Cənnətin buğdasını sevgi üçün biçmiş adam - Sayman Aruzun qəzəlləri

Sayman Aruz, şair

Sayman Aruz, şair

29 avqust 2022
# 14:00

Kulis.az şair Sayman Aruzun qəzəllərini təqdim edir.

Yatmayanlar üçün gecə qəzəli

Bu həyat bir yumuruqdur, atılır hər kəsə doğru,
Başını əymə, əzizim, ucalan hər səsə doğru...

Mən bu izdiham içində, itmişəm məqsədi göstər,
Gəl apar məni də, ey eşq, o əsas adresə doğru...

Dedim ey yar, tut əlimdən, taqətim kəsildi hicrdən,
Dedi yox-yox, elə aşiq beləcə titrəsə doğru...

Ey külək, məndəki dərdi götürüb yayma cahana,
Allahın dünyaya hissin bəndələr bilməsə doğru...

Elə məfhumdu ki, Allah, onu dərk eyləməz insan,
Elə Allahın yolunda belə dingildəsə doğru...

Musa olsaydım inan ki, əsanı atıb gedərdim,
Ağlayan xalqın amanın elə düşmən kəsə doğru...

Yazılıbsa nə gərəkdir, bu qədər zəhmət, əziyyət,
Hər gün onsuz da bir az çox gedirik Məkbəsə doğru...

Yuxuda görmüşəm axşam gedirəm Təbrizə, ancaq,
Təbiri budur ki, ömrüm yeriyir məhbəsə doğru...

Görünür, yazıbdır Allah, qəribin alnına, Sayman,
Ki, Vətən dərdi olanın gözləri gülməsə doğru...

***

İçində sevgi vardırsa cahan meyxanədir, dostum.
O dağ, o daş sənə saqi, için peymanədir, dostum.

Çalış gül ki, cahan gülsün, cahanın dərdi insandır,
Bu boyda dərdi ilə onsuz, cahan bu qəmxanədir, dostum.

Bu dünya sanki Allahın dilindən bir hekayətdir,
Bəşər dastanın obrazı, həyat əfsanədir, dostum...

Təəccüb etmə ki, yara niyə pərvanəyəm daim,
Günəş də bir yekə şəmdir, cahan pərvanədir, dostum...

Bu sevgi bir qumardır ki, sonunda qalib olmursan,
Uduzdunsa əmin ol ki, oyun mərdanədir, dostum...

Ayıq başla sevibsənsə, çalış tərk eylə dastanı,
Bura aqil girə bilməz, oyun məstanədir, dostum...

Nə üstünsən nə də alçaq, nə varsa dünyada birdir,
İnan, Allah da dünyada sənə həmxanədir, dostum.

Çalış, rəqs eylə hər daim, gəl olma dünyaya qaim,
Ki, Tanrı eşqinə qarşı cahan rəqsanədir, dostum...

Elə meydandı ki, sevgi, soruşmurlar atan kimdir,
Kimin vardırsa imanı o da dürdanədir, dostum...

İçində imanın varsa, səni yandırmaz hicranı,
Oyan, Ya Hu! – de İbrahim, narın gülxanədir, dostum...

Haçansa qəflətən kimsə, soruşsa kimidi bu Sayman,
De ki, Məcnun kimi yerdə gəzən divanədir, dostum...

***

Mən doğumdan ölümə ağrılı yol keçmiş adam...
Qəlbini Kəbə edib Allaha ev seçmiş adam...

Allahın cənnətini Həvvaya qurban eləyən,
Cənnətin buğdasını sevgi üçün biçmiş adam...

Yeri sürgün yeri yox, yar evi bilmiş dəlisov,
Hətta imanı belə Həvva ilə ölçmüş adam...

İnan, Allah da belə boşluğu doldurmadı, gəl,
Ey içimdən çölümə nalə kimi köçmüş adam!

Səni səhrada susuz axtarır hər şamu səhər,
Leylinin gözlərinin bəhrinə and içmiş adam...

Mənə sirr söyləmə ki, gözlərim ifşa edəcək,
Saxlamaz sirr, qapısın hər döyənə açmış adam...

Lütf elə Saymanı da çarmıxa çək İsa kimi,
Sənin olmaq diləyir, ta sənədək qaçmış adam...

***

Ürəyin çox sıxılanda, göyə bax, dərdin azalsın,
Evini qüssə yıxanda, sükut et, qəlbin ucalsın.

Elə sus ki, səsə gəlsin, sükutunla bütün aləm,
Elə yalvar ki, səmada günəşin rəngi saralsın...

Gecələr çıx dağın üstə, kükrəsin dağ dağın üstə,
Elə hayqır ki, cahanı, kədərin heyrətə salsın...

Arabir keç küçəsindən, ki, xəbər çatsın o yarə,
Keçəcəksən deyə hərdən, küçənin fikrinə dalsın...

Adi bir şeydi təbəssüm, çalış əskilməsin üzdən,
Səni hər gördüyü anda, rəqibin rəngi qaralsın...

Gedəcəksənsə nə fayda, ətəyin boşla cahanın,
İstəyir Cəngini çalsın, istəyir Vağzalı çalsın...

Sən də Babək kimi, Sayman, qorxduğun yoxdur ölümdən,
Bu cahan çox görüb üzlər, sayma qoy ortada qalsın...


***

Səmadan gəldi bir səs ki, müsəlman ol, müsəlman ol!
Ya gəl vəhdət ipindən tut, ya da get, get pərişan ol!

İnandıq o səsə verdik ürək islamu-insanə,
Məhəmməddən nida gəldi: “gəl indi əhli Quran ol”.

Salam əsrari-lahuta, salam ənvari-Qurana,
“Fəriqi-əhli-təzviru, təriqi-əhli-iman ol".

İbadət paltarın geydik, itaət dünyasın qurduq,
Bizə molla höküm sürdü, dedi gəl əhli fərman ol.

Cahanın nəqdini verdik, nihanın nisyəsin aldıq,
Çağırdıq Allahı, ya Rəbb: “özün bu dərdə dərman ol”.

Nə dünyadan səmər gördük, nə uxradan xəbər bildik,
Bizə şeytan xəbər saldı, “nə ondan ol, nə bundan ol”.

Bizi sardı bu ziddiyyət, dua etdik ki, pir göndər,
Dedi ki, Şəmsi Təbrizi, gəl insan, əhli irfan ol.

Biz olduq əhli irfanı, araşdırdıq bu dünyanı,
Dedik: ey dünya dun olma, dedik ey müşkül asan ol.

Yüz illər də bu dünyanı, biz irfanla səma etdik,
Ki, insan sən də dünyatək o mərkəzdən gurizan ol.

Bir az sevgi, bir az həsrət bizə pay oldu irfandan,
Bizə süzdü meyi saqi, dedi: gəl əhli məstan ol.

Nə mey, nə badə, nə saqi, həqiqətdən xəbər verdi,
Bir az təskin verib sonra dedi: məşuqa qurban ol.

Dedi: su axtarırsansa, susuzluq axtar ey insan,
Dedi: vəsl axtarırsansa həmişə ağla, nalan ol...

Biz isə tərk edib getdik, həm irfanı, həm imanı,
Ki, dinü-dünyanı tərk et, dəni dünyada sultan ol.

İcazə vermə ey insan ki, kimsə ruhunu alsın,
Özün özündən azad ol, özün özünə zindan ol.

Bu dünya, bir də nemətlər, sənin xoşbəxtliyinçündür,
Nə olsan olginən ancaq, təbəssüm eylə, xəndan ol...

Na kafir nə də ki, mömin, nə gibru nə müsəlman ol,
Çalış Sayman, özün ol sən, çalış ey insan, insan ol!

***

Mümkünsə, imtina kədəru-qəmnən etginən.
Allaha etiraz qəmi-aləmnən etginən...

