“Zamanın qanadlarında. Vüqar Əli” kitabının təqdimatı və sərgisi keçirildi

“Zamanın qanadlarında. Vüqar Əli”  kitabının təqdimatı və sərgisi keçirildi
10 aprel 2026
# 13:36

Azərbaycan Milli İncəsənət Muzeyində müasir Azərbaycan incəsənətinin tanınmış nümayəndəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, Əməkdar rəssam Vüqar Əlinin əsərlərindən ibarət “Zamanın qanadlarında. Vüqar Əli” adlı sərginin açılışı və eyniadlı kitabın təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və ADMİU-nun birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş olunub.
Tədbirdə tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətsevərlər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Elm və Təhsil nazirinin müavini İdris İsayev Əməkdar rəssam Vüqar Əlinin yaradıcılığı və Azərbaycan təsviri sənətinə verdiyi töhfələrdən danışıb. Bildirilib ki, 1990-cı illərdən etibarən peşəkar yaradıcılığa başlayan Vüqar Əli qrafika, teatr - dekorasiya, dəzgah və monumental rəngkarlıq sahələrində çalışıb, eyni zamanda reklam və sosial məzmunlu plakatlar yaradıb. O, “Kainat” bədii qrupunun yaradıcılarından biridir. Rəssam Bakı Dövlət Gənclər Teatrı və Muzey Mərkəzində rəssam kimi fəaliyyət göstərmiş, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olaraq hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim kimi çalışır. Onun əsərləri yerli və xarici qalereyalarda, şəxsi kolleksiyalarda qorunur.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında bu cür sərgilərin önəmindən danışıb. Azərbaycanda rəssamlıq sənətinin dərin köklərə, çoxəsrlik tarixə malik olduğunu deyən nazir müavini müasir rəssamlığın inkişafında Vüqar Əlinin və onun həmkarlarının rolunu xüsusi qeyd edib.

ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova çıxışında Vüqar Əlinin həm də pedaqoji fəaliyyətinə nəzər salaraq bildirib ki, rəssamın yaradıcılığında elm və sənətin vəhdəti xüsusi yer tutur. Professor Xudu Məmmədovun ideyalarından təsirlənən rəssam kristalloqrafiyanın prinsiplərini ornamental təsvirlərlə əlaqələndirir. Bu yanaşma onun yaradıcılığında həm struktur, həm də estetik səviyyədə özünü göstərir. Son dövrlərdə isə onun yaradıcılığında həcmli kompozisiyalar və Azərbaycan miniatür sənətinə maraq daha qabarıq şəkildə müşahidə olunur.
Əsərlərdə plastik və zərif siluetlər qədim arxetiplərlə səsləşir, musiqi və muğamla assosiativ bağlılıq yaradır. Fiqurların dinamikası və kompozisiya quruluşu vizual harmoniyanı təmin edərək ümumi ekspozisiya mühitinin bədii ovqatını formalaşdırır.

Daha sonra çıxış edənlər- Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, “Zamanın qanadlarında. Vüqar Əli” kitabının müəllifi, ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova Əməkdar rəssamın yaradıcılığı və nümayiş olunan sərginin mahiyyəti haqqında danışıblar.

Bildirilib ki, Vüqar Əlinin ənənə və müasirliyin vəhdəti ilə seçilən əsərlərindən ibarət sərginin konsepsiyası rəssamın yaradıcılığına ümumi baxış üzərində qurulub. Onun əsas mövzularından biri olan və milli nağıl motivlərindən qaynaqlanan Nar qızı, Nargilə və Nar pərisi obrazları fərdi estetik yozumda təqdim edilir. 1980-ci illərdən etibarən bu mövzu rəssam üçün tükənməz ilham mənbəyinə çevrilmiş, müxtəlif rakurs və formatlarda yeni bədii interpretasiyalarla zənginləşdirilmişdir.

Sərgidə nümayiş olunan əsərlər yalnız təsvir olunan sujetlə kifayətlənmir, eyni zamanda rəssamın daxili dünyasını, emosiyalarını, enerjisini və gözləntilərini tamaşaçıya ötürür. Üslubi həll Vüqar Əlinin formalaşmış dəst-xəttini əks etdirməklə yanaşı, mürəkkəb inkişaf prosesini də nümayiş etdirir. Rəssam ənənəvi akademik məktəbin nailiyyətlərini avanqard yanaşma ilə sintez edərək formanı deformasiyaya uğradır və yeni plastik həllər yaradır. Rəng və ritm vasitəsilə isə kompozisiyalara dinamiklik qazandırır.

Kitabın yaranma prosesindən danışan müəllif S.Kərimova qeyd edib ki, nəşrdə rəssamın həyatı və yaradıcılıq mərhələləri, estetik baxışlarının təkamülü və milli-mənəvi dəyərlərə münasibəti ardıcıl şəkildə təhlil edilir, onun fərdi üslubu tarixi-mədəni kontekstdə elmi-publisistik yanaşma ilə əksini tapır.
Sərgi 15 aprel 2026-cı il tarixinədək davam edəcək.

# 174 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər