"Sən də Allah kimisən..." - Sevinc Yunuslu

"Sən də Allah kimisən..." - Sevinc Yunuslu
5 avqust 2026
# 13:00

Kulis.az Sevinc Yunuslunun "Macarıstan məktubları..." şeirini təqdim edir.


Mən sənə qədər elə bilirdim
bu dünyada insan yoxdu...
Məhəmməd var, İsa var...
minlərlə kilsə var bu yer üzündə
Tanrı yoxdu, din yoxdu...
Mən sənə qədər elə bilirdim
ölüm yoxdu...
İtirmək elə ölüm qorxusuymuş
demə..
Sevdim, ölümü anladım..
Ərik ağacının üstündə əsən
bağbanın çiçək ehtiyacı,
Somalidə bir uşağın çörək ehtiyacı,
su ehtiyacı oldun..
Mən səni bir türk qızı tək sevdim,
Qaradəniz sahillərindən,
Kumık boyundan,
Monqol çölündən,
İsık-kul gölündən gəlmiş
üstü zirehli bir türk qızı tək.
Kuşan-Kuşan, Oğuz-Oğuz, Hun -Hun,
savaş - savaş, çöl - çöl, qum-qum..
Mən sənə qədər elə bilirdim
bu dünyada insan yoxdu,
Məlikməmməd yox, divlər var...
Adamların uçurduğu
ömürlər,
üstü dağılmış evlər var...
Dodaqlarım qaçsa gülüş bilirdim.
Mən hər gəlişin sonunu
şahmat taxtasında gediş bilirdim.
Gedişsiz də olurmuş ayrılıqlar,
silahsız da, atsız da..
adsız da..
Niyə Mikalencelonun əsərlərində
çaylar tərsinə axır?
Xocalıya Allah hardan baxır orda? -
Söylərsənmi...
Sən buludsuz göylərsənmi?..
Mən sənə qədər elə bilirdim
bu dünyada insan yoxdu,
Məhəmməd yox, İsa yoxdu,
Sən də Allah kimisən -
Səndən başqa kimsə yoxdu...

# 92 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər