Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının on dördüncü hissəsini təqdim edir.
ƏSGƏRLİK
2004-cü ilin iyulun 15-i biləcəridəki çağırış məntəqəsində eynəkli bir mayor mikrofonla “Fərzəliyev Ərəl Murtuza oğlu” deyib səslənəndə onun yanında dayanmış iyirmiyə yaxın çağırışçının yanına getdim. Bizi avtobusa mindirib hərbi hissələrin birinə apardılar.
“Düşün aşağı! Bura sizin üçün mülkü həyat deyil. Buranın öz qaydaları var!” – hərbi xidmətdə eşitdiyim ilk söz bu oldu. Avtobusdan düşüb nizamsız şəkildə sıraya düzüldük. Bığlı bir gizir yanında bir çavuş, üç əsgərlə bizə yaxınlaşıb sual verdi:
– Biti, qoturu, keçici xəstəliyi olan yoxdur aranızda? Hamı susdu.
– Baxın ha, varsa, deyin. Sonra tapılsa, paz soxacaqlar.
– Bir az gözləyib davam etdi, – Davay, Abdullayev, “prizivin başını qırxdırın, soxun hamama.
Demək, əsgərlikdə hamı bir-birini soyadla çağırırmış. Gizir uzaqlaşan kimi əsgərlərdən biri dedi:
– Neftçalalı var aranızda? Bir nəfər cavab verdi:
– Mən.
– Harasındansan?
– Surradan
– Mən də Bankədənəm, – hamının eşidəcəyi tonda həmin oğlanı yanındakı əsgərə göstərərək, – bu oğlana göy buşlatdan verin. Yerlimdir. – Oğlana xitabən, – Qaqa, telefonla danışmaq istəsən, təşkil edərəm. Burda kim sənə ilişsə, de.
Keçəl başla lüt soyunub hamama girməzdən əvvəl Xəbərov soyadlı çavuş bizə guya oğurlanmaması üçün saat və pulları təhvil verməyimizi istədi.
Vüsal Əzizov ad soyadlı orta yaşlı bir leytenant da soyunma otağında idi. O yaşda leytenant ilk dəfə görürdüm.
Leytenant Əzizov düşüklük edərək dedi:
– İki adam bir duşa girməsin, hamilə qalarsınız. Xəbərov əlavə elədi:
– Kimin sabunu yerə düşsə əyilməsin. Dalınızı bir-birinizə çox da etibar etməyin.
Biz yox, köhnə əsgərlər gülüşdü. İçimizdə də onlara yovunub gülənlər oldu. Mülkü geyimləri süpürləyib apardılar. Guya yandıracaqdılar. Əslində, Əzizov onlardan seçib satdırırdı.
Duşdan çıxanda gördüm Cincilimin mənə bağışladığı bahalı saat Çavuş Xəbərovun qolundadır. İcazəsiz saatımı taxdığına görə əsəbiləşdim:
– Saatı ver.
– Saatı neynirsən, əsgər?
– Mənim saatımdır o. Mənəvi dəyəri var.
– Xidmətdə “mənim” sözü yoxdur. Heç dalınız da sizin deyil.
Dərindən nəfəs alıb təkrar etdim:
– Saatı qaytar!
– Qaytarmasam, neyləyəcəksən? “Suka”lıq eləyəcəksən?
Bu dəfə qışqırdım:
– Saatı qaytar!
Soyunma yerində sükut yarandı. Hamı nəticəni gözləyirdi. Mən dəsmala bürünmüş halda idim. Hələ ilk hərbi geyimimi geyinməmişdim.
Əzizov müdaxilə elədi:
– Bunun başı hələ qoltuq altı görməyib. Görsə, zabitin yanında belə qışqırmaz.
– Mən hüquqşünasam. Saatı da qaytarın, portmanatımla pulumu da.
Xəbərov mənim idmançı bədən quruluşumdan, Əzizov hüquqşünas olmağımdan qorxdu. Əzizov dedi:
– Bu “suka”dı. Qaytar soxsun dalına.
Məndən və neftçalalı oğlandan başqa heç kimin pulu qaytarılmadı.
Əzizov mənə xitabən dedi:
– Allaha yalvar ki, TTMdən sonra bura düşməyəsən. Düşsən, bütün tualetlərə sən cavabdeh olacaqsan.
Başımın tası atmaq üzrəydi. Susdum. Xəbərov dedi:
– Hansı TTMə düşsə, mənə deyin, “ksiva”sını yollayım. Famliyan nədir, ə sənin?
Leytenant Əzizov:
– “Suka”dı, başını burax.
Xəbərov:
– “Suka”nın anası bacısı verən olur.
Söz Xəbərovun ağzından çıxar çıxmaz yumruqla necə vurdumsa, yıxıldı. Durub məni vuranda bizi araladılar.
Xəbərov:
– Səni minəcəm!
– Yeyə də bilməzsən.
Əzizov üstümə qışqırdı:
– Cındır, dalın əldən getməsin. O çavuşdu. Çavuşla belə danışmazlar.
Gözümü Əzizovun gözünə yaxınlaşdırdım. Qorxdu ki, onu da vuraram. Dedim:
– Heç kim ana bacı söhbəti edə bilməz.
Köhnə əsgərlərdən biri dedi:
– Qaqa, formanı geyinəndən sonra ana bacı komandirlər, zabitlərdir. Əsgərin anası bacısı olmur.
– Mən hələ formanı geyinməmişəm.
Onlar da təsdiq etdilər ki, mən haqlıyam. Xəbərov gördü haqsız duruma düşür, dedi:
– Mən sənin ana bacını demədim, “suka”nınkını dedim.
Zabit buşlatına bənzəyən iki göy buşlatın birini neftçalalı oğlana verdilər. İkincini mən götürdüm. Heç kim bir söz demədi.
Köhnə əsgərlər mənə tərs tərs baxırdılar.
Nahardan sonra bizi yenidən avtobusa mindirib Göytəpədəki Təlim Tədris Mərkəzinə gətirdilər. Çatan kimi evimizlə telefon danışığına icazə verildi. Hər əsgər bir zəng edə bilərdi. Cincilimə zəng vurdum.
– Alo. Salam, Cinim!
– Salam, Ərəl. Necəsən? Hardasan? Necə getdin? Hara düşdün?
– Başımızı keçəl qırxıb gətiriblər tədris mərkəzinə.
Güldü:
– Təsəvvür eləyirəm səni, keçəl... – lağ elədi, – Hər adama qismət olmur e, istəklisi hərbiçi olsun.
– Yadındadı, uşaq olanda mənə lağ etmişdin: keçəl keçəl noxudu keçəl. Bax o gündəyəm.
– Yadımdadı. Hər şey qaydasındadır?
– Hə. Cinim, Londona hazırlaşırsan?
– Hə. Sentyabrın 2i orda olmalıyam.
– Bir az elə bil qorxuram. İndidən darıxıram.
– Hə, ata qurtardı, sən başladın. Bir ildi, gedib qayıdacam. Qorxma.
– Cinim! Londona çatan kimi Çinara zəng elə. Ordakı nömrəni mütləq ver. Görüm, burda telefonlu kimi tapa bilirəm. Saat fərqini də deyərsən, gecə 4də oyatmayım.
– Sən lap 4də yığsan da xoşdur.
– 365 gündür. İkisi gedib artıq. Qalıb 363ü. Qayıdan kimi iş tapıb qaçırdacam səni.
Səsimin tonunu dəyişib davam elədim:
– Cinim! O günkü dad damağımdadı hələ də.
Gülərək:
– Lap axırda da romantikanın ortasına etdin.
Mən də güldüm. Gizir çiynimə vurana qədər danışdıq. Təlim Tədris Mərkəzində bizə sıraya düzülməyi, əsgər yerişi yeriməyi, rütbələri, silah atmağı və bu kimi digər şeyləri öyrədirdilər. Aramızdan musiqi alətlərində ifa edə bilənləri ayırdılar. Onları “muzrota” deyilən bölüyə yerləşdirdilər. Bu bölüyün əsas işi himni və digər marşları ifa etmək idi. Biz o marşların ritmi altında “şaqat” edirdik. Bərbər və sürücüləri də ayırdılar. Həyatımın ən təəccüblü hadisəsinə orda rast gəldim: içimizdə bir neçə əsgər yazıb oxuya bilmirdi. Bəziləri isə sağı solu bilmir, pulu tanımırdı.
Babayev soyadlı bir əsgər mənə həyatımın şokunu yaşatdı. O mənimlə bir kənddə, üç məhlə yuxarıda yaşamağına baxmayaraq, mən onu tanımırdım. Üç məhlə yuxarıda yaşayan oğlanı ilk dəfə əsgərlikdə görmüşdüm. Bizim bir-biri tanımamağımız qeyriadi hadisəydi. Necə ola bilər, eyni kənddə, üç məhlə o yanda böyüyüb əsgərlik yaşına çatan bir adamı heç vaxt görməyəsən. Söhbət əsnasında belə məlum oldu ki, valideynləri onu heç məktəbə də qoymayıb. Adı məktəbdə getsə də, o sinif yoldaşlarını tanımayıb. Səhər hamımızdan qabaq durub, mal qoyun otarmağa gedib, gecə də gəlib evdə yatıb. Adam pulun nə olduğunu bilirdi, amma dəyərini bilmirdi. Heç vaxt mağazadan nəsə almamışdı. Yazma oxuma bilmədiyinə görə, biz dərsdə silahların təyinatını keçəndə özü kimi bir neçə əsgərlə tualet təmizləməyə gedirdi. Bu cür əsgərlərə “tormoz” və ya “ruçnoy” deyirdilər. Zabitlər qarışıq bütün hərbi hissə onlara lağ edirdi. Mən öz kəndçimə, çətin də olsa, yazıb oxumağı və imza çəkməyi öyrətdim. Andiçmə günü onun yanına heç kim gəlməmişdi. Çinar yox, Şıpı onu tanıyırdı. Yanıma gələnlər mənimlə bərabər onun da cibinə pul qoydular.
O, rütbələri axıracan öyrənə bilmədi. Məsələn, polkovnik leytenanta “cənab mayor, bir də mayor” deyirdi.
TTMdə olduğumuz 45 gün ərzində biz nə qadın, nə mülkü geyimli adam gördük. Ali Hərbi Məktəbin sonuncu məzunları leytenant rütbəsini yenicə alıb karyeralarını bizə hərbi qayda qanunları, silahların təyinatlarını öyrətməklə başlamışdılar.
45 günün sonuna yaxın kazarmada “düzül” komandası verildi. Ali təhsilliləri sıradan çıxartdılar. Andiçmə günü bayrağı qaldıran və mətni səsləndirən əsgərləri seçirdilər. Bayrağı qaldırmaq şərəfi mənə qismət oldu. Himn səslənib bitənə qədər asta asta bayrağı qaldırmalıydım. Telekanalların biri çəkiliş edib reportaj hazırlayacaqdı. Geyimimiz köhnə olmasa da, mənə və andiçməni oxuyan əsgərə təzə geyim verildi. Bizi digər əsgərlərdən ayırıb məşqə apardılar. Mənim iki dəst hərbi geyimim oldu. Birini görüş üçün təzə saxlayırdım.
Andiçmə günü hər kəs kimi mənim də yanıma gəlmişdilər: anam, dayım, Müjgan xalam, kirvəm, Çinar və Şıpı... Anam kotletdən başqa bildiyi xörəklərdən bişirib mənim üçün gətirmişdi. Mən bayrağı qaldıranda kövrəlib ağlamışdı.
Anam məni kənara çəkib bibim qızının ərə getməmiş hamilə qalmasını söylədi. Bacım Mosuya qoşulub qaçanda mənə: “Hardadı bu biqeyrət, niyə gəlib namusun təmizləmir?” deyən bibim, əri və oğlu qızı qarnı yekəlməmiş həmin oğlana sırımaq istəsələr də, oğlan irana müalicəyə getmək adıyla yoxa çıxmışdı. Anama bu işlərə qarışmamağı, atamı da qarışmağa qoymamağı tapşırdım. Cincilimin London nömrəsinə zəng edib doyunca danışdım. Bayrağı qaldırdığımı dedim.
Səhəri gün bölünüb hərbi hissələrə gedəcəkdik. Bizə “şaqat” öyrədən gənc leytenantlar vida düzülüşü edib bizimlə sağollaşdılar. Ali təhsilli olduğuma görə mənə xüsusi ehtiramla yanaşırdılar.
Bölgü başladı. Mən və həmkəndlim Babayev hərbi geyim geyindiyimiz hərbi hissəyə, leytenant Vüsal Əzizov və yumruqla vurub yıxdığım Çavuş Xəbərovun yanına düşdük.
Yağışlı bir gün idi. Avtobusdan enib sıraya düzüldük. Gördük köhnə əsgərlər başqa cür “şaqat” edir. Bizə “NATO şaqatı” deyilən addımlama öyrədilmişdi, köhnələr isə “rus şaqatı” edirdilər. Biz addımlayanda hərbi hissənin köhnə şəxsi heyəti bizə ürəkdən gülməyə başladı. Komandirin əmri ilə bizə yenidən “rus şaqatı” öyrədildi ki, köhnələrlə təzələr eyni addımlasın.
Gəldiyimiz gün bizi ütü otağına yığıb sıraya düzdülər. Əvvəlcə dedilər, “suka”nın – şikayət edənin anası bacısı pozğun olur və sonra döyməyə başladılar.
Leytenant Əzizov və Xəbərov köhnə əsgərlərə tapşırmışdı ki, gələn kimi gözlərini qırın, “dalları əldən getməsin”. Deyirdim, Əzizov və Xəbərovun yadından çıxmış olaram, amma çıxmamışdım. Əzizov məni görən kimi istehza ilə dedi:
– Oooo mənim əziz dostum, qardaşım. Sənə demişdim axı bura gəlmə. Of bə, sən onsuz da qaçacaqsan, indidən qaç. Fərari olacaqsan.
Susdum.
Sizə Əzizov barədə geniş danışmaq istəyirəm. Alçaq boylu, nağara qarınlı, sırtıq sifətli acgöz bir adam idi. Özünü kişiyə oxşatmaq üçün bığ saxlasa da, alınmırdı. Hərbiçi deyildi, hərbidə gizir kimi işə düzəlmişdi. İşləyə işləyə adını hansısa hərbi məktəbə yazdırıb leytenant rütbəsi almışdı. “Çepe”lərinə görə rütbəsi qalxmırdı. 37 yaşı vardı, hələ də leytenant idi. Digər zabit və gizirlərdən fərqli olaraq əsgərlərlə məsafə saxlamırdı. Pullu və daydaylı uşaqlarla dostlaşırdı. Özünün zabit şərəfini qorumadan hamı ilə düşük zarafatlar edirdi.
Əzizov hərbi hissəyə yaxın qaldığından zərurət yarananda arvadı NBM-ə gəlir, ərinin oğurladığı ərzaqları ondan alıb aparırdı. Arvadını görən kimi ciddiləşir, səs tonunu dəyişdirib, gözünə görünən əsgərlərə yersiz əmrlər verirdi. Bütün şəxsi heyət onun arvadını görmüşdü. Zabitlər arasında yeganə müzakirə olunan qadın Əzizovun arvadıydı. Zabitlər Əzizovun arvadının əndamından danışanda hansısa qadına kəm baxdıqlarını düşünməyin. O qadın ona görə müzakirə mövzusu idi ki, Əzizovun arvadı idi. Başqa bir zabitin arvadı heç vaxt müzakirə olunmazdı. Təzə gələn qərargah rəisi qadının kimin yanına gəldiyini soruşanda zabitlərdən biri Əzizovun adını demişdi. Rəis elə başa düşmüşdü ki, qadın Əzizovun “saxladığı”dır və hamının yanında ona demişdi: “Arada bizə də ver!” Sonradan arvadı olduğunu biləndə də üzr istəməmişdi.
O biri zabitlər Əzizovun yanında söz danışmırdılar. Onu özləriylə yeyib içməyə aparmırdılar, toya çağırmırdılar. Bir dəfə Fərəc adlı əsgər, – sonradan mənim dostum olduğuna görə biz bu oğlanı soyadıyla yox, adıyla təqdim edəcəyik, – qaranlıq gecədə qərargahın damından işəyərkən bilmədən Əzizovun üstünü batırmışdı. Əzizov Azərbaycanın ordu tarixində yeganə zabit idi ki, başına işəmişdilər. Bu təsadüfən baş versə də, olmuşdu. Rüsvayçılığa görə Əzizov Fərəci “açko”ya basmışdı. Onu sındırıb “çumo” etmişdi. Hərbi hissədə ən çətin, heç kimin etmədiyi “zapadlo” işləri Fərəcə gördürürdü.
Əzizov atası ölmüş əsgərlərə qarşı çox alçaqcasına davranırdı: xidmət zamanı süngülərini oğurlatdırıb valideynini çağırtdırırdı, ata olmadığına görə analarını təklikdə qorxudur, ya onları hamama aparıb cinsi əlaqədə olmaq istəyir, ya da pulunu alırdı. Kimin atası yox idisə, mütləq süngüsü itirdi. Komandirə deyirdi, süngü məndədir, görüm nə ala bilirəm? Komandirə çoxlu pul qazandırdığından o da Əzizovun tərəfini tutur: “Əsgərin ağlı olaydı, yatmayaydı, silahı oğurlanmayaydı”, – deyib vicdanını susdururdu komandir. Əzizov isə vicdanına heç nə demirdi, çünki vicdanı yox idi.
Köhnə daydaylı əsgərlər Əzizovla aranı açır, onunla münasibət qurur, leytinantla dost olduqları üçün qürrələnirdilər. Onlar Əzizova digər zabitlərdən fərqli olaraq yaxşı oğlan deyirdilər: “Dostmuzdur Əzizov, qardaşımızdır”. Onlar Əzizova ona görə yaxşı oğlan deyirdilər ki, Əzizov onlardan pul alıb yerlərinə başqa əsgərləri xidmətə çıxarırdı. Cabbarov soyadlı özünə hörmət qoyan bir zabit Əzizov haqqında demişdi: “Bu oğraş bir “şirvan”a vətən satar”. Düz deyirdi.
Bir sözlə ölkənin ən ləyaqətsiz, ən vicdansız, ən satqın zabiti mənim taqım komandirim idi. Xəbərov isə taqım komandirinin köməkçisi idi. Əslində, mən başqa taqıma düşmüşdüm, Əzizov demişdi, bu cındırı mənim yanıma yazın, onunla haqq hesabım var. Müharibə başlasa, döyüş meydanında Əzizovu özüm güllələyəcəkdim. Bunu doğrudan edərdim. Silahın yaxın məsafədən atılması məsələsini də həll edərdim. Amma sonradan fikrimi dəyişdim. İndi əksinə, nə olur olsun Əzizovu döyüş şəraitində ölməyə qoymazdım. Çünki camaatın onun şəklini hörmətli yerlərdə nümayiş etdirib “nur üzlü şəhidim, həmişə qəlbimizdəsən” deməsinə dözə bilməzdim. Əzizov öz övladları xaric heç vaxt heç kimin qəlbində yer tutmamalı idi. Heyif idi o yer.
Fərəc, mən, Babayev, çavuş Xəbərov, aşpaz Çobanov, sıravi Tağızadə, sıravi Poladov, sıravi Quliyev, sıravi Səmədli və sıravi Ramazanov eyni taqımdaydıq. Zabitlər deyirdi, Əzizovun taqımı da özü kimi “çumo”dur. Düz deyirdilər. Hərbi hissədə ən hörmətsiz taqım bizimki idi. Səbəb də o idi ki, bizim taqımın komandiri leytenant Əzizov idi.
Başqa taqım komandirləri gecə xidmətdən əvvəl əsgərləri yatızdırırdılar ki, xidmətdə yuxulamasınlar. Əzizov bizi yatızdırmırdı. “Əsgərin boş vaxtı olanda ev yadına düşür, darıxır. Əsgəri boş saxlamaq olmaz. Əsgərin harasını öpsən, murdardır. Üz vermək olmaz əsgərə, dalı əldən gedər. Əsgər ancaq “paxat” eləməlidir”, – deyirdi Əzizov. Kasıb əsgər düşmən əsirindən də əskik idi onun üçün. “Səndən xeyir görmədim”, – deyib nifrət edirdi. Elə şeylər var, onu düşmən düşmənə eləməz, Əzizov öz əsgərlərinə edirdi.
Yeməkxanadan oğurladığım qavyadinləri ucuz qiymətə satıb həmin pulla Cincilimə zəng edirdim. Cincilim Londonda xadimələrin saatda 10 dollardan çox pul qazandığını deyirdi. Ona zarafatla əsgərliyi bitirən kimi iki süpürgə götürüb ora gələcəyimi demişdim.
Əzizov bilirdi ki, mən hüquqşünasam. Buna görə mənim “suka” olub olmadığımı dəqiqləşdirmək üçün köhnə əsgərlərdən üçünə eyni anda dedi:
– Öyrənin, görün, bu “padla”nın torpağından kişi çıxıb?
O bir hüquqşünasın nə qədər təhlükəli olduğunu anlayırdı. Tribunaldan qorxurdu. Ona görə məsuliyyəti öz üzərindən atıb bunu başqalarına etdirirdi.
Əsgərlər məni ütü otağına aparıb sual verdilər:
– Haralısan, ə dümsük?
– B rayonundan.
– Oy da, nə pis yerdənsən, kişi çıxıb ordan?
Mən susdum. Onlar məni döyməyə başladılar. Və təkrar soruşdular:
– B rayonundan kişi çıxıb?
– Hə, çıxıb, – deyəndə onlar hər üçü məni yerə sərib elə təpiklədilər ki, mən B rayonundan indiyə qədər kişi çıxmadığını dedim.
Daha sonra sual belə oldu:
– Atan kişi deyil?
– Kişidir.
– Bəs deyirsən kişi çıxmayıb ordan?
Yenə döydülər. Təxminən qırx dəqiqə döyüldüm. Sonra fəxrlə Əzizova qılıqlanıb sındırılma muştuluğunu çatdırdılar.
Əzizov məmnun oldu. Amma nədənsə narazı qalmış halda dedi:
– Mən bilirəm, siz onu “açko”ya basa bilməzsiniz.
– Ağzına da verərik.
– Verə bilməzsiniz!
– Onun var yoxunu da çölə tökərəm. – Əslən S rayonundan olan köhnə əsgər dilləndi.
– Edə bilməzsən.
– “Açko”ya bassam, nə verərsən?
– Pulsuz “uvalneniya” təşkil edəcəm.
“Uvalneniya” deyilən şey komandirin açıq aşkar satışa qoyduğu icazə vərəqəsi idi. Bu kağızı alan adam səhər saat 9dan axşam saat 18ə qədər şəhərə çıxıb gəzə bilərdi. Qeyri leqal qiyməti bir “şirvan” idi. S rayonundan olan oğlan öz əsgərlik yoldaşını – bir insanı həmin kağıza dəyişib sındırmalı idi.
“Açko” – unitazın içi idi və oranı təmizləmək əsgərlər üçün rüsvayçı hal sayılırdı. Əsgəri sındırmaq üçün əlinə şüşə qırıntısı verir, unitazın içini qaşıyıb təmizlədirdilər. Bəzilərinə dırnaqlarıyla təmizlədirdilər. Sonra həmin əsgərin adı “açkoşik” qalırdı. Yeməkxanada murdar bilib ayrı otuzdururdular. Bunu o əsgərlərə qarşı edilirdi ki, ya döyüş bayrağı postunu boş qoyub yatır, ya da əsgər yoldaşından oğurluq edir. Bizim hərbi hissə fərqli idi. Əzizovun və köhnə əsgərlərin xoşuna gəlməyənləri ora basırdılar. Köhnə əsgərlər kimisə “açko”ya basanda, fəxr edirdilər. Məsələn, çavuş Xəbərov və “Nəsilminən” ləqəbli qızıldiş Dumbuzov hərəsi 9 əsgər “açko”ya basmışdılar. Bu, Dumbuzova yer edirdi. Necə yəni çavuş Xəbərov da onun qədər əsgər sındırmışdı? Mütləq bir əsgər artıq olmalıydı. Dumbuzovun üstünlüyü o idi ki, bütün əsgərlərə dırnaqlarıyla iş gördürürdü. Xəbərovla Dumbuzov “açko”da adam sındırma yarışına girmişdilər.
Düşmənlə Əzizovun bir fərqi vardı: düşmən öldürürdü, sındırmırdı, Əzizov sındırırdı, öldürmürdü. Daha doğrusu, öldürə bilmirdi. Əlində imkan ola, onu da edərdi. O, Xocalı qatilləri qədər zalım idi.
Leytenant Vüsal Əzizov şərəfsiz idi!
Dumbuzov “açko”da önə çıxmaq fürsəti qazanmışdı. O, mülki həyatda bir gəncin gözünü daşla kor qoymuş, atası onu cəza çəkməkdən xilas etmişdi. Cəzasızlıqdan arxayın idi. Onu yenə qurtaracaqdılar. Buna görə sonrasını düşünmədən əsgərləri ən təhlükəli yerlərindən vururdu. Ona kimsə “Nəsilminəndi” deyəndə xoşuna gəlirdi. Ən təhlükəli adamdöyən kimi tanınmaq üçün ölürdü. Köhnə əsgərlər Dumbuzova “qaz vermək” üçün deyirdilər: “Bunun əlinə keçməyin. Keçəni çökdürür!”
Əgər döydüyü adam bir böyrü üstə çökmürsə və ya qulağı partlamırsa, heç vaxt məmnun qalmır, yaxşı döymədiyini düşünürdü. O özünü döyüş filmlərindəki hansısa obraza bənzədib yaşamaq istəyirdi. Kimi sındıracağını gündüzdən müəyyən edir, bütün günü o adama baxırdı. Həm də bunu nümayişkaranə edirdi. Köhnələr qurbana yaxınlaşıb astadan deyirdilər: “Qanın getdi, axşam “açko”dasan”. Qurban həmin günü qorxu ilə keçirir, səbəb olmasa sındırılmanın həyəcanını yaşayırdı.
“Oy da! Dumbuzov Məmmədova baxır. Of! Məmmədov sən qaç!” – guya canıyananlıq edirdilər.
Bizdən bir çağırış yuxarı olsa da, heyvərəliyinə görə köhnələr buna qılıqlanıb “namıdəyər” etmişdi. “Bu yaxşı oğlandı, ağır əli var”, – deyib qızışdırmışdılar, o da öz “qəhrəmanlığı”ndan öyünür, diqqət mərkəzində qalmağı xoşlayırdı. Əsas məntiqə sığmayan hissə burasında idi ki, əsgərlər “açkoşik” olmağa razı olsalar da, “sukalıq” etməyə – yəni şikayət etməyə razı deyildilər. Hər gün zabit və əsgər heyəti təbliğat aparırdı: “suka”nın anası bacısı pozğundur. Bu təbliğat sovet hökumətinin kommunizm və ateizm təbliğatından da güclü idi. Bəzən kimsə şikayət edirdi, o saat sənin möhkəmliyini yoxlayırdıq deyib məsələni bitirirdilər. “Suka”nı və ya böyük çağırışçıya cavab qaytaranı daha pis sındırırdılar. Silahını oğurlayır, yaxud başqa bir ciddi problem yaradırdılar. Məsələn “suka”nı sıradan çıxarıb “yat” komandası verir, digərlərini meydançada süründürür, qaz yerişi yeridir, başqa ağlagəlməz işgəncələr verir, sonra da deyirdilər: “Baxın, o yatan əsgərə görə əziyyət çəkirsiniz. O yatır, siz sürünürsünüz”. Beləliklə, bütün hərbi hissəni “suka”nın üstünə qaldırırdılar. Halbuki heç kim istəməzdi ona görə bütün şəxsi heyət əziyyət çəksin.
Biz sıra baxışlarında, nahar düzülüşündə taqımımızla birlikdə olurduq. Digər əsgərlərdən fərqli olaraq “padşivka” – boyun ağı tikməyə vaxt tapa bilmirdik. Bunu çox vaxt “yat” komandasından sonra edirdik. Köhnə əsgərlər boyun ağını “açkoşik”lərə tikdirirdilər. Əzizovun “sayəsində” taqım “bomj” görkəmində gəzirdi. Hündür, yaraşıqlı olduğumdan və təmiz geyindiyimdən sırada birinci mən dururdum. Mənəvi dəyəri olan saatımı, Cincilimin saçından hazırladığım klonumu andiçmə günü Çinara vermişdim. Çünki əsgərlikdə Əzizov kimilərinin ucbatından nə mənəvi dəyər hesaba alınırdı, nə də vətənpərvərlik. Mən vətənpərvərlik və digər sentimental hisslərimlə həmin hərbi hissədə vidalaşdım. Əzizov, Dumbuzov, Xəbərov kimiləri bütün müqəddəs duyğuları təhqir etmək üçün yaşayırdılar. Belə adamlar səlahiyyət sahibi olanda vətən ucuzlaşır. Xəbərovla Dumbuzovu hardasa ona görə bağışlayırdım ki, hələ böyüməyib, uşaq ağlında qalmışdılar. 19 yaşlı birini qınamaq da çətindir. Lakin Əzizov yaşında dünyada eşşək də yox idi. Tarixdə heç bir eşşək 37 il yaşamamışdı.
Həmin gün Dumbuzov axşama qədər mənə baxdı. “Oy da! Fərzəliyev, hələ qaçmamısan? Heç olmasa şotkayla qaşı. Döyməmiş elə, onsuz da eləyəcəksən” kimi cümlələr eşidirdim. Dumbuzov da durmadan mənə baxırdı. Mən Dumbuzovu öldürərdim və buna görə zərrə qədər vicdan əzabı da çəkməzdim, çünki bu onun haqqı idi. Amma Cincilimi itirərdim. Nə olur olsun, həbsə gedə bilməzdim. Buna görə blef elədim. Dumbuzova sifariş yolladım ki, onu öldürə bilərəm! Məndən cəmi bir çağırış yuxarıdır, güvəndiyi köhnələr çıxıb gedən kimi təklənəcək, o zaman “açko”nu o qaşımalı olacaq, köhnələrin “tirka”sına getməsin, mülki həyatda bir-birimizi görəndə utanmayaq. Dumbuzov daha bərk əsəbiləşdi. Köhnələr də həmçinin. Guya vaxtın tez keçməsi, gecənin tez gəlməsi üçün darıxdığını bildirdilər.
Gecə beş nəfər məni tualetə aparıb sındırmalıydılar. Gecə yarı ayağım yandı, yuxudan dik atıldım. Bu köhnə və daydaylı əsgərlərin əyləncəsiydi. Kazarmaya qalxıb gündüzdən çox işləmiş, yorulmuş “çumo” əsgərləri axtarıb tapır, ayaq barmaqlarının arasına kağız qoyub yandırırdılar. Kağız yanıb barmaqlara çatır, adam diksinib oyanır. Daydaylı köhnələr isə qəhqəhə çəkib gülürdülər.
Bu dəfə gülüş yox idi. Məni oyatdılar.
– Dur rədd ol “açko”ya. – S rayonundan olan köhnə əsgər dedi.
– Getmirəm.
– Oy daa. Getmirəm nədi əə, qırışmal. Dur.
– Baxın, mən hüquqşünasam...
– Qozuma kimi hüquqşünassan. Hüquqşünas minən gəlib bir vaqon. Dur, vızqırt “açko”ya.
Gördüm, bunlar duyğusu olmayan adamlardır. Bir daha dedim:
– Getmirəm!
– Bu belə olmayacaq. Şəxsi heyəti qaldır tök “plas”a.
Başqa bir köhnə əsgər ucadan dedi:
– Rota, diqqət. Padyom! Padyom, blət!
Şəxsi heyət oyandı və sıraya düzüldü. S rayonundan olan əsgər dedi:
– Bu əclafa görə durmusunuz. Bu adam “açko” qaşıyana qədər hamı oyaq qalacaq. Qaşımasa, səhərə kimi “plas”da süründürəcəm sizi.
– Baxın, mülki həyat deyə bir şey var, sizi bu ana qədər bağışlayıram, sonra bağışlamayacam!
– Neyniyəcəksən, ə cındır? Yeyəcəksən? Dumbuzov, nə gözləyirsən?
Dumbuzov reaksiyasız mənə baxırdı.
– Belə şey lazım...
Sözümün dalını gətirə bilmədim. Dumbuzovun sinəmə vurduğu yumruq nitqimi batırdı. Mən çöküb qaldım.
Sükutu öz çağırış yoldaşımın biri pozdu. O, köhnələrə və Dumbuzova yaltaqlanmaq üçün dedi:
– Ə əmənşik, sənə görə əziyyət çəkməliyik?! Düş rədd ol, deyiləni elə də. Yoxsa səni özüm minəcəm.
Bunu mənim TTM yoldaşım əsgər Bəşirov dedi.
Azad komandası verilən kimi köhnələr üstümə şığıdılar. “Borzu çumo... Cındır... Petux... Maygülü...” sözlərinin sədaları altında təpik yumruq vura vura kazarmanın dəhlizinə çıxartdılar. Dumbuzov və digər dörd əsgərin müşayiəti ilə tualetə getdik. Dumbuzov şüşə qırıntısını mənə uzatdı:
– Yorma məni, qaşı, gedək yataq.
Mən şüşə qırığına baxdım, əlimə almadım.
– Bu nə idi? Zırtşunas?
– Hüquqşünas. – Biri dedi.
– Qaşı, indi dalşünas edəcəm səni.
Susduğumu görüb sinəmə daha bir yumruq vurdu. Mülki həyatda odun doğrayan olduğundan ağır əli vardı. S rayonundan olan oğlan arxamda durmuşdu. Dumbuzovun zərbəsinin təsiri keçməmiş arxadan möhkəm zərbə də ondan gəldi. Önümdən gələn zərbəni görürdüm və bədənimi bərkidib müdafiə vəziyyəti ala bilirdim. Arxadan gələni gözləmirdim deyə, daha şiddətli olurdu. Dumbuzov sağ əliylə qulağımın üstünə elə bir yumruq vurdu ki onun qulağını partlatdığı əsgərlərin sayı 13ə çatdı. Qulağımın bir ömür boyu eşitməsi azaldı.
– Sifətinə vurma, – S rayonundan olan əsgər dilləndi.
Ona görə yox ki, sifətimə vurmaqdan vicdan əzabı çəkirdi, sadəcə sıra baxışında üzümdə qaralma görünə bilərdi.
Dumbuzova var gücümlə ilk dəfə bir yumruq vurub dedim:
– Mülkidə sənin qeyrətini s...m!
Yumruq pis tutdu. Gözü qaraldı. Bu onun məni daha çox döyüb sürüməsinə səbəb oldu. Onlar zorla başımı unitaza soxmaq istəyəndə bağırdım. İçlərində biri o birilərdən ağıllı idi. Gördü, məsələnin axırı pis qurtaracaq, dedi:
– Qaqa, mən gedirəm yatmağa.
Həmin gün Əzizov hərbi hissə növbətçisi idi. Bu həngamənin əsas təşkilatçısı o idi. Səsə gəldi:
– Nə olub burda?
Qışqıra qışqıra dedim:
– Tribunal tələb edirəm. Hərbi qulluqdan əsaslı şəkildə imtina edirəm. Səbəbini prokurora deyəcəm.
Əzizov qorxdu:
– Əsgəri kim bu hala salıb?
– Sən. Aldığın rüşvətin, oğurlayıb arvadına verdiyin ərzaqların hesabını verəcəksən. Komandir, zabitlər hamısı tribunala çıxacaq.
– Sox içinə, dalın əldən getməsin, – desə də, bərk qorxmuşdu.
Dumbuzovu kənara çəkdilər.
Mənə “yat” komandası verəndə dedim:
– Mən bu orduda xidmətdən imtina etmişəm, komanda verə bilməzsən. Bu gündən aclıq aksiyasına başlayıram. Təcili əməliyyat növbətçisiylə əlaqə qurmaq istəyirəm. Əlaqə yaratmasanız, məsuliyyət daşıyacaqsınız.
Əməliyyat növbətçisi baş idarədə hərbi vəziyyətə gün boyunca nəzarət edirdi. İstənilən vəziyyəti səhər tezdən, daha vacib şeyləri gecə ilə komandana məruzə edirdi. Gecə qəflətən döyüş başlayarsa, hamı onun əmri ilə hərəkətə gəlirdi.
Əslində bir və ya bir neçə hərbi qulluqçu aksiya edə bilməzdi. Bu qanuna zidd idi. Mən bunu bilirdim. Onları qorxutmaq üçün belə deyirdim.
Üst başımı təmizləyib kazarmaya doğru gedəndə bir əsgər mənə səsləndi:
– Leytenant Əzizov səni çağırır.
– Leytenant Əzizov mənimkini yeyir!
Əmrə tabe olmadan yatmağa getdim. Əsgər mənim gəlmədiyimi dediyim kimi yox, yumşaq şəkildə Əzizova bildirmişdi. Bu əsgər də məni döyənlərdən biri idi. Amma Əzizova dediyim sözü ona deməmişdi. Desə, bu da “sukalıq” sayılardı. Biz hamımız zabitlərin arxasınca söyürdük, heç kim onlara çatdırmırdı. Hərbi hissədə ən çox söyülən adam Əzizovun arvadıydı. Biz başqa zabitlərin də arvadını söyürdük. O saat kimsə deyərdi ki, arvadının nə günahı, söyürsən, özünü söy. Amma Əzizovun arvadı söyüləndə heç kim bunu demirdi. Çünki söyülən Əzizovun arvadıydı.
Onun da bu baş verənlərdə heç bir günahı yox idi, amma yenə söyülürdü. Armudun yaxşısını bu dəfə də ayı yemişdi. Əzizovun arvadı göyçək qadın idi. Onu xüsusi ehtirasla söyürdük. Bütün şəxsi heyətin masturbasiya xəyallarının qəhrəmanı idi.
Səhər “dur” komandası veriləndə hamını bir sual maraqlandırırdı: “Görəsən, Fərzəliyevi sındıra bildilər?”
Sındıra bilməmişdilər!
Bu hadisə mənim şəxsi heyətdə nüfuzumu xeyli qaldırdı.
Köhnə bir əsgər dedi:
– “Sukalıq” edib.
Bədənim ağrısa da ona tərəf yeridim. Lap yaxınına gəlib qənşərində durdum və sual verdim:
– Kimə “suka”lamışam?
– Əzizova.
– Əzizovun arvadına soxum. Nə demişəm ona?
– Ora gəlib!
Köhnə əsgərə “borzuluq” etmək olmazdı, amma mən etdim:
– Dəmşalaq, özü ora gəlib çıxıbsa sukalıq olur bu?
O susdu. İlk dəfəydi gənc əsgər ona dəmşalaq deyirdi. Mənə nəsə demək istəyirdi. Ancaq gördü, nə isə desə, vuracam, rüsvay olacaq, ona görə demədi. Həqiqətən də vuracaqdım. Davam elədim:
– Dumbuzovu da, səni də, ordakıların hamısını da bir bir tutub minəcəm. Tək tək minəcəm. “Sukalıq” edənin də anasını... Sual var? İstəyirsən, təkbətək cırım sənin ağzını? Hünərin çatır?
Köhnə əsgər olsa da qorxaq idi. Təkbətəkdə çəkindi. Vəziyyətdən çıxmaq üçün mənə yaltaqlanmaq istədi. Dünənkilərin heç biri, hətta Dumbuzov belə onun yanında durmadı. Artıq hamısı məndən çəkinirdi. Özümü hər şeyini itirmiş biri kimi aparırdım. Dumbuzova yumruq vuran oğlan idim. Heç kim ona əl qaldıra bilməzdi, mən qaldırmışdım.
Köhnələrin hamısının eşidəcəyi səslə dedim:
– Köhnələr cəhənnəm olub gedən kimi Dumbuzovun qılçasını göyə qaldıracam!
Heç kim köhnələrin üzünə qarşı bu sözü deyə bilməzdi.
Qızışmışdım:
– Başqa söz deyən varsa, çıxsın qarşıma, minim onu. Mənə “suka” deyən əsgərin kazarmada heç kimin bilmədiyi, heç mənim də dəqiq bilmədiyim, amma şübhələndiyim bir sirri var idi. Bizim hərbi hissənin arxasında, hərbiçi çörəkxanasında gənc əsgər ikən nəsə etmişdi. Bunu bir neçə zabit bilirdi. Mən dəqiq bilməsəm də, ucundan qulağından eşitmişdim.
Ucadan dedim:
– Bilirsiniz, bu, “maladoy” vaxtı “pekarnı”da nə edib?
Onu sanki cərəyan vurdu. Gözləriylə yalvarmağa başladı.
Dilucu dedi:
– Nə olub?
– Deyim?
Susdu. Hamı susdu. Onun yaxasından tutdum:
– Səni minmərəm! Çünki bu sənə “kayf” verər. Amma başına işəyərəm sənin. Bir də ilişmə mənə. Rədd ol burdan!
Ona qapaz vurdum, arxasına da bir təpik.
Bu hadisədən sonra heç kim mənə əl qaldırmağa cürət etmədi. Dumbuzov özü də çəkinirdi məndən. Həmin hadisədə həyat dərsi aldım. Bəli, sən özün ədaləti bərpa etməyənə qədər kimdənsə bunu gözləmək axmaqlıqdır. Müqavimət göstərməsən, kənardakılar seyrçi qalacaq. Təsirin əks təsirə bərabər olduğunu unutmamalısan. Və sən zərbə vurmayana qədər qarşı tərəf səni aciz hesab edəcək.
