Əfsanəvi “rok-n-roll kralı” haqqında maraqlı faktlar

Əfsanəvi  “rok-n-roll kralı” haqqında maraqlı faktlar
16 avqust 2026
# 11:30

Bu gün amerikalı müğənni və aktyor Elvis Preslinin anım günüdür.

Kulis.az onun həyat və yaradıcılığına dair maraqlı faktları təqdim edir.



Elvis Presli XX əsrin musiqi və populyar mədəniyyət tarixini köklü şəkildə dəyişdirən, dünyada "Rok-n-roll kralı" kimi tanınan əfsanəvi amerikalı müğənni və aktyordur.

1935-ci ildə Missisipi ştatının Tyupelo şəhərində yoxsul bir ailədə dünyaya göz açan Elvis gənc yaşlarından afroamerikalıların bluz qospel musiqilərinə böyük maraq göstərmişdir.

1953-cü ildə anasına ad günü hədiyyəsi kimi mahnı yazdırmaq üçün Memfisdəki məşhur "Sun Records" studiyasına qədəm qoyması onun parlaq musiqi karyerasının ilk təsadüfi təməlini qoymuşdur.

Studiyanın rəhbəri Sem Fillips onun qara dərililərə xas emosional ritm və hisslə ifa etdiyini görən kimi Elvisin fövqəladə potensialını dərhal kəşf etmişdir.

1954-cü ildə yazılan "That's all right" mahnısı qısa müddətdə radiolarda hitə çevrilərək rok-n-roll janrının qlobal sıçrayışına təkan vermişdir.





O, səhnədəki cəsarətli, enerjili və çanaq hərəkətlərinə söykənən xüsusi rəqs üslubu ilə dövrün mühafizəkar cəmiyyətində böyük rezonans və gənclər arasında inqilab yaratmışdı.



Televiziya kanalları o dövrdə onun imzasına çevrilən rəqslərini həddindən artıq təxribatçı hesab etdiyindən canlı yayımlarda Elvisi yalnız beldən yuxarı göstərməyə məcbur olurdular.

1956-cı ildə işıq üzü görən "Heartbreak Hotel" mahnısı milyonluq satışı keçən ilk hiti olmuş və elə həmin il çəkildiyi "Love me tender" filmi ilə kino aləminə də uğurlu addım atmışdır.

Karyerasının ən parlaq çağında, 1958-ci ildə ABŞ ordusuna çağırılan Elvis iki il müddətində Almaniyada sıravi əsgər kimi xidmət edərək xalqın gözündə milli qəhrəmana çevrilmişdir.

Hərbi xidmətdən qayıtdıqdan sonra Hollivud musiqili filmlərinə fokuslanaraq "Jailhouse Rock", "Viva Las Vegas" və "Blue Hawaii" kimi böyük kassa uğuru qazanan ekran işlərində baş rolları ifa etmişdir.

Elvis Presli təkcə musiqisi ilə deyil, xüsusi saç düzümü və mərhələli səhnə kostyumları ilə XX əsrin ən əsas stil ikonalarından birinə çevrilmişdi.





1968-ci ildə canlı efirdə yayımlanan və "68 Comeback Special" adı ilə kütləvi populyarlıq qazanan konserti ilə uzun sürən fasilədən sonra səhnəyə möhtəşəm dönüş etdi.

1973-cü ildə Havay adalarından yayımlanan "Aloha from Hawaii" konserti peyk vasitəsilə dünyada 1 milyarddan çox insan tərəfindən izlənilərək televiziya tarixində rekord qırmışdı.

O, ümumilikdə 14 dəfə "Qremmi" mükafatına namizəd göstərilmiş, bunlardan 3-nü qazanmış və həmçinin bu nüfuzlu təşkilatın ömürlük nailiyyət mükafatına layiq görülmüşdür.

Bütün dünyada 500 milyondan çox val və albomu satılan Elvis solistlər arasında bütün dövrlərin ən çox satılan musiqiçisi titulunu bu gün də özündə saxlayır.





Elvis Preslinin həyatındakı ən böyük faciə 1958-ci ildə hərbi xidmətdə olarkən dərin sevgi ilə bağlı olduğu anasının vaxtsız vəfatı oldu.

Anasının itkisi onun psixologiyasında heç vaxt sağalmayan böyük yara açdı və ömrünün sonuna qədər bu kədəri daxilində daşıdı.

İllər keçdikcə gərgin konsert qrafiki, meneceri polkovnik Tom Parkerin bitmək bilməyən istismarı və səhnə təzyiqi onu fiziki və mənəvi baxımdan tamamilə tükəndirdi.

Həyat yoldaşı ilə boşanması və qızı Liza Mariyadan uzaq qalması onun yalnızlıq hissini daha da dərinləşdirərək ağır depressiyaya düşməsinə səbəb oldu.

Bu kədərdən qaçmaq üçün reseptli dərmanlara və yuxu həblərinə həddindən artıq aludə olan Elvis, son illərində ciddi piylənmə, yuxusuzluq və sağlamlıq problemləri ilə mübarizə apardı.

1977-ci ildə karyerasının zirvəsində ikən hələ 42 yaşında olan Presli öz malikanəsinin dörd divarı arasında təcrid olunmuş, güvənsiz və ruhi baxımdan çökmüş bir halda qəfil ürəktutmasından sonra həyatla vidalaşdı və milyonlarla pərəstişkarını dərin kədərə qərq etdi.





Hazırda muzey kimi fəaliyyət göstərən malikanəsi Ağ Evdən sonra ABŞ-da ən çox ziyarət edilən ikinci yaşayış binası sayılır.

Elvis Preslinin musiqi irsi irqi sərhədləri musiqi vasitəsilə aradan qaldıran, müasir pop və rok mədəniyyətinin təməlini qoyan əbədi fenomen kimi yaşamaqdadır.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər