70 yaşlı sənətkarın nazirdən xahişi: “Məni qəbul edin”

70 yaşlı sənətkarın nazirdən xahişi: “Məni qəbul edin”
13 dekabr 2017
# 12:57

45 il öncə Azərbaycanın musiqi beşiyi adlandırılan Qarabağda bir ansambl yarandı. "Qarabağ bülbülləri" adı ilə ölkəyə səs salan bu ansambl nəinki Azərbaycanda, bütün SSRİ-də tanındı və sevildi. İndi "Qarabağ bülbülləri"nin 45, onun yaradıcısı və bədii rəhbəri Murad Rzayevin isə 70 yaşı tamam olur. M.Rzayev 45 il əvvəl yaratdığı "Qarabağ bülbülləri"ni indi də yaşadır. Kollektivin yetirmələri indi Azərbaycanın əməkdar və xalq artistləri, ölkənin nüfuzlu sənət adamlarıdır. Amma…

Bu günlərdə redaksiyamızla əlaqə saxlayan tanınmış musiqiçi, əfsanəvi "Qarabağ bülbülləri" ansamblının yaradıcısı və bədii rəhbəri Murad Rzayev söhbət əsnasında Mədəniyyət və Turizm Nazirliyinə olan gileyini də gizlətmədi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, zəhməti, əməyi bu günədək obyektiv dəyərləndirilməyib.

Xatırladaq ki, Rzayev Murad Yunis oğlu 1947-ci il dekabrın 7-də Ağdam rayonunda ziyalı ailəsində anadan olub. 1954-cü ildə 3 №-li orta məktəbə daxil olub, 1964-cü ildə həmin məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən Güllücə kəndində kino qurğusunda motorçu, yəni fəhlə işləyib, həmçinin kiçik yaşlarından Ağdam rayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynayıb, respublika Teatr Cəmiyyətinin fəxri fərmanına və diplomlarına layiq görülüb. Həmin ildə Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikumunun xor-dirijorluq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin məktəbin tam kursunu bitirib. Həmin ilin noyabrında hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1970-ci ildən 1971-ci ilin may ayına kimi Ağdam rayon Mədəniyyət Evində bədii rəhbər vəzifəsində çalışıb, tamaşalara musiqi tərtibatı verib və eyni zamanda bir çox tamaşalara musiqi yazıb. Həmin ildən də rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam rayon Pioner və Məktəblilər Evinə (hazırda Uşaq Yaradıcılıq Mərkəzi) direktor təyin olunub və həmin vəzifədə 2016-cı ilin aprel ayına qədər çalışıb. Rayonda ilk dəfə müəllim və şagirdlərdən ibarət xor qrupu və estrada orkestri yaradıb. Mərkəz rəhbəri olması ilə yanaşı, məktəbin nəzdində "Qarabağ bülbülləri" ansamblını yaradıb.

Respublika Komsomol Komitəsinin təqdimatına əsasən 1977-ci ildə Zaqafqaziya Komsomol məktəbinə qiyabi qəbul olub, 1979-cu ildə oranı əla qiymətlərlə bitirib. Həmin ildə də Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsinə qəbul olub, 1984-cü ildə universiteti bitirib. 1971-ci ildən M.Rzayevin bədii rəhbəri olduğu "Qarabağ bülbülləri" ansamblı dünyanın əksər ölkələrində respublikamızı mahnı festivallarında təmsil edərək medallar və yüzlərlə diplom, fəxri-fərmanlar alaraq, 12 sənədli və bədii filmlərə çəkilib. Kollektiv Ümumittifaq Zaqafqaziya və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb. Həmin illərdə qabaqcıl iş təcrübəsi respublika miqyasında yayıldığına, mədəniyyət və incəsənət sahəsində istedadlı şagirdlər yetişdirdiyinə görə 1976-cı ildə respublikanın "Qabaqcıl Maarif Xadimi", 1989-ci ildə isə "SSRİ-nin Maarif Əlaçısı" döş nişanı ilə təltif edilib. Eyni zamanda, Azərbaycan Müəllimlərinin VI Qurultayının nümayəndəsi olub, 20 ilə yaxındır ki, keçirilən seçki kampaniyasında komissiya üzvü olaraq iştirak edir. İşlədiyi müddətdə rəhbərlik etdiyi "Qarabağ bülbülləri" ansamblı respublikanın mədəni kütləvi tədbirlərində, o cümlədən bir sıra xarici ölkələrdə çıxış edib və qazandığı nailiyyətlərə görə keçmiş Sovet İttifaqı Mərkəzi Komitəsinin, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin, Ağdam Rayon Partiya Komitəsinin, Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin, Pioner Təşkilatı Mərkəzi Komitəsinin, Ümumittifaq Pioner Təşkilatının döş nişanına, Təhsil Nazirliyinin fəxri diplomuna, Ümumittifaq Baxış müsabiqələrinin diplomlarına, Ümumittifaq Xor Cəmiyyətinin döş nişanına, II Beynəlxalq Musiqi Festivalının diplomuna, Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının fəxri diplomuna, Qafqaz-Media İctimai Birliuyinin diplomuna, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının diplomuna, Respublika Xalq Yaradıcılığı festivallarının diplomuna, Azərbaycan Dövlət Televiziyasının fəxri diplomuna, milli muğam sənətinin təbliği və inkişafındakı xidmətlərinə görə "Milli Muğam Musiqisi " mükafatına, "Əsrin Ziyalısı" fəxri diplomuna, o cümlədən rayon İcra Hakimiyyətinin fəxri fərmanına və hədiyyələrinə, Daxili və Sərhəd Qoşunlarının cəbhə bölgələrindəki "N" saylı hərbi hissələrinin fəxri fərmanlarına, "İlin müəllimi" adına, müxtəlif dövlət təşkilatlarının musiqi festivallarının 5 ədəd laureat medalına layiq görülüb.

Müəllifi olduğu onlarla mahnılar, rənglər respublikamızın görkəmli xanəndələrinin, eyni zamanda respublikanın xalq artistləri Mirzə Babayev, Qədir Rüstəmov, Flora Kərimova, Oqtay Ağayev, əməkdar artistlər Zöhrə Abdullayeva, Teymur Əmrah və tanınmış digər müğənnilərin ifasında səslənib. Həmçinin, M.Rzayevin vaxtilə Tacir Şahmalıoğlunun ifasında səslənən "Bayatı-Şiraz" muğamına etdiyi improvizə bu gün də Azərbaycanın bir çox dövlət tədbirlərində, keçirilən muğam müsabiqələrində, Avropa və İslam oyunlarında, Prezident haqqında çəkilən filmdə, efirlərdə vətənlə bağlı gedən verilişlərdə səslənir.

Bunlardan əlavə, M.Rzayev bütün dövlət televiziya kanallarında çıxış edib. Özünün və rəhbərlik etdiyi ansambl haqqında onlarla kitablar nəşr olunub. Pedaqoji fəaliyyətə başladığı illərdən etibarən və "Qarabağ bülbülləri" ansamblı yarandığı gündən M.Rzayevin həyat və pedaqoji fəaliyyətini, eyni zamanda ansamblın işini özündə əks etdirən yüzlərcə video kasetlər, disklər işıq üzü görüb və davam etməkdədir. Hal-hazırda həmin kasetlər, şəkillər, mətbuat səhifələrində dərc olunmuş külli miqdarda məqalələr, proqramlar, dəvətnamələr, afişalar, tamaşalara yazılmış musiqi proqramları, ansamblın fəaliyyətinə görə təşəkkür məktubları, hədiyyələr şəxsi arxivində qorunub saxlanılır.

Gənc nəslin təlim, vətənpərvərlik və estetik tərbiyəsinə görə 1993-cü ildə Təhsil Nazirliyinin kollegiyasında iş təcrübəsi müzakirə edilərək təşəkkür edilib və bu barədə "Azərbaycan müəllimi" qəzetində bütün material dərc olunub.

1988-ci ildə Murad Rzayevin Ağdam rayon Mədəniyyət Sarayında 40, 2007-ci ildə 60, 2012-ci ildə isə 65 illik yubileyi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın görkəmli ziyalıları, millət vəkilləri, şair, yazıçı, incəsənət xadimlərinin iştirakı ilə təntənəli şəkildə qeyd olunub.

M.Rzayev hal-hazırda respublikanın mədəniyyət və incəsənət aləmində tanınmaqla, rayon və respublika ictimaiyyəti arasında böyük nüfuza malik olmağı ilə bərabər, yenə də yorulmadan respublikamızın ifaçılıq sənətinə layiq gənclər, istedadlı ifaçılar yetişdirməkdə davam edir. Lakin bütün bunlara və neçə-neçə xalq və əməkdar artistləri yetişdirməsinə, həmçinin 50 illik xidmətinə və bu barədə Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, M.Rzayev zəhmətinin hələ də dəyərləndirilmədiyini bildirir və mədəniyyət və turizm nazirli Əbülfəs Qarayevdən onu qəbul etməsini xahiş edir… /tezadlar.az/

# 1260 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #