V Beynəlxalq Muğam Festivalı keçiriləcək

V Beynəlxalq Muğam Festivalı keçiriləcək
28 fevral 2018
# 09:59

Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən Bakıda 7-14 mart tarixində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək. Azərbaycan Bəstəkarlar İttifaqı mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Festivalın bədii rəhbəri Xalq artisti, YUNESKO-nun “Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.

Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və başqa ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.

Festivalın açılış mərasimi 7 mart 2018-ci il tarixində Heydər Əliyev Sarayında keçiriləcəkdir. Tədbirdə tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu, (baletmeyster Cəmilə Bayramova), Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və solistlər - Gülyaz Məmmədova, İlkin Əhmədov, Afaq Abbasova, Anton Fernştat, Sahib Paşazadə, Toğrul Əsədullayev və başqaları iştirak edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasında 7-10 mart tarixində “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcək.

Azərbaycan Milli Konservatoriyasında 10-13 mart tarixində beynəlxalq muğam müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistan musiqi mədəniyyətinin tanınmış nümayəndələri iştirak edəcəklər. Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.

Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

12 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası təqdim olunacaq. Tamaşa ilk dəfə 2017-ci il mayın 18-də Fransada, YUNESKO-nun Mənzil-qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr edilmiş tədbirdə nümayiş olunub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayev “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Ü.Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaq.

Gəncə şəhərində 8-13 mart tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.

Festivalın təntənəli bağlanış mərasimi 14 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Gecədə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Muğam müsabiqəsi qalibləri çıxış edəcəklər.

# 1246 dəfə oxunub

Müəllifin son yazıları

# # #