Bir qız ağlar otelin qarşısında - Yeni imza

Bir qız ağlar otelin qarşısında - Yeni imza
7 aprel 2021
# 17:00

Kulis.az "Yeni imza" layihəsindən gənc şair Nadir Rzalının şeirlərini təqdim edir.

Qızımın adaşı

Alovum özümü yandırdı-yaxdı,
oduma qızındım mən öz içimdə.
Bu ocaq tüstüsü,
bu böyük məşəl...
heç nə ola bilməz belə biçimdə,
Necə görmədin ki, kormusan, nəsən?!..
Guya ki, məntəki közərməmisən?!

Gedəndə hər şeyi apara bildim,
siqaret cibimdə,
alışqan məndə,
papağım başımda,
çantam əlimdə
qucub xatirəni gedirəm bu gün,
bütün ağırlığım dizimə düşdü.
bir o yandırır ki məni, a gülüm,
Öz çınqım özümün gözümə düşdü.

Ay göyün üzündə süd lanpasıdı,
Ay belə bu gecə üzünü örtdü,
Sən utanmayasan, sən qorxmayasan,
Birinci öz kölgəm gözünü öpdü.
Ürək döyüntünü şah damarından
eşidə bilirəm, duya bilirəm.
Tər yuyub aparır bu qızı, Allah
mən bu gün bu qızı qaya bilirəm.
Mənim ürəyim də elə saf deyil,
təziq dərmanlarım evdə qalıbdı.
ayağım üşüyür bumbuz olmuşam,
corabın bir tayı göyün üzündə,
corabın bir tayı yerdə qalıbdır.
Səsin pıçıldayır həzin nəğmətək,
Könlümə o həzin züm-zümə düşdü...

Saçında ağ teli gördüm, qocaldım,
Nəfəsin elə bil səhər yeliydi.
Səni yaddaşıma həkk eləmişəm,
Bütün gileylərim şirin gileydi,
şəklini gizlətdim evin küncündə,
ürəyin küncündə, sözün küncündə,
adın da sonralar qızıma düşdü.
Hicranın ömürlük şeirimə hopdu,
Həsrətin biryolluq sözümə düşdü.


Mənə ay ağla

Mənə gün ağlama, nəyimə lazım,
Mənə ulduz ağla, mənə ay ağla.
Alovum isidir qışda özümü,
Mənə bahar ağla, mənə yay ağla.

Gözünün qorasın sıx mənim üçün,
Nəyin varsa dağıt, yıx mənim üçün,
Hərdən gəzintiyə çıx mənim üçün,
Mənli döngələri bir-bir say ağla.

Səni həyatımın təpəri bildim,
Ömür köhlənimin yəhəri bildim,
Gözünün yaşını mirvari bildim,
Gözünün yaşını mənə pay ağla.

O vurulub…

Küçənin döngəsində bir qız ağlar həzin-həzin,
nə ocağı sönmüş kimi,
nə əzizi ölmüş kimi,
Bir qız ağlar tənha, yalqız, bir qız ağlar yetim kimi
bir otelin qarşısından o burulub bu küçəyə,
O vurulub…

Küçənin döngəsində bir qız ağlar asta-asta,
insanların arasında tənhasayaq,
için-için, qorxaq-qorxaq…
Bir qız ağlar soruşsan ki, nolub sənə
bir od olub yandıracaq,
O vurulub…

Küçənin döngəsində bir qız ağlar peşman-peşman,
ürəyində sevgisinə lənət deyib,
o, taleyin gərdişinə heyrət edib.
Bir qız ağlar, mirvarilər küçələrdən sürünərək
oteləcən yol alıbdır,
o oğlanın ürəyinə od salıbdır.
O vurulub…

Küçənin döngəsində bir qız ağlar hirsli-hirsli,
Ürəyimi kimə verdim deyib bağırmağı gəlir,
Bir gözəllik düşkününə, bir ehtiras tufanına.
Bir qız ağlar, yol alıbdır evə sarı,
ancaq gözü hey arxada…
O vurulub…

Şuşalı nənə

"Qəzetçi", səsləyərək dilləndi Məsmə nənə,
- Təzə nə xəbərlər var, nə deyirlər bu günə?
- Filan yerdə filan vaxt zəlzələ baş veribmiş.
Filankəsin evinə gecə oğru giribmiş.
Sabah hava yağışlı, gecə isti olacaq,
Turistlər axın edir, Bakı yaman dolacaq.
Qayıdanda hər axşam qəzetçi öz evinə,
Məsmə nənə yüyürür tez sevinə-sevinə.
Televizor da danışır, radio da səslənir,
Nənə tək xəbərləri qəzetçidən dinləyir.

Hərdən 1-2 dənə qəzet istəyir nənə,
Sərir dibçək altına su tökəndə güllərə.
Hərdən büküb tıxayır qapının arasına,
Hərdən məzəmmət edir gözünün qarasına:

"Kaş özüm oxuyardım, görəydim nə var-nə yox,
Bircə görməyimi də Tanrı mənə gördü çox".
Şuşadakı evinin sənədini gizlicə,
Açır yenidən bükür qəzetlərə hər gecə.

Yağışlı payız günü qəzetçi tez sevincək,
Məsmə nənə yaşayan küçəyə tələsərək
İstədi xəbər versin, "Nənə, yazır ki, qəzet
Şuşa artıq qayıdıb, sən də muradına yet!"

Qapını döydü durdu, səs gəlmədi səsinə,
Tanımır ki, heç kimi səslənsin bir kəsinə.
Qəzetçi tez-tələsik qırdı qapı-bacanı,
Gördü gözü yumulu həmişə nur saçanı.

Gözünün yaşın tökdü qəzet tutan əlinə,
Yavaşca pıçıldadı: "Şuşa qayıdıb, nənə..."
Nənənin son laylası Şuşanın müjdəsiydi,
Qəzetlər də nənənin yeganə kimsəsiydi...


Vətən təkcə dönüb bala olmadı…

Biz səni itirən gündən dərk etdik,
O gündən anladıq , Vətən, nəsən sən.
Biz sənə sığınıb , sənə ərk etdik,
Əgər xoşbəxtsənsə, Vətəndəsən sən.

Gecikdik qədrini qanıb sevməyə,
Bizim sevgimiz də yubanıb bir az.
Elə bil gözlədik bağrın yarılsın,
Sonra məlhəm olaq sənə biz az-maz.

Bağışla telinə gec sığal çəkdik,
Sən də vaxtından tez böyütdün bizi.
Kimisi yubandı, kimi tələsdi,
Kimisi axtardı hey izimizi...

Cığırlar dolaşan o sərgərdanın
Gözü yığılmadı, gəzdi, dolandı.
Yollar ayrıcına çatan vədədə
Ürək dözəmmədi, ürək dayandı.

Vətən boğammadı ahı, naləni,
Uçuq daxmacıqlar qala olmadı.
Vətən ana oldu, vətən el oldu,
Vətən təkcə dönüb bala olmadı.

# 2753 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #