmək deməkdir. Yenə "Məhkumlar"ı desəydiniz, başqa... Mənim Mir Cəfər Bağırov haqqında 4 seriyalı bədii sənədli filmi, "Tarixin bir günü" filmlər silsiləsini, "Mart hadisələri" filmimi.... "Qatil", yaxud "Əmir Teymur" tamaşasını desəydiniz, sizinlə müzakirə etməyə dəyərdi. Mənə deyirsiz qadın rejissorların filmləri, yəni beyin məhsulu sentimental olur, amma bu cüzi sadaladığım işlərdən belə xəbərsizsiz. Bunlara baxmadan necə demək olar ki... mən qadın rejissor kimi nələri edə bilmək, yaxud edə bilməmək gücündəyəm? Mən tam əksini deyirəm. Kişi dediyiniz o rejissorlar, mənim 10 il əvvəl göstərdiyim o sərt həqiqətləri, o mövzuları və o üslubu... heç indi belə edə bilmirlər. Qısacası, 200 kəlmə ilə düşünən 2000 kəlmə ilə düşünəni anlaya bilməz. ''Dilin qədər varsan'' yəni.
- Sizin tamaşanızda sentimentallığın olmaması az öncəki fikrimi təkzib etmir. Düşünürəm, bu ən yaxşı halda istisna ola bilər. İkincisi də bu mənim fikrim deyil. Bu barədə çox yazılıb, deyilib.
- Haqsız fikirdir. Əsassız düşüncədir. Çünki mənim bütün işlərim amansız üslubda hazırlanıb.
- Mən sizə sentimental demirəm. Verdiyiniz suala cavab vermişdim. Belə bir qənaət var və bu qənaət haqqında sizin fikrinizi bilmək maraqlıdır.
- Azərbaycanda 2-3 qadın rejissor var və onlardan biri mənəm. Bu fikir həm də mənə yönəlir. Mən bu fikirlə razı deyiləm. Çünki ətrafımda kişi həmkarlarım daha primitiv, daha solğun işlər görür. Amma mənim tamaşalarımda sentimentallıq olmur. Əksinə, savaş var və sərt məntiq var.
Mən misal üçün Lioznovanın adını təsadüfən çəkmədim. Və yaxud Ketrin Biqelu, Sofiya Koppola və b... Onların filmlərilə kişi həmkarlarının filmlərini müqayisə edin. Mən qadın rejissurasında dediyiniz şeyləri görməmişəm. Mən bu fikirlə razı deyiləm. Bu mənim haqqımdır. Amma kişi həmkarlarımızın qısqanclığı var, olub və həmişə olacaq. Mən düşünürəm ki, burada natamamlıq kompleksi var. Onlar edə bilmədiklərini qadınların timsalında görəndə bunu həzm edə bilmirlər.
- Tetrda öz rejissorluq potensialınızı istədiyiniz kimi sərgiləyə bilirsinizmi?
- Son 3-4 tamaşamda bunu eləmişəm. Rejissor, müəllif olaraq "Qatil", "Qatar altına atılan qadın", "Əmir Teymur" "Cəza" tamaşalarımda istədiyimi ortaya qoya bilmişəm. Bilmirəm, bu gün Azərbaycan teatrında bunu etmək nə qədər əhəmiyyətlidir, amma bunu eləyirəm.
- Son dönəm Azərbaycanda boy verən gənc rejissorları görürsünüzmü?
- Birmənalı cavab verə bilməyəcəm.
- Bəs tamaşaçı kimi necə?
- Ciddi işlər görmürəm. Əgər kütləvi şəkildə filmlər çəkilmiş olsaydı, burada eksperimentlərə yer vermək olardı. Amma bu filmlər dənə-dənə çəkilirsə, dəfələrlə uğursuz işlər görmüş şəxslərə yenidən etimad göstərmək və ya hər boy verən rejissora film verməyi düzgün saymıram. Amma bir daha qeyd edirəm... Mənim mövqeyim çox subyektivdir. Gənc nəsil var, gəlir. Onlar öz dünyagörüşü və öz düşüncə tərzini açıqlamalıdır. Və inşallah, bunu da edəcək. İnanıram ki... çox yeni və maraqlı işlər hələ qarşıdadır. /"Ədəbiyyat qəzeti"/