[b]“Şəklimə görə çox qürurlanırdım” - O qızı tapdıq[/b]

[b]“Şəklimə görə çox qürurlanırdım” - <span style="color:red;">O qızı tapdıq [/b]
24 avqust 2016
# 16:04

Bu qızı çoxları “Riyaziyyat” dərsliklərindən tanıyır. Məktəbli formasındakı balaca qızcığazın rəsmi dərsliyin üz qabığına vurulmuşdu. Bəs görəsən şəkli dərsliyin üz qabığını bəzəyən, bir çox şagirdin həsəd apardığı o məsud qız kim idi?

Həmin qız Lalə Osmanlıdır. Lalə Osmanlı bir neçə gün əvvəl özünün İnstagram səhifəsində həmin dərsliyin şəklini paylaşıb. Onun şəkli ciddi marağa səbəb olub. Biz də onunla tanış olmaq qərarına gəldik.

Kulis.az Lalə Osmanlı ilə müsahibəni təqdim edir.

- Bu şəkil çəkiləndə neçə yaşınız vardı?

- 4-5 yaşım olardı.

- Necə oldu ki, “Riyaziyyat” dərsliyinin üz qabığına sizin şəkli qoydular?

- Yəqin ki, kitabın yazarları içərisində “Ə.Osmanlı” imzası diqqətinizdən qaçmayıb. O, Əlövsət Osmanlıdır və mənim əmimdir. Yeni kitab çap edəcəkdilər. Belə bir ideya var idi ki, kitabın üz qabığında məktəbli şəkli olsun. Onlara uşaq lazım idi. Belə olan halda əmim niyə Lalə olmasın deyib mənim şəklimi çəkdi. Allah rəhmət eləsin, məni çox istəyirdi.

- Şəkliniz dərslikdə çıxandan sonra təəssüratlarınız necə idi? Sevinirdinizmi?

- 9 il sonra dünyaya gəlmiş, evin sevilən, tək qızıydım, bu diqqətə öyrəşmişdim. Amma təbii ki, şəklimə görə çox qürurlanırdım.

- Bu dərslikdən özünüz istifadə etmisiz?

- Bəli. Dərslik birinci sinfə getdiyim il çapdan çıxmışdı. Buna birinci sinif hədiyyəm də deyə bilərəm.

- Dərsliyin üstündə sizin şəklinizi görən sinif yoldaşlarınız nə deyirdilər?

- Sözün düzü, yaxşı xatırlamıram, çünki birinci sinfə getməyimin üstündən 17 il keçib. Amma, yadımdadır, bəzən küçədə uşaqlar məni görəndə “A, kitabın üstündəki qızsız?” tipli suallar verirdilər.

- Dost-tanışlarınıza “Şəkli riyaziyyat dərsliyində olan qız mənəm” deyəndə nə reaksiya verirlər?

- Çox reaksiyalar olub, amma bir xatirəmi bölüşmək istəyirəm. Bunu Bakı Dövlət Universitetində ikinci kursda oxuyan, ən yaxın rəfiqəmə dedim. O da nə desə yaxşıdır: “Birinci sinifdə oxuyanda həmişə Allaha dua edirdim ki, şəkli kitabın üz qabığında olan qız mənim rəfiqəm olsun.” Bu sözləri eşidəndə çox qəribə hisslər keçirtdim. Allahın işinə bax ki, 11 il sonra çox yaxın rəfiqə olduq.

- Uşaqlarda kitablardakı şəkillərə bığ-saqqal çəkmək kimi pis vərdiş olur. Yəqin sizdə də olub. Necə düşünürsüz, sizin də şəklə bığ-saqqal çəkən nadinc uşaqlar olubmu?

- Təbii ki, çəkiblər. Hətta Instagramda özüm şəkli paylaşanda altına komment yazmışdım ki, bilirəm, siz də bığ çəkmisiniz şəklimə. Şəkildəki özüm olmasaydım, bəlkə mən də ona bığ çəkərdim.

- Hazırda nə işlə məşğulsuz?

- Xəzər Universitetində biznesin idarə edilməsi bölümündə magistr təhsili alıram.

- Bu şəkli paylaşandan sonra, yəqin ki, sosial şəbəkələrdə dostluq təklifləri göndərənlər çoxalar.

- Bəli, dəhşət bildirişlər gəlir, heç sayına baxa bilmirəm.

- Şəkli riyaziyyat dərsliyində olan xanımın riyaziyyata münasibəti necədir?

- Mən riyaziyyatla böyümüşəm. Atam da riyaziyyatçı olduğu üçün mənə danışmağa başlayandan saymaq, toplamaq-çıxmaq öyrədib. Birinci sinifdə beşinci sinif məsələlərin həll edirdim. Riyaziyyata münasibətim indi də çox yaxşıdır.

# 1561 dəfə oxunub

Müəllifin son yazıları

# # #