Adam öldürmək istəyirəm - Yeni hekayə

Adam öldürmək istəyirəm - Yeni hekayə
27 iyul 2021
# 18:01

Kulis.az Babək Göyüşün “Adam öldürmək istəyirəm” hekayəsini təqdim edir.

Eldar 4 il öncə, 1990-cı il yanvar ayının 13-də Qırmızı körpünü keçəndə “Ailəmlə bir də “bura” qayıtmayacağam” sözünü dilinə gətirmişdi.

O, “ailəm” deyəndə həyat yoldaşı Qretanı, iki körpə əkizləri - Azadla Əhmədi, “bura” deyəndə Azərbaycanı nəzərdə tuturdu. Onun fikrincə, həmin gün ailəsi Bakıda ölə bilərdi. Bu ölümdən qaçmaq üçün Eldar 3 ailə üzvünü dostunun maşını ilə gecə Qırmızı körpüyə çatdırmış və “qayıtmayacağam” sözünü də elə orda demişdi, üstəlik geri çönüb tüpürmüşdü.

İndi düz 4 il sonra, 1994-cü il yanvar ayının 13-də səhərin alatoranlığında o, gürcü sərhədçilərindən pasportunu geri alıb Azərbaycana ayaq qoyanda yenidən həmin sözü xatırladı, ancaq nədənsə ürək edib o sözü dilinə gətirmədi, tüpürmək üçün də ağzının suyunu bir yerə toplamadı.

İnsanlar tüpürcəkləri torpağın saçını islatmaq üçün yaradır. Həmin gün buralara tozanqa qar yağmışdı. Torpaq azca da olsa, islanmaq payını almışdı, Eldarın tüpürcəyinə ehtiyacı yoxuydu.

Ətrafı seyr elədi. Burda heç nə dəyişməmişdi. Dəyişən yalnız səkinin və inzibati binanın dam örtüyünün qara bülənməsiydi. Maşın yolunda, xüsusilə təkərlərin izində qar gözə dəymirdi, gözə dəyən asfaltın qaralığı idi. Eldar 4 il öncə burdan gedəndə asfaltın çox hissəsi kələ-kötür idi. İndisə o yolda kələ-kötürdən əsər-əlamət qalmamışdı. Yol hamar və qapqara görünürdü. Sərhəd məntəqəsənin köhnə binası isə yerindəydi, heç fasadı da dəyişməmişdi, sanki yolux cücəyə bənzəyirdi. Yerində olmayan yalnız tüpürcəyiydi.

Tüpürdüyü yerə baxdı, nazik qar örtüyü torpağın üstünü örtmüşdü, gözünə heç nə dəymədi. Fikirləşdi ki, tüpürcəyi ya qarın altında qalıb, ya da asfalt çəkiləndə qara torpağa qarışıb...

O, bir anlıq nə edəcəyini bilmədi, duruxub qaldı, istədi ki, geri çönüb qayıtsın, ancaq Krasnodarda ona deyilən söz divar kimi qarşısını kəsdi. “Adam öldürmək üçün müharibəyə getməlisən, əks halda sənin özünü öldürəcəklər”. Bu sözü ona qaynı Samvel demişdi. Samvel onun 4 qaynının ən böyüyü idi və Krasnodar diyarında böyük söz və güc sahibi sayılırdı. Sovetlərin dağılmasından sonra Samvel qayınatası, Krasnodar diyarı Kommunist partiyasının katibi Sergey Petroviçin köməyilə şəhər bazarını, iki tikinti kontorunu və avtobus parkını özəlləşdirmişdi. Və bütün bu var-dövləti qorumaq, yeni biznes şəbəkəsi yaratmaq üçün digər qardaşlarının köməyilə kriminal dəstə yaratmışdı. Eldar da Bakıdan ailəsi ilə birgə onlara pənah gətirdikdən sonra bu kriminal dəstənin üzvlərindən birinə çevrilmişdi. Eldar puldan korluq çəkməsə də qayınları ona inanmırdı. Bu inanmamaq onun azərbaycanlı olmağı ilə bağlı deyildi, o, sadəcə olaraq adam öldürə bilmirdi. Qruplaşmalar arasında dəfələrlə baş verən davalarda Eldar barmağını “Kalaşnikov” avtomatının tətiyinə vursa da son anda o tətiyi bir dəfə də olsun, çəkməmişdi.

Adam öldürməkdən qorxurdu...

Bu qorxu Eldarda 1976-cı ildə 10 yaşı olanda yaranmışdı. Onun atası Əhməd Yevlaxda Yun zavodunda kadrlar idarəsində işləyirdi. Günlərin birində o, anası Yaqutla iki küçə aralıda yaşayan xalasıgilə getmişdi. Geri qayıdanda böyük otaqda atasının bədənini başsız görmüş və elə o andan da döşəməyə tökülən qan onun gözünə dolmuşdu.

Eldarın atası Əhməd elə o gecə bu dünyadan başsız getmişdi və onun qatili də kəsilən baş kimi heç vaxt tapılmamışdı.

Eldarın özü də elə o gecədən sonra bu dünyada gözü qanlı gəzməyə başlamışdı...

...Eldar əl çantası ilə taksiyə yaxınlaşanadək həmin gecənin qanlı olayını kino lenti kimi bir daha qanlı gözlərinin önündən keçirdi. Tər onu basdı, əyilib ayağının altında xırçıldayan qardan bir ovuc götürüb üzünü sildi və sonra çöməlib bu dünyadan başsız gedən atasını ilk dəfə hönkür-hönkür ağladı...

Çiyninə bir əl toxundu, o əlun kimə məxsus olduğunu yoxlamaq üçün geri qanrıldı. Başı papaqlı, dəri gödəkcəli, yaşı 65-ə yaxın olan kişiyə baxdı. Kişi isə əksinə onun sifətini görən kimi bir anlıq duruxdu və əlini tez Eldarın çiynindən çəkib “norka” papağını çıxartdı:
- Məni tanımadın, ay bala! Alikəm, Yevlaxlı Alik! - dedi.
- Yox tanımadım... - Eldar ağzından çıxartdığı bu kəlmələri özü zorla eşitdi.
- Dur ayağa, niyə ağlayırsan, nəsə olub?
- Heç.
- Onda niyə ağlayırsan?
- Elə-belə... - Eldar dikəlib Alikin boğazından tutmuş ta alnınadək bütün cizgilərini süzməyə başladı və onun kim olduğu yadına düşdü.

Önündə dayanan bu adamın adı Allahverdi idi. Allahverdi onun atasının müdiri olmuşdu və tez-tez atası ilə onlara gələrdi. Elə o vaxtdan Eldar qırmızısifət, şit gülüşü olan bu adamı bəyənməmişdi və onun qonaq gəlməməsi üçün bir neçə kərə anasından xahiş etmişdi. Anası isə ona “Oğul, atanın dostudur. Necə deyək, gəlməsin?!” cavabını vermişdi.

Eldar böyüdükcə və atasının ölümünü gözünün qabağına gətirdikcə Allahverdidən şübhələnmişdi, ancaq o şübhə də elə həmişə şübhə olaraq ürəyində qalmışdı...

Allahverdinin Yexlaxda ləqəbi erməni qızı aldığına görə, “erməni Alik” idi.

- Hə, sizi indi xatırladım, “Erməni Alik”siniz. - Eldar bu sözləri taksi maşınları dayanan yerə baxa-baxa dedi.
- Oğlum, taleyimiz eyni oldu, səninlə.
- Buna tale demək mümkündürsə, elədi, ancaq o tale gör məni haralara apardı. Qohumlarım da, anam da məndən üz döndərdi.
- Anandan heç xəbərin varmı?
- Elə də yox. Çəpər qonşumuz Ənvər Krasnodar bazarında meyvə satır, ondan anamı soruşuram. Deyir ki, yaxşıdı. Dayılarım korluq çəkməyə qoymur. Bacım da Qazaxda ərdədir, elə bir ayağı Yexlaxdadır.
- Oğulun ayrı yeri var, gərək ananı buraxmayaydın, barışmaq üçün bir yol tapaydın.
- Tapa bilmədim, neyləyim, 1986-ci ildə Bakıda texnikumda oxuyanda qrup yoldaşım Qreta ilə evlənən gündən məndən üz döndərdi. Xalam qızı ilə də 13 yaşımdan deyikliydim, o da acığıma ərə getmədi, elə evdə oturur...
- İndi nə əcəb qayıdırsan, yoxsa ailəni buraxıb evəmi dönürsən? Anan səni bağışladımı?
- Mən evə getmirəm, Qarabağa ermənilərlə döyüşməyə gedirəm...

Bu sözdən sonra Allahverdinin nitqi bir anlıq tutuldu, nə cavab verəcəyini bilmədi, ancaq handan-handan özünə güc tapıb höccələyə-höccələyə “Sən? Ermənilərlə döyüşə? Qarabağa? Nə isə inanmıram. Qayınların necə buraxıb səni?” sözlərini dedi.
- Elə onlar göndərib.
- Dayan, dayan, doğrudanmı onlar göndərib? Niyə?
- Mən adam öldürə bilmirəm, atam öləndən gözümə qan dolub, qandan qorxuram.
- Sən niyə adam öldürməlisən ki? Bu, hardan çıxdı?
- Orda bizim pulumuz adam öldürməklə çıxır. Adam öldürmədiyimə görə də mənə inanmırlar. Dedilər, get müharibədə adam öldürməyi öyrən.
- Birdən sənin özünü öldürdülər, onda necə olacaq? Qayınların bəlkə səni bilərəkdən ölümə göndərir.
- Daha onu bilmirəm, gedirəm.
- Bu, ermənilər səni əlində lap oynadır.
- Bu sözü səndən eşitmək qəribə səslənir. Sən də evində 5 erməni südü içəni böyüdürsən.
- Mən bu qələti çoxdan eləmişəm, onda erməni-müsəlman söhbəti yoxuydu. Yanımda da heç bir erməni zad yoxdur. Bilirsən, yoldaşım elə sovetlər vaxtı özünü Kürə atdı, heç meyiti də tapılmadı. Uşaqlar da evlənib ayrı yaşayır. Mən də 3 qardaşımla Rostovda restoran işlədirəm. Əkiz tayım da Yevlaxda ata evimizdə qalır, indi anamın ilidir, ora gedirəm.

Allahverdi bunu taksi maşınının qapısını açanda dedi və Eldardan cavab gözləmədən taksi sürücüsünə “Bizi Yexlağa apar” dedi. Qırmızı rəngli “Jiquli”nin sahibi ayağını qaza basdı, onlar sərhəd mənqəsəsindən aralandılar. Hər ikisi arxada yan-yana oturmuşdu, qabaq oturacağa Eldar əl çantasını və boz parçadan olan gödəkçəsini qoydu. Alik “Üşüyürəm” deyib qara dərili gödəkçəsini soyunmadı. Heç kim bir müddət dinib danışmadı. Şıxlı kəndinə çatanda sükutu üzü tüklü, sağ qulağının altı sallax olan sürücü pozdu: “Heç məndən qiymət soruşmadınız”.

Yenə heç kəs reaksiya vermədi. Handan-hana Alik gödəkçəsinin yun yaxalığını üzündən çəkib “Nə desən verəcəyik, sür” dedi.

Tovuzu keçəndə Allahverdi əlini sürücünün çiyninə vurub “Oğul, kafelərin birində saxla, bir qısmat çörək yeyək” dedi.

Bu sözləri Eldar eşitmədi, yatmışdı. Sürücü “Oldu” cavabını verdi.

“Jiquli” sağa burulub palçıqlı yola girəndə Allahverdi Eldarı dümsüklədi: “Dur, çörək yeyək”. Eldar əliylə gözlərini ovxaladı və “Noolub, çatmışıq?” deyə mızıldandı.

“Yox, Tovuzu yenicə keçdik, hələ çox var”. Allahverdi bu sözləri maşının qapısını açandan sonra geri qanrılıb dedi.

Onlar köhnə bir yeməkxananın içərisinə daxil oldular. Sürücü onların arxasınca gəlmədi, uzaqdan qışqıraraq “Siz yeyin, mən səhərlər çörək yemirəm, maşının suyuna baxacam” dedi.

Yeməkxananın içərisi soyuq idi. Onları 20-25 yaşlı, təxminən 150 santimetr boyu olan bir oğlan qarşıladı və “Burda isti otağımız var, sobaya yenicə odun qoymuşam” dedi. İçəri keçdilər, otaq isti olsa da pis iy onların burnuna doldu.

“Buranın pəncərəsini bir az açıq saxla. Bizə də səhər yeməyi üçün nə varsa ver, 4-5 yumurtadan da qayğanaq elə”.

Bu sözləri də Allahverdi dedi. Eldar sanki lal olmuşdu, dinib danışmırdı. Yeməyin sonuna kimi də elə hey sobaya baxmağa davam elədi. Sanki öldürəcəyi adam sobanın içində gizlənmişdi, hər an çıxacağını gözləyirdi. Sobadan yanan palıdın fışıltısı gəlirdi.

“Bu fışıltıya qulaq asmaq üçün atamla Daşkəsənə babamgilə gedərdim. Bir də sobanın üstündə dilim yemək üçün. Sən heç ömründə dilim yeyibsən?”.

Allahverdi Eldarın dilinin kilidini açmaq üçün bu sualı verdi. Eldar isə Allahverdiyə məxsus olan bu uşaqlıq xatirələrini qulaqardına vurdu.

“Yaxşı mən hesabı verim, sən də sobaya baxmaqda davam elə”.

Allahverdi bunu deyib qapını özünə tərəf çəkdi. Qapı açılmadı. Yenə qapının qulpundan bərk tutub özünə tərəf çəkdi. Qapı yenə açılmadı, qulp qırılıb əlində qaldı. Bu mənzərə bir anlıq onu karıxdırdı, sifətindəki çizgilər də, əlinin hərəkəti də, əlində tutduğu qapı qulpu da kino kadrlarında olduğu kimi “stop”a düşdü. Təbii ki, bütün bunları Eldar görmədi, onun gördüyü şey sobanın qapağı və qapağın kənarındakı düymə boyda deşikdən odun parçasının közərməsi idi.

Bu vaxt qapı çöl tərəfdən açıldı, ofisiantın özüylə bərabər “Yenə nəsə lazımdır?” sualı eyni vaxtda içəri daxil oldu. İçəridə onun sifəti qapı qulpu ilə üz-üzə gəldi. Allahverdi bu anı sanki gözləyirmiş kimi qulpu yuxarı qaldırdı, əks halda ofisiantın sifəti qırılan qulpa dəyə bilərdi.

Ofisiant bu mənzərədən özünü itirmədi və “Fikir verməyin, tez-tez qırılır, sizdə günah yoxdur, ingilis kilidi adıyla satırlar, ancaq bunlarda heç ingilis keyfiyyəti yoxdur” sözlərini Allahverdinin qarnına baxa-baxa dedi.

Bayıra əvvəlcə Allahverdi, sonra isə az qala onun yarısı boyda olan ofisiant çıxdı. Eldar bu kadrların heç birinin şahidi olmadı. O, elə hey sobanın düymə boyda deşiyindən közərən odun parçasına baxırdı...

Beş dəqiqədən sonra o da ayağa qalxıb maşına tərəf getdi. Sürücü sükanın arxasında oturmuşdu. Allahverdi isə əlini maşının damına qoyub ayaqüstə ona sarı baxırdı. Eldar yaxınlaşanda Allahverdi ona “Bəlkə elə məni öldürəsən” dedi. Bu sual Eldarın nə yerişini, nə də sifətinin “stop”a düşməsini dəyişdirdi. Ancaq ürəyində bir cingilti qopdu. Təbii ki, Allahverdi bunu duya bilməzdi. Sifətinin çizgiləri “stop”a düşən bir adamın daxilini seçmək elə də asan məsələ deyildi.

Atası öləndən 7 il sonra, 10-cu sinifdə oxuyanda o, iki dəfə Allahverdini öldürmək qərarına gəlmişdi, ancaq hər iki dəfə də gözünə dolan qan ona bu cəsarəti verməmişdi. Hətta, qapılarındakı boz kötüyün üstünə sancılı qara baltanı bir dəfə götürüb Allahverdini öldürmək üçün onların qapılarına sarı yollanmışdı. Yolda isə onu bu yoldan deyiklisi, xalası qızı döndərmişdi. Allahverdini öldürmək istəyini o, yalnız xalası qızına danışmışdı...

Yevlaxa çatanda onların hər ikisi yatmışdı. Sürücü arxaya qanrılıb “Hansı tərəfə sürüm?” dedi. Allahverdi sağ əliylə gödəkçəsinin yaxalığını üzündən çəkib gözlərini açdı və sanki pıçıltıyla “Onsuz da birinci bizim ev gəlir, sür” sözlərini dedi.

Qırmızı rəngli “Jiquli” boz budkanın yanında saxladı. Allahverdi sürücüyə pul verdikdən sonra Eldara “Müharibəyə getməsən, bu gün bizə gələrsən” sözlərini dedi və ayağını boz torpağa qoydu. Burda Qırmızı körpüdən fərqli olaraq qar yağmamışdı.

Sağ qulağının altı sallax olan sürücü ayağını qaza basıb arxaya çevrildi: “Sizi hara aparım?”. “Hərbi komissarlığa”. Eldarın bu cavabından sonra sürücü qımışdı və onun sol qulağı da sallanıb sağ tayına bənzədi. Bütün bu kadrları Eldar arxadan gördü.

...Komissarlığın qarşısında 5-6 nəfər dairə qurub kiməsə qulaq asırdı. Eldar əl çantasını çiyninə aşırıb onlara yaxınlaşdı.

Danışıq səslərini getdikcə aydın eşitməyə başladı: “Biz neyləyək ay əmi, oğlunuz özü könüllü gedib. Heç kəsi zorla müharibəyə göndərməmişik. Ağlınız xalq cəbhəsinin vaxtına getməsin, küçədən tutub döyüşə aparırdılar. İndi qayda-qanun var...”.

Boz nimdaş palto geyinən “əmi” onun sözünü ağzında qoydu:
- Sizin qanuna indi söyəcəm, onun 3 uşağı var, ölsə, kim saxlayacaq, yoldaşı yenə hamilədir.
- Dilini farağat qoy, söyüşü də get başqa yerdə de. Bura dövlət müəssisəsidir. Təhqirə görə dama basarlar.
- Mənim oğlum Vətən qorumağa gedib, sənin kimi “voyenkom”a sumka daşımır.
- Bayaqdan oğlunu geri gətirtmək istəyirdin, indi nooldu vətən yadına düşdü...

Eldar əl çantasını çiynindən yerə qoyub, dairənin içinə girdi və komandirlə üz-üzə dayandı. Dairə cızanların hamısı gözlərini komandirdən çəkib bir anlıq ona dikdi. Ətrafı sakitlik bürüdü. Bir neçə saniyədən sonra uzaqdan səslənən “Əsgər, bura gəl” sözləri dairəyə yenidən canlanma gətirdi. Bu dəfə dilotu yeyən “əmi” ilə komandir danışmadı.

Danışan Eldar oldu: “Komandir, onun oğlunu geri çağır, yerinə mən gedirəm”. Komandir bu sözə bənd imiş kimi dairənin içindən çıxmağa yer axtardı, ancaq gözlərinin ucu ilə bunun mümkün olmadığını hiss etdi, sağ əlini sağ böyründəki tapançanın üstünə qoyub bərkdən qışqırmağa başladı: “Geri çəkilin!”. Bu anı “əmi və onun komandası” gözləmirdi. Tez əmrə müntəzir kimi bir addım geri çəkildilər. Komandir də bu boşluqdan istifadə edib inzibati binanın qapısına tərəf götürüldü.

Hamı onun qapını necə açmasını, qapının yuxarı küncünün onun başına necə dəydiyi anı seyr elədi. Eldar da yerində donub qalmışdı, ancaq handan-hana özünü toparladı, əyilib yerə qoyduğu çantasının ipindən yapışdı, canavar şikarını belinə tulladığı kimi belinə tullayıb komandirin arxasınsa getdi və ona 1-ci mərtəbənin son pilləkənində çatdı: “Komandir, məni “voyenkom”la görüşdür, müharibəyə getmək istəyirəm”.

Komandir ayaq saxladı, çönüb onu dabanbasaraq izləyən oğlanın sifətinə baxdı. Eldarın sifətindəki səmimilik onun çöhrəsinə hopdu, sifətindəki sərtlik mülayimləşdi, qırışları düzəlib asfalt yol kimi hamar oldu. Komandir yuxarıdan sağ əlini Eldarın sol çiyninə qoyub “Fikrin ciddidirsə, sabah tezdən 9-da gəl, “voyenkom” indi burda yoxdur, Füzuliyə əsgər aparıb” dedi və çönüb yarıqaranlıq dəhlizdə sola buruldu. Gedəndə sağ əlini də özüylə apardı, Eldarın sol çiyni sanki bu anı gözləyirmiş, dikəlib öz halına qayıtdı.

Həyətdə heç kəs gözə dəymədi, “əmi və onun komandası” dağılıb getmişdi. Həyətin qurtaracağındakı budkanın önündə dayanan əsgər də farağat komandası almışdı. Sifəti “stop”a düşmüşdü. Əsən sərin yel onun “stop”a düşən sifətini işıqforun qırmızı rənginə “boyamışdı”.

Eldar özünü bir anlıq əsgərin yerində qoydu və düşündü ki, o da müharibəyə getsə, bunun kimi olacaq, Moskvanın Qızıl meydanında Lenin movzeleyin önündəki 2 əsgər kimi ayaq üstə “öləcək”. Ancaq düşündükləri özünə gülməli gəldi, qımışıb əsgərin yanından keçdi və göy rəngli dəmir qapıdan bayıra çıxdı.

“Müharibədə düşmən sənə farağat durmağa imkan verməz, elə ayaq üstə öldürər”.

Eldar bu sözləri “voyenkomat”dan 20-30 metr aralandıqdan sonra beynində dolaşdırdı. Atdığı son addımdan hürkdü, getməyə yeri olmadığı indi ağlına gəldi. Hara, kimin evinə gedəcəkdi, sabaha qədər harda gecələyəcəkdi? Bu sualların cavabını tapmaq üçün ayaq saxladı. Yevlaxdakı bütün qohumlarının, dost-tanışlarının və nəhayət onu anasının il məclisinə çağıran “erməni Alik”in evinin kandarına “ayaq qoydu”, ancaq ürək edib heç kimin darvazasından içəri “daxil ola bilmədi”. Sonda öz evləri gözünün qabağına gəldi.

“İndi anam neynəyir, necə dolanır, bu soyuqda evi isidə bilirmi?”.

1986-ci ildən anasını görmür, 8 ildir ayağı Yexlaxa dəyməyib. Heç o vaxtdan atasının qəbrini də ziyarət etməyib. İlk ağlına gələn şey elə bu oldu. Atasının qəbrini ziyarət etmək.

“Voyenkomat”ın ara yolundan burulub Bakı-Qazax magistralına çatdı, gələn maşınları buraxıb əks tərəfə keçdi, burdan qəbristanlığa kəsə gedən yolu “əlinə” aldı. Yol boyu heç kəs gözünə dəymədi, dəysəydisə, onu tanıya bilməzdilər, çox dəyişmişdi. Həm də qış paltarında insanların yalnız ağzı və burnu görsənir. O, soyuq havadan qorunmaq üçün sağ ovcuyla ağız-burnunu də örtmüşdü. Deməli, onu görüb sorğu-sual edən olmayacaqdı.

Qəbirstanlığın girişinə çatdı. Ətrafda heç kəs gözünə dəymədi, daha doğrusu, diri adamlardan burda gəzişən yoxuydu. Heç ölülər də gəzişmirdi, baş daşlarının içindən ona sarı baxırdılar. Baxanların arasında yaxşı ki, atasının gözləri yoxuydu. 1976-cı ildə atası ölən ili baş daşlarına şəkil çəkmirdilər, sadəcə doğum və ölüm tarixləri yazılırdı. Fikirləşdi ki, yaxşı ki, atasını 18 il bundan öncə öldürüblər, indi öldürsəydilər, onun da başı olan şəkilini baş daşına həkk edərdilər. O isə hər dəfə bura gələndə qəbirdə atasının başı olmadığına görə xəcalət çəkərdi.

Yadına düşdü ki, atasının cəsədini yuyanda və torpağa tapşıranda onu yaxına buraxmamışdılar. Yalnız ağ örtüyün baş hissəsinə bir ovuc torpaq atmışdı. Adətən o torpağı gözü olanların gözünə atırlar. O, bunu bir az böyüyəndə bilmişdi və atasının gözünü hər yerdə axtarmışdı, ancaq onun nə gözünü, nə də başını tapmışdı.

Eldar indi də bura baş axtarmağa gəlməyib, atasının qəbrini görməyə gəlib. Qəbrlərin isə insanlara ehtiyacı yoxdur. Onların elə hər birində bir insan uzanıb.

Maddım-maddım dəqiqələrlə qəbir daşına baxdı.

Gözündən bir damçı belə yaş çıxmadı, sadəcə əlini baş daşına qoyub “Salamat qal, ata, ölməyə gedirəm” dedi. Cavab gözləmədi, onsuz da atası bir kəlmə belə deyə bilməyəcəkdi.

Söz ağızdan çıxır, qəbrdə isə atasının ağzı yoxuydu, başı ilə birgə yoxa çıxmışdı.

Onun ağzı da, başı da yerindəydi. Başını götürüb qəbristanlıqdan çıxdı. Arxasına qanrılıb baxmadı.

Qazax-Bakı yoluna çıxıb səki ilə körpüyə tərəf getdi. Həmin an beynindən belə fikir keçdi, Kürün o tayında çayın kənarındakı “Sahil” kafesində bir az dincələcək, axşamüstü isə qaranlıqda qayığa minib sahilin o üzünə, evlərinə tərəf üzəcəkdi.

Görəsən, anası onu bağışlayacaqmı?

Eldar ürəyində verdiyi sualın cavabını gözləmədi və bir daha başını qaldırdı ki, kafenin qarşısındadır. Sola dönüb evlərinə sarı baxdı, damlarından tüstü çıxırdı, deməli anası evdəydi.

Gözucu aşağı sahilin kənarına da göz gəzdirdi. Kəndirlə ağaca bağlanmış qayıq sakitcə yırğalanırdı, sanki kimsə ona nağıl danışır, o da gözlərini yumaraq nənnidə xumarlanırdı.

Eldarın da gözündən yuxu tökülürdü. Gələndə “Jiquli”də bir az çimir almışdı. Ancaq yenə də kirpikləri sözünə baxmırdı, bir-biri ilə qucaqlaşmaq üçün fürsət axtarırdılar. O fürsətin açarı isə Eldarın gözündəydi.

Cibində də başqa açarı var idi. 4 il öncə evlərinin ehtiyat açarını cibinə qoyub Bakıdan Rusiyaya qaçmışdı. Gələndə boz rəngli o açarı böz gödəkçəsinin döş cibinə qoymuşdu.

Əli ilə yoxladı. Açar yerindəydi. Onsuz da bilirdi ki, anası kilidi dəyişdirməyəcək, onun yolunu gözləyəcək.

Kafedə onu heç kim gözləmirdi. Handan-hana elə özü boyda bir oğlan ona yaxınlaşdı və “Xoş gəlibsən. İsti kabinetimiz var, keç içəri, mən də yeməyə bir şey sifariş edim” dedi və uzaqlaşanda bir anlıq dayanıb Eldara tərəf qanrıldı və gülümsəyərək “Heç soruşmadım, nə yeyirsən?” sualını verdi.

Eldarın da həmin an gülməyi tutdu, düşündü ki, karıxan təkcə o, deyil, elə bu ofisiant da hara gedəcəyini, səhərə kimi harda qalacağını bilmir.

“Hazır nə varsa gətir, bir az da mürgüləyəcəm, kirpiklərim yumulur”. Bu sözləri o, gülümsəyən ofisiantın qarasınca dedi. Gözü onu tam kadra sala bilmədi, yumulurdu.

“İsti bozbaşımız var”. Ofisiant belə cavab verdi və sağ əliylə kabineti göstərdi.

Eldar kabinetə keçib, divanın üstündə oturdu, böz gödəkçəsini çıxarıb, stulun başına qoydu, hər ehtimala qarşı yenə də döş cibinə qoyduğu boz açarı yoxladı. Yerindəydi.

Başını mütəkkəyə qoyan kimi kirpukləri qucaqlaşdı, ofisiantın ona bozbaş və çay gətirdiyindən xəbəri olmadı.

Bir saatmı yatdı, iki saatmı, bunu bilmədi. Oyananda stolun üstünə qoyulan çaydan armudu stəkana azca süzüb soyuq halda bir qurtum içdi. Sonra qapını açıb bayıra çıxdı. Hər yer qaranlıq idi. Deməli axşama kimi yatıbmış.

Birbaşa evlərinə baxdı. Çinar ağacından asılı qalan lampa həyətlərinə işıq saçırdı, hər şey aydınca görsənirdi. O, nərdivana çıxıb lampanı özü o yerdən asmışdı.

Gözləri ilə anasını axtardı. Bir neçə dəqiqə evlərinin damından tutmuş balkonlarına, bağlarındakı meyvə ağaclarınadək hər yeri süzdü. Heç nə dəyişməmişdi.

Bu an balkonun qapısı açıldı, anası belində şal bayıra çıxıb çəpərin ayağına tərəf gəldi. Odunları həmişə doğrayıb toyuq damının yanında üst-üstə qalaxlayırdılar. Boz kötükləri də yerindəydi, üstünə sancılı qara baltanı da uzaqdan gördü.

Anası damın qarşısına gəlib bir qucaq odun götürdü və balkona sarı getdi. Bu an darvazaları açıldı. Bir kişi başını içəri salıb “Ay ev yiyəsi” deyə qışqırdı. O, bu sözləri uzaq olsa da aydın eşitdi. Sanki qulağının lokatoru bütün siqnalları yığıb ona tərəf ötürmüşdü.

Həyətə girən kişini anası da gördü, nəsə deyib içəri keçdi.

Eldar diqqətlə içəri girən kişinin kimliyini öyrənməyə çalışdı. Həmin an onu “norka” papağından, dəri gödəkçəsindən tanıdı. Bu “erməni Alik” idi.

“Onun burda nə işi var. Yoxsa...”. Bir anlıq beyninə pis fikirlər gəldi, dayandığı yerdə üzüaşağı Kürə tərəf tullandı, torpaqla sürüşüb qayığın yanına çatdı. Kəndiri açıb qayığın içinə atdı, uzun taxta kürəkləri suya atıb avar çəkdi və üzməyə başladı.

Həmin gün hava çox sakit idi, Kürdə dalğa yoxuydu. Bu, onun işini asanlaşdırdı. Bir neçə dəqiqədən sonra çəpərlərinin altına çatdı. Kəndirlə qayığı söyüd ağacına bağlayıb yuxarı dırmaşdı. Allahverdi üzü darvazaya tərəf həyətdəki taxta stulda oturmuşdu. Anası gözə dəymirdi. Həmin an Allahverdini öldürmək istəyi beynində qətiləşdi. Qaça-qaça kötüyün üstündəki qara baltanı götürüb Allahverdinin boynunu bədənindən üzdü. Başı dığırlanıb odunların yanında dayandı. Qan fışqırıb həyətə doldu.

Eldar özünü itirmədi, əvvəlcə başı əlinə götürüb çaya tulladı, sonra cəsədi sürüyüb çəpərin sonuna gətirdi və təpikləyib, aşağı itələdi, “norka” papağı da tapıb yuxarıdan çaya vızıldatdı.

Sonra enib Allahverdinin başsız bədənini çaya tərəf sürüdü və itələyib Kürə atdı.

Qayığı gəldiyindən də sürətlə sürüb o biri sahilə çatdı. Kafenin tualetinə girib ayaqqabılarına tökülən qanı yudu, şalvarının balağını təmizlədi və sakitcə kabinetinə girib divana uzandı.

Gözünə yuxu getmədi, bir neçə dəqiqədən sonra qapını ofisiant açdı və “Heç nə yeməmisən ki? Mən də otağımda dincəlirdim. Bir neçə dəfə yoxladım, yatmışdın, bəxtindən kafeyə də heç kim gəlmədi, doyunca yatdın. Onda sənə nə gətirim, yeməyin bumbuz olub” sözlərini dedi.

“Heç nə lazım deyil, Bakıya gedirəm” cavabını verdi və stolun üstünə 10 manat qoydu, əl çantasını da götürüb Qazax-Bakı yoluna tərəf getdi.

Magistrala çıxıb Bakıya yox, Qazaxa gedən maşınlara əl elədi. 10-15 dəqiqə dayanan olmadı, nəhayət “Mersedes” markalı maşın onun yanında saxladı. Sürücüyə “Məni “Krasnı most”a apararsanmı?” sualını verdi.

O da “Elə mən də ora gedirəm. Adam qarşılayacam” dedi. Eldar arxa qapını açıb oturdu. Gödəkçəsinin yaxalığını qaldırıb yuxuya getdi.

Onu yuxudan tanış səs oyatdı. Kipriklərini açanda gözünə inanmadı. Bu, “erməni Alik” idi.

“Bütün gün səni gözlədim, hüzrə niyə gəlmədin, axşam qardaşımı sizə göndərdim ki, bir xəbər öyrənsin, müharibəyə gedibsən, yoxsa yox. O da gəlib çıxmadı. Gedəndə də papağımı və gödəkçəmi geyinib çıxmışdı. Elə bir saat bundan əvvəl Rostovdan qardaşım evə zəng etdi, “Təcili gəl” dedi. Soruşdum, səbəbini demədi. Mən də yola çıxıb bu maşına mindim, bir də gördüm yatıbsan”.

Eldar hər iki əliylə gözünü ovxalayıb yenə onun sifətinə baxdı. Bu doğrudan da Allahverdi idi.

“Deməli, onun qardaşını öldürmüşəm”.

Allahverdiyə bir kəlmə cavab vermədi. Beyni “stop”a düşmüşdü.

Qırmızı körpüyə kimi maşında radionun səsindən başqa heç nə eşidilmədi. Eldar, hətta səslənən mahnıları belə yadında saxlaya bilmədi, fikri-zikri Allahverdinin öldürdüyü qardaşı Allahverəndə idi.

“Deməli, Allah onun bəxtini bura qədər veribmiş”.

Ürəyində daha hefslənmədi, atasının başsız bədəni gözlərinin qarşısına gəldi. Bir anlıq düşündü ki, bəlkə qatil elə Allahverənin özü imiş, bəlkə də yanında oturan qardaşıdır. Beyni dumanlandı.

Maşından düşəndə ikisi də yolun içiylə sərhəd məntəqəsinə doğru getdilər. Ətrafda heç kəs gözə dəymirdi. Uzaqdan məntəqənin işıqları sayrışırdı. Tüpürdüyü yerə çatdılar.

“Heç soruşmursan, niyə yolun içiylə gedirik. Bax, 4 il öncə çönüb bura tüpürmüşdüm”. Eldarın nəhayət dili açıldı.

“Elə biz hər şeyi Vətənin boynuna qoyuruq, özümüzdə günah axtarmırıq”. Allahverdi bu sözləri əlini Eldarın çiyninə qoyduqdan sonra dedi.

“Bax indi də başımızı götürüb gedirik. Ölkəmizdə müharibə gedir, heç vecimizə də deyil. Sən də qorxundan döyüşməyə getmədin”.

Bu vaxt maşının siqnalı onun sözünü ağzında qoydu və yalnız “Eldar, ehtiyatlı ol, bizi öldürəcək” deyə bildi.

Eldar isə həmin an çönüb yolla onlara tərəf sürətlə gələn “Kamaz” maşınına baxdı, hafizəsinə son yazılan maşının ağ faraları oldu...

Qara asfaltın üstünə düşən boz açarı müstəntiqlər dəlil kimi götürdülər...

Səhərisi gün Qırmızı körpüdən Yevlaxa 2 meyit gətirildi...

“Kamaz”ın sürücüsünə 7 il iş verildi...

4 ildən sonra Allahverən qətlinin üstü açıldı. Eldarın anası Yaqut pəncərədən hər şeyi gördüyünü polisə etiraf etdi, həyətə dolan qan izlərini də sildiyini boynuna aldı...

Darvazanın kilidi hələ də dəyişməyib, ana yenə oğlunun yolunu gözləyir...

Eldarın deyiklisi Qazaxa dul kişiyə ərə gedib...

Allahverdinin qardaşının biri Rostovdan köçüb Yevlaxa gəlib...

# 5669 dəfə oxunub

Müəllifin son yazıları

# # #