İsmayıl Dağıstanlının 110 illiyi keçirilib

İsmayıl Dağıstanlının 110 illiyi keçirilib
27 yanvar 2017
# 16:03

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatrı Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət İsmayıl Dağıstanlının Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Azər Paşa Nemət bildirib ki, əməyi SSRİ Xalq artisti və dövlət mükafatı ilə qiymətləndirilən İsmayıl Dağıstanlı böyük sənətkar olmaqla yanaşı, həm də xeyirxah insan və özündən sonra böyük sənətkar nəsli yetişdirən qayğıkeş müəllim idi. Teatrın direktoru İsmayıl Dağıstanlı ilə bağlı xatirələrini bölüşüb və əlavə edib ki, Azərbaycan mədəniyyəti yaşadıqca İsmayıl Dağıstanlının xatirəsi əbədi yaşayacaq və hər zaman xoş hisslərlə yad olunacaq.

Xalq artistləri Rafiq Əzimov, Ağakişi Kazımov, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, teatrşünas alim Saleh Salahzadə və başqaları İsmayıl Dağıstanlını böyük sənət xadimi, qayğıkeş insan, unudulmaz müəllim kimi xatırlayıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

İsmayıl Dağıstanlının qızı Lamiyə Dağıstanlı atasının xatirəsinə göstərdikləri diqqətə görə Mədəniyyət və Turizm Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Mərasimdə xalq artisti Hacı İsmayılov və teatrın azyaşlı aktyoru Canəli Canəliyevin iştirakı ilə İsmayıl Dağıstanlının həyat yolunu əks etdirən səhnə təqdim olunub. Tədbirdə həmçinin görkəmli sənətkarın çəkildiyi filmlərdən, teatr səhnəsində yaratdığı rollardan ibarət video çarx nümayiş olunub, Dövlət Teatr Muzeyinin arxivində saxlanılan fotolardan ibarət sərgi təqdim olunub.

Anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Qeyd edək ki, İ. Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dоğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926-1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933).

1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarına layiq görülüb. Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün sоn illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.

İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.

# 2040 dəfə oxunub

Müəllifin son yazıları

# # #