"Gənclər insan alverinə qarşı mübarizədə maariflənirlər”

"Gənclər insan alverinə qarşı mübarizədə maariflənirlər”
15 fevral 2013
# 17:03

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi “Azərbaycanda təhsil vasitəsilə insan alverinin qarşısının alınması üzrə maarifləndirmənin gücləndirilməsi” layihə çərçivəsində BMqT icraçı tərəfdaşları olan Azərbaycan Uşaqlar Birliyi və "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyi ilə birgə 11-15 fevral 2013-cü il tarixlərində Qubada Gənclərin Qış Məktəbini təşkil etdilər.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan İctimai-Siyasi Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası tələbələrindən ibarət ümumilikdə 20 nəfər 18-25 yaş arası gənclərin təmsil olunduğu tədbirdə “İnsan alveri nədir?”, “İnsan alverinin qarşısının alınması yolları”, “Cəlbetmə yolları və istismar formaları”, “Təhlükəsiz miqrasiya”, “Yaşıddan-yaşıda təhsil” və s. mövzular üzrə təlimlər keçirildi. Qeyd etmək lazımdır ki, iştirakçılar eyni zamanda respublikanın müxtəlif yerli QHT-lərində və gənclər təşkilatlarında könüllü, sosial işçi və aktiv üzlər kimi fəaliyyət göstərirlər.

Qış məktəbində qonaq qismində iştitak edən BMT-nin İctimai İnformasiya Departamentinin mütəxəssisi də BMT-nin fəaliyyəti barədə təqdimat etdi.

Təlimlərdə “beyin hücumu”, böyük və kiçik qruplarda iş, rol oyunu, prezentasiyalar və digər interraktiv metodlarla məlumatın çatdırılması, mövzuya aid filmin nümayişi və müzakirəsi oldu.

İştirakçılar qış məktəbində əldə etdikləri bilikləri gələcəkdə öz icmalarında, oxuduqları təhsil ocaqlarında və işlədikləri qurumların benefisiarları arasında yaymağı planlaşdırırlar.

Qış Məktəbi zamanı iştirakçılar üçün intellektual oyunlar, yarışlar, enercayzerlər və digər əyləncələr keçirildi.

Qış Məktəbi zamanı təlimlərdən əlavə iştirakçıların asudə vaxtları təşkil edildi. İştirakçıların Quba şəhərində yerləşən Quba kütləvi məzarlığına ekskursiyası təşkil olundu.

Sonda Qış Məktəbinin iştirakçıları sertifikatlar ilə təltif olundu.

Sözügedən fəaliyyətlər yuxarıda qeyd edilən layihənin üçüncü mərhələsi çərçivəsində həyata keçirildi. Layihənin komponentlərindən biri yeniyetmələr və gənclər arasında məlumat mübadiləsini stimullaşdırmaqdır. Bu məqsədlə, gənclərin insan alverinin qarşısının alınması və təhlükəsiz miqrasiya haqqında maarifləndirilməsi, iştirakçıların öz həmyaşıdlarına təlimçi kimi çıxış etməsi üçün onların bilik və bacarıqlarının artırılması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, 2011-2012-ci illərdə yeniyetmə və gənclər arasında bu mövzu üzrə iki yay məktəbi təşkil edilmişdir.

# 1895 dəfə oxunub

Müəllifin son yazıları

# # #