Son duamı da yağmur islatdı... - Qismət Məsimdən şeirlər

Son duamı da yağmur islatdı... - Qismət Məsimdən şeirlər
10 fevral 2020
# 17:51

Kulis.az Qismət Məsimin şeirlərini təqdim edir.

1.

Yanıb tökülür adam arzuların üstünə...
Bir quru qəbir qalır,
Bu boyda qalacaqdan...
Ancaq kədər yüklünün
Sevilmək neməti var...
Günahın bağırmasa
Rahatca yatacaqsan...

***

Ata nəşi zinətdi övlad çiyinlərinə,
Bax bu gözəl ölməkdi kimə desən bəyənər...
Sən aslan pəncəsində yetimə çörək uzat
O nə sənə savabdı, nə də nuşdu yeyənə...

***

Getmə anam gəlini bay sənin anan ölsün,
Çıxım bu tariximi təqvimə qızıl yazım...
Eh daha bayquş qədər hörmətim olmayacaq
Divarlara " it qızı" deməyim kimə lazım...

***

Təpə əzab gözləyir
Dərəni görməyəni,
Bir qurtum su istədim
Günahımda ilişdi...
İstədim qıfıl asam
Baxışının yolundan
Qapın sifət elədi
Yenə mənə nə işdi...?

***

Bu da ağır addımdı istəməyən atmasın...
Azadlıq gözləməsin doyanda yatan kölə...
Onsuz da bu dünyaya tənhalardı nur verən!
Bilirsən əmi qurban ölüb getmir hər ölən....

2.

Gözəl ayaqların qədər...ölümdü buralar...
Burda yalnızlıq var
Burda payız var...

Son duamı da yağmur islatdı...
Torpaqdan qalxacaq bütün
Günahlar...
Burda başlanmayıb ayrılıqlar!

Burda qadın baxmayan
Aynalar var...
Burda yaşanmayan həsrət var...
Tüpürüm belə təmizliyə...
Burda dəhşət var...!

3.

Taksi...
- Alo salam..
- salam...taksi şirkəti
- buyurun müəllim..
- Məni durduğum yerdən, anamın arzusuna neçəyə çatdırarsız?
- Necə? başa düşmədim..
- deyirəm, taksi göndər ömrümün ortasında qocalığın yanında dərdimlə gözləyirəm...
bir az yüküm olacaq xatirələr, məktublar
...elə taksi göndərin, məni aparsın
burdan daha da uzaqlara...
orda gözləyənim var...
- hara, siz dəqiq deyin...hardadı o uzaqlar?
-arzumdan o yanadı...anamın cavanlığı
atamın xoşbəxt günü...
burdan qara saçlara...
- siz hara zəng vurmusuz?
- Deyirlər, ucuz qiymətə hər yerə çatdırırsız...
çatdırın məni ,vallah, heç ucuz da demirəm,
qalan bütün günləri sizin üçün verirəm...
çatdırın məni nolar ilk görüşdüyüm bağa...
öpüşdüyüm dodağa...
atamın tənbehinə
siqaret gizlətdiyim boz paltomun cibinə.
çatdırın məni noolar, ömrün tən ortasından
nənəmin çörəyinə
məni başa düşməyən dostların ürəyinə...
Aloo Aloo
- duut duut
....

4.

Hələ istirahət elə,
Böyük unudulmağın var qarşıda...

Böyük bildiyin dünya...
Gəzməklə bitməyəcək sandığın kainat,
əslində görəcəksən
Ananın varlığından kiçik,
Balanın öpüşü qədərdir...

Hələ harasıdır...
Məndən olsa içdən bağışla hamını
Hamı öləcək...
Dərədə çığıran qurbağalar da...

Məndən olsa az sev hamını...
Çox yaşıl qalanda payız gəlir
Ya da barsızlıq...
Dostum bilirsən oğraşlıq ən çox nədədir?
İsti sevgilərdən
Doğulur etibarsızlıq!

5.

Ayrılıqlar ürəkli adamların dərdidir yavrum...

Bir getmələr yatır ki içimdə,
bir getmələr...!
heykəl-heykəl şairləri donan bu şəhərdə
sevgi-sevgi yağışlar yağan küçələrdə...
bir getmələr var ki içimdə...

***
Sevgilər qadınlardan çox
qadınlar xəyanət qədər...
heyfim gəlir payızın etibarına
qışın qarına...
ayrılıqlar it qədər...
bir getmələr var ki içimdə bir getmələr...!

Qəşəng evim yoxdu
ağ divarım var...
mənim nə getməli arzularım var...
yalan danışdıqca insan azalır...
and içdikcə Allah azalır...
hardadı and içilməmiş Allah olan yerlər...
bir getmələr var ki içimdə bir getmələr!

Ayrılıqlar ürəkli insanların dərdidi
vicdanlı insanların dərdidi, yavrum!
ayrılıq qədrini
unudulanlar bilər...
bir getmələr qalxır ki içimdən... Bir Getmələr!


6.

Divardakı tablo

Uşaqlığımdan sevincimi apardılar...
Gəncliyimdən sevgimi...
Xain adamlar...
Kimsə oğurladı ümidlərimi
Heç itimiz də hürmədi...
Heç hasarımız da bilmədi...
Bir gün saçım diş ağartdı
bir gün dişim ləkələndi...
Elə maraqlı xatırladım
Sarı donunu...
İçim silkələndi...evim tərpəndi.

Kimlər apardı anamın təndir qoxusunu
Dayımın cibimə basdığı onluğu...
Babam nəfəs dərdiyi
palıd kötüyünü,
Qonşu qızının baş örtüyünü...

Apardılar vaxtımızın çoxunu xain adamlar
Qollarım sızıldayır saçlarını xatırlayanda...
Qardaşın yolumun üstə
Osmanlı sərkərdəsi...
Oğurladılar onun da mərdliyini
Qürurunu...

Uşaqlığımdan sevincimi apardılar
Gəncliyimdən sevgimi...
Görüşəcəyik xain adamlar!
Görüşəcəyik vəfasız adamlar
Dönük adamlar.

Mənim yuxularım yaşanmış film
Mənim arzularım gecikən ömür...
Bir də ayılasan gedənlər dönüb
Gəlib qapındakı qıfılı öpür...!

7.

...bir gün son görüşdən evə gələsən
Görəsən asıbdı kəndir özünü
Baxasan dərdinin ağırlığından
Sınmış budaq basıb çölün düzünü

Başına daş düşə intiharının,
Özünü asmaq da çıxa yadından...
Gedib dərs alasan mamırın öpüb,
Qayanın uçurum istedadından...

bağlaya biləsən özünə ancaq,
Sənin cığırınla yeriyənləri...
Atasan özündən yerin dibinə
Qəfil etibarı büdrəyənləri...

8.

Elə ki yağış döyür, bu köhnəlmiş dam daşı,
Pəncərəmizdən axır qapımızın göz yaşı...
Buludlar öpüşdükcə işıqlanır komamız,
Diksinir divarların qəribsəmiş yaddaşı...

Pıçıldayır saxsı dam - səhərə nə qalıb ki,
Beşikdəki körpənin burnu donub soyuqdan...
Küləklər sığal çəkir ananın laylasına,
Pərdələr yallı gedir bu nəğməyə bayaqdan...

İndicə sönəcək şam qələm səndən yazacaq,
Bir az beynim dönəcək, bir az fikrim azacaq...
Əllərimin yadına salacağam saçını
Yenə qızım darayan saçlarım dağılacaq...

Bir siqaret yandırıb səhərə boylanıram
Sözlərin gəlib keçir fikrimin küçəsindən...
Yavaşca səsləyirəm oyanmasın balaca...
Vərəqə damcı düşür pəncərə şüşəsindən...

Elə ki yağış döyür, bu köhnəlmiş dam daşı,
Pəncərəmizdən axır qapımızın göz yaşı...
Buludlar öpüşdükcə işıqlanır komamız,
Diksinir divarların qəribsəmiş yaddaşı...


9.

...Hələ bir əclaf sevməyi də var ruhun...

Hələ andı, amanı...
kitab kitab yalanı...

Gül qoxulu, yağış səsli
gülüşü var ruhun...

Kişilər sevginin yüz növünü bilir canım
Qadınlar iki üç dənə...

Sən nə qədər unudulmusan yerişindən bilirəm
Nə qədər sevilmisən gülüşündən bilirəm.

Kişilər unutmağın yüz növünü bilir canım
Qadınlar iki üç dənə...

Səndən sevgi qoxusu gəlir
Səndən çox gediblər bilirəm...

Səni saçların açıq, ayaqların bağlı
Tərk ediblər bilirəm .

Kişilər getməyin yüz növünü bilir canım
Qadınlar iki üç dənə...

Vəfasızlar gözəl olur,
Gözləri mavi, dodaqları ölüm

Baxışları rahatlıq alır,
Xatirələri zülm

Kişilər yüz dəfə vəfalı olurlar canım
Qadınlar iki üç dəfə

10.

Mən hardan bilim ki xəyanət nədir...

Mən körpə olandan yaylaq sevmişəm,
Mən qaya sevmişəm çəmən sevmişəm...
Məndə dağ eşqi var dərə eşqi var
Mən nə sevmişəmsə içdən sevmişəm
Mən hardan bilim ki xəyanət nədir..?

Çay mənim gözümün nəmini silib
Gizlənqaçda məni vələs gizlədib...
Mən bulaq öpmüşəm çiçək öpmüşəm
Mənə məhəbbəti bunlar öyrədib...
Mən hardan bilim ki xəyanət nədir...

Buluda dəymişəm yerə dəymişəm
İçimdə qıfıldı vəfa tilsimi...
Bu yumru daş mənə həyat öyrədib
Mən yaxşı bilirəm daşlıq dərsimi...
Mən hardan bilim ki xəyanət nədir...

Bax yağış isladıb dolu döyübdür
Çətrim hansı dərdə dayanmamışdır..?
Hə...nanə nəfəslim, payız ağıllım...
İndi öz qəlbini özün danışdır
Mən hardan bilim ki xəyanət nədir...?

11.

Dəlixanada güzgülər...
qadın həbsxanasında dırnaq boyaları,
yetimlər evində soyad,
qocalar evində arzular,
Ağrıdı...əzabdı...
dəhşətdi bunlar...
Dilənçi təşəkkürü, dilənçi duası
Düşün pul versən də var
Verməsən də var...
Nə gözəl gülürsən xəbərin var?
Təbii gülür ayrılıq görməyən adamlar!

Nə şirin ağıdı bu...
Bu ağının hamsını indi demə olarmı...?
Sanki baş daşının da saçları sığal istər...
Əllər daş hörüyə çəkdiyi daş sığalmı?
Baxırsan, gözlərində bir yaşıl gülüş donub,
Güldüyü həqiqətlər
yaxalayıb adamı...!
İndi mən yüklənmişəm
Daşın baxışlarıyla,
Yer yoxdu kürəyimdə
Hara qoyum qadanı...
Mən itirmiş adamam...!
Sən - həsrət qatılmayan,
Təbii sevgi qadını...!

Nə gözəl gülümsəyir, ayrılıq görməyənlər!
Bir qəlbə yara vurub,
bir qəlbdə ölməyənlər..!

Görüntünün olası içeriği: 1 kişi

# 3175 dəfə oxunub

Müəllifin son yazıları

# # #