Şeir yazmaq olar, amma...

Şeir yazmaq olar, amma...
12 iyun 2015
# 13:26

Sovetlərin vaxtında məşhur bir jurnalist-yaponşünas vardı. Soyadı da, deyəsən, V.Ovçinnikov idi. Bir dəfə verilişlərin birində o, şeir yazdığını etiraf etdi. Amma nə qədər xahiş-minnət etdilər, xeyri olmadı. Həmin jurnalist şeirlərini oxumadı ki, oxumadı...

Əvəzində isə çox müdrik bir fikir dedi. Dedi ki, insanlar ədəbiyyata iki cür xidmət edirlər - bir hissəsi bunu öz əsərlərini dərc etməklə, bir hissəsi də bunu etməməklə...

O vaxtdan bu fikir mənim üçün bir mədəniyyət kredosuna çevrilib: hər dəfə əcaib bir şeir görəndə dərhal bu fikir yadıma düşür, deyirəm ki, axı bunu dərc etməmək də olardı...

Mən ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi deyiləm. Sadəcə tələbkar oxucuyam. Burada bir fikir deyəcəm, amma ola bilsin ki, o, yaxşı qarşılanmayacaq, çünki biz tərifi sevən xalqıq. Tərifi sevdiyimizdən də epitetə çox həssasıq...

Belə epitetlərdən biri də “şair xalq” ifadəsidir. Bunu bizə tərif kimi də, qınaq kimi də çox deyiblər. Amma bir dəfə oxudum ki, sorğulara görə amerikalıların 60-70 faizi şeir yazır, yəni onlar da “şair xalq”dır, amma bizdən fərqli olaraq onlar bunu ciddi qəbul etmirlər, buna hətta yumorla yanaşırlar...

Biz isə hər şeyi ciddi qəbul edirik... Sarılırıq qələmə. Hamımız yazırıq. Bu, azmış kimi, hamımız da öz yazdıqlarımızı dərc edirik. İşin tərsliyindən də indi bunun qarşısında bir maneə yoxdur, beş-altı yüz dollar tapıb hamı bir kitab dərc edir və bu kitabı ona-buna oxutdurmağa başlayır...

Beləcə, məlum olur ki, dünyasını dəyişmiş akademik sən demə, həm də “böyük şair” imiş və yaxud da məlum olur ki, bütün ömrü boyu kolxozda sürücü-traktorçu işləmiş adamın sinəsinin altında “əsl şair ürəyi” çırpınırmış...

Bəs vəziyyətdən çıxış yolu nədir? İnsanlara şeir yazmağı yasaq edəkmi? Yox, bu fikirdə bulunmuruq, baxmayaraq ki, bəzi ölkələrdə, məsələn, fəlsəfənin yasaq edildiyi vaxtlar olub. Amma bu, çoxdan olub və həm də ən yaxşı çıxış yolu deyil. Qərəz, insanlara şeir yazmağı yasaq etmək, hətta şeir dəftərçələri tutmağı qadağan etmək olmaz...

Biz hamımız həm də oxucuyuq. Mən hamının şeir yazmasının bir səbəbini də onda görürəm ki, bizim çoxumuz pis oxucuyuq... Yaxşı oxucu olsaydıq, hamı şeir yazmazdı, şeirlə bağlı hamının yüksək standartları, bir sözlə, yüksək zövqü olardı. Amma yoxdur. Niyə? Ona görə ki, zövqü də təhsil və dünyagörüşü formalaşdırır. Görünür, onlar ölkədə çox aşağı bir səviyyədədir... Adam zəif şeirlər oxuyur, ona elə gəlir ki, şeir elə belə də olmalıdır. Sonra da başlayır özü yazmağa... Buradan da bizim faciəmiz başlanğıc götürür. Bir də görürük ki, zövqsüzlük baş alıb gedir...

Burada yaşının az qala ahıl çağlarında “istedadı” parlayanları qeyd etməsək bir qədər natamamlıq alınar. Əslində hər şey sadədir. Bir cızma-qara edirsən və onu normal bir şairə və ya redaktora verirsən. O da sənin ya mövqeyinə və vəzifənə görə, ya da bilavasitə puluna görə onlara əl gəzdirərək ala-babat bir şeyə çevirir. Beləcə, bir də görürük ki, kimsə əlli yaşından sonra dönüb istedadlı şair olub. Bu, ona öz ictimai statusunu bir az artırmaq üçün lazımdır.

Ortada uduzan isə biz oxucular oluruq, çünki həmin cızma-qaralar bizə də gəlib çatır və biz də onları oxumağa məcbur oluruq. Oxuyuruq və əsəbiləşirik.

Bir məsələ də var ki, onu da gərək qeyd edək. Bizim dünya ədəbiyyatı ilə təmaslarımız son vaxtlar xeyli zəifləyib. Əvvəllər heç olmasa, rus ədəbiyyatını və rus tərcüməçilərinin sayəsində dünya ədəbiyyatını izləyə bilirdik...

İndi Rusiya ilə mədəni əlaqələr zəifləyib. O mənada yox ki, dövlətlər arasında hansısa problem var. Yox, bunu demirik. Problem üfüqi əlaqələrin, təmasların, birbaşa oxucu-yazar kontaktlarının zəifləməsidir...

Həm də o vaxt çox ciddi və yüksək səviyyədə orijinaldan tərcümələr vardı. İndi bu, yoxdur. Azərbaycanda hələ peşəkar tərcümə institutu formalaşmayıb. Nə vaxt formalaşacağı da bəlli deyil. Tərcüməçi minimum iki dili - öz ana dilini və xarici dili mükəmməl bilməlidir. İndi ölkədəki tərcümələrin 90 faizi rus dilindən tərcümələrdir. Onlar isə adamı elə də cəzb etmir - düşünürsən ki, imkan olar, elə rus dilində oxuyuram də...

Elə bu səbəbdən də o qədər də ürəkaçan mənzərə görünmür - təbii ki, ədəbiyyatla bağlı... Sözsüz ki, bir qəbilə kimi də mövcud olmaq, yalnız özümüzünkülərin qaya üstünə çəkdikləri və yazdıqları ilə kifayətlənmək olar. Amma biz qəbilə deyilik axı!

musavat.com

# 1873 dəfə oxunub

Müəllifin son yazıları

# # #