Qarşı tərəfin də anladığı bir şey oldu – heç vaxt qarşındakını özündən zəif bilmə. Bura elə yerdir ki, insan insan olduğunu unutmalıdır. Dörd ayım təzə tamam olmuşdu, dedilər komandir səni otağına çağırır. İçəri girəndə bibimlə atamı gördüm. İlk dəfəydi bibimi görüb sevinirdim. O məni qızının toyuna aparmaq üçün gəlmişdi. Komandirdən “hörmət” müqabilində mənə məzuniyyət istəyirdi. Mən isə cəmi bir dəfə qanunla haqqıma düşən məzuniyyət payımı korlamaq istəmirdim. Yeni ilə Cincilimin gəlməyi gözlənilirdi. O gələndə məzuniyyətə çıxmağı planlaşdırmışdım. Məzuniyyətə kəskin etirazımı görüb “hörmət” müqabilində üç ayrıayrı günə “uvalneniya” yazdılar. Atamgillə birlikdə hərbi hissədən çıxdım. Komandir bibimin xəlvət təkidi ilə mənim mülkü geyimdə getməyimi bərkbərk tapşırmışdı. Düşündüm ki, komandir bunu patrulların ilişməməsi üçün edir. Bibimdə ilk dəfə dərin istilik hiss edirdim. Hər sözünün başında “bibin qurban”, “başaa dönüm” deyirdi: “Qardaşımın balası bəydən seçilməməlidir”. Bibim mənə bəy kostyumuna oxşar kostyum da aldı. Cincilimə zəng çatmırdı. Nömrəsini dəyişəcəyini demişdi. Təzə nömrəsini bilmirdim. Tələsdiyimdən Bakıda heç kimlə görüşə bilmədim. Bibim hardansa toya videoçəkən və fotoqraf danışmışdı. Onun dalınca gedəndə dedim:
– Bibi, kəndimizdə üç videoçəkən var, burdan niyə aparırsan?
– Başaa dönüm, kənddən videoçəkən olacaq. Bu əlavədir. İndi moddur, bir yox, iki videoçəkən olur. Bakı toylarında lap üçdördü olur. Həm də Bakı çəkəni ilə kənd çəkəni bir deyil.
Bəyi görəndə az qaldım əmi deyəm. Yaşı 40ı haqlamış bığlı bir MAXE idi. Kök və yöndəmsiz görkəmi ilə sırtıq hindistanlılara oxşayırdı. Elə bil begemotla cüyür balası evlənirdi. Bu onun üçüncü evliliyi idi. Əvvəlkilərdən uşaqları olduğuna görə, maaşının əsas hissəsi alimentə tutulurdu. Kəndimizdə yerləşən hərbi hissədə işləyirdi. Ucqar rayonların birindən idi. Əsgərlərlə yeyib, onlarla yatırdı ki, əməkhaqqısı yaşamağına çatsın. Dövlətin verdiyi kirayə pulunu isə özünə xərcləyirdi. Ona yatmağa ev lazım idi. Yeganə ata idi ki, uşaqlarının ali məktəbə girməsini istəmirdi. Yoxsa alimentin vaxtı uzanardı.
Bibim məcburiyyətdən bu əclafı tapmışdı. Danışıq belə olmuşdu: bibim qızını alır, uşağı doğulandan sonra istədiyi vaxt ayrılır. Rəsmi nikah olmayacaqdı. Bibim ona hissəhissə iyirmi paçka “şirvan” verəcək. Kənddə kirayə ev tutacaq, orda yaşayacaqlar. Bütün xərcləri bibim çəkəcəkdi. Onun işi pul və yatacaq yer müqabilində bibim qızının əri roluna girib rüsvayçılığı boynuna almaq idi.
Məni tapşırtdırmaq üçün hərbi hissəmin nömrəsini istədi. Bir zibil deyildi, danışanda elə danışırdı, guya generallar bütün mühüm hərbi sirləri bununla bölüşürlər. Bəy bibimdən ikicə yaş kiçik idi. Hamilə bibiqızıyla hər gün görüşürdü. Belələrinə el arasında “peysər” deyirdilər. Həyatı boyu iki qadını bədbəxt etmişdi, indi üçüncüyə “sahib” çıxmağa hazırlaşırdı.
Toy saat 14də başladı. Həmin gecəni hərbi hissəyə qayıtmalıydım. İmkan tapıb söyüdə baş çəkdim. Yerində idi. Toya adam az gəlmişdi. Toydan çox sünnətə oxşayırdı. “Peysər”in qohumları tərəfdən bir nəfər də yox idi. Məclis başlanan kimi dedilər, gəlinin əmisi oğlanları və dayısı oğlu Ərəl gəlinlə şəkil çəkdirməlidir. Əvvəlcə əmisi oğlanları birbir gəlinin yanında əyləşib şəkil çəkdirdilər. Sonra məni bəyin oturmalı olduğu yerdə oturdub şəklimi çəkdilər. Siması süni təbəssümə qərq olmuş operator bir əliylə kameranı çiynində tutub, o biri əli ilə çırtma çalaça la musiqi sədaları altında mənlə gəlinlik paltarı geyinmiş bibim qızını yaxın və uzaq planda kameranın yaddaşında əbədiləşdirirdi. Gəlin ayağa duranda mən də durdum. O, gözləmədiyim halda qarşısındakı tortdan çəngələ batırıb ağzıma uzatdı. Bir dəfə zarafatla tortu ağzıma qoymadan çəkdi, ikincini qoydu. Bu düşüklükdən xeyli sıxılsam da, bibimin sözsöhbət yaratmasından çəkinib xətirlərinə dəymədim. Belə şeylər Bakı toylarında geniş yayılmışdı, yəqin indi kəndlərə də gəlib çıxırdı.
Nikah masasında birbir əmisi oğlanları oturdu. Gəlin orda verilən sualın hamısına “yox” deməli idi. Axırda əsl bəyə “hə” deyəcəkdi. Məni də otuzdurdular. Bibim qızı zarafata salıb mənə irişəirişə “hə” dedi, sonra özünü ələ alıb “yox” dedi.
Ən axırda rəqs başladı. Bibim mənim əlimlə gəlinin əlini birləşdirdi. Atam və bibim “kövrələrək” mənim və gəlinin alnından öpdülər. Çoxlu şəkillər çəkildi. Mən videoçəkənin maşınında qayıtmağı planlasam da, bibim qoymadı: “Onlar hələ şəkil çıxardacaqlar. Çastda səni axtararlar. Gecə düşməmiş qayıt”. Vidoçəkənin iki işi qalırdı: kasetin başlanğıcına “Ərəl və Hürü, toyunuz mübarək!” yazısını yazmaq və hamı gedəndən sonra boş zalda musiqi çaldırıb “Ərəl, bu ceyranı hardan almısan?” mahnısını lentə almaq. Bibim əynimdəki kostyumu da geri aldı ki, guya oğlu hansısa toya geyinib geri qaytaracaq.
Hə Şıpı ilə Çinar məni avtovağzala aparanda dedilər:
– Qaqa, sən niyə formada gəlmirdin? Hamımız əsgər olmuşuq da. Gül kimi forman var. Formada oturaydın da.
– Komandir dedi, kameraya formada düşmə.
– Bibingil də hoqqa verir e... Birbir əmioğlu, dayıoğlu gəlinin yanında oturmaqzad...
Bu vaxt Çinar araya söz qatdı. Biz başqa şeydən danışmağa başladıq. Hər ikisi cibimə pul qoyub məni yola saldılar.
Gecə “yat” komandasına yaxın artıq şəxsi heyətin tərkibində idim. Bu hadisədən dörd gün sonra Çinara zəng vurmağa imkan tapdım. Cincilim ona zəng çalıb yeni nömrəsini vermişdi. Acgözlüklə nömrəni yazıb Cincilimi yığdım. Bir mülki vətəndaşa pul verib telefonuyla danışırdım. Hərbi hissəyə yaxın qalan simic bir fəhlə idi. Çinara “vızv”ı elə atırdı, stansiyanın xəbəri olmurdu. Londonla rahat danışmaq üçün ona səkkiz “şirvan” vermişdim, amma yenə sözüm ağzımda qaldı. Cincilimlə yalnız halxoş edə bildim. Kəndə toya getdiyimi demək ağlıma gəlmədi. Həm də kontur bitdi. Onun geri yığacağını təxmin edib kişini bir az gözlətdim. Zəng gəlmədi. Bu mənim hərbi xidmətdə onunla son danışığım oldu.
Beşinci ayımı tamam edirdim, Cincilimdən hələ də xəbərətər yox idi. Nə birinci nömrəsinə zəng çatırdı, nə ikinci nömrəsinə. Narahat olmağa başladım. Fikirləşirdim ki, yeni ildə gəlib mənə sürpriz etmək istəyir. NBMdən “görüşünə bir qız gəlib” xəbərini gözləyirdim. Bu yoxluğu hansısa sürprizə bağlayırdım.
Narahatlığımın ikinci səbəbi Əzizovun məni rahat buraxmaması idi. Uşaqlara demişdi ki, onu “ustavla” minəcəm. Belə bir vaxtda təlimat lövhəsinin qarşısında kiçik tualet ehtiyacımı ödəyəndə məni görmüşdü. Əslində, ora lövhədən on metr aralı idi, lakin Əzizov mənə şər atır, lap qarşısında gördüyünü deyirdi.
Komandir araşdırma aparmadan mənə on sutka qaupvaxt cəzası verdi. Bütün şəxsi heyət şərləndiyimi bilirdi. Komandirə qavyadin satmağımı, xidmətdən yayınıb yatmağımı desə, yanmazdım. Qaupvaxtda əvvəlcə papaqlarımızı tərs çevirdilər, çiyin düymələrimizi açdılar, botinkalarımızın ipini çıxartdılar, sonra “dovşan vəziyyətini al” komandasını verdilər. Bu, əllər boğazda qorxan dovşan kimi durub əmrlərə tabe olmaq idi. İylənmiş otaqdakı taxta çarpayıda dörd saatdan az yuxu yatmaqla yemək fasilələri xaric oturmağa da imkan vermirdilər. Üstümüzdə duranlar Dumbuzovun atasına rəhmət oxudardılar. Ağır yük boşaldıb qurtarandan sonra bizə lomla yer süpürtdürüb, iynə ilə meydança ölçdürürdülər. Ən çox döyülən mən idim. Mən həm mənəvi, həm də fiziki əzab çəkirdim. Bütün bunlara Cincilimə görə dözürdüm. Nə olursa olsun cinayət törətməyəcəkdim. Cinayət məni ondan əbədi ayıra bilərdi.
Hərbi hissəyə qayıdan kimi dedilər, qonşudakı fəhlə əlimyandıda məni axtarırmış. Bizdə adətən qaupvaxta salınan əsgərin yanına gələnlərə və ya onu axtaranlara ezamiyyətdə olduğu deyilirdi. Bu, hərbi hissə üçün də rahat idi, əsgər üçün də, onu axtaranlar üçün də.
Xəlvəti hərbi hissəni tərk edib fəhləni tapdım. O dedi:
– O qız yığmışdı. Hər gün yığırdı. Səni tapa bilmədik. Dedi, ezamiyyətdə olduğu yerdən kiminsə nömrəsini verin, verən olmadı. Taqım komandirin Əzizovla da danışdı.
– Əzizov ona artıqəskik nəsə demədi?
– Yox. Dedi, Zaqatalada ezamiyyətdədir.
Həmin nömrəni yığdıq, zəng çatmadı. Çinara zəng elədim. O da qızın məni axtardığını dedi. Amma nə dediyini söyləmədi. Sən demə? o mənə xəyanət edibmiş. Cincilimin: “O, bibisi qızını hamilə qoyub?” – sualına “bilmirəm” cavabını veribmiş. Ərəlin toyu olub? Bilmirəm! Necə yəni bilmirəm, dostun deyil?! Mən heç nə bilmirəm!
Bəli, Çinar. Özümə qardaş bildiyim can dostum... Könka onu da ələ ala bilib! Guya məndən zəhləsi gedir, hayıf çıxmaq istəyir və Çinara “hə” deməyi düşünür. Sadəcə birbirini daha dərindən tanımaq üçün vaxt istəyib. Çinarın yanında Çinarın anasını öpür, onların 8 Mart hədiyyəsini qəbul edir, amma elçi gəlmələrinə hələlik razılıq vermir. Sonda Könül mənə göstərəcəkdi: budur dostluğundan keçib mənə baxmadığın adam!
Cincilimgilin ev telefonlarına da zəng edirdim, dəstəyi götürmürdülər. Ancaq həvəsdən düşmürdüm. Nəhayət, növbəti zəngimdə Cincilimin anası Əsmər dəstəyi götürdü:
– Alo.
– Salam, xala.
– Salam! Kimdir?
– Mənəm, Ərəldir.
– Sən niyə bura zəng eləmisən?
– Cəmaləyə görə narahatam. Əlaqə yarada bilmirəm.
– Neynirsən Cəmaləni?
Söz mənə toxundu. Necə yəni, neynirsən?! Elə bil bloklarının önündə əlindən tutub onu harasa aparan mən deyildim. Nə deyəcəyimi bilmədim:
– Onun səhhəti qaydasındadır? Nəsə olmayıb ki?
– Sən ona görə narahat olma, bala.
– Onun London nömrəsini verə bilərsiz mənə?
– Yox. Sən heç utanmırsan o boyda həngamədən sonra Cəmaləni axtarırsan?!
– Nə həngamə? Mən əsgərlikdəyəm. Həngamə nədir?
– Get işinlə məşğul ol. Atasının xasiyyəti pisdir. Səni tikə-tikə doğrayar. Bir də bura zəng eləmə! – dəstəyi üzümə qapatdı.
Təkrar yığdım, götürmədi. Nəsə olmuşdu. Amma nə? Qorxmağa başladım. Həngamə nə idi? Tez tanıdığım bütün nömrələrə zəng edib nə baş verdiyini, məndən nəyin gizlədildiyini soruşdum. Heç kim heç nə demədi. Təkcə Mosu bir “quş” buraxdı: “İnşallah, xidmətini bitir gəl, hər şeyi biləcəksən”. Onu nə qədər danışdırsam da, başqa söz ala bilmədim.
Çinara zəng vurdum. Onda saxlanan telefonumu hərbi hissəyə gətirməsini xahiş etdim. Bütün nömrələr o telefonun yaddaşında idi. Pis xəbər verdi. Telefonum onun bacısının əlindən suya düşmüş, nömrə qarışıq yanmışdı.
Məzuniyyət haqqımdan istifadə etmək üçün komandirlə görüşdüm. Etiraz etmədi. Qayıdanda ona əlli “şirvan” verəməliydim. Razılaşdım. On günlük məzuniyyətə çıxanda yeddinci ayıma təzə keçmişdim.
Həngamənin nə olduğunu öyrənəndən sonra Cincilimi axtaracaqdım deyə birbaşa kəndə gəldim. Taksini çöl yolla sürdürüb söyüdün tuşunda düşdüm. Söyüd yerində idi. Kötüyün üstündə oturub dərin fikrə getdim.
Kəndin içində hər şey köhnəlmişdi. Adamların geyimləri əvvəlki illərdəki geyim idi. O boyda kanal quruyub adi arxa çevrilmişdi. Elə bil kənd kimdənsə küsmüşdü. Qamışlıq, otalaq kəndi basmışdı. Adamlar dikdirin döşündəki torpağı çəpərə alıb zəbt eləmişdi. Gur gur guruldayan kəndimiz yiyəsiz, yetim uşağı xatırladırdı.
Sakinlərin mənimlə görüşməsindən anladım ki, doğrudan da ciddi bir həngamə var. Sanki ayıb bir iş görmüşdülər və Allahın quru salamına da layiq deyildilər. Qəribə baxışlarla məni süzürdülər. Hamının diqqəti mənə yönəlmişdi. Bir dəfə də bu kəndin diqqətini cəlb eləmişdim: 696 balla universitetə girəndə! Televizorda göstərmişdilər məni. Amma bu diqqət o diqqətə oxşamırdı.
Həyətimizdə məni atam qarşıladı:
– Niyə xəbər vermirdin, süfrə açdırardım.
– Əziyyət çəkmə. Mamam hanı?
– Maman dayıngildədi. Mətiş xalan nasazdır, deyəsən. Atam harasa zəng edib oğlunun gəlməyinin şərəfinə kabab sifariş verdi. Marketə gedib ərzaq aldı. Anama da xəbər verdiyini dedi. Onda heç vaxt görmədiyim istilik, doğmalıq görürdüm. Hansısa yazıçının maraqlı bir əsəri yadıma düşdü. Biri öz itini hər gün təhqir edərək təpiklə yirmiş. Günlərin bir günü iti ilə şaxtalı havada yola çıxır. Ocaq qalaya bilmir. Donmaqda olan əlini isitmək üçün bircə variant qalır: iti öldürüb cəsədində əlini isitsin. Ona nəvazişlə yaxınlaşıb sığallamağa başlayır. İt sahibindən ilk dəfə belə məhrəmlik hiss edir. Yaxşı bir şey olmayacağını anlayaraq qaçıb uzaqlaşır. Atamın mənə nəvazişi həmin nəvazişə bənzəyirdi.
– Kefin niyə yoxdur? – Atam dedi.
– Neçə aydır qızdan xəbərətər yoxdur.
Söz ağzımdan çıxan kimi atam qurcuxdu. Narahat olmağa başladı. Həmin vaxt hər şeyi etiraf etsəydi, onun üzünə tüpürüb bağışlayardım. Etmədi.
– Düzələr, darıxma. Meyvədən ye. İsti kabab gələcək bir azdan. Yorğunsansa, yat, dincəl. Yol gəlmisən. Maman gil də gələcək indi.
– Qızın anası telefonda dedi ki, o həngamədən sonra bura niyə zəng eləmisən? Nə baş verib? Nə həngamə olub?
Özünü və bacısını sığortalamaq üçün dedi:
– Nə həngamə? Yəqin kimisə tapıblar, bəhanə gəzirlər. Onların zatı qırıqdır. Bizə yaraşan deyillər. Mənim əvvəldən könlüm yox idi.
– O heç kimi tapa bilməz. Heç məni Corc Buşun oğluna da dəyişməz, – nəsə bildiyini hiss edirdim, – Mən hər şeyi yerbəyer edib əsgərliyə getmişdim. Onun ailəsini razı salmışdım, ev almışdım. Bu işə pəl vuran varsa, başını kəsib qanını itlərə yalatdıracam.
O qorxdu. Mən heç kimə görə yox, o qıza görə bunu edərdim. Bilirdi. Və bu sirrin üstü nə vaxtsa açılacaqdı. İndi atam üçün ən yaxşı xəbər mənim ölüm xəbərim olardı. Şəhid olsam, daha yaxşı... Evdən təqaüddən alardı. İdarələrə gedib hamının zəhləsini tökərdi. O çox qorxurdu. Bunu açıqaydın görürdüm. Onun və bacısının Cincilimgilə özbaşına ulitmatum göndərmə ehtimalına inanırdım. Ağlıma başqa şey gəlmirdi.
Sonuncu danışığımızı yadıma saldım. Heç bir xətrə dəyəsi söz deməmişdim. Sonra məni yığmadı. Bəlkə, nəyisə səhv başa düşüb? Qaupvaxtda olanda məni axtarıb axı. Hər gün axtarıb. Əzizov ona heç nə deməyib. Fəhlə şahiddir...
Bir azdan anam, dayım və xalam gəldilər. Kabab da gəldi. Dostlarım duyuq düşdü. Nənəmin bacısı oğlanlarından bir neçəsi gəldi. Cibimə pul qoyub nənəmə olan borclarını qaytardılar. Onlar nə vaxtsa əsgər olanda nənəm ciblərinə pul qoymuşdu. Şıpı və Çinar da gəldi. Kefimi açmaq istədilər, aça bilmədilər. Bu dəmdə anamla dayım mətbəxdə nəsə xosunlaşdılar. Dayım nə dedisə, anam onu təsdiqlədi. Atam işinin olduğunu deyib getdi. Dayımla xalam da cibimə yaxşı xərclik qoyub getdilər. Gecə anamla başbaşa qaldım. Nə qədər dilə tutsam da, heç nə baş vermədiyinə məni inandırdı. Atamın evdən niyə getdiyini soruşanda isə guya hardasa növbəli iş tapdığını bildirdi.
Gecəni narahat yatsam da, səhər əsgərlərin oyandığı vaxtdan o tərəfə yata bilmədim. Kənd hələ yatırdı. Yuyunub söyüdün yanına getdim. Malqaranın tozu kəndin qoxusunu dəyişəndə evə qayıdıb taxtapuşa çıxdım. Uşaqlıq oyuncaqlarım da məni sevindirə bilmədi. Oyuncaqlar mışılmış yatmışdı. Təzə qalmalarına səbəb yalnız Cincilimlə oynatmamağım idi. Bakıya gedəndə xoşuna gələn oyuncaqlarımı ona bağışlayırdım. Qalanlar onun xoşuna gəlməyənlər idi. Bəlkə, indi Cincilim evlərində mənim oyuncaqlarımla oynayır deyə düşünürdü balaca Ərəl.
Anamın hazırladığı səhər yeməyini yeyib kəndin aralığına çıxdım. Həmin günümü Şıpıyla keçirtməyi qərara almışdım. Küçələri gəzib, uşaqlıq xatirələrini yada salıb birbirimizin kefini açmaq istədik. Bir az kefim açılmış kimi göstərib aktyorluq elədim. Bunu etməkdə məqsədim Şıpının hisslərini ələ almaq idi.
Günorta müvəqqəti işlətdiyim anamın telefonuna gizli nömrədən zəng gəldi.
– Alo, buyurun – desəm də cavab verən olmadı. Bir neçə dəqiqədən sonra mesaj gələndə gizli nömrənin kimliyini bildim. Könka telefonun anamda, yoxsa məndə olduğunu dəqiqləşdirmişdi: “Salam. Forma sənə nə gözəl yaraşır. Gecə saat birdə gəl Astafın evinin arxasına. Soyuqda səhərə qədər gözlətmə məni”.
Cavab vermək əvəzinə soruşmaq istədiyimi soruşdum: “Salam. Söyüdü niyə kəsmirsən?”
“Onu özün kəsəcəksən”.
“Heç vaxt kəsmərəm. Adam başı kəsərəm, o söyüdü yox”.
Gülmək smaylikləri atdı.
Axşama yaxın Şıpını kimsəsiz təkliyə çəkdim. Əvvəlcə qucaqlayıb öpdüm. İlk dəfə idi onu belə öpürdüm:
– Şıpı, həyatım boyu ən yaxın dostum Çinarla sən olmusan. Mənim gələcəkdə quracağım karyeranın səviyyəsindən asılı olmayaraq yenə dostum olacaqsan. Bu dostluq arada xəyanət olmayana qədər davam edəcək. Bil ki, mənim bilmədiyim, məndən gizlədilən şeyi dostumun da bilib gizlətməsi xəyanətdir. Bunu sənə heç vaxt bağışlamaram. De görüm nə baş verib?
O susdu. Davam elədim:
– Bilirsən ki, istəklim var. Cinayət törətmək məni ondan ayırar. Nə baş verir versin sakit davranacam. Sənin dediyini kimsəyə deməyəcəm. Desəm, çıxıb qarşıma üzümə tüpürərsən. Qulaq as, Şıpı, bunu sənə bağışlamaram. De görüm nə olub?
– Qaqa, elə şeylər var, demək olmur.
Bu cümlə kələfin ucu idi. Ardını gözlədim. O susdu.
– Şıpı, baş verən hadisə ən ağır namus məsələsi olsa belə mən dözəcəm. Əgər deməsən bunu başqa yerdən öyrənəcəm. Amma sənə bir daha salam verməyəcəm. Mən sənə pis dost olmamışam. Hə, qardaşlığını sübut elə. Qardaşağalıq borcunu qaytar. Qızı tapmağım üçün baş verənləri bilməliyəm. Günahımın miqyasını öyrənməliyəm.
– Bu işdə sənin heç bir günahın yoxdur.
– Hansı işdə?
– Qaqa əmim, – atamı nəzərdə tuturdu, – zibili zibilə qatıb.
Atamdan şübhələnmişdim. Axı o nə edə bilərdi?! Uzağı qızgilə ultimatum göndərdi, bu da boş şey idi.
– Neynəyib əmin?
– Əmim bibimi qumarda uduzub! Söz mənə çatmadı.
– Necə yəni uduzub? Bibin əşyazaddır uduza? Açıq danış.
– Gecə yatdığın eviniz var eee...
– Hə.
– O sizin eviniz deyil daha. Sən gecə Vüsalın evində qalmışdın. Əmim pay torpağı, ev qarışıq hər şeyi Cinni Cəlilə, bir də Vüsal adlı adama uduzub. Tavanı çönüb deyə o təklifi ediblər. Bu da razılaşıb. Üç altıya üç tuz çıxarıblar. Gecə atan Vüsalla və başqa bir kişi ilə evə gəlib. Yatıblar sizdə. Əslində, Vüsal öz evində yatıb. Evi udub adına rəsmiləşdirsə də, deyib ki, hələ sizi çıxarmayacam. Yaşayın.
Səhər saat 12də içində bir qadın əyləşmiş “Dördgöz” saxlayıb həyətdə. Bibim bilməyib nə məsələdir. Əmim bibimi otuzdurub maşına...
Sözünü kəsib dəhşətlə üzünə baxdım:
– O binamusa əmi demə!
– ”Mamaroza” imiş maşındakı. Bibimə deyib, sənə paltar alıb sürpriz edəcəyik. Bibim gedəcəyi yerin yaxşı yer olmadığını yad kişilərin qımışmağından anlayıb. “QAİ” postunu keçəndə polislərin diqqətini cəlb etmək üçün arxadan əlini sükana atıb, sağsol edib. Polislər maşını saxlayıb. Dayını çağırıblar. Cəlili tutub soxublar içəri. Heç bir tərəf atandan şikayət verməyib. O vaxtdan bibim dayıngildədir. Sən gəlmisən deyə gəldilər. Arxayın ol, bibim tərtəmizdir.
– Bunu kim bilir?
– Bütün kənd bilir.
– Qızın anası bu həngaməni deyir?
– Yəqin.
Biz susduq. İndi niyə ləlöyün günə qaldığımızı, nənəmin başdaşı pulunun hara getdiyini, sağmalların niyə yoxa çıxdığını anladım. Nənəmin dərmanları da eyni səbəbdən itirdi. Məndən başqa hamı atamın qumarbaz olduğunu bilirmiş. Cincilim də bilirmiş. Anam və Cincilim daxil heç kim mənə bunu demirmiş. Dəli kimi olmuşdum...
Ətrafa baxdım. Bütün varlığım burnumun dəliklərindəydi. Bəlkə, bu səfeh məni aldadırdı? Bəlkə, anam ora gedib? Yox, Şıpı düz danışıb həmişə. Yəqin Vaqif də bilib söhbəti. O cinayət aləminin adamları ilə otururdurur. Onlar bağışlamırlar belə şeyi. Arvadını uduzan birinin oğluna qız vermək təhqirdir. Qız da mənə utanacağımdan qorxduğu üçün zəng eləmir. Düşünür ki, gəlib üzbəüz danışsın. Axı belə vaxtda həmişə mənəvi dəstək olub mənə. Yoxsa acılayacağımdan qorxur? Atam anamı uduzubsa, mənim nə günahım var? Bütün bunlar Şıpının bildiyi, mənim düşündüklərim idi.
Əsil həqiqətin tən yarısı... Ən pis şey həqiqətin yarısını bilməkdir. Yalan bundan daha yaxşıdır. Əsil həqiqət isə belə olmuşdu: Könka məni Cincilimdən ayırmaq üçün həm Çinarla, həm bibimlə isti münasibətə başlayıb. Çinar ona “hə” deyəcəyinə ümidlənərək axmaq kimi qızın alətinə çevrilib. Londondan gələn zənglər daxil hər şeyi ona xəbərləyib. Bibim qızı hamilə qalanda Könka xalasıgilə və Cincilimin ata qohumlarına qızın məndən hamilə qaldığını deyib. Cincilim anasından bu xəbəri eşidəndə nəinki inanmayıb, hətta lağa qoyub gülüb. Əhəmiyyətsiz bir yalanı mənə deməyi lüzum bilməyib. Bu vaxt Könül bibimdən mənə qovuşmaq üçün kömək istəyib. Bibim cadu məsələsini ona məsləhət görüb. Bunun boş şey olduğuna inanan Könül inanmadığı caduya bu dəfə özünü inandırıb. Yazılmasına pul verib. Ondakı şəkillərimdən birini öz şəkli ilə birlikdə cadu yazana verib. Nə cadu, nə ad günü əməliyyatı baş tutmayanda bibim yalnız və yalnız şeytanın ağlına gələ bilən ideyanı ortalığa atıb: hansısa toyda Ərəlin gəlinlə şəklini çəkib Cincilimgilə yollamaq! Könül təklifi bir az da təkmilləşdirib, video çəkməyi planlayıb. Bibimdən qızının toyunda bu murdarlıq üçün imkan yaratmasını xahiş edib. Bibim bir az ehtiyatlanaraq atamı da işə cəlb edib. Həmin vaxt atam hər şeyi uduzub tanıdığı sələmçilərin hamısına yaxşıca borca düşüb. Üstəlik, yeddi paçka “şirvan” qumar tavanı yaranıb. İki düşmən evi də daxil bütün kənddən borc istəyib, verən olmayıb. Oğlunun Bakıdakı evini ucuz satışa çıxarıb. Müştərilər “kupça” tələb edəndə, oğlunun əsgərlikdən gəlməsinə qədər gözləmələrini deyib. Heç kim razılaşmayıb. Taksilər belə onu nisyə heç yerə aparmayıb. Axırda borclarını ödəmək şərti ilə bibimlə Könülün təklifinə razılaşıb. Könül atam üçün bibimə yeddi paçka “şirvan” verib. Bibim cib xərclik üçün atama bir “şirvan” verərək qalanını qızının toyu üçün borc götürüb. Toy qurtaranda atam pulunu geri istəyib. Bibim toyda ziyan etdiyini, pulunun olmadığını, əlinə düşən kimi qaytaracağını desə də, heç vaxt qaytarmayıb.
Beləliklə, atam məni bir “şirvan”a satıb.
Bibim Könüldən 3 paçka “şirvan” da özü üçün alıb. Videoçəkən, fotoqraf komandirin hörməti və mənim kostyumum da Könülün puluna başa gəlib.
Çinar atamdan fərqli olaraq, məni satmağın müqabilində heç on qəpik də almayıb. O məni heç nəyə satıb. Nisyə verib.
Könül videoçəkən və fotoqraf işini Çinara tapşırsa da, Çinar Könülü yarıtmayıb. Onun tapdığı qonşu kəndlərin videoçəkənləri bu cəncəlli işə qol qoymayıb. Könül özü Bakıya gedəsi olub.
Çinar ssenari yazılandan hər şeyi bilib. Bibim qaynı uşaqlarını məndən əvvəl gəlinin yanında otuzdurmaqla mənim və camaatın zənnini iblisliklə azdırıb. İnsanlara bu tamaşanın Bakıda dəbdə olduğunu deyib. Nə mən, nə Cincilim, nə Şıpı həqiqətin bu tərəfini bilmirdik. Əsil həqiqəti isə atam – biz bundan sonra ona Murtuza deyəcəyik – bibim, Könül, Çinar, videoçəkən, fotoqraf, bibimin qızı və yaşlı kürəkənindən başqa heç kim bilməyib.
Cinni Cəlil ömrü boyu alışıb yandığı arzuya çatmağın yolunu rəqibinin zəif nöqtəsində tapıb. O, yaxşı bilirdi ki, Termos Əhədin qızlarında ayağısürüşkənlik yoxdu. Digər tərəfdən, həyat müşahidəsi ona deyirdi ki, 20 yaşlarda olan qızlar, 40 yaşlarda olanlardan daha ağıllı və daha qorxaqdır. Yəni 40 yaşında bir qadını yoldan çıxarmaq daha rahatdır. Qadını övladıyla da hədələmək olar. Ona elə gəlirdi ki, qadınlar yaşlandıqca ağılları azalır. “Cavan vaxtı üzümə belə tüpürməyən o qədər qadınlar oldu ki, sonradan hamısının tərinə tərimi qarışdırdım. Cəmilə, Şəfiqə, Çimnaz, Gülnaz. Cahıl vaxtımda tərstərs baxardılar mənə. Adam yerinə qoymurdular. Ərə gedəndən sonra “ağıllandılar”. Gülüş də ağıllanacaq. Həyatımdakı bütün qadınlara dəyişmərəm Gülüşümü. Ona maya qoyub 20 yaş cavanlaşdıracam. Məktəbdən gələndə gördüyüm Gülüşə çevirəcəm onu. Əhəd yox, İsmayıl yox, oğlu əsgərlikdə, bircə qardaşı paz olur. Onun da qorxusu yoxdur”, – düşünürdü Cinni Cəlil. Murtuzanın hər şeyini udub özündən asılı vəziyyətə salandan sonra bibimin pulu verməməsinə sevinirdi. Tavanı heç vaxt çönməmişdi Murtuzanın. Artıq çöndü. Murtuza özündən başqa üç nəfərin yanında bacısının onu arxayın etməsini, sonra vəziyyətin belə alınmasını izah edəndə Vüsal dedi:
– Murtuza, bilirsən də bu borcun “apravdaniya”sı yoxdur. İki aydır səni narahat etmirəm...
– Düzdür. Çox sağ ol.
– Evimdə istədiyin qədər ailənlə qal, demişəm. İmkanın olar, evi özünə təzədən sataram. Qalırsanmı evimdə ailənlə?
– Hə, çox sağ ol.
– İndiyə kimi ailəni narahat etməmişəm ki?
– Yox. Çox sağ ol.
– Mən demirəm, özün de. Tavanı çönmüş adamı nə edirlər?
Murtuzanın susduğunu görüb dedi:
– Murtuza, ailəni də götür, günü bu gün evimdən çıx. Sən fuflosan.
O, İsmayıl babamın tikdirdiyi, mənim doğulub böyüdüyüm evi nəzərdə tuturdu. Ev rəsmi Vüsalın adındaydı. Babamın yeməyib içməyib tikdirdiyi topdağıtmaz evi Murtuza bir gecədə uduzmuşdu.
Cinni Cəlil Murtuzaya qahmar çıxıb dedi:
– Vüsal, sən də qaraqışqırıq salma. Hələ vaxtına var. Gecə 12yə kimi heç nə deyə bilməzsən. Bəlkə, mən borc verəcəm Murtuzaya? Öz dostumuzdur. Tonlarla çörək kəsmişik. Hələ tələsmə.
Murtuza bu sözdən sonra onu bu hala salan Cəlildən gözləriylə aman, kömək istəyirdi...
Cəlil ona evi, torpağı, sələmçilərə qırx paçka “şirvan” borcu qaytarması müqabilində üstüörtülü o təklifi edir. Murtuza əvvəl razılaşmır. Oğlunun Bakıdakı evini satıb hər şeyi qaydaya salacağını bildirir. Vüsal aqressivləşib “nakazat” tələb edir. Cəlil yenə Vüsalı sakitləşdirir. Ssenariyə uyğun hərəkətlər edilir. Cəlil razılaşmanı gözləmədən qumar kartını atama böldürüb paylayır. Özünə paylanan kartlarda guya ehtiyatsızlıqdan damanı atama göstərir. Atam hesab edir ki, damanı təkcə o görüb. Kartlar qənşərlərində olanda Cəlil əlini göyə qaldıraraq: “Bəlkə, bu, Allahın sənə bir lütfüdür”, – deyir. Cəlil Allahı Murtuzaya göstərən vaxt ustalıqla topa kartı özünə düşən kartların üstünə atıb paltarının qolunda gizlətdiyi başqa kartları stola qoyur:
– Hə, Murtuza, hər şeyini qaytarırsan. Bax uddunu uduzdun evini özünə qaytaracam. Hə. İstəyirsən, kartına bax, sonra qərar ver.
Murtuza kartında üç altı görür. Onu yalnız üç tuz üstələyə bilər, Cəlildə isə biri damadır. Bayaq öz gözləri ilə görüb. Üç tuz ola bilməz. Murtuza bunu doğrudan da Allahın bir lütfü sayır və murdar təklifə “hə” deyir. Cəlil üç tuzu göstərəndə gözü kəlləsinə çıxır.
O Termos Əhədin qızını, İfallı İsmayılın gəlinini, tərs Rövşənin bacısını və hüquqşünas Ərəlin anasını qumarda uduzmuşdu. İki yol qalırdı: ya özünü öldürməli, ya da arvadını Cəlilə verməli. Başqa planetə qaçmaq da onu xilas edə bilməzdi. Ölümdən isə çox qorxurdu. Heç kimin yox, öz ölümündən qorxurdu. Əvvəl təsadüfi qəza görüntüsü ilə anamı öldürmək istəyir. Yanındakı kişilər buna mane olar deyə bu fikirdən yayınır. Artıq onun arvadı da yox idi. Arvadı Cəlilə məxsus idi.
Şıpı məni baxımsızlıqdan çürümüş doqqazımızın ağzında düşürəndə təyyarə qəzasından sağ qurtulan adam kimi keykey zillənib orabura baxırdım. Heç nə düşünə bilmirdim. Murtuzanı öldürməyin yox, öldürməməyin həm günah, həm də cinayət olduğunu özümə isbatlamağa çalışırdım.
Artırmadan otağa daxil olanda anam qarşısında oğlunu yox, vəhşətə bürünmüş yad adam görürdü. Daralan nəfəsimi dərədərə ona baxırdım. Məni görüb nəsə demək istədi, demədi. Bir neçə saniyə gözgözə baxışdıq. O qorxuya düşdü. Hiss elədi ki, hər şeyi öyrənmişəm.
– Otur, təzə çay dəmləmişəm.
Mən anamın sınıqsalxaq cehizlik stolunun baş tərəfində oturdum. “Görəsən, oğraş bu masanı da uduzmayıb ki?” deyə düşündüm. Çaydandan stəkana süzdüyü isti suyun şırıltısından sonra cırıldayan döşəmənin səsindən anamın mənə tərəf gəldiyini bildim. Hirsimin dərəcəsi bir yumruğa Mayk Taysonu yıxacaq həddə idi. Qarşımdakı ağır masanı qaldırıb hara gəldi tolazlamaq istədim. Yumruqlarımı sıxıb günlərini cəhənnəm əzabı kimi yaşadığım hazırkı yaşımın üstünə bir yaş da əlavə edib özümə səsli sual verdim:
– Bu əclaf iyirmi üç ildir mənim anamla yatır?
Söz ağzımdan çıxan kimi anam isti çayı yerə buraxıb sağ əliylə öz ağzının üstünə bərk bir sillə vurdu və sol əliylə üzünü tutub yataq otağına qaçdı. İntihar edər deyə qorxub onun arxasınca içəri girdim. Bura Murtuzayla anamın yatağı... Lap uşaq olanda anam mənə: “Adam atasıyla anasının yataq otağına girməz”, demişdi. Zərurət olmayınca heç vaxt bu otağa girməzdim. Son beş ildə isə heç girməmişdim. Anam paltar şkafının üst hissəsində məxmər parçaya bükülü “Quran” kitabını götürdü. Mən var gücümlə yaxasından yapışıb onu divara dirədim. “Quran” əlindəydi. Gözünə zillənib dedim:
– Düzünü de, Cəlil sənə nə edib? Mənə yalan danışma. Mənə yalan danışma, düzünü de, – anamı divara çırpaçırpa çığırırdım – düzünü de!
Ağlamağı dayanmış, yerini qorxuya vermişdi. Böyük bir qəbahətinin üstü açılmış uşaq kimi gözünü döyür, kəkələyirdi:
– Əl... əlll... əlimdəki qızıllı Qurana and olsun, heç onu görməmişəm. Polislərə daydayını çağırmağı dedim...
Sonuncu cümləsinin əvvəliylə axırı uzlaşmasa da, düz danışırdı. O, Termos Əhədin qızıydı. Anama inandım. Onu var gücümlə bağrıma basdım. Hər ikimizi ağlamaq tutdu.
Bu bədbəxtçiliyi bizə Murtuza yaşadırdı. O artıq mənim düşmənim idi.
O biri otağa keçərkən dedim:
– Veşvüşünü yığ, cəhənnəm olaq bu xarabadan. Tez elə. Bu saat ürəyim partlayacaq.
Biz birdəfəlik evdən çıxdıq. Şəxsiyyət vəsiqəmi tapa bilmədik. İtmişdi. Daha doğrusu, bibim onu oğurlayıb Könkaya vermişdi. Çıxmazdan əvvəl benzin töküb evi yandırmaq istədim. Murtuza şikayət verər deyə etmədim. Bu andan sonra Murtuzadan hər şey gözləyirdim. Eşitsəydim ki, o doğma övladının başını kəsib, qumara qoyub, buna da inanardım. Evi yandırmağın cinayət olduğunu bilirdim. Nə olurolsun cinayət etməyəcəyimə and içmişdim.
Bakıya gecə çatdıq. Əsəbstresslə Cincilimgilə getmədim ki, ata-anasını acılaya bilərəm. Tanış aptekdən özümə yuxu iynəsi vurdurandan sonra evimizin yolunu tutduq. İynə vurdurmasam, gecə yata bilməyəcəkdim.