Nazirlikdən bəstəkara cavab: “Beş min verdik, götürmədi” - Özəl

Nazirlikdən bəstəkara cavab: “Beş min verdik, götürmədi” - Özəl
28 sentyabr 2021
# 11:01

“İstedadlı gənclərə dəstək olmaq bizim əsas prinsiplərimizdəndir. Gənc və istedadlı bəstəkarlar da bu baxımdan istisna deyildir”.

Bu sözləri Mədəniyyət Nazirliyindən Kulis.aza bəstəkar Firudin Allahverdinin peşəkar musiqi əsərlərinin dövlət tərəfindən layiqincə qiymətləndirilməməsi ilə bağlı qaldırdığı məsələyə münasibət olaraq bildiriblər. Açıqlamada daha sonra bunlar qeyd edilib:

“Biz Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə istedadlı gənclərə dəstək olmağın müxtəlif yollarını araşdırır, imkan daxilində onların layihələrinə köməklik göstərməyə çalışırıq. Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş hazırda davam edən bəstəkarlıq müsabiqəsi buna əyani sübutdur.”

Nazirlikdən bildiriblər ki, hazırda sənət əsərlərinin alınmasında obyektivliyin qorunması məqsədilə müəyyən islahatlar aparılır:

“Bəstəkar Firudin Allahverdinin məsələsinə gəldikdə isə baxmayaraq ki, Mədəniyyət Nazirliyinin bir bəstəkarın bütün əsərlərini almaq öhdəliyi yoxdur, lakin onun bir istedadlı bəstəkar kimi iki əsəri - 2011-ci ildə kamera orkestri üçün poema, 2020-ci ildə “Dəli yığıncağı” tamaşasına yazdığı musiqi Nazirlik tərəfindən alınmışdır. Sonuncu dəfə “Baladadaşın toy hamamı” tamaşasına yazılmış musiqi əsərinə görə bəstəkara 5 min manat məbləğində qonorar təklif edilmiş, məbləğ müəllifi qane etmədiyindən imtina etmişdir. Bu, o anlama gəlməməlidir ki, Mədəniyyət Nazirliyi məsələyə biganə yanaşır.

Adıçəkilən əsər peşəkar musiqişünaslar və mütəxəssislər tərəfindən təhlil edilərək dəyərləndirilmiş və bu barədə müəllifə məlumat verilmişdir”.

Xatırladaq ki, bəstəkar Firudin Allahverdi saytımızda yayımlanan yazısında “Baladadaşın toy hamamı” tamaşasına yazılmış musiqi əsərinin janrına görə düzgün qiymətləndirilməməsini bildirmişdi.

# 2661 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #