Coşqun dəniz – Möminəxatun Məmmədova

Möminəxatun Məmmədova

Möminəxatun Məmmədova

17 dekabr 2021
# 12:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Möminəxatun Məmmədovanın “Coşqun dəniz” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

12.10.2020

Dünən Coşqun əsgər getdi. İnşAllah sağ-salamat qayıdar. Elə hey gözlərimə baxırdı. Görürdüm ki, bizə görə narahatdır. Amma bu onu yolundan döndərə bilməzdi. Baxdı, baxdı... Dedi, Dəniz, oğlumuzdan muğayat ol. Bu bir cümləni elə dedi ki, göz yaşlarımı güclə saxladım. Sonra da getdi... Yaxşı, bəsdir! Bəd fikirlərə dalma. Xoş şeylər haqqında fikirləşmək lazımdır, yalnız xoş şeylər! O, vətənə borcunu qaytarmağa gedib, vəssalam. Niyə narahat olmalıyam ki? Həm də mən işə gecikirəm. Əlbəttə. Çox fikir eləməmək üçün işləmək lazımdır. İşləmək üçün isə oturduğum yerdən qalxıb, gödəkcəmi geyinib, avtobusa minməliyəm. Eh... Əvvəllər buna tənbəllik edirdim, amma bu gündən sonra etməyəcəm. Coşqun soyuqda vuruşmağa getdisə, işə getmək üçün tənbəllik etməyim, ayıb olar.

Bu dayə harada qaldı? Gec gəlir, tez gedir, belə şey olar? Onunla sağollaşmağı fikirləşirəm düzü. Məncə onun ayağı düşərli deyil. Çünki, Fərhadın bu gün-sabah 3 yaşı olacaq, o isə hələ bir kəlmə də danışmayıb. Elə-belə, bir-iki dəfə baba deyib. Amma düşünərək demir, mənasız yerə ba-ba-ba şəkilçilərini təkrarlayır. Əslində bunu dayə ilə bağlamağın, doğru olub-olmadığını deyə bilmərəm. Lakin, içimdəki hiss belə deyir. Həm acıdildir, həm də hər şeydən narazı. Mənim belə adamlardan xoşum gəlmir. Əgər xoşum gəlmirsə, niyə 1 ildi bu dayəni yanımda saxlamışam? Nəysə. Harda qaldın, ay dayə? Gəl çıx, artıq.

13.10.2020

Afərin! Mənim maaşımı kəsdilər! Düz 50 manat. İşə mütəmadi olaraq gecikdiyimə görə. Qınamıram, onları. Mən müdir olsaydım, özüm kimi “məsuliyyətli” işçini bir çoxdan qovmuşdum. Bax, məndə nə günah var? Hər şeyi dayə edir. Qoy gəlsin, bütün ürəyimdə olanları ona deyəcəm. Deyəcəm ki, mən də sənin maaşından kəsəcəm. Yox, elə bu gün onunla sağollaşacam. Getsin, harada istəyir, işləsin. Ah, Fərhad, kaş ki, tez böyüsəydin! Səni evdə tək qoyub, gedərdim. Tək evdə qoyub getmək... Yox bu haqda danışmaq hələ tezdir. Hətta çox tezdir. Çünki Fərhad o qədər sakit, o qədər qapalıdır ki, bilmirəm o nə vaxt digər uşaqlar kimi olacaq. Yəni demək istəyirəm ki, nə vaxt danışacaq, oynayacaq, özü yemək yeməyi öyrənəcək. Doğurdan da... Gərək ona yeməyi kimsə yedizdirsin, kimsə yatızdırsın. Oyuncaqlarla da oynamır. Nə balaca maşınlarla, nə də yumşaq ayılarla. Reaksiyaları qeyri-iradidir. Bəlkə onun nə isə problemi var? Bəlkə dayədən qorxur? Bilmirəm... Yox, yox dayəyə heç nə deməyəcəm, qoy qalsın. Coşqun da, uzaqdadır. Birdən düşər-düşməzi olar. Qoy bu hadisələr bitsin, Coşqun evə dönsün, sonra baxarıq.

16.10.2020

İkinci işə düzəlməliyəm. Bir azdan gedib, müdirlə danışacam. Çünki pul qazanmalıyam. Pul... Fərhadı, həkimə aparmaq üçün. Belə davam edə bilməz. Onu nə narahat edirsə, bunu bilməliyəm. Müdirdən xahiş edəcəm ki, bir ayın pulunu əvvəlcədən versin. Eşitmişəm ki, ürəyiyumşaq adamdır. Yəqin razı olar.

Bu gün internetdə xəbərləri oxuyanda, qabağıma belə bir şey çıxdı: “V Beynəlxalq Rəsm Festivalı”. İlk 3 yeri tutan şəxslərə çox böyük miqdarda qonorar verəcəklər. Üstəlik məşhur rəssamlarla əməkdaşlıq şansları yarana bilər. Ürəyimdə bir ümid yaranıb. Bəlkə iştirak edim? Mən balaca olanda məktəbimizdə rəsm müsabiqəsi keçirilərdi. Həmişə belə yerlərdə qalib olardım. Özümü tərifləyərək deyirəm ki, əl qabiliyyətim yaxşıdır. Nə almaq lazımdır? Kətan, boya, fırça, müxtəlif qalınlıqlı qələmlər. Bunları almaq üçün pul lazımdır. Money! Müdir maaşı əvvəlcədən versə, alacam. Əlbəttə ki, vətənpərvər mövzuda olacaq, rəsmim. Günəş, sevgi, gözəllik dolu əsər olmasını istəyirəm. Bu məndə alınacaq. Əminəm.

18.10.2020

Həkimdən qayıdırıq. Bir xeyli dərman yazdı. Fərhad... Mən indi nə edəcəm? Dərmanları necə alım? Ah, hələ dedilər ki, bu kifayət etmir. Uşağı xüsusi mərkəzə yerləşdirmək lazımdır. Yox axı, bunun bir yolu olmalıdır. İnanmıram... O həkimin sözünə inanmıram. Ciddi bur şey deyil, məncə. Hım də, balaca uşaq bu qədər dərman içə bilərmi? Yalandır. Fərhadı özüm sağaldacam. Sadəcə onda nə maraq oyada bilərsə, onu tapmalıyam.

Və əsas məsələ odur ki, mən bu gün Coşqunla danışdım. Dedi ki, hər şey yaxşıdır, əsas özünüzü qoruyun. Səsini eşitdim, rahat oldum. Amma nə qədər danışsaq da, yenə də fikrim onun yanındadır. Yəni, Füzulidə. Bəli, fikrim Füzulidədir. Orada döyüşlər ağır gedir. İş yoldaşım dedi. Onun nişanlısı da o tərəfdə vuruşur. Bunu deyəndən sonra narahatlığım daha da artıb. Gecə pis yatıram. Ona görə də yorğun oluram.

P.S. Bu gün rəsmimi çəkməyə başlayacam.

19.10.2020

Sevincliyəm. Nəyə görə sevindiyimi yavaş-yavaş təsvir edim. Mən rəsm çəkməyə başlayırdım. Karandaşla çertyojları çəkmişdim. Artıq rəngləmə zamanı gəlmişdi. Yerə plastik torba sərdim. Və özümə fırçalar üçün su gətirməyə getdim. Qayıdanda gördüm ki... Fərhad yerdəki vərəqi rəngləyir. Barmağını boyaya batırıb, nə isə çəkirdi. Yerimdə kim olsaydı, bəlkə də əsəbləşərdi. Çünki hər yer boya olmuşdu. Və bahalı boyanı uşaq xərcləmişdi. Amma mən çox sevindim. Həddindən artıq çox. Fərhad da sevinirdi. Onun belə güldüyünü görməmişdim. Coşqunla növbəti dəfə danışanda, mütləq bu hadisəni ona deyəcəm. O da belə xəbərə sevinəcək. Fərhadın gözlərində həmişə ilişib-qalan qəm-kədər artıq yox idi. Hə, sabah onun üçün də uşaq boyaları alaram. Qoy, nə qədər istəyir, rəngləsin.

20.10.2020

Mağazaya ərzaq almağa getmişdim. Amma ət almağa pul çatmadı. Həmin an bu məni kədərləndirdi. Neyləmək olar. Daha çox çalışıb, rəsmimi tamamlamalıyam. Ki, onu müsabiqəyə göndərim və məşhur adamla tanış olub, yeni karyeraya başlayım. Onda getdiyim yerdə nəyi gördümsə, onu da ala biləcəm. Daha malın qiymətinə baxmağa ehtiyac qalmayacaq. Bu bir tərəfə qalsın.

Kassaya yaxınlaşanda “Əsgər marşı” mahnısı səslənməyə başladı. Super marketlərə getmirdim deyə, bu mənim üçün, bir növ yeni idi. Ürəyim yerindən oynadı. Və pul barədə düşündüklərimi, mağazaya niyə gəldiyimi unutdum. Yerimdə olmayan kəs, bunu anlamaz. “Nə gözəldir ölmək sevgili vətən üçün, yanar ürək yurd eşqi ilə daima için-için”. Əslində, bilirdim ki, müharibə elan edilərsə, o gedəcək. Universitetdə vətən haqqında danışanda, odlu-alovlu çıxış edərdi. İnsanlarda vətənpərvərlik hissini artırmağa çalışırdı. Elə mən də onun kimi idim. Özüm də tibb bacısı kimi, əsgərlərə kömək etmək istərdim. Amma Fərhadı qoyub, hara gedim? Həm də məni qəbul etməzlər. Bildiyimə görə, əlavə tibb personalına ehtiyac yoxdur.

Onu da deyim ki, Coşqun Kəlbəcərlidir. O zonanın adamları əsasən göygöz olur. Coşqunda da bu öz əksini tapıb.

Bir də ki... Əslində bu haqda danışmaq istəməzdim. Belə ki... İş yoldaşımın nişanlısı dünən şəhid olub. Allah rəhmət eləsin! İstəməzdim, bu haqda çox fikirləşim. Yadıma düşəndə, Coşquna görə narahat oluram. Əlbəttə ki, Vətən hər şeydən üstündür. Amma bir insani hiss, onun sağ-salamat qayıtmasını istəyir. Şəhid olsa, dözmərəm. Ah, mən nə yazıram. Mağazada səslənən musiqidən bura necə gəldimsə, xəbərim olmadı.

P.S. Bu axşam son tamamlama işlərini görəcəm. Və rəsmim hazır olacaq. Bu günəşli, xoşbəxtlik dolu rəsmdir.

21.10.2020

Çox yazmayacam. Bu gün bir nəfər mənə zəng vurub dedi ki, yoldaşınız yaralanıb, amma narahat olmayın, yaxşı olacaq. Mən evdə oturub, gözləməyəcəm. Özümə yer tapa bilmirəm. Taksi sifariş etmişəm. Gəlsin, gedirəm Bərdəyə. Coşqun oradadır. Düzdür, o adam kim idisə dedi ki, ciddi bir şey yoxdur. Ancaq mən gedib, ona baş çəkməliyəm. Dayə də buradadır, Fərhadın yanında olacaq.

24.10.2020

Getdim Bərdəyə, görmək istəmədiyimi gördüm. Daha doğrusu... Görmədim, eşitdim. Bizim aramızda pərdə var idi. Üz-üzə görüşməyimizə, özü qəti etiraz etdi. Başa düşdüm ki, elə vəziyyətdədir ki, mənim onu görməyimi istəmir. Səssizcə ağlamağa başladım. Onun eşitməyini istəmirdim. Çünki mən indi ona ruh yüksəkliyi verməliydim. Nə qədər gizlətməyə çalışsam da, o bunu duydu. Tez özümü ələ alıb, vəziyyəti haqqında soruşdum. Dedi ki, hər şey yaxşıdır. Amma döyüş yoldaşlarından ayrı qaldığı üçün utanır. Belə vəziyyətdə isə o heç cür döyüş meydanına qayıda bilməzdi. Ona təsəlli verməyə başladım. Çox süni alınırdı. Belə olduğunu görüb, mövzunu dəyişdim. Ki, fikri yayınsın. Amma buna nail olmadım, məncə. İstədim valideynlərini xəbərdar edim. Amma qoymadı. Məni yanına gəldiyi üçün danladı. Dedi ki, qayıdım. Mən getmədim. 3 gün yanında qaldım. Amma Fərhada görə qayıtdım.

Qayıtdım, nəhayət hönkürdüm. Çığırıb, ağladım. Bundan sonra nə olacağını bilmirəm. Gözümə küncdə dayanan rəsm sataşdı. Onu cırdım. Və tulladım. Günəşli havada gəzən əsgər. Hansı günəş? O günəşi ki, Coşqun daha görə bilməyəcək? Axı o hər iki gözünü itirmişdi...

26.10.2020

Dəniz kənarına getmişdim. Hər şeydən və hər kəsdən uzaq olmaq istədim. Biz dənizi birgə seyr edərdik. Günəşin qürubunu, dənizin dalğalanmasını. Hər şeyi...Bütün bunlar yadıma düşür və daha da pis oluram. Çünki əvvəlki kimi olmayacaqdı, hər şey... Onun göy gözləri dənizin rəngində idi. İdi... Bacarmıram. Gücüm qalmayıb artıq. Həkim zəng vurmuşdu. Dedi ki, tələssəniz yaxşıdır. Fərhadda geriləmə gedir. Və dərmanları içməzsə, sonra gec ola bilər. Göz yaşlarımı saxlaya bilmirəm. Onlar vərəqə düşür və qələmin mürəkkəbinə qarışır. Qaralmış göz yaşı isə vərəqin aşağısına doğru axır...

28.10.2020

Bu gün yuxudan məni Fərhad ayıltdı. Balaca əlləri ilə üzümə toxundu və “ana dur” dedi. Üç-dörd dəfə dalbadal təkrar etməyə başladı. “Ana dur, ana dur...” Mən ayıldım. Başım ağrıyırdı. Elə bildim, yuxu görürəm. Amma yox. O həqiqətən də məni durğuzmağa gəlmişdi. Sonra isə “qapı, qapı” dedi. Ah, sən demə qapı döyülürmüş. İşə getmədim. Fərhadı geyindirib, özümlə, dəniz kənarına apardım. Demək ki, son kimi görünən zaman, başlanğıca çevrilə bilərmiş. Bu dəfə ağlamırdım. Tam sakit vəziyyətdə dənizə baxırdım. Bu zaman Fərhad dinləndi və “Dəniz” dedi. Məni çağırırdı.

Anam adımı Aybəniz qoymaq istəyirdi. Atam isə Dəniz. Çox mübahisə ediblərmiş. Axırda qərara gəliblər ki, adım Aydəniz olsun. İndi hamı qısa olaraq, Dəniz çağırır. Bu olanlardan, mənim də anamla, atamın xəbəri yoxdur. Deyib, qanlarını qaraltmayacam. Fərhad “Dəniz, Dəniz, Dəniz” deməyə davam edirdi. Kimin ağlına gələrdi ki, həyat bu axarda dəyişər, üzümə gülməyə başlar? Bəlkə də, Vətən birinin gözünü alıb, digərinin dilini açırmış... Yeni rəsm çəkməyə başlayacam. Bu dəfə yalnız üç rəngdən istifadə edəcəm. Ağ, qara və mavi. Yorğun, amma igid əsgərin qaranlıq dünyasında dalğalanan dənizi təsvir edəcəm. O dəniz, qaranlıq yolda yanan çıraqtək əsgərə ümid verəcək.

31.10.2020

Oktyabr ayıdır. Amma yarpaqlar hələ tökülməyib.

# 1851 dəfə oxunub

Müəllifin son yazıları

# # #