Bu bağçanın gülləri - İmarət Cəlilqızının şeiri

Bu bağçanın gülləri - İmarət Cəlilqızının şeiri
17 mart 2025
# 15:26

Kulis.az İmarət Cəlilqızının "Bu bağçanın çiçəkləri" şeirini təqdim edir.

Bu bağçada fırtınatək
əsmək olmaz,
bəslədiyin çiçəklərin
heç birini üzmək olmaz,
dəliqanlı külək olma,
çiçəklərin tellərini
nəvazişlə sığallayan
meh ol, yetər.

Bu torpağın dil-dodağı
susuzluqdan
çat-çat olub yarılsa da,
bu ağacın yaşıl-yaşıl qol-budağı
quruyaraq
yerbəyerdən qırılsa da,
leysan olma,
bircə damcı şeh ol, yetər.

Könlündəki nəğmələri
gah sevinc, gah qəmdən oxu,
nəğmələrə məsafə yox—
sən eləcə gendən oxu.
Səsin gedib çatmaz deyə
çağlayaraq zilə qalxma,
ünvanını tapacaqdır—
həzin-həzin, bəmdən oxu.

Bu bağçanın
çiçəkləri
qönçə-qönçə,

Bu bağçada
gəzənlərin
ruhu incə,

Bu bağçadan
qoyma qara
yellər keçə,

Bu bağçanın
növrağını
vermə heçə…

# 128 dəfə oxunub

Müəllifin son yazıları

# # #