Bir buğdanın əsiriyik ey gül, bu dünyada,
Varsa şikayətin yeri Adəmnən etginən...

Bir dost var bu dünyada insan üçün: ömür!
Vardırsa dostluğun onu bu dəmnən etginən...

Pərvanəyə de: sevgi qumardır yananmasan
Varsa qumarın ey kəpənək, şəmnən etginən...

Yusif kimi gedirdim o axşam satılmağa,
Bir səs dedi ki, imtina zəru dirhəmnən etginən.

Nə sat, nə də satıl ki, bu dünya da nisyədir,
Nəqd alveri o dünyada Hatəmnən etginən...

Bir yaxşı sözdü dünyada dərmanı dərdlərin,
Az dərdlərin dəvasını mərhəmnən etginən!..

Mən ki, bacarmadım, özün ordan bir əl yetir,
Allah, məni vəfalı bu qüssəmnən etginən...

Ey sevgi, agah ol ki, cahandan üzülmüşəm,
Kövsər əta elə məni Zəmzəmnən etginən...

Ey dünyanı məhəbbət ilə xəlq edən Həbib,
Gəl, Saymanın yolun bu cəhənnəmnən etginən...

Səlim Babullaoğluna ithaf

Gözündən sil yaşı, dostum, bu dünya bunlara dəyməz,
İçindən çağlayan bu dərd, bu qüssə o yara dəyməz.

Səsim çatsaydı söylərdim ki, ey Mənsuri-biçarə,
Bu xalqçün etdiyin işlər çəkildiyin dara dəyməz...

Qaranlıqla döyüşməkdən uzaq dur, yoxsa məğlubsan,
Bacarsan bir çıraq yandır, qaranlıq israra dəyməz...

Şərin qarşında dur, amma üzündə gur təbəssümlə,
Nə şər bitmir bu dünyada, nə pislik inkara dəyməz...

Beş-üç günlük bu dünyanın baharın dərdə sərf etdin,
Öləndə anlayarsan ki, saçındakı qara dəyməz...

Dənizdən ötrü, butimar, cavanlıq nəqdini verdin,
Əlindən verdiyin ömrün, o ilğım ilqara dəyməz...

Tələb mətlubdan ərcəhdir, bunu dərk eylə, ey aşiq,
Bütün dünyadaki göllər, ölən butimara dəyməz...

Əminəm ki, zaman dönsə, özünü nara atmazsan,
Bu qafillərçün, İbrahim, yanan o gülzara dəyməz...

Yalançı bir əzizliklə, elə bilmə ki, xoşbəxtsən,
Misirdə çəkdiyin Yusif, bu dirhəm, dinara dəyməz...

Çinara söyləyin getsin köküylə aşina olsun,
Həyatçün sinə verdiyi o viran divara dəyməz...

Nə dünyanın işi Sayman, nə də peymani sabitdir,
Özün sabit qədəm ol ki, bu yarımçıqlara dəyməz...

***

Əsas odur ki, cahanda məqsədin, niyyətin olsun.
Hansı yoldan gedə bilsən getginən, hümmətin olsun.

Xırda bir çınqıl üzündən, yolunu dəyişmə heç vaxt,
Sənə heç kimsə inanmaz, bax, buna diqqətin olsun!

Külək əsdikcə bu bağda, əzilər yarpaq ayaqda,
Meyvə ol ki, yerə düşsən yenə də qiymətin olsun.

Kim ki, alverçidi, bil ki, satacaq səni də bir gün,
Ürək əhlilə çalış ki, yaxın ünsiyyətin olsun...

Su yerə tökülsə qabdan, qaça bilməz tapdaq altdan,
Qabın olsun çalış, ey dost, bəlkə mahiyyətin olsun.

Qabı boydadır adamlar, qabını böyüt bacarsan,
Balaca Qara Balıqtək, yekə keyfiyyətin olsun...

Gedilən cığırla getmə, cığır aç özün özünçün,
Məqsədə gedənlər içrə başqa şəxsiyyətin olsun...

Xalq dilin bağlamaz heç vaxt, neynəsən də xeyri yoxdur,
Deyilən sözləri sayma, yeri get, cürətin olsun...

Ağrılar çoxdusa, Sayman, məqsədə yaxınlaşırsan,
Ağrılar ödün kimindir, ağrı ki, sürətin olsun...

Dedim bir jestə bax, jestə!


Saçında ağ tükün varsa payındır sevgi bağından,
Sən ordan vəsli yox, dərdi edibsən başda güldəstə...

Elə içdən çəkirsən ah ki, sanki dünya paprızdır,
Sən isə sinənə doğru, çəkirsən gündə on bəstə.

Cahanın karvanı, dostum, dayanmır heç zaman, heç vaxt,
Bu karvan xəlq olan gündən gedir peyvəstə, peyvəstə...

Cibində bir manat varsa çörəkçün xərcləmə, dostum,
Onu ver sevgi yolunda yol üstündə duran məstə...

Zaman bir yükdü çiynində, ömür də pilləkən, dostum,
Azaldıqca zaman sən də çıxırsan pilləkən üstə.

Ömür son pilləyə doğru, yaşım əlli olub artıq,
Bu yaşdan sonra Allahdan gəl indi yaxşı gün istə...

Suda gördüm ki, bir gəncin, saçı-saqqalı ağarmış,
Başımı tovladım, sonra dedim bir jestə bax, jestə!

Çalış indi xoş ol, Sayman, sabahı nisyə ver getsin,
Yar üçün yığdığın güllər solur ahəstə-ahəstə...

***

Susmaginən səsindəki qəmlərə vardır ehtiyac
Aç qolunu sinəndəki dəmlərə vardır ehtiyac.

Mən də təkəm sənin kimi, əl-ələ ver darıxmayaq,
Gözün yanında əbruyi-xəmlərə vardır ehtiyac.

Silmə gözündəki yaşı, qoy ki, yavaş-yavaş axa,
Səhər çağı leysana yox, nəmlərə vardır ehtiyac.

Cahan Hümayun oxuyur, biz isə şur nəğməsiyik,
Zilin yanında hər zaman bəmlərə vardır ehtiyac.

Cahilə vaxt sərf eləmə ağıllı etməkdən ötür,
Zirvəni fəhm etmək üçün kəmlərə vardır ehtiyac.

Nə ağlayanda qəmli ol, nə də güləndə çox sevin,
Çatmaq üçün bax beləcə çəmlərə vardır ehtiyac.

Sayman, yorulma heç zaman, lap sinədən alışginən,
Qaranlıqda sənin kimi şəmlərə vardır ehtiyac...

***

Gecədən gündüzə doğru yol alıb getmədəyəm,
Gecəni sübh ümidilə yenə incitmədəyəm.

Bir ömürdür gəzirəm dünyanı Məcnun sayağı
Özümü zorla yalan dünyanıza dürtmədəyəm.

Başqa bir dünya gərək mən kimi divanələrə,
Sizlə paylaşdığımız dünyanı tərgitmədəyəm.

Mən o kiprik ki, gözün sirrini hifz etmək üçün,
Gah haşa edirəm, gah da gözü örtmədəyəm.

Elə sürətlidi ki, məndəki məqsəd həvəsi,
Hətta öz kölgəmi də tapdalayıb ötmədəyəm.

Soyulan bircə tənəm amma ki, altmış milyon,
Babəkin dərdinə sadiq bədəni örtmədəyəm.

Min illərdir qaçıram, Saymanı dərk etmək üçün,
Az qalır, azca qalır, öz mənimə yetmədəyəm...

***

Cahan rəqs eyləyir, biz durmuşuq, hey...
Həyatı böyləcə durdurmuşuq, hey...

Günəş də, Ay da, ulduz da səmada,
Biz isə daşdan evlər qurmuşuq, hey...

Ağac da, dağ da, daş da nəğməxandır,
Biz, amma karmışıq, biz kormuşuq, hey.

Bəşər acizdi fəhmindən, İlahi,
Səni biz kəlmədən uydurmuşuq, hey...

Bu boyda dünyanın dərkindən aciz,
Savadsız qolçomaq quldurmuşuq, hey

Elə biganəyik meyxanələrlə,
Ki, saxta, bilmədən bir mey vurmuşuq, hey...

Bizi qışqırdılar “Mahur”un üstə,
Biz, amma coşduran bir “Şur”muşuq, hey...

Cahan onsuz da ki, dövr eyləməkdə,
Hədər biz cismi-canı yormuşuq, hey...

Cahandan ibrət al, Sayman, səma et,
Səninçün dünyanı burdurmuşuq, hey...

***

Allahın niyyətinə şeytan inana bilməz,
Dünyanın hikmətini aqilü-dana bilməz.

Vaxtını sərf eləmə cahilə anlatmaq üçün,
Hər kəsin bir yeri var, ondan o yana bilməz.

Rəssamın niyyətini rəsm necə bilsin ki, nədir,
Nə üçün ya ki, nə vaxt gəlibdi cana, bilməz

Xam adam top kimidir, kim hara vursa gedəcək,
Nə üçün göndərilibdir bu cahana bilməz.

Şəm alışmazsa əgər eşqin adilə, inanın,
Dünya pərvanə ola şəm kimi yana bilməz...

Gözü kör, kimliyi yox, qəlbini satmış birinə,
Sevgidən söyləməyin, çünki o qana bilməz.

Ah, Sayman, sən inan, Tanrı belə gəlsə yerə,
Əminəm ki, bu qədər dərdə dayana bilməz.


***

Qarşımızda duran bilməz uca dağlar, hey, hey
Vulkanın gur nəfəsi zirvəni dağlar, hey, hey.

Oxşayıbdır bahara, dünyada ölməzliyimiz,
Bizi dirçəltmək üçün buludlar ağlar, hey, hey.

O şəhidik ki, bizə sorğu-sual olmayacaq,
Bizə şahid duracaqdır Qarabağlar, hey, hey.

Hər yanı dərd olanın mərhəmə olmaz diləyi,
Ağrıyanda qəmini dərdinə bağlar, hey, hey.

Sən susan Sayman, aman, anla suyun fəlsəfəsin,
Dəniz olmaqdan ötrü bulaq da çağlar, hey, hey...


***

Eləsin axtarıram ki, mənə həmxanəlik etsin.
Yapışıb dərdin əlindən mənə rəqsanəlik etsin.

Darıxıb hicran əlindən gecələr qəmdən oyansın,
Mənə tay boş küçələrdə o da divanəlik etsin.

Elə saqi diləyim var ki, mənə çatdığı anda,
Meyi bitsin yenə, amma mənə məstanəlik etsin.

Ver İlahi, elə bir dost ki, mənə qarşı da gəlsə,
Xəncərin sinəmə vursun belə mərdanəlik etsin.

Dodağı mey, gözü saqi, sinəsi Zəmzəmu Kövsər,
Yeri var ki, elə bir yar mənə meyxanəlik etsin.

Elə məst idim o axşam ki, qədəh düşdü əlimdən,
Elə yar axtarıram ki, mənə peymanəlik etsin.

Çoxalan zülmətə qarşı alışan bircə şəməm mən
Kimsə haqqı diləyirsə, mənə pərvanəlik etsin.

Sayman, İbrahimə taysan, bu odu qaldır özündən,
Elə bir eşq tələb eylə sənə gülxanəlik etsin...


***


Ürək ki var, gözəlim, eşqə mübtəla yeridir.
Ürək kədər, ürək həsrət, ürək yara yeridir.

Elə gedib ki, qərarı, xatırlamır ürəyim,
Sinəm, dilim, dodağım, yoxsa ki, hara yeridir?..

Əl üzmə məndən amandır ki, möhtacam duana,
Ovucların mən üçün bir xeyir-dua yeridir.

Gəl istəyirsən əgər fərqli macəra, öpüşək,
Dodaqlarım dodağın üstə macəra yeridir.

Elə həmişə deyiblər ki, söyləmə, yeri yox,
Səni sevir bu ürək, dözmürəm daha, yeridir...

Toxunma qəlbimə ey yad ki, bağlıdır qapısı,
Mənim sinəm qərib olsam da aşina yeridir...

Sara gedən o zamandan çoban kimi gəzirəm,
Sinəm qoyun-quzu yox, yox, sinəm Sara yeridir...

Mənə baxanda elə bax vurulmayım sıfıra,
Yəqin, bilirsən özün ki, gözün bəla yeridir...

Unutma qanunu, Sayman ki, harda aşiqsən,
Elə ora vətənindir, elə ora yeridir...


***

“Möcüzə yoxdu” – deyən güzgüyə baxsın, getsin
Yusifin dastanını beyninə soxsun, getsin...

Sudur insan, inanın! Dursa yəqin, iylənəcək,
Gərək hər an yerisin, məqsədə axsın, getsin!

İnananlardan ötür hər nə ki var, möcüzədir.
İnamı olmayana söylə buraxsın, getsin!

Gərək İbrahim olub bütləri sındırsın adam,
Sonra da baltasını çiyninə taxsın, getsin.

Ya da Yəqub sayağı göz yaşı töksün bir ömür,
Yusifin həsrətini qəlbinə yaxsın, getsin...

Dur oğul, dur ayağa, tut öz əlindən və yeri,
O buludsan ki, gərək hardasa çaxsın, getsin...

Sən bacardıqca çalış gözləri açdır, Sayman,
Dünya bir pəncərədir, qoy hamı baxsın, getsin...

Ta əzəldən düşməni insanın istedadıdır...

Aşiqin yox bir şeyi, məşuq onun hər zadıdır.
Adəmi insan edən eşqin qazanmış adıdır.

Kimsə şəmin halına dünyada heç vaxt yanmadı,
Ta əzəldən düşməni insanın istedadıdır...

Həqq yaratdı eşq ilə bu dünyanı insan üçün,
Gördüyün cənnət-cəhənnəm insanın icadıdır.

Çıxdığın hər pillə, Yusif, bir sınaqdır sən üçün,
Düşdüyün hər bir quyun da imanın iradıdır.

Babəkə diqqətlə bax, gör ki, nədir həqq sevgisi,
Zəncir içrə dünyanın ən bərk gedən azadıdır.

O qədər mən qəlbimə, bil, sevgi dəfn etdim ki, dost,
Sinəm indi ölkənin viranə eşqabadıdır.

Mən sənə çox söylədim, Sayman, ki, duyma çox şeyi,
Daddığın bu acılar duyduqlarının dadıdır...

***

Mən mən deyil, bu mən deyil, məndəki mən də mən deyil,
Gələn deyil, gedən deyil, doğan deyil, ölən deyil...

O dünya da, bu dünya da nə ilk, nə sondu, bilginən,
Aşiqlərə, inan mənə, bu dünyalar vətən deyil...

Mən ki, mənə inanmışam, "yox" vətənə inanmışam,
Nə ruh mənim "mən"im deyil, nə cism mənə bədən deyil...

Kim ki, sənin içindəkin duymadan sevsə, əlhəzər,
Rahatca tərk edib gedər, axıracan sevən deyil...

Yeddi dənə mən axtaran! Yetmişədək uzanginən,
Axtardığın o mənlərin heç biri doğru sən deyil.

Kimsəsizik bu dünyada əsl məni tapanmasaq.
Nə o sənin nənən deyil, nə bu sənin dədən deyil...

İlahi, göydən yerə gəl, ya da məni göyə apar,
Üzü soyuq bu torpağın heç yeri sən deyən deyil..

Ağlama, Sayman, döz hələ, bu gördüyün tanışların,
Göz yaşını nə dindirən, nə də onu silən deyil...

# 3780 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #