“Noa’’ qəbiləsinin qadınları – Fəridə

Fəridə

Fəridə

17 dekabr 2021
# 12:32

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Fəridənin “Noa qəbiləsinin qadınları” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

- Nəğmə susur, ana – Pia bütün gücünü toplayıb, qanlı dodaqlarını tərpədərək inildədi.

Anası diz çöküb onun başını dizlərinin üstünə almışdı. Qəzəbli gözlərindən leysan kimi yaş süzülürdü. Bir əli ilə qızın yarasını möhkəmcə sıxır, o biri əliylə də saçlarını oxşayırdı. Pia al-qan içində idi. Anası onun ölmək üzrə olduğunu anlayırdı. Ətrafdakı qadınlardan heç biri onlara yaxınlaşmağa cəsarət etmirdi. Xısın-xısın iç çəkir, sakitcə baxırdılar.

- Nəğmə susur, ana – Pia yenə inildədi. Bu dəfə səsi çox astadan, sanki quyunun dibindən gəldi və anasından başqa heç kim onu eşitmədi.

Al qana bələnmiş qızını dizləri üstdə almış bədbəxt ana qanlı əlini yaradan çəkib qızının gözlərinə dağılmış tellərini arxaya daradı, bir qədər aşağı əyilib dodaqlarını Pianın qulağına dayadı:

- Bu zülmət vadinin o tərəfində

Hardasa, o ağaclardan, meşədən o yanda

hardasa bir külək qopacaq və

bizə xəyallarımızı gətirəcək

bizə arzularımızı gətirəcək...

Gəl, külək, gəl,

bizə lalələr gətir....

Ana oxuduqca qızın gözləri yavaş-yavaş yumulurdu...

***

- Mən çox qorxuram – qaranlıq və nəmişlik daxmanın küncündə bir-birinə qısılmış üç qızcığazdan biri ağlamsındı.

- Qorxma, içindəki nəğməyə sarıl, ürəyində bircə an olsun dinməsinə imkan vermə - Pia qətiyyətli səslə dilləndi.

- Nəğmə?

- Nəğmə nədir?

- Nə nəğməsi?

Qızların sualları ard-arda yağdı. Pia bir anlıq çaşdı. Necə yəni nəğmə nədir?

- Sizin nəğməniz yoxdur?

- Pia, yenə bizi güldürməyə çalışırsan...

Qızlar qaqqılaşdı. Bir anlıq harda olduqlarını unutmuşdular...

Qaranlıq və nəmişlik daxmada neçə gün qaldıqlarını hesablaya bilmirdilər amma ən azı iki gün keçmişdi. Içəri zülmət idi. Daxmanın divarının lap yuxarısında balaca bir baca vardı amma nəsə tıxamışdılar. Deyəsən, saman idi. Aradan nazik, ensiz bir işıq zolağı düşürdü. O zolaqdan düşən işığa görə gecə və gündüzü təyin edirdilər. Bu günlər ərzində heç kim bircə dəfə olsun qapını açıb içəri girməmiş, nə yeməyə quru çörək, nə də bir qab su verən olmamışdı. Qızlar susuzluqdan və aclıqdan, üstəlik, günlərdir o qədər piyada yol gəldiklərindən taqətdən düşmüşdülər. Çuval kimi divarın bir küncündə bir-birinə qısılıb otururdular. Içəridə qoyun qığı və sidik qoxusundan burun çatlayırdı.

Qızlar heç danışmaq da istəmirdilər. Arabir hıçqırır, inildəyir, halsız əlləri ilə bir-birinin əlini sıxıb gözləyirdilər.

Pia öz aləmində idi. İçlərində bir tək onun ümidi vardı. Bircə o inanırdı ki, bu kabus bitəcək. İçində dayanmadan öz nəğməsini oxuyurdu: “Hardasa bu zülmətin o tərəfində, hardasa bir külək qopacaq.... gəl, külək’’...

Gözlərini yumub vadisini düşünürdü. Anasını düşünürdü. Qəbilə qadınlarını, Mata*nı düşünürdü...” (*Mata – latın dilində fahişələrə verilən ad).

***

Hər il qəbiləyə hücum çəkib evləri dağıdan, hər şeyi talan edən, uşaq-qoca, qadın-kişi demədən heç kimin gözünün yaşına baxmayıb oxdan, nizədən keçirdən düşmən atlıları yenə üfüqdə görünürdü.

Qadınlar səs-səsə verib qiyyə çəkdilər, qocalar uşaqların əllərindən tutub komalara qaçdılar, kişilər nizə-balta ilə silahlanıb obanın önündə sipər qurdular.

Ölümü gözləyirdilər.

Atlılar obaya bir az qalmış dayandılar. Sıra ilə düzülmüşdülər. Sanki nəyisə gözləyirdilər. Beş dəqiqə, on dəqiqə keçdi. Nə düşmən yerindən bir addım atmışdı, nə də obaya sipər çəkən qəbilə kişiləri.

Bu sükutu qəbilənin Matası pozdu. Əlində dəyənəklə kişiləri yarıb önə keçdi. Asta addımlarla düşmən atlılarına doğru addımladı. Ayaqyalın, başıaçıq, qorxmadan irəliləyirdi. Çılpaq çiyinlərinə dağıtdığı pırtlaşıq saçları yırğalanır, axşam günəşinin şəfəqləri altında qarabuğdayı bədəni parıldayırdı.

Hamı sakitcə dayanıb mənzərəni izləyirdi. Mata düşmən atlılarına çathaçatda nə əmr verildisə əlindəki dəyənəyi yerə atıb diz çökdü. Atlılardan biri cərgənin önünə çıxmışdı. Nəsə danışırdılar. Bir qədər sonra Mata ayağa durdu, yerə tulladığı dəyənəyi götürüb üzü obaya tərəf gəlməyə başladı. Düşmən atlıları hələ də hərəkətsiz dayanmışdılar.

Mata obaya çatanda qəbilə kişiləri bir anda ona hücum çəkdilər. Nə baş verdiyi hamıya maraqlı idi.

- Onlar sizi istəyirlər – Mata heç nə olmamış kimi, sakitcə dilləndi - əgər qəbilədəki bütün kişiləri, uşaqdan qocaya qədər onlara əsir versək, qəbiləyə toxunmayacaqlar və bir daha bu yerlərə ayaq basmayacaqlar.

Bayaqdan sakitcə komaların önündə topalaşıb dayanmış qadınlar yenə qiyyə çəkdilər.

Kişilər öz aralarında bir qədər məsləhətləşdilər. Düşmən atlıları hərəkətə başladı. Üzü qəbiləyə doğru yavaş-yavaş gəlirdilər.

Kişilər əllərindəki silahları yerə tulladılar. Düşmənə təslim olacaqdılar. Komalara doluşmuş qocaları səslədilər. Anasının tumanını dartışdıran balaca oğlanları qucaqlarına aldılar. Hətta balaca bir körpəni az qala anasının döşlərindən qoparıb götürdülər.

Qadınlar qışqıra-qışqıra düşmənə lənət oxuyur, ərlərini, atalarını, uşaqlarını, qardaşlarını qucaqlayır, onların əl-ayağından yapışıb mane olmağa çalışırdılar.

Balaca oğlanlar ağlaşır, komadan başlarını çıxarıb bu qəribə mənzərəyə tamaşa edən qızcığazlar sapandla düşmən atlılarını nişan alırdılar. Qadınlardan bəziləri huşlarını itirib yıxılmışdılar.

Düşmən atlıları obaya çatdılar. Kişilər uşaqları qucaqlarına alıb, qocaların qollarından yapışıb başlarını aşağı salıb sakitcə dayandılar. Mata qadınlarla kişilərin arasında sanki sərhəd idi. Əlindəki dəyənəklə irəli durub kişilərə yaxınlaşmağa cəhd edən qadınları vurub yerə sərirdi.

Həmin gün qəbilənin bütün kişiləri uşaqdan böyüyə, körpəsindən ahılına qədər bir nəfər kimi düşmən atlılarının əhatəsində obadan çıxdılar və onların sonrakı taleyi necə oldu, heç kim bilmədi. Düşmən atlıları sözlərini tutdular və bir daha qəbiləyə hücum çəkən olmadı.

Kişilər gedəndən, qadınlar özlərinə gələndən, qoca qarılarla qız uşaqları komalardan çıxıb onlara yaxınlaşandan sonra Mata əlindəki dəyənəyi yuxarı qaldırıb ucadan və qəzəbli səslə qışqırdı:

- Qadınlar, bu gündən sonra Noa qəbiləsinin başçısı mənəm. Bu gündən sonra mənə “Mata’’ deyə səslənən hər kəs cəzalandırılacaq. Bundan sonra mənim adım “Qara Od’’dur. Bundan sonra bu qəbilədə mənim qanunlarım keçəcək. Məndən icazəsiz bir quş uçmayacaq, bir gül açılmayacaq.

Həmin günə qədər qəbilənin fahişəsi olan bu qadın beləcə, qəbilənin başçısı olmuşdu.

O gündən sonra qəbilənin qara günləri başladı. Qadınlar nə əkinçilikdən anlayırdılar nə də ov etməkdən. Üstəlik, həmin qış qar da yağmamışdı. Nə yaz, nə yay nə də payızda yağış da yağmadı. Torpağa necə gəldi səpdikləri buğda, qarğıdalı toxumları eləcə ziyan olub getdi. Anbar komalarda azuqə tükəndi. Keçiləri kəsib yedilər.

Hərdənbir çayın qırağına düşən quşları ovlaya biləndə qəbilədə bayram olurdu.

Meşədən yığdıqları giləmeyvələri qurudub qış üçün azuqə saxlayırdılar. Quraqlıq olduğundan çayın suyu da qurumaqda idi. İl-ildən çətin gəlirdi. Və göy üzündən bir damcı su enmirdi.

Vadinin yamyaşıl təpəlikləri bomboz səhraya çevrilirdi. Kollar quruyur, ağaclar yarpaq açmır, otların yarpaqları getdikcə nazilir, tikanlara çevrilirdi. Hər yer boz rəngə bürünürdü.

Beş-altı qotur keçidən və dərdli qadınlardan ibarət idi qəbilə.

Həmin il qəribə bir hadisə baş verdi. Qızı ilə meşəyə meyvə yığmağa getmiş qadınlardan biri geri tək qayıtdı. Qayıdanda qız yanında yox idi. Nə baş vermişdi heç kim bilmədi, ana sadəcə qızını itirdiyi söylədi. Başını aşağı salıb meyvə toplayırmış, bir də baxıb ki, qız yoxdur. Düzü, bu heç kimin vecinə olmadı, Mata bir qədər sorğu-sual edəndən sonra qadını dinc buraxdı və itmiş qız eləcə unuduldu.

Təkcə Pia bacısını unuda bilmirdi. Gecələr yatağa uzananda anasına qısılıb onu sorğu-suala tutur, bacısının necə itdiyini soruşurdu. Anası heçnə demir, kədərli gözlərindən yaş axıdırdı...

***

Pia yaşıdı qızlarla meşəyə giləmeyvə yığmağa getmək istəyirdi. Anası əvvəl icazə vermək istəməsə də, qızların yalvarışlarından təngə gəlib onları Qara Odun komasına apardı və icazə aldı. Amma yanlarında bir qadın da gedəcəkdi. Beləcə, bir qadın və üç qız üzü meşəyə yola çıxdılar.

Qızlar qaçışır, bir-birini itələyir, gülüşə-gülüşə əylənirdi. Heysiz və yorğun qadın onlara çata bilmirdi. Qəfildən Pianın ağlına bir fikir gəldi. Qadına təklif etdilər ki, daşın üstündə oturub onları gözləsin. Onsuz da meşəyə cəmi on-on beş addım qalmışdı. Qadın burda gözləyəcək, qızlar da azuqə yığıb geri qayıdacaqdılar. Bu təklif qadının ürəyincə oldu. Ətəklərini çırmalayıb daşın üstündə oturdu və qızlara tez qayıtmaqlarını tapşırdı. Qızlar qaça-qaça meşəyə doğru götürüldülər.

Meşəyə girən kimi qızlardan biri yaxınlıqdakı itburnu koluna tərəf qaçdı.

- Dayan – Pia arxadan onu səslədi – bəlkə, meşənin dərinlikərinə doğru gedək, kim bilir, bəlkə bəxtimiz gətirər göbələk də taparıq?

- Bəs yolu tapa bilməsək?

- Getdiyimiz yolu geri qayıdacağıq, burda qorxulu heçnə yoxdur. Bəlkə, çiçək və ya kəpənəyə də rast gələrik, gedək, noolar, gedək – Pia israr edirdi.

- Çiçək?

- Hə, yadınıza gəlir, əvvəllər çəmənliklər dolu olardı. Xırda sarı turp çiçəkləri, al-qırmızı lalələr, xatırlayırsız?

- Həəəə...

- Çiçəkdən-çiçəyə uçuşan kəpənəklər – Pia qollarını yana açıb uçurmuş kimi elədi.

- Çox gözəl idilər – qızlardan biri dilləndi.

- Pia, yolu itirsək, geri qayıda bilməsək Qara Od anamı öldürəcək. Bizə tək gəlməyə icazə verdiyi üçün onu cəzalandıracaq.

Ancaq Pia onlara qulaq asmadı. Qollarını yana açıb ‘’uça-uça’’ ağacların arasına daldı. Qızlar səbət qollarında ‘’Pia, Pia’’- deyə onun ardınca qaçdılar.

Çiçək, kəpənək, göbələk eşqi ilə nə qədər yol gəlmişdilər bilmirdilər, amma ağacların arasından süzülən işığa baxanda axşam düşdüyünü anladılar. Meşənin uğultusu, dərinliklərindən eşidilən əcayib-qərayib səslər onları qorxutdu. Ağacları yara-yara meşənin kənarına çıxanda artıq hava qaralmışdı. Vadidən, obadan nə qədər uzaqlaşmışdılar təyin edə bilmirdilər. Üstəlik, üzüaşağı yaxud yuxarı getməli olduqlarını da kəsdirə bilmirdilər.

Daşın üstündə oturub onları gözləyən qadın çoxdan çıxıb getmişdi yəqin. Obada qızları meşədə itirdiyini desə uzağı Mata bir az sorğu-sual edəcəkdi. Sonra heç nə olmamış kimi unudulacaqdı. Pia bunları düşünüb ağlamağa başladı. Qızlar da ona qoşulub ağlaşdılar. Amma ediləcək bir şey yox idi. Hava qaranlıq idi. Meşəyə girmək təhlükəli ola bilərdi. Ağaclardan birinin arxasında bir-birinə qısılıb oturdular və səhərin açılmasını gözlədilər.

Qızlar yuxudan oyananda hava işıqlaşmışdı. Bir-birinə qısılıb yatan balaca küçüklər kimi bir-birini isitməyə çalışsalar da səhər şehi, havanın sərinliyi onları üşüdüb yuxudan oyatmışdı. Vaxt itirmək olmazdı. Səbətdəki giləmeyvələrdən ağızlarına atıb yola çıxdılar. Amma hansı tərəfə getməli olduqlarına qərar verə bilmirdilər. Bir qədər tərəddüddən sonra istiqaməti seçib yola çıxdılar.

Meşənin kənarı ilə gedirdilər. Bir əllərində səbət, o biri əlləri ilə bir-birindən yapışıb ürkək-ürkək addımlayırdılar. Götürdükləri su bitmək üzrə idi. Qənaətlə içirdilər ki, obaya çatana qədər onlara bəs eləsin. Gəldikləri yol boyu nə bir gölməçə, nə də sısqa bir arxa rast gəlməmişdilər.

Saatlarla yol getdilər. Arabir dayanıb dincəldilər. Axşam günəşi qürub etdi. Yol uzandıqca uzanır, nə meşə bitirdi nə də, oba, vadi gözə dəyirdi. Səhv istiqamətdə hərəkət etdiklərini yalnız ikinci axşam günəşi qürub edəndə anladılar.

Yorulub əldən düşmüşdülər. Suları qurtarmışdı. Səbətlərində beş-altı büzüşmüş alma qalmışdı.

- Bəlkə, geri qayıdaq?

- İki gündür yol gəlirik. Bu qədər yolu geri qayıtmaq üçün nə halımız qalıb, nə də azuqəmiz. Yolda acından və susuzluqdan ölməkdənsə, irəliləyək, bəlkə qarşıda bulaq və ya arx tapa bilərik. Yolu geri qayıdıb yenidən gələ bilərik. Ən azı indi istiqaməti bilirik.

Ağıllı fikir kimi səslənirdi. Qızlar etiraz etmədən Pianın təklifi ilə razılaşdılar.

Meşənin kənarı ilə yola davam edirdilər. Arabir ağacların dibinə düşmüş büzüşmüş alma, heyva tapıb sevincək səbətlərinə atır, su tapmaq arzusu ilə irəliləyirdilər.

Üçüncü günün günortası idi. Yorğun-yorğun addımlayan qızlar birdən su səsi eşitdilər. Dayanıb dinşədilər. Su səsi lap yaxında gəlirdi. Səbətləri tullayıb səsə doğru qaçdılar. Bir qədər irəlidə bol sulu bir arx axırdı. Suyu tərtəmiz idi. Köpüklənir, şəlalə kimi bir qədər hündürdən aşağı gölməçəyə tökülürdü. Qızlar sevincək özlərini suya saldılar. Ovuclarını doldurub çatlaq dodaqlarına yaxınlaşdırdılar. Doyunca içdilər. Üz-gözlərini yudular. Su buz kimi idi. Amma veclərinə deyildi. Bir-birini islatmağa, qışqırışmağa başladılar. Bu vaxt at fınxırtısı eşidildi. Qızlar başlarını qaldıranda iki addımlıq məsafədə dayanıb onlara baxan atlıları gördülər.

***

Qapı açıldı. İçəri düşən işıq qızların gözlərini qamaşdırırdı. Əlləri ilə üzlərini qapamışdılar. Kimsə onları sürüyüb eşiyə çıxartdı. Etiraz etməyə halları yox idi. Sakitcə təslim olub nə baş verəcəyini izləyirdilər. Meydan kimi bir yerdə idilər. Ətrafda uşaqlar, qadınlar və kişilər qaynaşırdı. Pia gözlərini gəzdirib camaatın arasına boylananda bir anlıq qadınların içində anasına bənzəyən gənc bir qadın gördü sanki. Qadın görünüb itdi.

Onları arxın kənarında tutub gətirən atlılardan biri də burda idi. Qızların qolundan yapışıb ayağa qaldırdı və sanki onları kiməsə göstərirdi. Qadınlar öz aralarında pıçıldaşır, uşaqlar heyrətlə onlara baxırdılar. Tamaşa tezliklə başa çatdı. Kişi qadınlardan birini çağırıb qızları ona tapşırdı. Həmin qadın da köməyə bir neçə qadın çağırdı. Qızları qabaqlarına salıb komalara tərəf apardılar.

Əvvəlcə onları qəşəngcə çimdirib təmizlədilər. Sonra yeməyə dadlı yeməklər, toyuq budu, qaynadılmış ət və içməyə su, şirin çay verdilər. Qızlar həyatları boyu belə gözəl yeməklər yeməmişdilər. Ətrafda qaynayan oğlan uşaqlarına baxırdılar. Son dəfə nə vaxt uşaq səsi, kişi üzü gördüklərini xatırlamırdılar. Ona görə də kişilərdən, oğlanlardan qorxurdular. Yeyib-içəndən sonra onları yatmaq üçün bir komaya apardılar. Komada səliqəli yer yataqları salınmışdı. İçəridə onlardan başqa da bir neçə qız vardı.

Yerlərinə girməmişdən əvvəl onlara qulluq edən qadınlardan biri əyilib sakitcə aybaşı görüb-görmədiklərini soruşdu. Qızlar aybaşı gördüklərini dedilər. Qadın komadan çıxdı. İçərdəki qızların qəribə baxışları altında yuxuya getdilər.

Səhər açılan kimi dünənki qadın dürtmələyib oyatdı onları. Tələsik geyinib bayıra çıxdılar. Ətrafda qəbilə insanları qaynaşırdı. Nəsə bayrama hazırlaşırdılar sanki. Hər tərəf al-əlvan cındırlar, iplər, çiçəklərlə bəzədilmişdi. Qızlar hayıl-mayıl şəkildə ətrafa, çiçəklərə, uşaqlara, rəngbərəng geyimlərdəki qadınlara boylanırdılar.

Bu gün toydur – onlarla bərabər komada gecələmiş qızlardan biri Pianın qulağına pıçıldadı.

- Toy? – Pia iri, ala gözlərini bərəltdi - toy nədir?

- Hə. Bu gün sizi tapan qəbilə kişilərinə arvad olacaqsınız – həmin qız sakit səslə cavab verdi.

- Arvad olmaq? – Pia heyrətləndi – xeyr, mən arvad olmaq istəmirəm – Pia necə qışqırdısa hamı çevrilib ona baxdı.

Yad qız sakitcə onun qolundan çəkdi.

- Ağlını başına yığ, səni yenidən o tövləyə salmaqlarını istəmirsənsə sus və səndən nə istəyirlərsə onu et.

Pia imdad dolu baxışlarla insanları süzdü. Deyəsən, heç kimin vecinə deyildi. Hamı toya hazırlaşırdı. Yenə qadınların arasında anasına bənzəyən o gənc üz görünüb itdi.

Həmin gün günortadan axşama qədər şənlik oldu. Kəsilib sişə keçirdilmiş qoyunlar, keçilər, ortaya düzüldü. Süfrələr cürbəcür toyuq, balıq yeməkləri, rəngli sularla dolduruldu. Hətta buğda unundan bişirilmiş şirin çörəklər də vardı. Qızlar sevinə-sevinə yeyir içir, qəbilə qadınlarına qoşulub rəqs edirdilər. Hallarından məmnun görünürdülər. Deyəsən, qəbilə, oba, anaları, Qara Od – hər şey unudulmuşdu. Pianınsa boğazından nə bir tikə çörək keçmişdi nə bir qurtum su. Qızlardan biri qolundan yapışıb onu rəqsə çəkmək istəyəndə Pia ona elə qəzəblə baxdı ki, qız sakitcə aralanıb uzaqlaşdı və rəqsə davam elədi.

Həmin gecə yatmaq üçün komaya getmək istəyəndə yaşlı qadınlardan biri onlara mane oldu. Artıq o komada yata bilməzdilər. Bu gecədən etibarən hər kəs öz kişisinin yanında yatacaqdı. Qızlar maraq və həyəcanla nə baş verəcəyini gözləyirdilər. Pia isə qışqırıb ağlamağa başladı. Arvad olmaq istəmədiyini, öz obasına, vadisinə, anasının yanına qayıtmaq istədiyini desə də qadınlar əvvəlcə gülüşdülər, sonra isə əsəbləşib onu zorla çəkib komalardan birinə saldılar.

Pia bir küncdə dayanıb gözləyirdi. Qorxurdu. Nə baş verdiyini anlamırdı. Bu işin sonu hara gedir bilmirdi amma özünü təhlükədə hiss edirdi. Peşman olmuşdu. Qızları dilə tutub meşənin dərinliklərinə doğru çəkdiyi üçün, yolun yarısından geri qayıtmağa qoymadığı üçün, ümumiyyətlə, ən başda anasına yalvarıb meşəyə getməyə icazə aldığı üçün peşman olmuşdu. Amma gec idi. Gözlərindən yaş süzülürdü. Dodaqaltı öz nəğməsini oxuyur, imdad diləyir, bir möcüzə gözləyirdi.

Qapı açıldı və yekəpər bir kişi içəri girdi. Kişi gözucu qızı süzüb əynini soyunmağa başladı. Alt paltarına qədər soyunub yatağa uzandı. Bir neçə dəqiqəlik sükut çökdü.

- Gəlmirsən? – yad kişi, nəhayət, dilləndi.

Piadan səs çıxmadı.

- Sənə əmr edirəm, soyun və gəl - kişinin səsindən qəzəb yağırdı.

Pia sakitcə paltarlarını çıxardı. Utana-utana yatağa yaxınlaşdı və yatağın küncündə oturdu. Bacadan enən ay işığında mələk qədər gözəl görünürdü.

Kişi əlini uzadıb onun qolundan yapışdı və özünə doğru çəkdi.

Pia gözlərini yumub ürəyində nəğməsini təkrarlaya-təkrarlaya kabusun bitməsini gözləyirdi.

O gecə səhərə qədər gözünə yuxu keçmədi. Yad kişi yatağın bir tərəfində şir kimi nərildəyə-nərildəyə yatdı. Səhər açılan kimi də pal-paltarını geyinib komadan çıxdı. Pia qorxudan, ağlamaqdan birtəhər olmuşdu. Yerindən qalxmağa halı yox idi. Bədəni gizildəyirdi. Nə baş verdiyini anlamırdı. Həyatında gördüyü ilk kişi bu gecə ona neynəmişdi anlamırdı amma bütün kişilərə nifrət etdiyini anlayırdı.

Yaxşı ki, Qara Od qəbilənin bütün kişilərini düşmənə verib deyə düşünürdü. Əvvəllər buna görə Qara Oda nifrət etdiyi üçün indi özünü qınayırdı. Bu vəhşi varlıqlardan uzaq, öz qəbiləsində necə xoşbəxt yaşadığını düşünürdü.

Dünənki qadınlardan biri içəri girib onu zorla geyindirdi. Əvvəlcə çimdirib, sonra yeməyə apardılar. Qızlar süfrədə idilər və yenə hallarından məmnun görünürdülər. Pia təəccübləndi. Görəsən, bu gecə onun başına gələnlər bu qızların başına gəlməmişdi? Ilk fürsətdə bunu onlardan soruşmağa çalışdı. Qızlar başlarıyla ‘’hə’’ deyib, yenə öz keflərinə döndülər.

Pia o gündən sonra özünü bədbəxt hiss edirdi. Gündüzlər bir tərəfdə sakitcə oturub ətrafda qaynaşan uşaqlara, qadınlara baxır, gecələr də o yad kişinin yatağında uzanırdı. Özünü ayaqüstdə gəzən müqəvva kimi hiss edirdi. Nə ağaclar, nə çiçəklər, nə kəpənəklər- heç nə gözünə görünmürdü. Dodaqaltı nəğməsini oxuya-oxuya hərdənbir ətrafı dolanır, qaçış planı qururdu.

Bir neçə dəfə cəhd etsə də, bir dəfə itlər hücum etdiyi üçün geri qayıtmalı oldu, ikinci dəfə də qadınlardan kimsə qara-qışqırıq salıb qəbiləni ayağa qaldırdı.

Üçüncü dəfə gecəyarı yanındakı kişi yatandan sonra sakitcə geyinib komadan çıxdı. Keşikçilərin gözündən yayınıb yenicə yola çıxmışdı ki, ‘’dayan’’ – deyə bir səs eşitdi.

Onu tutub komaya qaytaranda kişi yuxudan yarımçıq oyandığı üçün qəzəblənib Piaya bir şapalaq ilişdirdi. Gözlərinə qaranlıq çökdü, komanın qaranlıq küncünə qısılıb səhərə qədər ağladı.

O gündən sonra bir də qaçmağa cəhd eləmədi. Kölgə kimi öz varlığını sürdürürdü. Arabir qadınların arasında anasına bənzəyən bir üz görünüb itirdi.

Nə qədər müddət burda olduqlarını hesablaya bilmirdi. O biri qızlar heçnə olmamış kimi davranır, hətta artıq özlərini qəbilə qadınları kimi aparırdılar. Onlarla birgə gündəlik işlərlə məşğul olur, uşaqları çimdirir, keçiləri sağır, yemək bişirirdilər. Pia özünü pis hiss edirdi. Heç kimlə danışmır, sakitcə bir tərəfdə oturub günləri yola verirdi. Hər gün ona uzun bir il kimi gəlirdi. Ətrafda baş verən heç nə ilə maraqlanmırdı. Düzəmməlli yemək də yeyə bilmirdi. Son günlər isə ürəyi bulanırdı. Ağzına yemək qoyan kimi qusur, qaytarırdı. Bu hal bir neçə təkrarlanandan sonra qadınlardan biri onun qolundan yapışıb loğman qadının komasına tərəf sürüdü. Loğman qadın Pianın ora-burasını əlləşdirdi, ağzını açıb boğazına baxdı, əliylə göbəyinin altını yoxladı, barmaqlarını salıb cinsi orqanının içinə qədər baxdı. Sonra divardakı rəfdən uzun bir camış buynuzu götürüb qızın qarnına dayadı. Bir qədər dinşədikdən sonra əyilib onunla gələn qadının qulağına nəsə pıçıldadı.

Onlar komadan çıxanda qadın – boylusan – dedi.

- Nə? – Pia eşitdiyi sözün mənasını anlamadı.

- Boylusan – qadın təkrar etdi – qarnında uşaq var.

- Qarnımda uşaq var? – Pia dəhşətə gəlmiş halda gözlərini bərəltdi.

Onu başqa bir komaya apardılar. Burda Piadan başqa iki qadın da vardı. Qarınları bir qədər böyümüş, sanki göbəklərinin üstündə torba bağlanmışdı. Pia ömründə ilk dəfə boylu qadın görürdü. Qarnında uşaq var – qadın belə demişdi. Necə yəni? Uşağın orda nə işi var, uşağı ora kim, necə qoyub? Bunun axırı necə olacaq? Uşaq böyüyəndə qarnı cırılacaq? – Pia dolaşıq suallar içində qalmışdı.

Artıq bu komada, boylu qadınların yanında qalacaqdı. Buna sevinirdi. O yad kişidən, onun mundar nəfəsindən, nəriltisindən, ona toxunmasından canı qurtarmışdı. Qadınlara suallar verir, uşaq haqda, boylu olmaq haqda, doğuş haqda cavablar alırdı.

Günlər keçdikcə qarnı yavaş-yavaş böyüyürdü.

Pia qorxurdu. İçində bir insan vardı, böyüyürdü və bir gün bayıra çıxacaqdı. Bütün bu şeylər onun üçün o qədər qəribə, anlaşılmaz, qorxulu idi ki.

Vaxt keçir, qarnı böyüyür, halı ağırlaşırdı. Səhərlər yuxudan duranda ayaqları şişirdi. Əyilib paltarlarını götürə, geyinə bilmirdi. Belə günlərin birində qəfildən qarnında bir təkan hiss etdi. Nə baş verdiyini anlamadı. Qorxdu. Qışqırıb komanın divarına qısıldı. Qarnındakı təkan ikinci dəfə hiss olundu. Sanki içəridə bir balıq anidən üzüb yerini dəyişdi. Ya bir kəpənək qanad çaldı. Yox, yox, sanki bir quş “pırr’’ elədi.

Onun bu halına qadınlar gülüşüb onu ələ saldılar. Pia əliylə üzünü qapayıb dodaqaltı nəğməsini oxumağa başladı.

Həmin gecə kimsə onu yuxudan oyadanda Pia bir anlıq yad kişinin gəldiyini düşünüb qorxdu. Gözlərini açanda üzbəüzündə anasına oxşayan o gənc qadını gördü. Bunun yuxu ya gerçək olduğunu anlamağa çalışdı.

- Sən Ritanın qızısan? – anasına oxşayan gənc qadın pıçıltı ilə soruşdu.

- Həə - Pia pıçıldadı.

- Buna necə inanım?

- Bilmirəm...

- Anandan sənə yadigar qalan nəyinsə var?

Pia bir anlıq duruxdu. Qəbilədən çıxanda özüylə heç nə götürməmişdi axı. Hardan biləydi ki, başına belə şeylər gələcək... Birdən nəğməsini xatırladı. Gözləri sevinclə parladı.

- Nəğmə - deyə Pia dilləndi – nəğməm, külək, lalələr – astaca pıçıldadı.

Anasına bənzəyən qadın qəfildən onun boynunu qucaqladı. Deyəsən, ağlayırdı.

- Bura alışmağa çalış. Bura artıq sənin evindir. Sən bu qəbiləyə uşaq bəxş edəcəksən.

- Mən anamı istəyirəm – Pia ağlamsındı – öz vadimə, qəbiləmə, öz komama dönməliyəm. Anam məni gözləyir.

Qadın sakitcə ayağa qalxıb heç nə demədən komadan çıxdı.

Növbəti gecə qadın yenə onu oyatdı. Piaya sakitcə geyinib onun ardınca gəlməsini tapşırdı. Özü isə komadan çıxıb keşik çəkməyə başladı. Pia heç nə soruşmadan geyinib astaca bayıra çıxdı. Keçikçilərə görünmədən gizlincə obadan çıxdılar. Pia çox ağırlaşmışdı, iti addımlarla yeriyə bilmir, təngnəfəs olurdu. Qadın onun qolundan yapışıb kömək edirdi. Obadan bir qədər aralandılar. Qaranlıqda bir at arabası dayanmışdı.

- Qorxma – qadın dilləndi – bu qonşu qəbilənin kahinidir. Səni ona tapşırmışam. Gedəcəyin yerə qədər səni ötürəcək. Arabada yemək və su var. Görsən qarnında ağrı başlayır, kahinə səslən, dayansın. Araba yırğalandıqca uşaq aşağı düşə bilər. Ümid edirəm ki, sağ-salamat öz vadinə çata biləcəksən.

- Bəs sən? – Pia dilləndi – onlar səni öldürəcəklər.

- Qorxma, mən bu qəbilənin başçısının arvadıyam. Qadınlar sözümdən çıxa bilməzlər. Kişilərə isə sənin doğuşda öldüyünü bildirəcəklər. Onsuz da doğum vaxtın yaxınlaşıb, bunu loğman qadın da təsdiq edəcək. Get. Yubanma. Ritaya salam deyərsən. Onu çox sevdiyimi və hər şey üçün təşəkkür etdiyimi söyləyərsən.

Qadın onu qucaqladı və arabadan enən kahinlə köməkləşib Pianı arabaya mindirdilər.

Pia vadiyə ikinci günün günortasında çatdı. Yolboyu araba atıb-tutduqca elə bilirdi uşaq bu dəqiqə ayaqlarının arasından balıq kimi sürüşüb düşəcək. Qarnının altında tez-tez təkanlar, arabir küt, arabir də kəskin ağrılar hiss edirdi. Amma heç nə vecinə deyildi. İnana bilmirdi ki, bu qədər vaxtdan sonra geri qayıdır. Öz vadisinə, anasına qovuşacaq.

Kahin obaya çatanda onu arabadan endirib sağollaşdı və arabanı sürüb uzaqlaşdı. Oba görünürdü. Qadınlardan kimsə üfüqdəki qaraltını görmüş olmalı idi ki, haray saldı, uzun illərdir bu üfüqlərdə bircə dənə olsun qaraltı görməmiş qəbilə qadınları obanın önündə toplaşdılar. Əllərini gözlərinin üstünə qoyub gözləyirdilər. Pia yavaş-yavaş onlara yaxınlaşırdı.

Hər tərəf bomboz idi. Vadi səhraya oxşayırdı. Bircə dənə olsun yaşıl ot yox idi. Pia paltarının altında gizlətdiyi balaca torbanı çıxardı. Gizlicə gül-çiçək toxumları qurudub yığmışdı bu torbaya. Torbanı açıb yol boyunca bir vaxtlar çəmənlik olmuş bomboz düzənliklərə toxum səpə-səpə obaya tərəf addımladı. Qadınlar hərəkətsiz halda dayanıb ona baxırdılar. Çathaçatda Pia – ana - deyə hayqırdı.

Qızının səsini tanıyan ana qadınları yarıb önə çıxdı, Pia obaya çatmışdı. Anası heyrətlə ona doğru qaçıb qızını qucaqladı. Ana-bala qol-boyun halda qəbilə qadınlarının qarşısında sakitcə dayanmışdılar.

Birdən necə oldu heç kim anlamadı, qəbilə qadınlarından biri qəfildən irəli cumub əlindəki nizəni Pianın qarnına sancdı. Pia inildəyib yerə yıxıldı. Qara Od irəli atıldı. Qadına bir şapalaq ilişdirib kənara çəkdi. Pia al qana bələnmiş halda yerdə yatırdı.

Balaca bir pişik balası yerdə göllənən qana tərəf əyildi. Dilini çıxarıb qan gölməçəsinə saldı. Qara Od irəli şığıyıb onun böyründən elə bir təpik ilişdirdi ki, pişik ‘’zokk’’ - deyə komanın divarına çırpıldı. Dörd ayaq üstdə yerə düşüb, qaçıb özünü kolluğa atdı.

***

Həmin axşam qızının qana bələnmiş bədənini torpağa tapşırdıqdan sonra yas yeməyi bişirən Rita gizlincə döşlərinin arasından bir kisə çıxardı. Kisənin içindəki tozu yemək qablarının içinə boşaltdı. Bu tozu xüsusi göbələklərdən hazırlayırdı. Gecələr yuxusu gəlmədiyi üçün bu tozdan bir çimdik götürür, suya qatıb içir, səhərəcən yatırdı. Yemək qablarına bol-bol tökdü. Bu gecə hamı dünyadan xəbərsiz şəkildə yatacaqdı.

Yeməkdən sonra hərə öz komasına çəkildi.

Rita hazır qoyduğu məşəlləri odladı və komalara od vurdu. Onsuz da illərdir günəşin altında qupquru qurumuş həsir, qamış, ağacdan qurulmuş komalar çırhaçırtla yanırdı. Bir qədər mənzərəni seyr etdikdən sonra addımlayıb yanan komalardan birinin içinə girdi.

***

Ertəsi gün obanın yerində sadəcə küllük qalmışdı. Iki-üç qotur keçi mələşə-mələşə o yan bu yana qaçırdı. Birdən göy guruldadı. Şimşək çaxdı. Illərdən sonra ilk dəfə vadiyə yağış yağdı.

O yaz vadi yaşıllaşdı. Hər tərəf yamyaşıl otlaqlara çevirldi. Otlaqlarda al-əlvan çiçəklər, qırmızı lalələr açdı. Amma niyəsə, lalərin göbəyində tünd, qara rəngli bir ləkə vardı...

Və nə vaxt külək əssə havada bir nəğmə dalğalanırdı, otlar, ağaclar, çiçəklər səs-səsə verib oxuyurdular sanki:

- Bu zülmət vadinin o tərəfində

Hardasa, o ağaclardan, meşədən o yanda

hardasa bir külək qopacaq və

bizə xəyallarımızı gətirəcək

bizə arzularımızı gətirəcək...

Gəl, külək, gəl,

bizə lalələr gətir....

# 9462 dəfə oxunub

Müəllifin son yazıları

# # #