Sığınacaq - Şamxal İbrahim

Şamxal İbrahim

Şamxal İbrahim

14 dekabr 2021
# 14:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Şamxal İbrahimin “Sığınacaq” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

İçimdə daim məni narahat edən bir sıxıntı vardı. Beynimin, gözlərimin, bədənimin tək qalmağa ehtiyacı vardı. Sadəcə 2 saat...Hər gün...

Dünyalar gözəli qızımız nəhayət ki doğulmuşdu. Sənəmlə beş ildir evliyik, bu bizim ilk övladımız idi. Kirpi balasını pambığa bənzətdiyi kimi, körpə qızımı da sarı kuklaya bənzədirdim. O qədər məsum idi ki... Gecələr nəfəs almasını dinləyər, bir yerini incitməyim deyə qucağıma almaqdan qorxardım. Gözləri gülüncə cənnət baxçasının içində kimi hiss edirdim... Və əlbəttə ki, gecələri yatmağa qoymadığı üçün bir az yuxusuzdum. Məni yoran isə yuxusuzluq deyildi, beynimin içindən süzülən fikirləri yaza bilməməkdi. Qızım doğulandan bəri heç nə yazmağa fürsət tapa bilməmişdim. Yazmaq-mənəvi rahatlıq tapdığım ən möhtəşəm ritual idi. İşdən axşamüstü 6-da evə gəlirdim, bundan sonra zamanın necə keçdiyini hiss etmirdim. Bəzən evə gəldikdə qızımla oynamaq üçün qohumlarının gəldiyini görür, söhbətlər uzanar və bir də gecə saatın 12 olduğunun fərqinə varardıq.

Hər axşam işdən dönərkən, hamı yatdıqdan sonra ən az bir saat yazacam - deyə düşünürdüm. Amma alınmırdı, hamı yatdıqdan sonra mən də yorğun düşürdüm, gözlərim sözümə qulaq asmırdı... Qızım gecə tez-tez oyandığı üçün, həyat yoldaşım qızımın otağında yatmağa başlamışdı...

Evdə yaza bilməyəcəyimi başa düşürdüm. Başqa yollar axtarmağa başladım... Sabah 9 da işə getmək əvəzinə sabah 7-də evdən çıxıb sahildəki kafelərin birində oturub iş başlayana qədər yazmağa cəhd elədim, alınmadı. Ofisiantların tez-tez gəlib "nəsə lazımdırmı" deyə sual etməsi, erkəndən kafedəki insanların mənə qəribə gözlə baxması... Qısası bu fikirdən daşındım...

Heç nə yaza bilmirdim, ürəyim sıxılırdı, çıxış yolu axtarırdım, beynimdəki düşüncələri qələmə ala bilmirdim və bu mənə əzab verirdi...

Yenə bir axşam işdən evə qayıdırdım, beynimin dərinliklərindən süzülüb gələn sətirlər vardı, onları nə edəcəkdim? - deyə öz özümə deyinirdim... İşıqforun qırmızı işığında durarkən ağlımda bir işıq yandı...

Kirayə bir ev... Özümə kiçik, ucuz bir ev tapmaq... tapmaq... Bir otaqlı, səssiz... Hər gün işdən evə dönərkən 1-2 saatımı keçirəcəyim, yaza biləcəyim bir sığınacaq necə gözəl fikirdi. Bankda işləyirdim, maaşım yaxşı idi, özümə bu yaxşılığı etmək istəyirdim. Ürəyimə sevgi qığılcımları doldu... Ertəsi gün işdən tez çıxıb daşınmaz əmlak agentliyinə getdim. Evimizə gedən yolda, köhnə bir binada bir otaq və bir mətbəxdən ibarət səliqəli, səssiz, mütəvazi bir ev kirayələdim...

Çox sevincli idim. Ev yazmaq, düşünmək, özümlə baş-başa qalmaq üçün çox uyğun idi. Başqa nə istəyirdim ki?! Hər gün işə gedərkən 1 saatlıq, işdən qayıdarkən də 2 saatlıq sığınacağıma baş çəkirdim... Evdə edə bilməyəcəyim hər şeyi orda edə bilirdim: yazarkən ard-arda siqaretlər yandırırdım, özümə çay dəmləyir, bəzən peçin üzərində şabalıd qızardıb yazarkən ləziz dəqiqələr yaşayırdım... Çox xoşbəxt idim...

Bir axşam sığınacağımda yenə nəsə yazmağa çalışırdım. Öz özümə düşünməyə başladım: niyə mən buna ehtiyac duydum, nədir məni tək qalmağa vadar edən, görəsən, Sənəm bundan xəbər tutsa ona bu durumu necə izah edəcəm, axı illərdir bir-birimizdən heç nə gizlətməmişdik. Sonra özümü yazmağı qərara aldım. Yazdığım əsərdə özüm baş rolda idim, etdiyim hər şeyi yazacaqdım... Əsərin bitişində isə özüm nələrsə edəcəkdim. Buna hələ qərar verməmişdim...

Hər gün evdən işə, işdən sığınacağa, sonra yenə evə gəlirdim. Bu sirrimdən heç kimə, hətta ən yaxın dostlarıma belə danışmamışdım. İçində yazmaq, duyğularını sətirlər üzərində rəqs etdirmək həvəsi olmayan kim məni anlaya bilərdi axı? Hər kəs öz işində idi, mənim bu sirrim heç kimin vecinə deyildi. Daha əsəbi biri deyildim, Sənəmin bişirdiyi brokoli tərkibli yeməklərdən yeyə bilirdim, qayınanamın hər şeyə qarışması məni cin atına mindirmirdi, qısası, sığınacaq mənə yaxşı təsir etmişdi...

Sığınacaqda isə öz hekayəmi yazırdım. Amma sonunu gətirə bilmirdim, qəhrəmanın xoşbəxt sonluqda xəyal edə bilmirdim. Gözəl şeylər yazmağa cəhd etsəm də, alınmırdı... Qəhrəmanı, sığınacaqda boğaraq öldürmək və ya bir gecə sığınacaqda yatıb səhər oyatmamaq arasında var gəl edirdim...

Qızımız nənəsigildə qaldığı bir axşam Sənəmlə film izləməyə getmişdik. Film arası qısa fasilədə gözlərim özümdən qeyri ixtiyarı yumuldu, mürgülədim. Yuxumda sığınacaqda idim, yazdıqlarımı kibrit çaxıb yandırırdım...

Gözlərimi açdığımda film bitmək üzrə idi. Ayağa qalxıb maşına doğru hərəkət etdik. Yolboyu heç nə danışmır, bütün fikrim yazdığım hekayəmin yanında idi, sonunu necə bitirəcəyimi düşünürdüm. Bu fikirlə Sənəmin yanımda olduğunu unudub özümdən qeyri-ixtiyarı maşını sığınacağın yanına sürmüşdüm. Fərqinə vardığımda dəhşət məni bürüdü, böyük həyəcan keçirməyə başladım. Maşını saxlayıb geri dönmək istəyərkən Sənəm "nəhayət məni o evə gətirməyə qərar verdin" - kinayəli bir səslə dilləndi...

Heyrət içində idim... O buranı haradan tanıyır? Yəqin son günlərdəki dəyişiklikləri hiss edib məni izləyib - deyə düşünməyə başladım. Nərdivanları çıxarkən sanki ürəyim ağzımdan çıxacaqdı, həyəcan, qorxu, utanmaq... Eyni anda bütün hissləri yaşayırdım... "Ona bu durumu necə izah edəcəm? Görəsən, məni tərk edəcəkmi? Ondan gizlətdiyim bu qədər şeydən sonra onun üzünə necə baxacam"... Beynimdə dolaşıq və bədbin fikirlər hökm sürürdü...

İçəri girib divanda oturduq. İkimiz də ağzımızı açmırdıq... Sükutun qulaq batırdığı zamanlardan biri idi... Mən ona, o da əşyalara baxırdı...

Vəziyyəti izah etməyə çalışıb sözə başlamaq istədim: "Bilirsən, mən bu evi hərdən sığınacaq olaraq" sözümü bitirməyə imkan vermədi. "Bu gecə burda qal, sabah danışarıq" - dedi və ayağa qalxdı... Masanın üzərindən maşının açarını götürüb ona uzatdım. O, açarı alarkən göz-gözə gəldik və gözlərinin dərinliyində hər şeyi başa düşdüyünü və məni tərk etməyəcəyini hiss edə bilmişdim... Ancaq aramızdakı körpülərdən birinin yandığının qoxusunu duymuşdum...

Pəncərənin qarşısında onun maşına minməyini izlədim... Sonra bir siqaret yandırıb, alovun siqaretdən tuta-tuta, yavaş-yavaş irəlilədiyini izlədim.

Ertəsi sabah işə getmək üçün çıxarkən bir də heç vaxt qayıtmayacağımı bildiyim sığınacağa son dəfə kədərli gözlərlə nəzər saldım...

# 1533 dəfə oxunub

Müəllifin son yazıları

# # #