"Bu, Kamal Abdullanın ən yaxşı hekayəsidir!" - Müzakirə

"Bu, Kamal Abdullanın ən yaxşı hekayəsidir!" - Müzakirə
9 sentyabr 2026
# 15:00

Kulis.az Kamal Abdullanın "Bulud xatun və Beyrək" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Ədəbi tənqid

Etimad Başkeçid:

"Bulud xatun və Beyrək" Azərbaycan neoepos nəsrinin ən dəyərli və intellektual nümunələrindən biri və mənə görə, Kamal Abdullanın ən yaxşı hekayəsidir.

Hekayə Azərbaycan ədəbiyyatında çox az-az müraciət edilən, lakin dünya ədəbiyyatının fundamental süjet motivlərindən biri sayılan Nostos janrında qələmə alınmışdır. Bu, antik ədəbiyyatın mühüm janrlarından biridir və Troya müharibəsindən qayıdan qəhrəmanların (Odissey, Aqamemnon, Menelay...) dənizlərdə və yad ölkələrdə yaşadıqları macəralardan bəhs edir.

Maraqlıdır ki, bu gün tibbdə və psixologiyada işlədilən "nostalgiya" (vətən həsrəti, keçmiş üçün darıxmaq) sözü iki yunan sözünün birləşməsindən yaranıb: Nostos (evə dönüş) və Algos (ağrı, əzab). Yəni nostalgiya evə dönə bilməməyin, vətəndən uzaq düşməyin yaratdığı mənəvi ağrıdır. Nostos janrında qəhrəmanı hərəkətə gətirən əsas motiv elə bu daxili ağrıdır.

Nostosların arasında günümüzə çatan ən mükəmməl nümunə Homerin "Odisseya"sıdır.

"Bulud xatın və Beyrək" hekayəsinin "Odisseya" motivləri ilə səsləşməsi bir növ janrın tələbidir.

Hekayənin qəhrəmanı Beyrəyin səmada rast gəldiyi Bulud xatun və onun bəyaz bulud sarayı Homerin "Odisseya" dastanındakı məşhur Kalipso arxetipinin Azərbaycan ədəbiyyatındakı mükəmməl modifikasiyasıdır. Beyrəyin böyük bir rifah içində belə saralıb-solması, qəlbinə çökən anlaşılmaz qüssə insanın öz köklərindən qopanda yaşadığı qaçılmaz tənhalığı simvolizə edir.

Mətnin kompozisiyasında paralel andlar qəhrəmanın taleyindəki tragizmi daha da dərinləşdirir. Beyrək həm Bayburd qızından, həm də Bulud xatundan icazə alıb vətəninə getmək üçün eyni sakral andı içir: oxla sancılmağa və qılıncla doğranmağa razı olur. Bu təkrar, qəhrəmanın Oğuz elinə və beşikgərtməsi Banuçiçəyə qovuşmaq, yəni öz "Nostos"unu tamamlamaq üçün gələcəyini və ruhunu fövqəltəbii güclərə girov qoymağa hazır olan böyük fədakarlığını göstərir. Bulud xatunun "Oğuzda sənin ölümün səni arar" xəbərdarlığına rəğmən, Beyrəyin yer üzünün ağırlığına və öz ölümünə doğru şüurlu şəkildə qaçması onun cəngavərlik ləyaqətinin təntənəsidir.

Ümumiyyətlə, əsəri dünya ədəbiyyatının ən qədim təməl daşlarından olan "Nostos", yəni müqəddəs evə dönüş mifi kontekstində dəyərləndirdikdə, mətndəki hər bir personajın və simvolun dərin sakral mənası üzə çıxır. Burada evə dönüş sadəcə coğrafi bir məkandan digərinə hərəkət etmək deyil, qəhrəmanın yad mühitlərdə itirdiyi kimliyini, yaddaşını və milli kodlarını yenidən qazanmaq üçün ruhunun verdiyi ağrılı bir mücadilədir.

Yeri gəlmişkən, modern ədəbiyyat bu mövzuya tez-tez müraciət edir.

Coysun "Uliss" romanı bir gün ərzində Dublində evini axtaran müasir insanın daxili nostosudur.

Tolkinin "Üzüklərin hökmdarı" silsiləsində Sem və Frodonun sınaqlardan keçib yenidən Şirə, öz evlərinə qayıtması klassik nostosdur.

Müasir filmlərdə, məsələn, Kristofer Nolanın "Interstellar» filmində qəhrəmanın kosmik qara dəliklərdən keçərək qızının yanına, evinə qayıtmaq mücadiləsi nostos janrının elmi-fantaziya formasıdır.

Kamal Abdullanın nostos formulasını bu hekayə vasitəsilə ədəbiyyata gətirməsi, ilk növbədə, "Dədə Qorqud" dastanının milli çərçivələrdən çıxarılaraq, bəşəri ədəbi kodlarla eyniləşdirilməsi missiyasına xidmət edir.

Orijinal dastanda bəzi məqamlar çox bəsit keçilir. Məsələn, Beyrək bəzirganları görənə qədər niyə 16 il Bayburd qalasında qaldı? Niyə qaçmağa cəhd etmədi? Banuçiçəyi niyə xatırlamadı? Mətn bura "sehrbazlıq – amneziya" və "Bulud xatunun səmavi əsarəti" xətlərini gətirməklə dastana mükəmməl bir motivasiya və məntiqi «bəraət» qazandırır. Beyrək qorxaq və ya laqeyd olduğu üçün yox, fövqəltəbii güclərin yaddaş manipulyasiyasına məruz qaldığı üçün Oğuza qayıda bilmir.

Klassik dastanda, bütün bənzər dastanlarda olduğu kimi, Beyrək monolit, bir növ şablon bir qəhrəmandır: ya vuruşur, ya sevir, ya ağlayır. Onun daxili dünyası, şüuraltı qorxuları, tərəddüdləri eposda yoxdur.

Hekayədə isə, Beyrək bulud sarayında hər şeyə sahib ikən xiffətdən saralıb-solur, içindəki "anlaşılmayan qüssə" ilə mübarizə aparır. Bu, artıq sadəcə qılınc oynadan alp deyil, daxili iztirabları olan fərd, modern insandır. Dastan burada öz qəhrəmanının psixoloji dərinləşməsini qazanır.

"Bulud xatun və Beyrək" bütün yönləri ilə gözəl və fərqıi bir əsərdir, o üzdən müəllifi təbrik edirəm".

Fəxri Uğurlu:

Kamal Abdullanın “Dədə Qorqud” yozumları bitib tükənmir. Kamal müəllim ana kitabımızın həm hafizi, həm də yorulmaz təfsirçisidir. Otuz ildir o bizi dastan qəhrəmanlarının pərdə arxasında qalmış macəralarıyla tanış eləyir. “Bulud xatun və Beyrək” hekayəsində də sevimli qəhrəmanımız Boz ayğırlı Beyrəyin yeni üzü, yeni cəhətləriylə rastlaşırıq.

Sən demə, gavur qızının cadusunun təsiriylə Beyrəyin yaddaşı itibmiş. Beyrək elini-obasını, əslini-kökünü, nişanlısını xatırlamırmış. Belə çıxır ki, gavur qızına aşina olan Beyrəyin əsirliyi bir növ elə könüllü əsirlikmiş, o məhz yaddaşını itirdiyinə görə keçmişinə can atmırmış. Bu minvalla on altı il keçib, on yeddinci ildə onun yaddaşını atasının göndərdiyi bəzirganların tanış ləfzi, Dədə Qorqud qopuzunun çalğısı – sənət dirildib. Sənətin başlıca missiyası da elə bəşər övladının hafizəsini qorumaqdır: “Oğuzda belə bir adət vardı: kimisə axtarırdınsa saz götürüb çala-çala, ondan da eyni şəkildə cavab ala-ala istəyinə çatırdın. Bu dəfə də əlləri hər yerdən üzülən bəzirganların Qorqud sazının səsinə Bayburd hasarından Beyrək səs vermiş, onlar beləcə tapışmış və Beyrək Oğuzda onsuz baş verənləri bəzirganlardan öyrənmişdi...”

Yurduna qayıdan yolda Beyrək öz atı qarışıq Bulud xatunun sehriylə metafizik aləmə düşür. Bu əbədi dünyada qəhrəmanımız buluddan işlənmiş təmiz ruh halına gəlir, Platonun ideyalar aləmində olduğu kimi hər şeyin əslini görür, həm kiçik ölümü (yuxu), həm də gerçək ölümü ondan ayrı düşür: “Bulud xatun Beyrəyi özünün ağ mərmərdən ucaldılmış sarayının qapısında qarşıladı. Beyrəyi ehtiyatla onun qarşısındakı ağ sandalyaya oturtdular. Bulud xatun Beyrəyə diqqətlə və sınayıcı baxışla nəzər yetirib heç nə demədən əlilə yaxından üzüb keçən bir parça buludu havadaca tutdu. O bulud parçası onun gözəl əlində ağ şərbətlə dolu bir piyaləyə çevrildi. Bulud xatun Beyrəyin başı üstünə əyilib bu piyaləni Beyrəyin dodaqlarına tutdu. Bir damla ağ şərbətdən ona içirdi. Beyrək anındaca gözlərini açdı. Küçücük ölüm şeytani qiyafəsiylə Beyrəyin canından istəməyə-istəməyə ayrıldı, Bulud xatuna bir nifrətli baxış atdı və ətrafdakı buludların arasıyla uzaqlaşıb əridi. Beyrək gözlərini açandan sonra sonsuz bir maraqla ətrafını seyr eləməyə başladı. Beyrək burada nə görürdüsə buluda oxşadırdı...”

Bulud xatun zamanın fövqündə qərar tutduğuna görə keçmişi də, gələcəyi də görür. O bilir ki, getdiyi yerdə Beyrəyi namərd əliylə qətlə yetirilmək gözləyir: “Bura artıq sənin yeni evindir, Beyrək. Sən ki mənim niyyət ağacımın altında oturdun, mən səni yardımsız qoya bilməzdim. Sən yardım istədin, mən də o yardımı sənə verəcəyəm. Mən qoymanam, sən getmək istədiyin yerə gedib namərd əlilə qətlə yetirilmiş olasan. Bax ətrafına. Burda nə varsa, gözünə nə görükürsə artıq sənindir. Sən isə mənimsən”.

Beyrək Bulud xatunun onun fikirlərini oxuya bildiyini anlayandan sonra daha heç nə düşünməməyə çalışır. Eləcə səmadakı bulud qəsrdən dünyanı seyrə dalır. Fəqət igid sərkərdə seyr adamı deyil, əməl adamıdır. Onu bu göylər aləmində rahat, arxayın oturmağa vadar eləyən səbəb yaddaşını yenə itirməsidir. Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi? Hamı ümid eləyir ki, öləndən sonra doğmalarına qovuşacaq. Belə çıxır o dünyada heç kim heç kimi tanımayacaq?..

Bu minvalla daha nə qədər zaman keçir, bilmirik, çünki oranın zamanı yer üzündəki zamandan fərqli zamandır: “Beləcə zaman ötüb keçməyə başladı. Amma bulud içindəki və yer üzündəki zaman eyni zaman deyildilər. Yer üzündəki zaman ağır-ağır keçirdi, çünki üstündəki yük - insanlar, evlər, qəsrlər çox idilər. Bu, ağırlıq demək idi. Buludlar isə quş lələyi kimi yumşaq və çəkisiz... Onlardakı zamanın sürəti böyük idi. Bu zamanlar bir-birinə uyuşmur və bu uyuşmazlığa cavab olaraq buludlar tərəfindən aşağı uzun sürəli yağışlar, sellər axırdı. Onlar insanları, obaları yuyub aparmaq, yer üzünün sonundan o yandakı boşluğa atmaq dilərdilər. Onlar bu şəkildə yer üzünü əlavə yükdən xilas etmək istərdilər...”

Nəhayət, hər şeyi bilən Bulud xatun bir gün düşdüyü cadunun sirrini Beyrəyə açır: “Sənin yaddaşını səndən alıblar. Bunu Bayburd bəyinin sehrbaz qızı edibdir. Mən dəxi yaddaşını sənə qaytarmağı diləmədim. İndi isə mən bir qərara gəldim... Əgər mən sənin yaddaşını sənə qaytararamsa, gedib elində-obanda istədiklərinə qovuşarsansa, geri dönüb mənimlə burada əbədi olaraq yaşamağına söz verirsənmi? Bir şeyi də bilməni istərəm. Burada səni böyük bir azadlıq gözləyir. Üz bu səma dənizində haraya istərsən. Amma Oğuzda sənin ölümün səni arar. Orada qalsan bu ölümdən qaça bilməyəcəksən...”

Bəli, Beyrəyə yer həyatıyla göy həyatı, ölümlü həyatla əbədi həyat arasında seçim təklif olunur. Beyrək ölümlü həyatı seçir. Gavur qızına verdiyi yalan vədin birini də səma ilahəsinə verir. Səbəb-nəticə zəncirinə vurulmuş yer həyatını azad həyatdan üstün tutur. Boz ayğıra süvar olub ölümünə sarı çapır...

Adam bu macəranın gerisini də oxumaq istərdi. Ancaq ardı zatən bəllidir, Beyrəyin aqibəti dastanda aydın yazılıb. Yerüstü qayğılara qurşanandan sonra o, bulud səltənətinə bir də heç vaxt qayıda bilməyəcək...


Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu:

“Bulud xatun və Beyrək” hekayəsi ilə bağlı iki məqamı qeyd etmək istəyirəm.

Beyrəyin Bulud xatunla konflikti baş tutmur. Beyrək bulud sarayında çox tez darıxır və qayıtmaq istəyir, halbuki o düşdüyü xəyali cənnətdə yaşamağa sevinməli, oranın dadını çıxarmalı, nəhayət bu sonsuz rahatlıqdan bezməli idi və yalnız bundan sonra Bulud xatunla arasında konflikt yaranmalı idi. Bulud xatun da onu asanlıqla buraxmamalı, aralarında müəyyən dramatik qarşıdurma baş verəndən sonra boşlamalı idi.

Hekayədə isə Beyrək sanki ilk gündən bu xəyali bulud cənnətindən bezir. Halbuki onun əvvəlcə bu dünyanın cazibəsinə qapılması, orada yaşaması, sonra isə həmin mükəmməlliyin içində boğulması-darıxmasın daha maraqlı ola bilərdi.

Hekayəni oxuyanda mənim yadıma Culian Barnsın “10/2 bölümdə dünya tarixi” romanı düşdü. Romanın sonuncu fəslində əsas personaj cənnətə düşür. Orada hər şey hüdudsuz və mükəmməldir. Məsələn, əgər ən yaxşı beysbolçu olmaq istəyirsənsə, bacarıqlarını inkişaf etdirib dünyanın ən yaxşı beysbolçusu ola bilərsən. Yəni insanın arzulaya biləcəyi hər şeyin ən yaxşısı, ən gözəli həmin cənnətdə mövcuddur.

Amma qəhrəman bir müddət sonra bu mükəmməllikdən bezir. Mələkdən soruşur ki, artıq cənnətdən də bezmişəm, yaşamaq istəmirəm. Ona deyirlər ki, cənnətdən sonra daha bir mərhələ var — sonsuz yoxluq. Kim istəyirsə, həmin sonsuz yoxluqda qərq olub gedə bilər.

Məncə, “Bulud xatun və Beyrək” hekayəsində də Bulud xatunun sarayı məhz belə bir cənnəti təmsil edir. Ona görə də Beyrəyin orada müəyyən bir inkişaf və daxili dəyişmə mərhələsindən keçməsi, əvvəlcə bulud aləminə bağlanması, daha sonra isə ondan bezməsi və çıxmaq istəməsi hekayənin dramaturgiyasını gücləndirə bilərdi.

İkinci məqam isə hekayənin sonundakı Dədə Qorqud və çobanlarla bağlıdır.

Hekayənin sonunda çobanlar Beyrəyə sadiqlik göstərir və onun yolunu daşlarla bağlayırlar. Çobanların bu addımı təqdirəlayiq və başadüşüləndir. Dədə Qorqud isə sanki antagonist obraz kimi təqdim olunur — elə bil düyünə getməsi səhv hərəkətdir.

Mənim qənaətimcə isə bir elin ağsaqqalı olan Dədə Qorqud məhz bu cür addım atmalı idi. Yəni təkcə Beyrəyin deyil, Beyrəyin göbəkgərdisini istəyən qarşı tərəfin də təmsil olunduğu elin böyüyüdür.

Bəlkə, heç Beyrək qayıtmazdı? Onda necə olardı? Bu məsələ var.

Belə bir vəziyyətdə Dədə Qorqudun düyünə getməsi onun antagonist olmasını yox, əksinə, öz elinin təəssübünü çəkən ağsaqqal kimi davrandığını göstərir.

Ona görə də mən Dədə Qorqudu burada antagonist personaj kimi yox, daha çox haqqına, düzü­nə uyğun hərəkət edən, öz məsuliyyətini yerinə yetirən bir obraz kimi görürəm".

Sonralar heç yerdə rast gəlmədim o sirli-əsrarlı ayinə... - Mübariz Örən

Mübariz Örən:

"Kamal Abdullanın əksər hekayələrini, ən çox da, "Dədə Qorqud" ərkində və ədasında yazdığı mətnləri həzzlə oxuyuram. Bu mətnlərdə beynimizdə az qala əbədi daşlara - abidəyə dönmüş "Dədə Qorqud" obrazlarının "tərpəndiyini", hərəkətə gəldiyini, əl-ələ verib yallı getdiyini, köhnə tanışlar kimi bizə baxıb mənalı-mənalı gülümsədiyini, hətta göz vurduğunu görürəm. "Bulud xatun və Beyrək" hekayəsini əvvəl təbiətin qoynunda əl telefonundan oxumaq istədim, gördüm yox, bu mətni, Eko demiş, "çimərlikdə oxumaq olmaz". Özündə fövqəltəbiilik yükü, rəngbərəng dünyagörüşləri, təsəvvürləri dasıyan dən-dən düzülmış sözləri məhz dən-dən - bir sözü belə qaçırmadan - oxumaq lazımdı. Belədə, təhkiyə səni öz Sehrli xalatına bürüyüb, bazirganların xatirat oyadan saz sehrinə salıb, Bayburd qalasına aparacaq. Doğma, əziz Beyrəyin Bayburd zindanından, kafir qızının cadu dolu "işığından" necə xilas olmağına, - belə məlum olur ki, bizim aydan arı, sudan duru Beyrəyimiz məhbub Bayburd qızıyla heç də dinc oturmayıb, - on altı illik həsrətdən sonra qardaşı qədər sevdiyi Boz ayğırına qovuşmasına, əzab və sirr dolu Oğuz yolunu fəhmlə tapmalarına - müqəddəs Qayıdışa şahidlik edə biləcəksən.

Bu hekayədə, orkestrdəki kimi, çoxsəslilik var, - qədimlərdən gələn kal uğultu, ruh yaddaşı ilə "Dədə Qorqud"dan qopan doğma qopuz səsi, Bulud sarayının - yuxular dünyasının nəm çəkmiş səssizliyi...
Qınayan olmasa, deyərdim, bu hekayədə Qarabağın azad olunmasını da gördüm - qara-qara atların üstündə qışqıra-bağıra torpaqlarımızdan "uçan" düşmən qoşununu, kəsilmiş başı öz əlinə verilmiş naxələf qoşun (qonşu) başçısını.

Bir də, göylərə baş vuran buludlu sarayı, bəli, - Şuşanı..."

Cihangir Kızılözen:

Kamal Abdullanın "Bulud xatun və Beyrək hekayəsi" “Kitabi-Dədə Qorqud”dakı Bamsı Beyrək boyundan ilhamlanan bədii əsərdir; lakin klassik epik nəqldən fərqli olaraq, hadisələr psixoloji və təsəvvürlü şəkildə ətraflı təsvir olunur. Hekayə Beyrəyin Bayburt qalasından qaçması səhnəsi ilə başlayır: "Bayburt hakiminin sevimli qızı ona böyük həsrətlə baxdı". Hadisələrin inkişafını danışarkən müəllif orijinal mətndə olmayan emosional reaksiyaları da əlavə edib. Bu baxımdan, müəllifin mətn boyunca personifikasiya (canlandırma) və təsvir kimi ədəbi texnikalardan geniş istifadə etdiyi aydın görünür. Belə nümunələrdən biri Beyrək ilə Bayburt bəyinin qızının son söhbətində baş verir: "Qızın kədərli, parlaq baxışı yumşaq meh kimi Beyrəyin üzünə toxundu".

Müəllif Bamsı Beyrək boyundan bütün dialoqları deyil, yalnız öz qurduğu hekayəyə uyğun gələn parçaları seçib: "Qız dedi: "Məni aparmağa gələcəksənmi?" Beyrək cavab verdi: "Oxun ucuna taxılım, öz qılıncımla kəsiləm, əgər gəlib səni qanuni həyat yoldaşım etməsəm".

Kamal Abdulla "Bamsı Beyrək boyu"nda olmayan əhəmiyyətli hadisələri əlavə etməklə hekayənin ilkin strukturundan kənara çıxır. Belə əlavələrdən biri Bayburt qalasının ağasının qızının sehr və cadugərliklə əlaqələndirilməsidir: "Beyrək əvvəllər Bayburtdan olan qızın müəyyən sehrli qabiliyyətlərə malik olduğuna şübhə etmişdi. İndi o, atını yolun ortasında sürərkən şübhələrinin doğru olduğuna əmin oldu və öz-özünə dedi: "Əlbəttə, iş elə budur." Əgər belə olmasaydı, bəs niyə on yeddi ildir bir dəfə də olsun vətənimi, tayfamı, atamı, anamı və hər şeydən əvvəl sevdiyim və ürəyimi verdiyim uşaqlıq nişanlım Banu Çiçəyi xatırlamamışam?! Niyə dostlarımı və ya düşmənlərimi xatırlamadım?!" Elə bu məqamda müəllif müdafiə etdiyi qaranlıq məntiqi işə salır və Dədə Qorqudun sazını keçmişlə əlaqə qurmaqda əsas amil kimi vurğulayır. Kamal Abdulla Beyrəyin zehni əsarətdən azad olunmasında və şüurunun oyanmasında Dədə Qorqudun sazına əsas rol verir: "Əgər tacirlər qalaya bitişik divarların altında Dədə Qorqudun sazını çalmayıb, onun melodiyalarını oxumayaydılar, bu buludlu şüur, bu ayrılıq nə qədər davam edərdi?!"

Saz vasitəsilə müəllif təkcə Bamsı Beyrəyi sehrdən azad etmir, həm də "qeyri-səlis məntiq" çərçivəsində türk cəmiyyətinə gizli mesaj ötürür. Bu gizli mesaj odur ki, Dədə Qorqudun sazı və sözləri öz dəyərlərindən uzaqlaşmış və yad lullabiyalarla (nəğmələrlə) dincəlmiş türk cəmiyyətlərinin oyanışında xilasedici rol oynaya bilər.

İntertekstual yanaşma ilə müəllif “Kitabi-Dədə Qorqud”dakı digər boyları da Bamsı Beyrəyin oyanış prosesinə daxil edir. Beyrək tacirlərdən onun yox olduğu müddətdə Oğuzda baş verənləri öyrənir: əziz atası Bay Bura bəy Beyrəyə görə darıxdığı üçün gözləri görməz olmuşdu; sevgilisi Banu Çiçək Yalancıoğlu Yaltacukla evləndirilməli idi; Yalancıoğlu isə onun ölüm xəbəri ilə Oğuza gəlmişdi. Bunu eşidən Beyrəyin başı fırlandı. Elə bu anda Beyrək birdən-birə baş verən hər şeyi xatırladı. O, həyatını xilas etmək və uşaqlıq sevgilisi Banu Çiçəklə yenidən bir araya gəlmək üçün Bayburt qalasından qaçmaq yollarını axtardı. "Qeyri-səlis məntiq" nəzəriyyəsinə əsasən, heç bir insan və ya hadisə yüz faiz yaxşı və ya pis ola bilməz; müəllif hekayənin bu məqamında xilaskar rolunu Bayburt cadı-hakiminin qızına həvalə edir: "Çıxış yolu Beyrəyin heç vaxt gözləmədiyi istiqamətdən gəldi: Bayburt qalasının hakiminin qızından — ki, o, ona aşiq idi və onu əsir saxlayırdı..."

Kamal Abdulla hekayəsinə orijinal Bamsı Beyrək boyunda olmayan bir xəbərin Beyrəkə çatdırılmasını da əlavə edir: Basatın Təpəgözlə ölüm-dirim mübarizəsi, Salur Qazanın əsirlikdən qurtarılması, Dəli Domrulun Əzraillə qarşılaşması, Dirəsə xanın saflığından yararlanan qırx xəyanətkar yoldaşının ona yaşatdığı bəlalar və Buğac xanın qəhrəmanlıqları — tacirlər sazla müşayiət edərək ona bu xəbərləri oxuyurdular. “Kitabi-Dədə Qorqud”da tacirlər Beyrəyi Oğuzda baş verən bütün hadisələrdən xəbərdar etmirdilər; onlar yalnız onun ailəsinin vəziyyətini çatdırırdılar — atasının kor olduğunu, anasının və bacılarının ağlayıb yas tutduğunu, eləcə də Yalancıoğlu Yaltacuk tərəfindən gətirilən Beyrəyin ölüm xəbəri ilə Banu Çiçəyin toy xəbərini. Burada müəllif “Kitabi-Dədə Qorqud” boylarından süjetləri birləşdirərək hekayəsinə yeni bir axın gətirib. Bu məqamda K. Abdulla “Kitabi-Dədə Qorqud”dakı bütün dastanları Beyrəyin şüurunu oyatmaq üçün bir araya toplayıb. Üstəlik, deyə bilərik ki, hekayənin gizli mesajında o vurğulayır ki, bütövlükdə götürülən "türk tarixi" türk xalqlarının köklərinə qayıdışında və əsrlərdir yatdıqları dərin yuxudan oyanışında bütöv və fəal rol oynaya bilər.

Əsas hissə: Bulud xatun və Bamsı Beyrək görüşü


Orijinal mətndə görünməsə də, Kamal Abdullanın hekayənin onurğasını təşkil edən hissəsi Bulud xatun ilə Bamsı Beyrəyin görüşüdür: "Beyrəyin gözləri bağlandı; o, dərin yuxuya getməyə başladı. Sanki Beyrək dərin, qaranlıq bir quyuya yuvarlanırdı. Nəhəng ağacın budaqları və onların üzərində şırıldayan yarpaqları ona layla oxuyurdu."

Beyrək bundan sonra özünü buludlardan ibarət xəyalpərəst bir aləmdə tapır. Bu fantastik məkan Bulud xatunun nağıl krallığıdır: "Beyrək yuxuya getməyi bitirməmişdi ki, mavi səmadan ağ buludlar böyük bir kütlə şəklində enərək ağacın dibinə sürüşdü və Beyrəyin başını örtdü. Bulud kütləsinin dərinliklərində gözəl bir saray peyda oldu. Bu saraydan Beyrəyin uzandığı yerə qədər parlaq, təmiz ağ mərmər pilləkən uzanmışdı. Saray, pilləkən və içərisindəki qullar hamısı buluddan ibarət idi. Hər yanda ağ çiçəklər açılmış, qızıl şamdanlarda şamlar yanırdı. Onlar da buluddan düzəlmişdi. Sirli bir işıq ətrafı bürümüşdü. Şamlar elə bir həvəslə yanırdı ki, hər bir zülmət guşəni sanki səhər açılmış kimi işıqlandırır və sarayın qapısından Beyrəyin uzandığı yerə gedən pilləkəndən qəribə geyimli qulluqçular və xidmətçilər böyük ehtiramla enməyə başladılar. Onlar yuxuda olan Beyrəyin yanına ehtiyatla yaxınlaşdılar və onu əllərinin üstünə qaldırdılar. Sonra Beyrəyi başlarının üstündə yüksəldərək eyni pilləkənlə bulud formasiyasına doğru qalxmağa başladılar. Beyrək dərin yuxuda olduğundan bunların heç birini hiss etmirdi. Göyə toxunan bu sarayın və onu əhatə edən buludlar aləminin sahibi Bulud xatun adlı son dərəcə gözəl bir mələk idi. Saray, qullar və sarayı əhatə edən qəribə və möcüzəvi məxluqlar hamısı ona məxsus idi".

Yuxuda Bulud xatunun buluddan çıxarıb Beyrəyə uzatdığı qədəhin hədiyyəsi və onun düşüncələrini oxuma bacarığı hekayənin sürreal atmosferini daha da dərinləşdirir: "Bulud xatun diqqətli, araşdırıcı baxışla Beyrəyi süzürdü; bir kəlmə belə demədən havada yaxınlıqda üzən bulud parçası tutdu. O bulud parçası onun gözəl əlində ağ şərbətlə dolu bir piyaləyə çevrildi. Bulud xatun Beyrəyin başının üzərinə əyilib piyaləni onun dodaqlarına dayadı. Beyrək səssiz qaldı. O, başa düşdü ki, hamıdan gözəl olan Bulud xatun onun düşüncələrini oxuya bilir".

Hekayənin bu mərhələsi qeyri-səlis məntiqin zirvəsini təşkil edir: "Hər şey parlaq və aydın idi, saf ağ bulud. Aşağıda və yuxarıda uçan bulud formaları — bəzən aslana, bəzən ceyrana, bəzən dəvəyə, bəzən ata çevrilərək — bütün mənzərəni örtmüşdü."

Müəllif bildirir ki, Beyrək bir müddət Bulud xatunla yaşayıb. Hekayənin bu hissəsi Kamal Abdullanın qeyri-səlis məntiq əsərinin klassik məntiqə və dualist sistemə meydan oxuduğu bölməsidir. Kamal Abdulla "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" əsərində qeyd etdiyi kimi, insan həyatı və əxlaqi anlayış haram-halal, yaxşılıq-pislik, həqiqət-yalan və qanuni-qanunsuz kimi mütləq dualizmlərlə məhdudlaşa bilməz. Ən konkret nümunə isə klassik loqikanın kəskin, ikili sərhədlərindən qaçaraq üçüncü yolu seçən ədəbiyyat qəhrəmanlarıdır; burada araşdırdığımız Kamal Abdullanın Bulud xatun və Beyrək nağılı məhz buna misaldır. “Kitabi-Dədə Qorqud”un Bamsı Beyrək boyu bölməsində Bamsı Beyrəyin uşaqlıq sevgilisi və nişanlısı Banu Çiçək ilə münasibəti tam sosial leqallığı, əsir götürüldüyü Bayburt qalasının qızına olan münasibəti isə qeyri-qanuni münasibəti təmsil edir.

Lakin Kamal Abdulla Lütfi Zadə tərəfindən işlənib hazırlanmış qeyri-səlis məntiq nəzəriyyəsindən ustalıqla istifadə edərək insan münasibətlərinin və sevginin yalnız bu iki seçimlə məhdudlaşmadığını göstərir. Bu mütləq dikotomiyanı sarsıdan üçüncü və fövqəladə imkan Bamsı Beyrək ilə Bulud xatun arasındakı məhəbbət hekayəsidir. Fəlsəfi baxımdan bu münasibət nə tamamilə qanunidir, nə də tamamilə qeyri-qanuni; əksinə, o, hər iki ekstremumdan kənar boz zonada çiçəklənən və həyatın sərt qaydalarını yumşaldan azad "üçüncü yolu" simvolizə edir.

Bamsı Beyrəyin bu xəyali dünyada əbədi qalması mümkün deyil. Qəhrəman real dünyaya, Oğuz elinə və taleyinə qayıtmalıdır: "O, Bulud xatuna Bayburt hakiminin qızına verdiyi eyni vədi verdi: "Qoy oxla deşilsin, qoy öz qılıncımla kəsilsin, əgər geri dönüb ömrümün qalanını səninlə keçirməsəm".

Nəhayət, Bulud xatunun ağ və qara bulud parçalarını sıxaraq hazırladığı iksiri içdikdən sonra Beyrək real aləmə oyanır: "Bulud xatun əllərini uzadıb bir əlində qara bulud, digərində ağ bulud parçası tutdu. O, bu bulud parçalarını qədəhə sıxaraq şirəsini çıxardı. Sonra o, qədəhi Beyrəkə uzatdı. Beyrək Bulud xatundan qədəhi aldı və ona böyük heyranlıqla baxdı. Baxışı ilə onunla vidalaşdı. Sonra, tək bir sual belə vermədən, qədəhi bir nəfəsdə boşaltdı. Elə həmin anda alaqaranlıq gözlərini bürüdü. İsti tər bütün bədəninə yayıldı. Şüurunun uzaqlara səyahət etdiyini hiss etdi. Gözlərini açanda yenidən həmin nəhəng ağacın altında uzanmış halda özünü tapdı. Başının üstündən böyük bulud kütləsi sürüşüb keçirdi. O bulud kütləsinin içində Beyrək Bulud xatunun möhtəşəm sarayının qapıları önündə bütün əzəməti ilə dayandığını, ona böyük məhəbbətlə baxdığını gördü. Bulud xatunun sözləri qulağında səsləndi: "Unutma, Beyrək. Mənə söz vermişdin. Azadlığını unutma. İşini bitirəndən sonra gəl və Niyyətlər Ağacının altında dayan. Unutma..."

Bu oyanışla real aləmə qəti keçid baş verir: "Beyrək son dəfə göyə baxdı, Bulud xatunu və sarayını görmək istəyirdi. Amma saray, Bulud xatun, qullar və sarayı əhatə edən qəribə məxluqlar tədricən uzaqlaşır, əridilərək yoxa çıxırdılar. Yağış başladı".

Beləliklə, Beyrək tamamilə maddi aləmə qayıdır. Hekayənin sonrakı hissəsi — çobanlarla görüşü, Beyrəyin aşıq libasında gizlənməsi və Oğuza çatması - “Kitabi-Dədə Qorqud”dakı hadisələrlə üst-üstə düşür.

Bamsı Beyrək hekayəsini yenidən şərh edərkən Kamal Abdulla mətni qeyri-səlis məntiq çərçivəsinə yerləşdirir. Beyrək və Bulud xatun arasındakı məhəbbət vasitəsilə müəllif ya tam həyat, ya da tam ölüm prinsipini irəli sürən klassik fəlsəfənin sərt dualizmini aşır. Bu yanaşma ölümlə həyat arasında asılı vəziyyətdə olan xəyali üçüncü aləmi ortaya qoyur. Bu, “Kitabi-Dədə Qorqud”dakı uzun yuxunu xarakterizə edən "kiçik ölüm" ilə fiziki məhv olmağı simvolizə edən "böyük ölüm" arasındakı əlaqə ilə birbaşa bağlıdır.

Nəticədə müəllif "ya canlı, ya ölü" dixotomiyasının qətiyyətini sarsıdır. O, insan varlığının və məhəbbətin bu iki qütb arasında, xəyalvarı və qeyri-səlis bir aləmdə mövcud olduğunu göstərməyə çalışır.

Zeynal Məmmədli:

Bir hekayənin müzakirəsi gözəl təşəbbüsdür, buna görə “Kulis.az”a ayrıca təşəkkürlər düşür.

Düzdür, şəxsən məni ədəbiyyat – yazı adamlarının deyil, ən müxtəlif insanların, hətta elə-belə, vaxtını öldürmək üçün gözləri təsadüfən bu hekayəyə ilişənlərin reaksiyası - təpkisi daha çox maraqlandırır.

Məncə, “Kamal Abdullanın ən gözəl hekayəsi” demək sadəcə, kompliment, çox səmimisənsə də xoş duyğudur.Mənim adi oxucu gözümdə onun bütün hekayələri həmin janra yeni baxış, yeni nəfəs və duyğulandırma bir yana, bilik gətirib.

Oxucu nəsə öyrənir, təsirinə düşür, axtarır, dəqiqləşdirir və axırda inanır ki, xəyal gücü Zamanı bütöv götürür, onu keçmiş və indiyə, gələcəyə parçalamır.

Beləcə, Bulud xatunu və o məşhur, o adıbəlli Beyrəyi yanımızda, həm də üzbəüz varmış kimi görüb bir az da dərindən tanıyırıq.

Beləcə, olub-bitənlər gözümüz önündə gerçəkləşir. O şanlı, o oynağan və minbir sınaq düşünən, bu oyunlara minbir kələk qatan Dədə Qorqud öz yerinə qayıdır.

Gələcəkdənmi qayıdır, keçmişdənmi qayıdır, - demək çətindir, bunu Kamal Abdulla bilir. Mənim bildiyim dərəcədə bu Oğuz müdriki Kamal Abdullaya çox güvənir, ona bütün sirlərini açır. Ya da buna məcbur qalır.

Deyəcəksiniz hekayədən danış. Tamam. Bu hekayənin, məncə, bir dəyəri də (ən böyük dəyəri?) odur ki, o müdrik dastanımızı unutmağa qoymur, Beyrəklə - sanki oğuzların Alen Delonuyla üzbəüz oturub danışmaq, dərdləşmək, məzələnmək ortamı yaradır, Beyrəyi əzbərdən bildiyimiz personaj kimi deyil, canlı-qanlı və suçu-savabıyla tanıdıb günümüzə daşıyır.

Kamal Abdulla keçmişi, bugünü, sabahı sorğulamaqdan, suallar yağdırıb cavablar düşünməkdən yorulmur.
Durmadan, aramsız, əbədi sorğulama inkişafın canıdır. Ən xırda ayrıntını sezmək, onu düşüncə süzgəcindən keçirmək alim özəlliyidir.

Kamal Abdullanın bilgin olduğunu, alimliyini kim bilməz ki?! Amma bədii əsər yazanda, o xırdanı, o kiçicik ayrıntını sırf məntiqlə, ölçü-biçiylə deyil, həm də xəyal gücüylə, həm də zamansız sezib-düşünmək, üstəlik, oxucusuna göz vurmaq müdriklərə xasdır.

Dədə Qorqudla sirdaş olan, əlbəttə, müdrik olacaq.

Enver Aykol:

Qədim mətnlərin yenidən yazılması, yazıçı üçün həmişə təhlükəli və naməlum sulara baş vurmaq deməkdir. Çünki “Kitabi-Dədə Qorqud” kimi xalqın yaddaşına həkk olunmuş, hər kəlməsinə bələd olduğumuz bir dastanla həmdəm olmaq cəsarət tələb etdiyi qədər, zərif bir ustalıq da istəyir. Ədəbi yaradıcılığı boyu miflərin, əfsanələrin və qədim mətnlərin labirintlərində dolaşmağı öz üslubunun təməl daşına çevirən Kamal Abdulla üçün bu sular çoxdandır ki, doğma dənizdir. Müəllif heç də yad olmadığı bu dastan mühitinin toxumasına xələl gətirmədən, mətnin əsas gövdəsinə ustalıqla yeni bir qat artırmağı bacarır.

Orijinal “Bamsı Beyrək” boyuna nəzər salanda görürük ki, qəhrəmanın otuz doqquz igidi ilə birlikdə düçar olduğu əsarət sırf fiziki xarakter daşıyır. Zindan sadəcə dəmir və daşdan ibarətdir; on altı illik həsrət boyu düşmən əlində qalsa da, Beyrəyin kimliyində, keçmişə dair hafizəsində yaxud yurduna olan bağlılığında heç bir qopuqluq yaranmır. Halbuki Kamal Abdulla bu əsarəti adi bir dustaqlıq çərçivəsindən çıxararaq zehni bir qapanmaya, yaddaş itkisinə çevirir. Beyrəyin Bayburd qızının sehri ilə yurdunu, anasını, atasını və beşikkəsməsi Banuçiçəyi büsbütün unutması Homerin “Odisseya”sındakı lotofaqlar (lotos yeyənlər) adasını xatırladır. Bayburd qızı qəhrəmanın yaddaşındakı ağır yükləri silərək onu keyləşdirən saxta bir xoşbəxtlik xülyasına həbs edir. Lakin mifologiyanın bu ümumbəşəri qatı yazıçının qələmində Oğuzun mədəni kodları ilə məharətlə yoğrulur. Çünki bu dərin yaddaş itkisini yarıb keçən, ovsunu pozan amil məhz Oğuzun ortaq yaddaşının daşıyıcısı olan Qorqud sazının səsidir.

Mətnin əsl dərinləşdiyi və Homer dastanı ilə qurulan paralelliyin zirvəyə çatdığı məqam isə Beyrəyin Bulud Xatunla qarşılaşdığı hissədir. Kamal Abdullanın mətnə əlavə etdiyi Bulud Xatun obrazı Odisseyi adasında saxlayan Kalipso fiquru ilə oxşarlıqlar daşıyır. Kalipso Odisseyə ölməzlik, gənclik və dərdsiz bir əbədiyyət vəd etdiyi kimi, Bulud Xatun da göy üzündəki ağ mərmərli sarayında Beyrəyə ağırlığın, dərdin və iztirabın olmadığı bir sonsuzluq bəxş edir. Bulud Xatunun yaşı dünyanın yaşına bərabərdir və bu uca varlıq qəhrəmana bütün qəlbi ilə bağlanmışdır. Lakin Odisseyin Kalipsonun cənnətində ikən İtakaya qayıtmaq üçün ağlaması və ölməzliyi əlinin arxası ilə itələməsi kimi, Beyrək də bu buludlar aləmində nə olduğunu dəqiq adlandıra bilmədiyi dərin bir qüssə ilə yer üzünə - insanların ağırlaşmış, asta zamanına baxır. Hər iki qəhrəman ağrısız, dərdsiz, lakin köksüz bir sonsuzluq əvəzinə, bütün iztirabına, ölüm ehtimalına və yolda gözləyən təhlükələrinə baxmayaraq, öz yurdunun ağırlığını seçir. İnsan olmağı, kök salmağı və “evə dönməyi” üstün tuturlar.

Əlbəttə, qəhrəmanın evə qayıdış macərasındakı bəzi çalarlar “Bamsı Beyrək” boyunun orijinalında onsuz da mövcuddur. Odisseyin yoxluğunda Penelopaya göz dikən elçilərin yerini Oğuzda qanlı köynəklə gələn Yalançı oğlu Yalıncığın alması və ya qəhrəmanların uzun illərdən sonra yurdlarına fateh ədası ilə deyil, kimliklərini gizlədərək - dilənçi yaxud dəli ozan cildində qayıtmaları kimi klassik motivlər əsl dastanın ehtiva etdiyi ümumbəşəri kodlardır. Lakin bizim əsas diqqət mərkəzimiz olan Kamal Abdullanın mətnini fərqli və dərin edən cəhət odur ki, müəllif orijinal mətndəki bu hazır skeletin üzərindən sadəcə ötəri keçməklə kifayətlənmir; “yaddaş itkisi” və “Bulud Xatun / Kalipso” ünsürləri ilə məsələni birbaşa mənlik itkisi və mənsubiyyət sınağı müstəvisinə çəkir.

Kamal Abdullanın mətnində vurğulanan digər bir zərif detal isə sədaqətli heyvan motivdir. İtakaya qayıtdıqda iyirmi ildən sonra Odisseyi ilk tanıyanın sadiq iti Arqos olması kimi, on altı illik əsarətdən sonra Beyrəyin nərəsini eşidən kimi onu tanıyan və ona sarı qaçan da Boz Ayğırdır.

Təhkiyənin bütövünə nəzər yetirdikdə qədimlə yeninin bir-birinə ustalıqla pərçimləndiyini görürük. Xülasə, ənənədən bəhrələnən müasir nəsrin necə qurulmalı olduğuna dair qarşımızda çox dəyərli bir təcrübə dayanır. Dədə Qorqudun o doğma nəfəsi yeni bir qələmin toxunuşu ilə günümüzün dərkinə uyğun və tərtəmiz bir biçimdə əsməyə davam edir.

Məryəm Əlizadə:

Sehrli, nəfis, heyrətamiz ədəbi mətnlərin (hekayə, povest, roman, pyes...) müəllifi Kamal Abdullanın sözügedən hekayəsinin məndə oyatdığı ilkin təəssüratı sizinlə bölüşməyə çalışacağam. Özü də bunu ədəbi və teatr “izmlər”i çərçivəsinə salmadan edəcəyəm.

“Bulud xatun və Beyrək” hekayəsini oxudum... həməncə sehrləndim-nə sehrləndim... Özümü laübalı ilğım dünyasının içində duydum...

Qərinələrdən süzülüb, arıtlanıb, qorunub gələn ana dilimin unudulmaq təhlükəsi altında olan dürlü, inci sözlərini (Şuşada 105 il ömür sürmüş Ümbülbanu nənəmdən eşitmişdim bu sözləri...) gözümlə görüb oxuduqca (gözlərim də bu sözləri acgözlüklə yaddaşıma həkk etməyə kömək edir, həm də xatirələrimi canlandırırdı) məni sevinc dolu bir həyəcan da bürüyürdü. Səhrada azmış susuz adam gözləmədiyi halda qəfilcə bulaq tapanda hansı hissləri keçirə bilərsə, mən də çox mürəkkəb və canlı alqoritmlərlə dolu bir-birinə hörülmüş bu halları yaşadım... yaman yaşadım. Yaşadıqlarımdan qəribə bir məmnunluq da məni ağuşuna aldı.

Bu məmnunluq halımı ürəyimdə çözələyə-çözələyə yuxuya getdim, “kiçicik ölüm”ə qərq oldum. Gördüm ki, Kamal Abdulla mənə-oxucusuna sehrli sözlərinin (yuxuda onu da anladım ki, mütləq mənada söz sehrbazı olan Kamal Abdullanın magiya ilə dolu mətnləri mənim-oxucunun qavrayış və düşüncəsində həmin andaca transformasiya mərhələsinə adlayır) sıxışmadığı ağ vərəqdə aşıb-daşan (lap şərabçılıq Allahı Dionisin möcüzələr yaradan piyaləsindən torpağın şirəsinin-şərabın aşıb-daşaraq yer insanlarına sovqat göndərildiyi mənzərəni xatırladım. Çünki Yunanıstanda olarkən bu mifoloji-tarixi mənzərəni əbədiləşdirən dekorativ boşqabı mənə hədiyyə vermişdilər. İndi də insanı riqqətə gətirən bu "mənzərə" evimdədir - mənimlə qənşər-qənşərə dayanıb) təsvirini həm də bir sehrbaz - oyunbabası (rejissor) kimi canlandırıb göstərir.

...Yuxuda özümü "su dili"nin, "ağac dili"nin əbədi yurdu olan (hekayədə polifonik şedevr təsvirlərə heyran olmamaq mümkünsüzdür) bulaq başındakı “niyyət ağacı”nın kölgəsində (yəqin ki bura behiştin bir guşəsi idi) dərin yuxuya getmiş tapdım. Yuxuya - “kiçicik ölüm”ə təslim olmazdan əqdəm lap Beyrək kimi sonsuz səmaya baxmağı da yaddan çıxartmamışdım. Duyğularımı sizə anlatmaq istədim, amma çifayda, Kamal Abdullanın sehrini, mübhəmliyini, ilğımını itirə biləcək nəfis ədəbi mətninə xətər dəyməsin deyə gördüklərimi sizə bəyan etməyə söz ehtiyatım azlıq etdi və bu fikirdən vaz keçdim.

İlahi! Kamal Abdulla məni - oxucusunu səmada - ağ bulud topalarının "üstündə" Yer üzərində tayı-bərabəri olmayan bir Teatra - girəcəyində "Dədə Vaqifin Bulud teatrı" yazılmış müqəddəs qata - göyün yeddinci qatına bir göz qırpımında qaldırdı...

Gördüm ki, gənc Mehriban Zəki Buludlar Sarayının sahibəsi “gülcamal”, “gülkamal” Bulud xatun qiyafətində əlində tutduğu ağ şərbəti Dədəm Vaqifə uzadır. Ağ buluddan yapılmış taxt-tacında əyləşmiş ağ saçlı (!), ağ bığlı-saqqallı Dədəm Qorqud qiyafətli Dədəm Vaqif şakəri üzrə bığını məmnun halda sığallaya-sığallaya, bir də ki, yalnız özünə bəlli müəmmalı halı-baxışları ilə “qul-xəlayiqlərinə” tamaşaya (K.Abdulla “Dəvə yağışı”) başlamaq işarətini verir.

Tamaşaya baxanların içərisində Cəfər müəllimi, Rza Təhmasibi, Tofiq müəllimi, Mehdi müəllimi, İslam müəllimi, Turan xanımı, Turabovu, Yaşarı, qardaşım Əbdül müəllimi, Niyazini, Nazimi, Hüseynağanı, Azər Paşanı, Fuadı, Rəhmanı, Kəmalə xanımı, Rəşidi və Kamalı, İsrafili, İlhamı, Əlini, Zeynalı, Aydını, Elçini, Könülü və özümü tanıdım. Xoşbəxtliyim ağ buludlar səltənəti kimi intəhasız idi. Sevdiklərimin arasında idim...

Hiss etdim ki, lap yanımdaca məskunlaşan Kamal narazıdır. Həməncə anladım ki, o, tamaşada yenə də adəti üzrə sapa düzülmüş inci sözlərini axtarır. Amma və lakin tapa bilmədiyi üçün pəjmürdədir. Onun bu halı Dədəm Vaqifin gözündən qaçmadı. Həməncə çox mətləblərin sayrışdığı müdrik üzü gözqamaşdıran gur işıq saçdı... nə saçdı. Adəti üzrə bığaltı xəfif gülümsəyə-gülümsəyə: sənin dürr sözlərin mənim teatrımda sözdən də təsirli, sirli, tutumlu ağ buludlara... ağ dəvələrə çevrilib, Yerə yağır. Məgər görmürsən?

Bu andaca Kamalın üzünə sonsuz bir bəxtiyarlıq cənnət quşu kimi qondu. Özündən razı idi. Gördüm ki, inci sözlərinin gücünü, qüdrətini, bir haldan başqa hala keçdiyini görüb az adama qismət olan mütləq xoşbəxtlik anlarını yaşamaqdadır. Bu kosmik bəxtiyarlıq hissi onu elə bürümüşdü ki, İlahidən mütənasib, yaraşıqlı çöhrəsindən “şad-xürrəmlik yağışı” da yağırdı.

Dədəm Vaqif Bulud sarayında çoxdan xiffətini çəkdiyimiz “Müzakirə tamaşası”nı isə bizimlə qurdu...

...Növbəti tamaşa Dədəm Qorqudun ölməz irsinin bir qolunun (müəllif K.Abdulla!) ağ buludlu ifaçıları ilə dolu idi. Sevinirdim ki, “ölüm şeytanı” nə yaxşı ki, yuxudan ayılmağımı istəmir. Yəqin bilir ki, bu kosmik xoşbəxtlik ayılan andaca məni tərk edəcək. Ürəyimdə ondan təvəqqe edirdim ki, “lütf et, məni bu məstedici ilğımı, sirli-əbədi dünyanı tərk etməyə qoyma!”. Sağ olsun, deyəsən axı məni eşitdi...

Ağ buludlardan qurulmuş səhnədə Beyrək - gənc Fəxrəddin, onun ağ qiyafətli, bulud qozalı Boz Ayqırı, “Oğuzu zəbun etmiş Təpəgöz” - gənc Məmmədsəfa, Oğuz elinin düşməni Bayburd bəy - gənc Vidadi, onun sehrbaz, cadu qızı - gənc Sonaxanım, Banuçiçək - gənc Gülzar var-gəl edirdilər. Yan-yörədəkilər gənclik eşqi, arzusu ilə alışıb-yanan gənc yuğçular idi: Fərhad, Əbdül, Afət, Mətanət, Cəbrayil, Qasım, Natəvan, Kamran, Gümrah, Mikayıl, Tural, Yaqut, Günay, İradə, Ruslan... Bir sözlə, hamı sevdiklərim burada idi.
Tamaşa bitər-bitməz Dədəm Vaqif sehrli bulud çubuğunu işə salıb bulud dolu piyaləni Beyrəyə - Fəxrəddinə uzatdı... Deyəsən, bu piyalədən biz də içdik axı...

***
Bu minvalla Beyrəklə birlikdə biz də özümüzü Yerdəki “niyyət ağacı”nın altında gördük...
...16 illik qeybindən sonra Beyrək Dədəm Qorqudun sazının (deyəsən, axı bu sehrli sazı çalan Mehriban Zəki idi) sədaları altında Oğuz elinə - sevgilisi “beşikgərtmə nişanlısı” Banuçiçəyinə qovuşdu.

***

Mən isə yarıbihuş, yarıməst bir ovqatla yuxudan ayıldım. Deyəsən, mübhəm, gizəm ölçüləri olan o biri dünyanı tərk etməyimdən heç də razı deyildim. Amma və lakin ürəyimdə Kamal Abdullaya durmadan çoxlu dualar edirdim:

- Polifonik təsvirlərlə dolu bənzərsiz mətni ilə birlikdə lütf göstərib məni əlçatmaz, ünyetməz yuxularıma, itirdiyim, axtarıb heç yerdə tapa bilmədiyim əzizlərimə, dostlarıma virtual da olsa qovuşdurduğu üçün...

- Aşırı qəribsədiyim, yoxluğundan “qurd kimi uladığım” Dədəm Vaqiflə görüşdürdüyü üçün...

- Dədəm Vaqifin Yer üzündə əsli-bərabəri olmayan “Bulud teatrı”nın tamaşaçısı etdiyi üçün...

- Təxəyyülümə qida verib məni sərhədsiz bir fəzada “üzdürdüyü” üçün...

Deyəsən, yavaş-yavaş ayılırdım axı. Yer üzündə ağlıma gələnlər də get-gedə sevincimə səbəb olurdu. Sözügedən hekayə mətninin transformasiya və modifikasiya imkanlarının sərhədsizliyinə olan sarsılmaz inamım məni xəyalən Hollivud kinostudiyasına apardı və yenidən mütləq azadlıqdan məst olub yuxuladım. Gördüm ki, güclü dramaturgiyaya, barışmaz konflikt - münaqişəyə, parlaq işlənmiş bədii obrazlara və bir də təxəyyülün, yaradıcı düşüncənin sonsuzluğuna təkan verən bu əsər sabahın kino texnika və texnologiyaları ilə silahlanmış Hollivudun (çünki Bulud sarayının ilğım dolu kosmik mənzərəsini göstərməyə hələ ki, o qadir idi) “Oskar”a layiq görülmüş filmi kimi dünyaya səs salıb.

Bakının Nizami Kinoteatrındakı “Oskar” mükafatçıları ilə görüşdə özümü də tanıdım.
Bir də gördüm ki, Dədəm Vaqifin Azərbaycana, azərbaycanlılara, Azərbaycan teatrına əmanət qoyduğu ölməz “Yuğ”a yeni teatr binası verilib. Bu binada məskən salan “Yuğ”un keçmişimizi, mifoloji teatr düşüncəmizi əbədiləşdirən müasir memarlıq nümunəsi olan binası da ən son teatr texnikası və süni intellekt vasitələrilə təchiz olunmuşdu.

İlahi! Deyəsən axı, bu munis axşamda Kamal Abdullanın “Bulud xatun və Beyrək” əsəri oynanılan teatr binasının da, teatrın özünün də nə Yerdə, nə də ki, Göydə misli-bərabəri yox idi... Tamaşanı quranlar və ifaçılar da Dədəm Vaqifin Çıraqlarına sadiq qalmış Şəyirdləri idi.

Kamal da, biz də baxdığımız ecazkar tamaşanın təsirindən hələm-hələm ayıla bilmirdik. Amma və lakin ayılmalıydıq, çünki “Yuğ ənənəsi”nə sadiq qalıb müzakirəyə qatılmalı idik.

Deyəsən axı, bapbalaca “bir hekayənin” məndə oyatdığı ilkin təəssürat xəyalımda da, təxəyyülümdə də güclü təkanlara səbəb oldu, Yer yerindən oynadı, baş verən “zəlzələ”dən saysız yeni dünyalar doğdu. Nə sirri-xudadırsa, mən də mütləq xoşbəxtliyin dadını daddım. Kamal Abdullanın bu mətni məni də bəxtiyar edib, arzular çələngindən başıma tac hördü.

Bir daha sözügedən bu xalis ədəbi mətnin sərhədsiz imkanlarına, janrdan-janra çevrilmə, dəyişmə qabiliyyətinə mat-məəttəl qaldım.
Nə sirdirsə, onun içinin-içindən rişələnən, intəhasız çevrilmələrə rəvac verən yaşıl toxumunun yaşam gücü, qüdrəti məni heyrətləndirməkdə davam edir...

***
Aşırı nikbin əhvalımla Akademik Milli Dram Teatrında Dədəm Vaqifin istedadlı şəyirdi, rejissor Mikayıl Mikayılovun yeni teatr düşüncəsini sərgiləyən “Dayının yuxusu” (F.M.Dostoyevski) tamaşasına ikinci dəfə baxmağa yollandım.

# 1403 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər