Azadlıq müqabilində - Sarışan Adışova

Sarışan Adışova

Sarışan Adışova

10 dekabr 2021
# 16:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sarışan Adışovanın “Azadlıq müqabilində” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Dondurucu soyuq qışın yaxınlaşdığını xəbər verirdi. Duman ağacların arasında dolaşaraq hər yanı görünməz etmiş, islanan torpağın qoxusu ətrafı bürümüşdü. Meşədə hava təravətli idi. Uca küknar ağacının əsasında oyulmuş deşikdə balalar oynaşırdılar. Yuvanın qarşısındakı qayada məğrur duruşu ilə ətrafa nəzarət edən canavar gözlərini əmanətlərdən bir an da ayırmırdı. Onlar isə elə hey vurnuxur, bir-birinin qulaqlarını dişləyir, dəcəllik edirdilər. Dişi canavar öldükdən sonra balaların qayğısına qalaraq qorumağın da, ov etməyin də ağırlığı erkəyin çiyinlərinə düşmüşdü. Kiçikləri tək qoymaq çox təhlükəli idi, çünki meşədə ac olan başqaları da var idi və onların pəncələri sığallamaq üçün uzanmırdı. Odur ki, atalıq məsuliyyətini dərk edən erkək qurd yuvadan uzaqlaşmadan qida tapmağa çalışırdı. Sanki onu küknara bağlayan zəncirlər bir qədər getdikdən sonra boynunu kəsirdi. Qoruyucularını gözləyən mavi gözlər atanın əl-ayağını hər şeydən kəsmişdi. Ananın sağlığında isə hər şey tamam fərqli idi. Onda ata canavarın azadlığı əlindən çıxmamışdı. İstədiyi vaxt yuvanı tərk edib uzaqlaşa, böyük şikarlar ələ keçirə bilirdi. İndi isə günlərlə bir sincabı qovalamaq məcburiyyətində idi. Məhkum ailə başçısı günəş batanda meşənin bitdiyi yerdə uçurumun üzərinə çıxaraq dağların arasındakı geniş əraziləri seyr edir, ötən günlərini həsrətlə xatırlayırdı. Bir gün belə axşam çağı ora boş olmurdu. Boz tükləri ilə daşlardan seçilmədən dimdik duruşu, bumbuz baxışları, iti dişləri ilə ürəyə qorxu saçırdı. Vaxt var idi qarşıdakı vadidə dolanar, özünü bu torpaqların sahibi bilərdi. Bir baxışı ilə heyvanlar qorxudan girməyə deşik axtarardılar. Canavar hər zaman orda, azadlıqla üz-üzə idi. Ona qovuşmaq bir addım məsafəsində idi, ancaq dişisinin əmanətlərindən keçə bilməzdi. Bu da taleyin ona bir oyunu idi. Həyatında ən çox dəyər verdiyi iki şeydən biri onu digərindən məhrum edirdi. Uşaqlarını kənara atmaq onun xislətində yox idi, ruhu isə azadlığına qovuşmaq üçün yanıb-yaxılırdı. Susmayana kar olmaqdan başqa çarə yoxdur, ancaq bunu hər kəs bacara bilərmi?

Bir gün səhər yenicə açılanda hələ də balalarını altına alıb yatan qurd xışıltı səsinə gözlərini açdı. Ehmalca qalxaraq deşikdən çölə baxdı. Yuvanın lap yaxınlığında ala dovşan şirin-şirin ot yeyirdi. O qədər iri idi ki, qulaqları yerə dəyirdi. Sonuncu dəfə dovşan ovlamaq istəyəndə yuvadan uzaqlaşdığına görə əlindən çıxması ürəyində xal olmuşdu. Ona görə də, vaxt itirmədən onun üzərinə atıldı. Şikar isə astagəl deyildi. Canavarın hərəkətini hiss edən kimi arxasına baxmadan qaçmağa başlamışdı. Ovu irəlilədikcə qurd da onu izləyir, qaçdıqca uzun və boz tükləri havada rəqs edirdi. Hər addımda daha da sürətləndiyini hiss edən ata canavar azadlığın qoxusunu ciyərlərinə çəkirdi. Sanki boynundan asılı zəncirlər halqa-halqa olub parçalanırdı. Ovunun uzaqlaşması belə ona ləzzət verir, keçmiş günlərini xatırladırdı. Bu hisslər onu bihuş etdiyindən yuvanın yaxınlığında duyduğu hənirtini eyninə almamışdı.

Yuvadan çox aralanmasına baxmayaraq, ovlamaq ehtirası onu çəkib aparırdı. Birdən ala dovşanın ayağı qarşıdakı meşənin girişində aşmış ağacın kötüyünə ilişdi. Arada geniş düzənlik boyunca məsafə var idi. Həmin vaxt canavar balalarını qoyub gəldiyi meşənin sonunda olduğunu dərk etdi. Ağacların arxasında hiss etdiyi hənirti kiçiklərə ziyan verə biləcək canlı ola bilərdi. Ancaq dəqiqələrdir izlədiyi şikarı gözünün qarşısında çırpınırdı. Qərarının həyatını dəyişə biləcəyini dərk etmədən dovşanı tutub qayıtmağı qət edən canavarın qumar tutmadı, o çatana qədər maneədən qurtulmuş və ağacların arasına atılmışdı. Bu qədər yaxın məsafədən ovunu əldən buraxmağı mənliyinə sığışdıra bilməyən ovçu tanımadığı meşədə bilmədiyi istiqamətə doğru qaçırdı. Birdən qoşa qulaqlar getdikcə sıxlaşan ağacların arasında gözdən itdi. Şikarının hara yoxa çıxdığını başa düşməyən qurd ətrafa boylanaraq onu tapmağa çalışırdı. Qəflətən dəhşətli səs ilə diksinib arxasına çevriləndə yarpaqların arasında böyük bir oyuğa gözü sataşdı. Tam gizlənə bilməyən ala dovşanın quyruğu görünürdü. Canavarın hiss etdiyi qələbə sevincini təsvir etməyə sözlər kifayət etməz. Tələsmədən yuvaya yaxınlaşaraq ovunu çölə çəkdi, dovşan ölmüşdü. Görünür, qorxudan, ya çox qaçmaqdan ürəyi partlamışdı. Qalibiyyətinin meyvəsini qarşısına alıb izləyən qurd, nəhayət ki, istəyinə çatmışdı. O yenə də əvvəlki qədər güclü idi, heç kim ondan canını qurtara bilməzdi. Qələbə düşüncələri onu məşğul edərkən yuvadan 3 bala dovşanın çıxıb analarının döşünə yapışdığını gördü. Hələ çox balaca olduqlarından onun öldüyünü anlamayan yetimlər qarınlarını doyurmaq üçün bir-birini itələyirdilər. Gözləri açıq qalan ana tərpənmirdi. Bu mənzərə canavarı dərindən sarsdı. Ana balalarını doyurmaq üçün özünü təhlükəyə ataraq onun yuvasının yanına gəlməyə cəsarət etmişdi. Qurd yalnız köməksiz yetimləri görəndə öz balalarını necə təhlükə qarşısında qoyub gəldiyini dərk etdi. Öldürdüyü ananı ardında qoyaraq dayanmadan geriyə qaçmağa başladı.

Ancaq həyatda heç bir səhv nəticəsiz qalmır. O küknar ağacının yanına çatanda yerdə qan gördü. Yuvada parlayan mavi gözlər yox olmuşdu. Ata canavar başını itirmiş kimi o yan-bu yana qaçaraq balalarını axtarırdı, lakin onlar yox idilər. Azadlığına qovuşması müqabilində balaları əlindən çıxmışdı. Pəncəsi ilə torpaqdakı qanı eşələyir, ulayır, peşmanlığın ağırlığını daşıya bilmirdi. Vicdan əzabı nə böyük yük imiş. Bu onun daşıya biləcəyindən artıq idi. Bacarsa idi, ağlayardı, ürəyini boşaldardı. Dili olsa idi, dişisinin ruhundan üzr istəyərdi. Bir yolu olsa idi, səhərə qayıdıb yuvanı heç vaxt tərk etməzdi. Amma yox idi ki, yox idi...

Dağların arasında son şölələri parlayan günəş batmaq üzrə idi. Qorxulu bir səssizlik meşəni ağuşuna almışdı. Tüklü quyruğu başına toxunan sincab çəkinmədən ağacın dibindəki oyuğun qarşısında yeməyə bir şey axtarırdı. Torpaq cırmaq izləri ilə örtülmüşdü. Əzəmətli küknarın qarşısındakı qaya boş idi.

# 1713 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #