"Sevilməyə layiq olmadığını hiss etmək dəhşətli duyğudur..." - Bestseller yazıçıdan sitatlar

"Sevilməyə layiq olmadığını hiss etmək dəhşətli duyğudur..." - Bestseller yazıçıdan sitatlar
14 avqust 2026
# 15:00

Bu gün ABŞ yazıçısı, bestseller romanlar müəllifi Daniella Stilin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatlar təqdim edir.

Bəlkə də bəzi insanlar ömrümüzün sonuna qədər yanımızda qalmaq üçün deyil. Bəlkə də onlar sadəcə ötəri bir qonaqdır. Sanki bəzi kəslər həyatımıza bizə nəyisə bəxş etmək üçün gəlirlər: bir hədiyyə, bir xeyir-dua və ya öyrənməli olduğumuz bir həyat dərsi. Onların varlıq səbəbi məhz budur. Həmin bəxşiş isə əbədi olaraq səninlə qalacaq.

***

Həyat - gözəl və möhtəşəm bir həyat "Niyə də yox?" sualının üzərində qurulub. Kaş bunu heç vaxt unutmayaq.

***

Hər şey necə olmalıdırsa, elə də baş verir.

***

Həyatı yenidən bir məna kəsb etməyə başlamışdı, baxmayaraq ki, bundan zövq aldığını deyə bilməzdi. Lakin düşüncələri aydınlaşmış, qəlbindəki o daimi ağırlıq azalmışdı; yalnız onu xatırlayanda ürəyi sızlayırdı. Amma bilirdi ki, zamanla bunun da öhdəsindən gələcək. Əvvəllər bacarmışdı, yenə bacaracaqdı. Nəhayət, qəlb yaraları sağalır.

***

Nağıllardakı sehri görə bilsən, gələcəklə cəsarətlə üzləşə bilərsən.

***

Mənə nə mahnılar oxu, nə nağıllar söylə, nə də arxamca göz yaşı tök; sadəcə məni xoş xatirələrlə an.

***

Doğru insan qarşına çıxanda hər şeyin necə də sürətlə baş verdiyinə heyrət edərsən.

***

Bəzən bizi ən çox incidən şeylərlə üzləşməliyik. Bəlkə də bunu etməyincə sağalmayacaqsan. Hələ ki sağalmamısan. Hər ikisi də bunun doğru olduğunu bilirdi. Keçmişi dəfn etmədən irəli addımlaya bilməzsən.

***

Hər kəs həyatında əbədi qalmaq üçün deyil.

***

Ehtiras ötəridir, romantika xoş ola bilər, amma hər şeydən önəmlisi sevgidir. Çünki sevgi olmadan ehtiras da, romantika da hər zaman qısamüddətli olar.

***

İnsanlar ümidsizliyə qapılanda bəzən qəribə addımlar atırlar.

***

Ən çox sevdiyin insanlar tərəfindən, nəticədə isə heç kim tərəfindən sevilməyə layiq olmadığını hiss etmək dəhşətli duyğudur.

***

Sevgi olduqca sərtdir. Bəzən çox ağrılı, darmadağınedicidir. Ondan daha betəri və ya daha gözəli yoxdur. Biz onun gətirdiyi ən yüksək sevinclərə və ən dərin kədərlərə eyni dərəcədə dözməkdə çətinlik çəkirik. Amma bunların yoxluğu daha dözülməzdir.

***

Sevgi qarmaqarışıqdır. Əgər birini həqiqətən sevirsənsə, ağrıdan qaça bilməzsən. İnsanlar ölür, insanlar gedir, hər şey dəyişir, amma bəzən hər şey yoluna düşür.

***

Heç kim sənin azadlığını əlindən ala bilməz. Sadəcə hərəkət sərbəstliyini məhdudlaşdıra bilərlər, əllərindən gələn də elə yalnız bundan ibarətdir.

***

Ümidini heç vaxt itirmə və bacarırsansa, yenidən sevmək üçün cəsarət tap.

***

Uzaq məsafəli münasibətlər yaxınlıqdan və bağlılıqdan qaçmağın başqa bir yoludur.

***

Həyatda bəzi şeyləri gözləməyə dəyər.

***

Məni xatırladın? Yenə əvvəlki halıma qayıtmışam. Nə öhdəliklər, nə bağlılıqlar, nə də maneələr. Nə nəyəsə sahib olmaq, nə kimisə sevmək, nə də insanlara, məkanlara və ya əşyalara çox bağlanmaq istəyirəm. Bu, mənə çox yaxşı təsir edən bir qaydadır.

***

Mən də onlardan biriyəm - o qəribə və fərqli olanlardan. Demək istədiyim odur ki, fərqli olmaq normaldır və əgər həyatda bir yerə gəlmək istəyiriksə, bundan sonra fərqli olsaq, daha yaxşıdır. Məktəbdə öyrəndiyim yeganə həqiqət budur: fərqli olmaq eyib deyil.

***

Əgər qismət olsa, nə vaxtsa hər şeyi yoluna qoymağın bir çarəsini tapacaqlar.

***

O getmişdi və qadının qəlbi qırılmışdı; önəmli olan bircə bu idi.

***

Narahat olma. Doğru olan şey doğru zamanda gələcək.

***

Duyğular məntiqlə idarə olunmur. Bəzən heç bir mənası olmayan, tamamilə uyğunsuz insanlara aşiq olursan. Məntiqli görünənlər isə sonda yanlış insan çıxır.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər