Haqlıdır, lakin ədalətli deyil – Sənət adamları “Əqrəb mövsümü” serialının rejissorunun qonorar tələbindən danışdı

Haqlıdır, lakin ədalətli deyil – Sənət adamlar ı  “Əqrəb mövsümü” serialının rejissorunun qonorar tələbindən danışdı
26 yanvar 2023
# 09:00

“Pərdə”, “Sonuncu pərdə” filmlərinin, “Körpü”, “Əqrəb mövsümü” seriallarının rejissoru Emil Quliyevin bir saatlıq müsahibə üçün 500 manat qonorar tələb etməsi birmənalı qarşılanmayıb. Kulis.az bir sıra tanınmış sənət adamlarının bu məsələyə münasibətini öyrənib.

Rəşad Məcid (Mətbuat Şurasının sədri)

Qəzetlərin yaxşı oxunduğu vaxtlarda da bir neçə ekspert qonorar qarşılığında müsahibə verəcəyini iddia etmişdi. Böyük kriteriyalarla yanaşdıqda, bu, təbii haldır. Amma Azərbaycan reallığında o qədər də inandırıcı görünmür. Çünki Azərbaycan mediasının müsahiblərə qonorar vermək üçün elə geniş imkanları yoxdur. Emil Quliyevin bu yaxınlarda qonaq olduğu İTV-də yayımlanan verilişi izlədim. Orada bir rejissor kimi fikirlərini çox aydın şəkildə ifadə etdi. Çox istedadlı və maraqlı adamdır. Yaxşı seriallara imza atıb. İşlə bağlı da qonorarı bəhanə edə bilər. Müsahibəsindən də göründüyü kimi öz işini, kinonu sevən biridir. Düşünürəm ki, mətbuat bunu şouya çevirməli deyil. Fikrimcə, o, çox da müzakirə obyektinə çevrilmək istəmir. İndi mətbuat Emil Quliyevə səviyyəli işlərinə davam etdirməyə imkan verməli, ona dəstək olmalıdır. Ondan müsahibə almaq üçün israr etməkdənsə, onun çəkdiyi materialları mütəxəssislərlə müzakirəyə çıxarmalıdır. Emil Quliyev son vaxtlar izlədiyim ən istedadlı adamlardan biridir. Ona uğurlar arzu edirəm.

Elxan Cəfərov (rejissor)

Sivil mədəniyyətin olduğu cəmiyyətdə intervüyə çağırılan insanlara mütləq qonorar ödənilməlidir. Emilin çox cəsarətli çıxışları var. Bu mövzuda onu dəstəkləyirəm. Cəmiyyət inkişaf etdikcə, cəmiyyətin pulla münasibəti də öz axarına düşməlidir. Bu zaman müsahiblərə də pul ödənilməlidir. Nə qədər ödənilməli olduğu isə başqa məsələdir. Düşünürəm ki, simvolik də olsa, pul verilsə, düzgün olar.

Şərif Ağayar (yazıçı)

Haqlıdır, lakin ədalətli deyil. Ədalətli o zaman olardı ki, İTV-nin Dadaşlinskisindən də qonorar istəyərdi. Əks halda, gerçəkliyi nəzərə alıb davransa, yaxşı olar. Gəncdir. Uğurlu işləri var. Görünür, bir az da bu yöndə orijinallıq etmək istəyir. Olsun. Və təki axıracan bu sərbəstliyi, orijinallığı qoruya bilsin. Şəxsən mən buna ürəkdən sevinərəm. Ancaq bir incəlik də var: səhv etmirəmsə, Emil bəy İTV-dəki layihələrini əsasən büdcə vəsaiti hesabına gerçəkləşdirir. Belə olan təqdirdə, tam müstəqillikdən söhbət gedə bilməz və ən azı dövlətdən maliyyələşən digər mətbuat orqanlarına qiymət oxumaq doğru deyil. O, xalqın borcunu yaxşı iş görməklə yanaşı həm də qonorarsız müsahibələr verməklə qaytarmalıdır. Reallıq budur. Emil Quliyevin və digər gənc sənətkarların özünü tamam müstəqil aparması üçün özünün tamam müstəqil olması lazımdır. Bunun üçünsə bütün sənət və yaradıcılıq sahələri büdcə asılılığından, dolayısı ilə dövlətin nəzarətindən qurtulmalıdır. Bir çiçəklə bahar olar deyirsinizsə, mən də qoşulum, az da olsa sevinək. Əlacımız nədir?

Şamil Paşayev (hüquqşünas)

Şəxsin öz əməyini qiymətləndirmək hüququ var. Bu tələb təklif məsələsidi. Amma gərək sayt, kütləvi informasiya vasitələri həmin qonorarın müqabilində reklam ala bilsin, reklam büdcəsini formalaşdırsın. İstənilən yazıya, müsahibəyə arzu olunan tələb olmadığı halda həmin yazı və müsahibəyə kütləvi informasiya vasitələrinin həmin qonorarı verməsi mümkün deyil. Amma bazar iqtisadiyyatında hər kəsin əqlini, öz mülkiyyətini pulla satmaq hüququ var.

Aqşin Yenisey (yazıçı)

Rejissor və rəssam tayfası bir farmazon olmalı. Bu, heç! Amma yeni nəsil sənət adamlarının dünyada çoxdan qəbul olunmuş ölçüləri hər mənada Azərbaycana daşımaq cəhdi alqışa layiqdir. O rejissor ödənişli müsahibəni sizdən yox, məsələn, özəl telekanallardan istəsəydi və qəbul olunmadığı halda müsahibədən imtina etsəydi bu gün siz də onu təqdir edəcəkdiniz. Mən bu mövzuya Dadaşlinskinin verilişində toxundum, amma efirə getmədi. Bu gün telekanallar o adamlara qonorar verirlər ki, onların buna ehtiyacları yoxdur, amma hər yerdə gənclərdən hesab tələb edirlər ki, məsələn, ədəbiyyatımız niyə bu gündədir. Bu gün Azərbaycanda nə dövlətin, nə cəmiyyətin mənəvi haqqı yoxdur gənc sənət adamlarından hesab sorsun. Pul kimlərin cibinə basılırsa, hesabatı da onlardan tələb etmək lazımdır. Əgər o rejissor sizdən qonorar istəyib, məsələn, Aztv-nin çağırışına şərtsiz reflekslə uça-uça gedəcəksə, demək ki, belənçik adama və adamlara baş qoşmağa dəyməz. Yox, hətta televiziyadakı rejissor dostlarının proqramlarına da prinsipial olaraq ödəniş əsasında müsahibə verəcək və bu dünyəvi ölçünün bizdə də bir ənənəyə çevrilməsində cığır açacaqsa ilk mədhiyyəsi məndən olacaq. "bir az farmazon" olmalı.

Türkan Hüseynova (rejissor)

Nəyin doğru və ya səhv olduğuna hər kəs özü qərar verir. Emil Quliyevin müsahibə üçün 500 manat tələb etməsi də onun qərarıdır. Hər kəs sərbəstdir. Bu mənim şərh verə biləcəyim bir şey deyil.

Qismət Rüstəmov (şair-esseist)

Məncə, haqlıdır. Ötən əsrdən qalma anlayışlardan xilas olmalıyıq. Ölkədəki sənət mühiti, qonorar vəziyyəti aydındır, ancaq hər bir halda bunu tələb etmək, istəmək lazımdır. İntellektual-yaradıcı əməyin qarşılığı olmalıdır, indiki dünyada havayı işləyən də, havayı iş tələb edən də qeyri-ciddi, geridəqalmış sayılır. Sözsüz ki, hər kültürün özünəməxsus münasibətlər sistemini nəzər alaraq bunu deyirəm. Yadıma gəlir, Gürcüstandan bir dərgi Kazuo İşiquro Nobel mükafatı alan il bununla bağlı bir sorğu göndərmişdi, cəmi 7-8 cümlə yazdım, səhəri gün kartımı istədilər ki, qonorarınız var. Bizim qurumların imkanları Gürcüstanın adi bir jurnalından aşağı olmaz yəqin. Problemin bir hissəsi təşkilatlara aiddirsə, bir xeyli hissəsi də sənət adamlarının romantik yanaşmasındadır. "Hazırkı şərtlər" tezisi də anaxronizmdir, heç yerdə birdən "hazırkı şərtlər" yaranmayıb. Yaxşı qonorar olsa, daha geniş yazmaq olar.

Kamran Ağabalayev (aktyor)

Ölkəmizdə jurnalist aktyorun, rejissorun dostu olmalıdır. Çünki bizdə kinonun da, aktyorun da vəziyyəti göz önündədir. Jurnalistlərimiz bu istiqamətdə heç də az iş görməyiblər. Hər zaman aktyorun, rejissorun yanında olublar. Bunun qarşılığını istəməyə haqları var.

Xaricdə belə referens var. Amma hazırda bizdə olmamalıdır. Deyə bilərsiniz ki, kimsə işi başlatmalıdır. Mən belə düşünmürəm. Bir medalın iki üzü var. Azərbaycansayağı desək, bu günün sabahı da var. Heç nəyi bilmək olmur. Yenə də Emilin öz şəxsi işidir. Başqa saytlara desəydi, hardasa onu başa düşmək olardı, amma Kulis-ə yox. Çünki Kulis mədəniyyət xəbərlərini maksimum işıqlandırmağa çalışır. Mədəniyyət portalı ilə qarşılıqlı hörmət saxlamaq mütləq lazımdır. Beş günlük dünyadır, onun da iki günü şənbə-bazara düşür. Hər şeyi də pul həll eləmir.

Əli İsa Cabbarov (rejissor, prodüsser)

Hər bir insanın seçimi var. Qonorar tələb edənin də, imtina edənin də.

Rasim Qaraca (yazıçı)

Emin Quliyev öz filmlərində xarici rejissorların üslubunu kopyaladığı kimi mətbuatla münasibətlərdə də onları kopyalamağa çalışıb. Bir məqamda səhvə yol verib, film industriyasının demokratik əsaslarda olmadığı bir ölkədə - Azərbaycanda olduğunu unudub.

İlqar Nəcəf (rejissor)

Bu məsələ mənim üçün maraqlı deyil.

Samirə Əşrəf (yazıçı)

Əslində, özünə və yaradıcılığına dəyər vermək müsbət haldır. Və bizdən fərqli olaraq dünya təcrübəsində normal faktdır. Amma bizdə vəziyyət bir az başqa cürdür. Emil Quliyev elə bir ölkədə yaşayır ki, bu ölkənin nə ədəbi, nə kino, nə də teatral və ümumilikdə yaradıcı mühiti həmin 500 manat qonorara, o arzu və tələblərə cavab verir. Bizdə təəssüf ki, qonorar tələb ediləcək mühit formalaşmayıb, yaranmayıb. Belə işlək bir sistem də mövcud deyil. Dünya praktikasından təsirlənib o qədər iş görmək, söz danışmaq olar ki. Ancaq əvvəl əl-ələ verib, həmin mühiti formalaşdırarlar, sonra qonorar, şəxsi və sənət maraqlarına xidmət edən istəkləri səsləndirirlər. Tək adamla Don Kixotluq isə çətin məsələdir.

Xalid Kərimli (iqtisadçı)

2000-ci illərdə İngiltərinin Baş naziri olan Toni Bleyr həmin dövrdə Azərbaycanda şirkətlərin birinin açılışında yarım saatlıq çıxışı üçün 200 min dollar tələb etmişdi. Həmin şirkət də pulu ödəyib onu gətizdirmişdi. Ölkəmizdə keçirilən Avropa oyunlarında da məşhur müğənnilərdən biri 1 milyon dollara gətizdirilmişdi. O vaxt mətbuatda bu barədə xəbərlər yayılmış və cəmiyyətdə müzakirələrə səbəb olmuşdu. Belə məşhur simalar sadəcə öz vaxtlarına dəyər verirlər. İndi Emil Quliyev də müsahibə üçün 500 manat istəyirsə, heç bir qanunu pozmur. Vicdanlı olub ki, 500 istəyib. Bu, sırf adamın şəxsi seçimidir. Dünya praktikasında belə hallar kifayət qədərdir.

Mirmehdi Ağaoğlu (yazıçı)

Rejissor Emil Quliyevin qərarını alqışlayıram. Bu, dünya mətbuatında çoxdan qəbul olunmuş normadır, indinin deyil. Hələ Markes “Şərqi Avropaya səyahət” kitabında yazır ki, İkinci Dünya müharibəsindən çıxmış Polşada jurnalist bir kolumbiyalı kimi məndən müsahibə götürdü, iki gün sonra qaldığım hotelə zərf göndərildi, içində təxminən 500 zlot var idi. Məlumat üçün deyim ki, onda hələ Markes bığyeri təzə tərləyən sütül oğlan idi, Şərqi Avropaya da jurnalist kimi getmişdi, yazıçı kimi yox. Yəni hələ müharibənin tarmar elədiyi Polşada belə ötən əsrin 50-ci illərində bu qayda var idi. Biz isə XXI əsrin üçüncü onilliyində də o kültürə gəlib çıxmamışıq. Dünya mediasında qəbul olunmuş normaya görə nəinki müsahibə, hətta açıqlama, münasibət öyrənildikdə belə həmin şəxsə intellektual zəhmətinə hörmət əlaməti olaraq qonorar ödənilməlidir, ödənilir də. Bizdə isə… Ümid edirəm Emilin bu qərarından sonra ona qoşulanlar çox olacaq və tədricən bu ənənə halını alacaq, qoy lap simvolik olsun, amma ödənilsin. Qısacası Emil bəyi dəstəkləyirəm.

Orxan Mərdan(Kinoprodüsser və rejissor)

Bu bir az fərdi məsələdir. Çox güman ki, Emilin bu günə qədər jurnalistlərlə yaxından münasibəti olmayıb və yaxud da hər hansı bir formada yaxınlığa cəhd edib qarşılığını almayıb. İndi isə onun gördüyü iş gündəm olub. Jurnalistlər də bundan öz xeyirlərinə istifadə etmək istəyirlər. Ölkəmizdə saytların maliyyələşdiyini bilirik. Buna əsasən deyə bilərik ki, Emilin tələb etdikləri ona vermək imkanları var. Emilin yanaşmasında problemli heç nə yoxdur. Hazırda rejissorların jurnalistlərdən daha çox dəstəyə ehtiyacı var.

# 5063 dəfə oxunub

Müəllifin son yazıları

# # #