Fırlanmalısan - Hekayə-esse

Fırlanmalısan - Hekayə-esse
22 sentyabr 2021
# 17:22

Kulis.az Şəhla Nihanın "Piruet" hekayə-essesini təqdim edir.

İşıq sızmırdı heç yerdən. Xışıltı eşidilirdi. Qaranlığın səsiydi. Özünü divarlara vurub işığın sivişib keçə biləcəyi yerləri dili ilə yalayıb yapışdırırdı.

Sonra döndü qaranlıq, qanrılıb öz içinə nəzər fırladı. İçində birisi tək ayaq üstdə fırlanıb piruet cızırdı. Qaranlıq nəfəsi ilə palpasiya edib fırlananın boyunu, təxmini çəkisini, hətta yaşını və gözlərinin rəngini aşkara çıxartdı. Uşaq idi fırlanan. Gözləri süd yaşılı. Hələ ki, onun qaranlıqla təması havanı iyləməklə baş tuturdu, başqa yol tanımırdı.

Qaranlıq özünə müsahib axtarırdı deyə böyümək öyrətdi uşağa. Uşaq böyüyüncə dialoq başladı. Ömür boyu sürəcəkdi.

- İnanma deyilənlərə. Deyilməmişi axtar, onların canı hələ üstündə, deyilib öləcəklər.

Fırlanan təkrar etdi:

- İnanma, inanma, inanma... Deyilən ölür. Deyilən yalandır. Ölüm yalandır. Yalana inanma. Ölümə inanma.

Fırlana-fırlana böyüyürdü. Ətraf acı və yapışqanlı idi. Yalnız qaranlığa inanırdı. O, ölüm deyildi.

- Kədər ətəyində namaz qılacaq, şans intihar edəcək, ümid hər gün damdan yıxılıb öləcək. Səni yalnız təsadüf xilas edə bilər, təsadüfü axtar.

- Təsadüfü axtar, axtar, axtar... Hanı bəs təsadüf, hardadır?

- Küncə çəkilib.

- Küncə çəkilib... künc...künc.... Niyə?

- Gözlənilməzliyini gözləyir. Onun faiz payı aşağıdır taleyində.

Palpasiyaya məruz qoyularaq böyüyürdü.

- Mən fırlanmaq istəmirəm.

- Fırlanmalısan.

- Yoruldum artıq.

- Fırlanacaqsan.

İki barmağını gicgahına dirəyib “pumb” etdi, amma yıxılmadı.

- Bu niyə atmadı?

- O silah yalnızca təsəlli üçündür. Fırlan.

- Səbəb?

- Nəyləsə məşğul olmaq lazımdır.

- Məqsəd?

- Nəyləsə məşğul olmaq lazımdır.

- Məna?

- Məna məşğuliyyətdən doğacaq. Amma səninçün yox, mənimçün.

- ?

- Daxilimdə hərəkəti hiss etməliyəm, bətnim bulanmalıdır hər dəm. Onda mən yaşayıram. Fırlan.

Qaranlıq get-gedə qatılaşır, fırlanmaq çətinləşirdi. Ah, qatılıq... qatıya nə qatqı? Ona dünyanın bütün duru gözlü çeşmələrini qatarsan, durulmaz. Çeşmə gözü tutular, o durulmaz. O qatının içində sanki od var, bürüştələyər püskürdüyü yeri.

Palpasiya obyekti daha uşaq deyil, yetkin də deyil, yaşlıydı. Fırlanmaq əzab verirdi, əvvəl tək ayaqla, sonra ikisinin üstdə fırlanırdı və nəhayət, üçüncü ayaq da əlavə olundu – çəlik. Bel büküldü, ayaqlar yavaş-yavaş yerdən aralandı, adam üfüqi vəziyyət alanda qaranlıq onu özündən yoğurduğu xərəyə uzandırdı. Qocanın boğazından vida xırıltısı çıxanda möcüzə baş verdi, ətrafa çökmüş qaranlıq dumanı sanki bir əl hərəkətiylə qovulub kənarlaşdırıldı. Hər yer aydınlığa çıxdı. Qoca nurlu üfüqlərə yol aldı.

# 2912 dəfə oxunub

Müəllifin son yazıları

# # #