Kulis.az uşaqlar üçün əyləncəli və öyrədici şeirləri təqdim edir.
Uşaq və buz
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Dəydi üz üstə yerə
Uşaq durub neylədi?
Buza belə söylədi:
“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz
Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”
***
Göyqurşağı | Mina Rəşid
Al-əlvan rənglərimlə
Göyün yaraşığıyam.
Sevir məni uşaqlar
Mən bir göyqurşağıyam!
Hərdən görünürəm mən
Yeddi rəngli donumda.
Günəş şəfəqlərilə
Yağış görüşən anda.
De, hansı rəssam çəkər?
Heyrətlə baxır hamı.
Allahın əsəriyəm
Məndən gözəl de, hanı?
«Qızıl gül» | Abdulla Şaiq
Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?
Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül
Uçun, quşlar! | Mirmehdi Seyidzadə
Uçun, quşlar, bizim bağa,
Cəh-cəh vurub oxumağa.
Sıx yarpaqlı ağaclarda
Qonun yaşıl bir budağa.
Bənövşələr pıçıldaşır,
Sizə nəğmə çox yaraşır.
Quşlar nəğmə oxuyanda
Sevincimiz aşır- daşır.
Çiçəklənib gülöyşə nar,
Çiçəklənib şaftalılar.
Uçun, quşlar, bizim bağa.
Nəğmə deyin gəlib bahar.
Gözəl Anam, Şən Anam | Solmaz Şirin
Evimizin işığı
Gözəl anam, şən anam!
Səndən əziz kimim var?
Həmdəmimsən sən, anam!
Gözəllərin gözüsən,
Dilimin xoş sözüsən.
Sən nənəmin özüsən,
Sənə heyran mən, anam!
Cüt yaşılbaş sonayıq,
Səninlə mən bir Ayıq.
Elə bil, bir almayıq,
Bölünmüşük tən, anam!