Arvadını başqa kişilərlə bölüşən yazıçı – Günel Natiq yazır...

 Arvadını başqa kişilərlə bölüşən yazıçı – Günel Natiq yazır...
16 iyul 2019
# 08:54

Kulis.az Günel Natiqin “Xəyanət” yazısını təqdim edir.

Ər-arvad arasında xəyanət qorxunc olaydır. Bəs bu olayla qarşılaşanda nə edirlər?

İnsanların reaksiyası fərqli olur. Hər kəs öz baxış bucağından yanaşır məsələyə. Kimi görməzlikdən gəlir, kimi boşanır, kimi döyüb xəsarətlər yetirir, kimi də intiqam alır...

30 il boyunca ərini onun öz dostuyla aldadıb

Məşhur bir artistin gəlini ailə sirrinin üstünü açıb. Hardansa qaynanasının qaynatasına onun öz dostuyla xəyanət etdiyini öyrənən gəlin onu ifşa edib. Amma bu xəbərçiliyin ona baha başa gələcəyi ağlına gəlməyib. Nəticədə aktyor xəyanətkar arvadını, oğlu isə gəlini boşayıb.

Gəlin pis vəziyyətə düşüb. Ailəsi dağılıb, uşaqla tək qalıb. İndi nə qaynata, nə də əri ona kömək edir. Hər yerdən əli üzülən gəlin indi də qaynatanı rüsvay etməkdə qərarlıdır. Gəlinin öz mövqeyidir, nə deyə bilərik. Amma etika xatirinə aktyorun adını açıqlamırıq.

Bu aktyor boşanmaqla məsələni həll edib. Aldadılan qadının da ilk ağlına gələn fikir boşanmaq olur. Amma əksər qadınlar ailəni dağıtmaq istəmir və öz qərarlarına bəraət axtarırlar.

Başqa bir həyati fakt: qadın ərinin telefonunda başqa bir qadına yazılan mesaj aşkar edir. Kişidən bunun hesabını soranda o, müxtəlif bəhanələrlə cavabdan yayınır. Sonra isə belə bir strategiya düşünüb tapır. Bu hadisəni unutdurmaq üçün arvadına inanılmaz yaxşı davranır, sanki qadının qarşısında 20 illik əri deyil, gənc bir aşiq vardı. “Elə bil sevgili olduğumuz vaxtlara geri dönmüşdük, - qadın deyir, - aldadılmağıma baxmayaraq özümü xoşbəxt hiss edirdim”.

Psixoloji bir nüans: aldadılan şəxs düşünür ki, əgər o mənə xəyanət edibsə, demək mən ona lazım deyiləm. Onda niyə birlikdə yaşayaq ki? Azad yaşamaq daha yaxşı deyilmi? Ancaq aldadan ərin qadına yendən nəvaziş göstərməsi əksər hallarda yetərli olur ki, qadının qırılmış qüruru yenidən bərpa olunsun. Hər halda qadın özünü arzuolunan hiss edir və aldadılmaq kimi ağrılı problemin öhdəsindən gələ bilir.

Bir dəfə tanınmış teleaparıcı Kamran Həsənli dedi: “Yəqin ki, bütün kişilər heç olmasa bircə dəfə həyat yoldaşını aldadıb. Amma inanın ki, “sevirəm” demək kifayətdir ki, qadınınız sizi bağışlasın”.

Arvadını pamazı xələtdə ata evinə göndərib

Bu yaxınlarda mənə həyat yoldaşının xəyanətiylə üzləşmiş bir kişinin ağlasığmaz hərəkətindən danışdılar. Hansısa rayondan şəhərə gəlin köçən qız kənarda sevgili tapır. Hər gün əri işə gedəndən sonra o da geyinib-gecinib evdən çıxır. Qaynana da qalır məəttəl ki, gəlin hara gedir. Gəlin bir gün “mağazaya gedirəm”, bir gün “salona gedirəm”, deyə-deyə vəziyyətdən çıxır. Bir gün belə, beş gün belə, nəhayət qaynana işi açıb oğluna danışır.

Oğlu məsələnin məğzini öyrənmək üçün arvadını güdməyi qərara alır. Qadını maşınla təqib edib başqa kişiylə görüşdüyünə əmin olur. Və sakitcə gəlir evə.

Bir az keçmiş gəlin də qayıdır. Oğlan yenə heç nə demir. Sakitcə arvadını aparır univermağa. Pamazı xələt, pamazı başmaq alır. Qadından tələb edir ki, paltarlarını çıxarıb xələtlə başmağı geyinsin. Gəlin heç nə anlamasa da ərinin dediyini eləyir.

Oğlan arvadını götürüb gəlir vağzala. Qızı rayona gedən ilk qatara mindirir. Qaynatasına da zəng vurub deyir ki, qızınızı pay-püşlə evə, qohumlarını görməyə göndərdim. Hamı üçün möhkəm darıxıb, yaxşı olar ki, hamılıqla qızınızı qarşılamağa çıxasınız.

Qohum-əqraba sevincək təzə gəlini qarşılamağa çıxır. Bir də baxırlar, gəlin pamazı xələtdə, pamazı başmaqda ağlaya-ağlaya qatardan düşür.

Məncə çox qəddar bir plandır. İnsanın günahı nə olur-olsun, onu bu dərəcədə alçaltmaq olmaz.

Depressiyadan çıxmaq üçün qırmızı pomada kifayətdir

Qadınlar anlaşılmaz bir varlıq olduqları üçün onların ərin xəyanətinə necə reaksiya verəcəyini əvvəlcədən müəyyənləşdirmək çətindir. Aldadılan qadın hər şeyə qadirdir. Məsələn, xarici ölkədə bir qadın ərinin cinsiyyət orqanını kəsmişdi.

Bəzən isə bir qırmızı pomada kifayətdir ki, qadını depressiyadan çıxarsın.

Bir qadın kişinin xəyanətini öyrənəndən sonra bu sözləri deyib: “Tez çantamı mənə verin!” Çantanı tapıb qadına veriblər və maraqla izləyiblər ki, görən nə edəcək. Qadın çantasını bir xeyli eşələdikdən sonra ordan qırmızı pomada çıxarıb, dodaqlarını al-qırmızı rəngə boyayıb və heç nə olmamış kimi gündəlik işini görməyə davam edib.

Aldadıldığını aşkar edən qadınların qərarı müxtəlif olur. Amma unutmayın ki, bu qərardan bəzən bir ailənin taleyi asılı olur.

Əksər kişilər qadının onun xəyanətini aşkar etməsini, onu ifşa etməsini öz özəl həyatına müdaxilə kimi qəbul edir və bunu arvadlarına bağışlamırlar. Aldadan kişi bunu onun üzünə çırpan qadına onu “ifşa etmək istəyən düşmən” kimi baxır. Ərini sevgilisiylə bir yerdə tutan qadının cəzası ona ağır başa gəlir. Bəzən də bu evdən getmək üçün sadəcə bir bəhanə olur.

Belə faktlar kifayət qədərdir. Ona görə ərinizi ifşa etməyə hazırlaşarkən bu nüansları da diqqətdən qaçırmayın.

Arvadını “nataşalarla” aldadan kişi

Psixoloqlar deyir ki, xəyanət etməyə qərar vermək asan deyil. Bu heç vaxt izsiz ötüşmür və daim insandan özünəbəraət tələb edir. Məsələn, insan günahını yumaq üçün kiçik qurbanlar da verə bilər.

Türkiyədə yaşayan qohumumuzun bir ailəvi qonşuları vardı. Kişi gözəl ailə başçısıydı. Arvadını da çox sevirdi. Ta ki, şəhərə rus nataşalar təşrif gətirənə qədər. Nataşalarla tanış olan kişi evi də, arvadını da unutdu, bütün qazancını onlara sərf etməyə başladı. Əvvəllər xəyanətlərini gizli saxlayan ər ifşa ediləndə özünü əfv etdirmək üçün evə əşyalar alırdı. Hər dəfə növbəti nataşayla əlaqəsini kəsəndən sonra arvadına dönən kişi onu gah buz dolabı, gah yeni paltaryuyan, gah da hansısa bir texnoloji aparatla sevindirirdi. Amma nataşaların ardı-arası kəsilmirdi. Nəhayət kişi tövbə edib evə, ailəyə qayıtdı, şəhərdəki evlərini satıb dədə-baba yurdlarına - Konyaya döndülər. Yəqin, Konyanın ruhani mühitinə düşən kişi islah olub biryolluq ailəsinə qayıtdı.

Belə bir məsəl var, deyirlər, amerikalı qadın aldadıldığını anlayanda məhkəməyə müraciət edir, rus qadını içkiyə qurşanır, fransız isə özünə sevgili tapır. Bəs azərbaycanlı qadın nə edir?

Bizim qadınlar da yəqin ki, “milli mentalitetə sadiq qalaraq” mollaya gedir.

Ərinin soyuduğunu hiss edən əksər azərbaycanlı qadınlar mollaya gedib dua yazdırırlar. Deyilənə görə, şirinlik duası ilk günlərdə öz təsir gücünü göstərsə də, sonrakı günlər nədənsə öz effektini itirir.

Arvadını itirməmək üçün onu yolçularla bölüşən keşiş

Zarafat öz yerində, bəzən xəyanət ər-arvad arasında lazmi vaxtda münasibətləri ayırd etmək, bir-birlərini yenidən dəyərləndirmək üçün bir səbəbə çevrilə bilər. Psixoloqlar deyir ki, günah hissi mürəkkəb bir duyğudur, əgər araşdırsaq, onda həm qorxu, həm həyəcan, həm canlanma, həm də sevinc var. Elə təsəvvür edin ki, kiçik bir uşaq böyüklərdən icazə almadan gəzintiyə çıxıb. Bu situasiyada “kiçik uşaq” xəyanətkar ərdir. Aldadılmış insanın reaksiyası da güclü hisslər doğurur. Bu emosiyaların gücü yeni enerji axını yaradır və münasibətləri ölü nöqtədən tərpədə bilir.

Məsələn, Çexov arvadının ona xəyanət etdiyini hiss etsə də, heç vaxt onu ittiham etmirdi. Yazıçının bu barədə Olqaya yazdığı məktubunda zarafat qarışıq xəfif məyusluq duyulurdu:

“Mən anonim məktub almışam, orda yazılıb ki, sən Peterburqda kiməsə dəlicəsinə vurulmusan. Yəqin sən ona görə məni daha sevmirsən ki, mən qənaətcil deyiləm və səndən xahiş etmişəm ki, artıq pul xərcləyib mənə 1-2 teleqram vurasan. Xəsisin biri xəsis... Yaxşı, neyləmək olar... Mən isə səni artıq vərdiş etdiyim kimi, hələ də sevirəm... “

Xüsusilə Çexov arvadının başqasından hamilə qaldığı və uşağın tələf olduğu xəbərini də sakit qarşılayır.

Maraqlıdır ki, Çexovun qəhrəmanları da xəyanətə göz yummalı olur. Məsələn,”İfritə” hekayəsinin qəhrəmanı kiçik keşiş Saveli kilsə keşikçiləri üçün ayrılan balaca bir daxmada arvadıyla yaşayır. Saveli çirkin, xaraktersiz bir adamdı. Raisa keşiş atasının təkidilə ona ərə getməyə məcbur olub. Amma bu çirkli-paslı daxmada onun yeganə təsəllisi çovğun havalarda gecələmək üçün qapılarını döyən yolçulardır. Tərslikdən onların hamısı Savelinin dediyi kimi, cavan adamlar olur və Saveli bütün gecə baş verənləri öz gözləriylə görsə də, etiraz edə bilmir. Gücü arvadını cadugərlikdə ittiham etməyə çatır. Onun fikrincə, arvadı evə cavan yolçuları cəlb etmək üçün caduyla çovğun yaradır.

Çünki belə düşünmək Saveliyə bir növ təsəllidir. Arvadından imtina edə bilməyən və onun xəyanətini qəbul etməli olan Saveli bu yolla hirsini soyudur.

Dostoyevski də birinci arvadının xəyanətini görməzlikdən gəlirdi. Sonra başqa bir qadına - Polinaya aşiq olanda, o ərəfədə xəstəliyi şiddətlənmiş həyat yoldaşı (o, vərəm idi) Dostoyevskini dəhşətli dərəcədə qısqanırdı. Yazıçı arvadını artıq sevmirdi, amma onu və oğulluğunu maddi cəhətdən təmin etməyi özünə borc bilirdi.

Psixoloqlar deyir ki, əslində insan təbiət etibarilə poliqamdır, amma sosial planda monoqam olmağa məcburdur. Demək, insan daim özüylə konfliktdə yaşayır, onun bioloji istəkləri dəyərlər sistemiylə mübarizə aparır...

# 10024 dəfə oxunub

Müəllifin son yazıları

# # #