Tələbənin qış kapriççiosu - Cahandar Cabbarov

Cahandar Cabbarov

Cahandar Cabbarov

2 dekabr 2021
# 14:41

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Cahandar Cabbarovun “Tələbənin qış kapriççiosu” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Operanın sonu idi. Mənsum İbrahimovun möhtəşəm ifası hər kəsi mütəəssir etmişdi. Hamının gözü diqqətlə səhnəyə zillənmişdi. Füzulinin

Aşiq oldur kim, qılır canın fəda cananinə,

Meyli-canan etməsin hər kim ki, qıymaz caninə.

Canını cananə verməkdir kəmalı aşiqin,

Verməyən can, etiraf etmək gərək nöqsaninə.

Misraları istedadlı xanəndənin ifasında ayrı bir zövq verirdi insana. Bu misralardan sonra opera başa çatdı. Hər kəs ayağa qalxdı. Tələbənin opera ilə bağlı xatırladığı son şey uzun müddət davam edən alqış sədaları idi. Üçüncü mərtəbənin lojasından tamaşa edən tələbə hamı kimi səhnədəkiləri sona qədər alqışlamışdı. Həqiqətən də bu tamaşa ona çox böyük zövq vermişdi. Bu zövqün üzərinə fasilə əsnasında yanında əyləşən yaşlı qadınla etdiyi söhbətin verdiyi zövq də gəlmişdi. Bəlağətindən müəllim olduğunu zənn etdiyi qadınla operadan, incəsənətdən və başqa bir çox məsələdən söhbət etməyə imkan tapan gəncin üzündəki təbəssümü görməyə dəyərdi. Operanın əvvəlində nitqində rus aksenti hiss olunan qadın onlardan arxada əyləşmiş və yüksək səslə etdikləri söhbətdən tamaşa heyətindən kiminsə qohumları olduğu hiss olunan insanları davamlı olaraq hay-küy saldıqlarına görə məzəmmət də etmişdi.

Beləcə opera başa çatdı. Tələbə yanında əyləşmiş yaşlı qadına və o qadının rəfiqəsi olduğunu hesab etdiyi digər bir yaşlı qadına gülümsəyib, – “Sağolun, özünüzə yaxşı baxın” – deyərək zaldan çıxdı. Demək olar ki hər kəs qarderobun yanında idi. Televiziyadan tanıdığı bir çox incəsənət və ədəbiyyat adamları da burada bir-birləri ilə operanı müzakirə edirdilər. Tələbə gödəkçə geyinməmişdi deyə burada çox qalmayıb çıxış qapısına doğru getdi. Qapının qarşısına yığışan onlarla insan (çoxusunun əlində çətir var idi) yağan leysanın dayanmağını gözləyirdi. Gödəkçə geyinmədiyinə görə tələbənin ovqatı tamam təlx olmuşdu. O da digərləri kimi bir müddət yağışın kəsməyini gözlədi. Ancaq yağış kəsənə oxşamırdı. Dəqiqələr keçdikcə daha da şiddətlənirdi. Çətirli insanlar artıq yavaş-yavaş getməyə başlamışdı. Çətirsiz insanlar isə dediklərinə görə avtomobillərini yaxınlıqda saxlamışdılar. Onların da bəziləri sürətlə özünü avtomobilə yetirməyə çalışırdı. Tələbə də yağışın kəsməyəcəyinə əmin olduqdan sonra binadan çıxıb Nizami küçəsi ilə getməyə başladı. İri addımlarla yeyin-yeyin irəliləyirdi. Nizaminin heykəlinə çatana qədər tamam islanmışdı. Ayağındakı corablara qədər su içindəydi. Saçlarından üzünə doğru süzülən su çənəsindən üstünə damcılayırdı. Bir yandan yağış, digər yandan fevral soyuğu tələbənin canına hopurdu. Artıq o qədər sürətli getməyin də elə bir mənası yox idi. İş işdən keçmişdi.

Tələbə ac idi. Sonuncu dəfə bu gün səhər dünən yarısını yediyi bir manatlıq pitsa diliminin digər yarısını yemişdi. Səhər yediyi bu yarım dilim pitsadan sonra günü elə su içməklə yola vermiş, axşamüstü isə operaya gəlmişdi. Ona görə də yol boyunca hər dəfə kafe və restoranların yanından keçəndə nəfəsini saxlayırdı. Nəfəs almayanda içəridən gələn yemək və kofe ətrini hiss etmirdi. Əks halda aclığa güc gələ bilməzdi. Cibində olan-qalan 1 manat 20 qəpiyi var idi. Maraqlısı budur ki, iki həftə bundan qabaq opera biletinə 11 manat pul vermişdi. Bu məbləğ onun üçün həqiqətən də ciddi bir məbləğ idi. Ən azından bir neçə günlük yemək-içmək ehtiyacını qarşılamağa bəs edərdi. Amma tələbə artıq dörd ildir sadəcə yemək-içmək ehtiyacını qarşılamaq üçün yaşamaqdan bezmişdi. Artmaq istəyirdi, inkişaf etmək istəyirdi, incəsənət görmək istəyirdi. Dörd ildir günü günə calayan tələbə artıq bunu bacarmırdı. Gəncliyinin ən gözəl illərinin beləcə göz görə-görə boş və mənasız bir formada əllərindən uçub getdiyini görmək ürəyinə ağır gəlirdi. Ona görə də öz yemək pulundan kəsib, gedib operaya – ən sevdiyi tamaşaya bilet almışdı. Bu, bəlkə də içindəki kiçik bir üsyan idi. Həm də bu ayın sonunda tələbə təqaüdlərinin veriləcəyinə ümid edirdi. Ancaq əfsuslar olsun ki, bu ay da təqaüdlərdən bir xəbər çıxmadı. Bununla da artıq təqaüd almadığı üçüncü ay da arxada qaldı. Bu üç ayda çox ciddi sıxıntılar keçirmişdi, indiyədək etmədiyi şeyləri etmək, misal üçün kimdənsə borc istəmək məcburiyyətində qalmışdı. İmkansızlıqdan universitet xaricində ürəyi istəyən heç bir sosial fəaliyyətə qoşula bilmirdi. Nə opera, nə teatr, nə konsert, nə kinoteatr – heç yerə gedə bilmirdi. Dörd ildir davam edən bu vəziyyətdən artıq bezmişdi. Mənəvi ehtiyaclarını ödəməyi hər zaman təxirə salmaq, arxa plana atmaq, tələbə olduğu bu dörd il ərzində (bu semestrin sonunda artıq məzun olacaqdı) sadəcə universitet və yataqxana arasında gedib gəlmək onu həyatdan iyrəndirirdi. Tələbəni məyus edən məqam heç də onun şablon, monoton həyat yaşamağı deyildi. Onsuz da onun bir yerdə dayana bilməyən, aktiv temperamentli biri olduğunu demək yanlış olardı. Sadəcə ziyalı mühitinə qoşulmaq, universitetdən kənarda incəsənət fəaliyyətlərindən zövq almaq istəyirdi. Arabir xaricdə oxuyan tanışlarından ordakı vəziyyət barədə xəbər alır, öyrəndiyi məlumatlardan o ölkələrə həsəd aparırdı. Misal üçün Avstriyada oxuyan bir tanışı ona Vyanada teatr, opera və s. kimi yerlərdə tələbələrə böyük endirimlər olduğunu, bir çox tamaşaların isə tələbələr üçün ümumiyyətlə pulsuz olduğunu demişdi. İstanbulda oxuyan bir tanışı da buna bənzər bir şey demiş, bələdiyyə teatrlarının tələbələr üçün ödənişsiz, əksər konsert və operaların isə endirimli olduğunu demişdi. Digər ölkələrdəki tanışları da eyni şeyi təkrarlamışdılar. Əlbəttə, təkcə opera və teatrlar deyil, muzeylər və digər yerlərdə də tələbələr prioritet olaraq görülürdü. Tələbə tez-tez ürəyində “kaş bizdə də belə olaydı” deyə arzulayırdı. Bizdə belə olsaydı, yəqin ki hər həftə tamaşalara baxmağa gedərdi. Digər ölkələrdəki tələbələrin kültür fəaliyyətlərinə belə rahat qoşula bilməsinə paxıllıq edən tələbə ara-sıra xəyallarında bir gün bu vəziyyəti kökündən dəyişdirəcəyini təsəvvür edir, reallığa qayıtdıqda isə ürəyi sıxılır, sanki üstünə ağırlıq çökürdü. Əlbəttə, Bakıda da opera və teatrlara, konsertlərə və s. yerlərə pulsuz bilet tapmaq mümkün idi. Ancaq bir az başqa formada. Yolda irəlilədikcə zehnində operada gördüklərinin analizini aparan tələbə tamaşadan sonra qarderobun yanında onunla eyni universitetdə oxuyan bir tanışını görüb bir az söhbət etmişdi. Əslində həmin insanı yaxşı tanıdığından operada görməyinə çox təəccüblənmişdi. “Sən hara, bura hara” sualını verdikdə isə aldığı cavabdan az qala ağlayacaqdı. Tələbə yağışın altında yataqxanaya doğru gedə-gedə zehnində həmin səhnəni canlandırırdı:

- Tez-tez gəlirsən bura?

- Yox, əslində birinci dəfədir. Bir müddət əvvəl afişalarda gördüm “Leyli-Məcnun” var. Getdim bilet aldım.

- Hə, deyirəm axı. Tez-tez gəlsəydin, görərdim səni.

- Səndən nə əcəb burda? Özün bilet almısan, ya ailədən kimsə alıb?

- Heç biri. Bir tanış var, hər tamaşada iş yerindən 5-6 dənə bilet gətirir. Arada ailəvi gəlirik deyə mən də gəlirəm.

Bir tanış var – bəli, demək olar ki hər gün eşitdiyi bu cümlə tələbəyə olduqca pis təsir etmişdi. Əslində tələbə bu cümləni eşitməyə vərdiş etmişdi, sadəcə opera və balet teatrında da bunu eşitmək qəhərləndirmişdi onu. Hər nə qədər tanışına bildirməməyə çalışsa da, yemək pulundan kəsərək, ac qalaraq bilet alıb gəldiyi bu möhtəşəm tamaşaya incəsənətdən zərrə qədər anlayışı olmayan, filistin bir adamın tanışının iş yerindən gətirdiyi biletlə pulsuz-parasız gəlməyi pis təsir etmişdi ona. Bəli, onun belə bir tanışı yox idi. Universitetdən yataqxanaya və yataqxanadan universitetə ayaq döyüb, hər gün yemək-içmək problemini həll etməyə çalışan bir gəncin belə bir tanışı hardan olacaqdı ki? Ailəsi də Bakıda yaşamırdı. Rayon adamı idi. Atası illər öncə yenə soyuq bir qış günü vəfat etmiş, anası isə təqaüdlə dolanan bir qadın idi. 63 yaşlı bu qadın da hər ay təqaüdünün yarısını dolana bilmək üçün oğluna verirdi. Digər yarısı ilə isə birtəhər öz başını saxlayırdı. Tələbə də bu pulun yarıdan çoxunu ingilis dili kursuna verir, digər hissəsi ilə ictimai nəqliyyatdan istifadə edirdi. Tələbə təqaüdlərinin verilmədiyi üç ay ərzində isə artıq avtobusa minməyə də imkanı olmurdu. Beləcə Bakıda tək-tənha yaşayan tələbənin elə də geniş bir çevrəsi yox idi. Əlbəttə, müəllimlərindən bəziləri onun özünü tək hiss etməməsi üçün müəyyən şeylər edirdilər. Universitetdəki müəllimləri arasında onun ailə vəziyyətindən xəbərdar olan iki nəfər ara-sıra tələbəyə maddi kömək edirdilər. Bu müəllimlərin bir-birlərindən xəbərləri yox idi. Bəzən maaş alanda ayrı-ayrılıqda tələbəni yanlarına çağırıb, az da olsa, ona pul verirdilər. Bu hər ay baş vermirdi, əlbəttə, amma yenə də kasıblığın çiyinlərini döyənək etdiyi bu gəncin üstündəki yükü müəyyən qədər yüngülləşdirirdi.

Gənc durmadan irəliləyirdi. Artıq yataqxanaya çatmağa çox qalmamışdı. Paltarları yağışdan o qədər islanmışdı ki, əməlli başlı ağırlaşmışdı. Aclığını yaddan çıxarsın deyə başqa şeylər haqqında düşünməyə çalışırdı. Birdən ağlına aldığı borclar gəldi. Tələbənin borc almaqdan da, borc verməkdən də zəhləsi gedirdi. Bacardığı qədər heç kimə ağız açmamağa, heç kimdən borc almamağa çalışırdı, lakin artıq mümkün deyildi. Son üç ayda aldığı borclardan isə həqiqətən utanırdı. İmkanı yerində olan tələbə yoldaşlarından borc almışdı, müəllimlərindən borc almışdı. Aldığı axırıncı borcu isə ondan oğurlamışdılar. Beynəlxalq ingilis dili imtahanına hazırlaşan tələbə imtahanın ödənişini ödəyə bilmədiyi üçün hardasa bir həftə bundan qabaq bir professordan yüz dollar borc almışdı. Əslində özü professordan birbaşa pul istəməyə utandığı üçün ona hər dəfə kömək edən müəllimlərin birindən xahiş etmiş, müəllim isə pulu professordan alıb tələbəyə vermişdi. Bu pulu əldə edən vaxt imtahana təxminən bir ay qalırdı. Tələbə imtahanın ödənişini tapıb düzəltdiyi üçün sevinirdi. Ancaq çox keçmədi ki, həmin yüz dolları otağından oğurladılar. Son ümidinin dalıyca qaçan tələbədən də pul oğurlaya biləcək insanların varlığı onu həm təccübləndirmiş, həm də təəssüfləndirmişdi. Yox, əslində bu hissin adı təəssüf deyildi. Tamam başqa bir hiss idi bu. Təəssüf desən – deyil, acımaq desən – deyil, qəzəb desən – deyil. Çox qəribə bir hiss idi. Beləcə imtahanın ödənişini düzəltdiyinə sevinən tələbə yenidən sıfırdan başlamaq məcburiyyətində qalmışdı. Bu dəfə qaytarmalı olduğu əlavə yüz dollar borcla.

Bu fikirlərlə yağışın altında ağır-ağır addımlayan tələbə başını qaldırıb 225 nömrəli orta məktəbi gördü. Məktəb onun yaşadığı yataqxananın düz qarşısında idi. Tələbə yataqxanaya daxil olub üçüncü mərtəbəyə qalxdı. Otaqlarda istilik sistemi olmadığı üçün hər kəs otağını özü isidirdi. Tələbə teatra getməzdən əvvəl təhlükəsizlik tədbiri olaraq istiliyi ayırdığı üçün otaq həddən artıq soyuq idi. Yolda hiss etdiyi soyuq onsuz da tələbənin iliklərinə qədər işlədiyi üçün titrəməyə başlamışdı. Paltarlarını soyunub yatağına uzandı. Bir tərəfdən piyada gəldiyi yolun yorğunluğunu, bir tərəfdən aclığın verdiyi halsızlığı, bir tərəfdən də soyuğun səbəb olduğu titrəməni unutmaq üçün yatmağa çalışan tələbə gözlərini yumdu.

***

Hələ gözlərini açmamış tələbə hiss etdiyi güclü baş ağrısı ilə səhərin açıldığını anladı. Ağzı qup-quru idi. Çay dəmləmək üçün ayağa qalxmaq istəsə də, boynundan güclü bir sancı qopdu. Sancı o qədər qüvvətli oldu ki, tələbə yüksək səslə zarıldadı. Deməli gecə soyuqdan boynu tutulmuşdu. İnadla gözlərini açmağa çalışmasına baxmayaraq, gözlərini açan kimi başağrısı daha da şiddətlənirdi. Sinəsində bir yanma hiss edən tələbə əlini (əllərini də dirsəkdən istifadə edə bilirdi, qollarını tam açanda çiyinlərində ağrı duyurdu) yanağına apardı: qızdırması var idi. Ayaqlarında isə əksinə, dondurucu bir üşütmə hiss edirdi. İstiləşmək üçün ayaq barmaqlarını yığıb açırdı. Ancaq bunun elə bir faydası olmurdu.

Yatağından qalxa bilməyən tələbə üçün növbəti gün – növbəti imtahan başlamışdı...

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #