Kulis.Az ictimai yerlərdə adamı pərt eləyən 12 vəziyyəti təqdim edir.
1. Ərzaq və meyvələrin uyğunsuz yerdə dağılmağı – Avtobusdasan, yanında da gözəl bir xanım. Qıza göstərmək üçün bahalı saatını ikidə-bir qaldırıb baxırsan. Birdən belə səs gəlir: caart! Yox, avtobusun təkəri partlamadı. Bıy! Sənin indicə aldığın mer-meyvə azadlığa çıxıb əli cibində döşəmədə gəzişir ki...
2. Süfrə arxasında iki nəfərin eyni vaxtda nəyəsə əl uzatması – Kabab təzə gəlib. Qarnın da səhərdən kaman çalır. Nə qədər bu qarnı boş söhbətlərlə doldurmaq olar? Götür çəngəli, dəyiş bu dövranı. Və... Başqa bir çəngəldə qoşulur bu axına...
3. Kartın balansının boş olması – Allah heç kimə göstərməsin! İllah da basabasda minirsənsə. Kart boşdur. Sürücü də əzazilin biri, yoxsa deyərdin, nə olar, 20 qəpiyi verim, keçim. Yaxşı ki, xeyirxaha adamlar var. Kartı vurub səni keçirirlər. İndi isə səni keçirən adama verməyə xırda pul tapmırsan. Yaxud, tapırsan, götürmək istəmir. Belə yolçuluq olar? Kaş diqqətli olaydın.
4. Asqırırsan, cibində dəsmal yoxdur – Hardasa adamlar arasındasan. Qəfil asqıranda az qala bir kişini “yaralamışdın”. Üzr istəyə-istəyə ciblərini eşələyirsən. Əlinə hər şey keçir: pul, telefon, kart və s. Amma dəsmal... Dəsmal yoxdur. Filmin sonu. Əslində isə başlanğıcı.
5. Lətifə danışırsan, heç kim gülmür – Yaxşı məclisdir, dostlarla yığışıb ordan-burdan söhbət edirsiniz. Tam zamanıdır. Yeni eşitdiyin lətifəni danışmaq lazımdır. Danışırsan... Qurbağa gölünə daş atılır! İmkan ola stolun altına girib gizlənəsən.
6. Mesajı səhv göndərmək – Qızla yazışdığın yerdə “Səni sevirəm” cümləsi atana gedir. Ardınca da “Dodağını gətir sənə söz deyəcəm”. Atanın “Anlamadım” cavabı şapalaq kimi açılır üzündə.
7. Əl uzadırsan, əl vermirlər – Küsmüş də ola bilər, əl uzatmağını görməz də. Əl uzatdığın adamdan başqa hamı görür amma. İşin pis tərəfi də budur. Belə yerdə əlin o qədər tənhalaşır ki, onun göz yaşlarını görməmək üçün gizlətməyə çalışırsan. Əlin heç vaxt bədənində bu qədər artıq görünməyib.
8. Uşaq camaatın içində nəsə istəyir... – Evdə olsa nə var ki? Bu boyda adamın içində yapışıb ətəyindən ki, şokolad al. Uşaqdı də, nə deyəsən. Anlamır ki, cibində siçanlar oynayır. Darta-darta aralanmağa və mümkün qədər az biabır olmağa çalışırsan.
9. Oynamağa duran kimi mahnı kəsilir – Toy! Sümüyünə düşən bir mahnı qoşublar. Ağzını salfetkayla silə-silə ayağa qalxıb qollarını qaldırırsan və... Hər şey buz bağlayır. Sən də, sənə tamaşa edən toy əhli də, bəy də, gəlin də, əlində sini harasa tələsən ofisiant da...
10. Yeməyi süfrəyə dağıdırsan - Kefin də yaxşıdır, iştahan da. Yaxşı qonaqlıq, gözəl dostlar. Qarşındakı da ağ geyinib. Qəfil necə olursa qəza mələkləri üstünə hücum çəkir, şərab şüşəsinə toxunub süfrəyə aşırırsan, adamlar nə qədər arxaya sıçramaq istəsə də qırmızıdan yayına bilmir. İllah da səninlə üzbəüz oturan ağ köynəkli... Nə edəsən? Keçmiş olsun.
11. Kiminsə adını səhv salmaq – Özü də tanınmış adamdır. Lənət şeytana. Bilsən, adın çəkməzdin. “Bəy”dən, “Müəllim”dən deyib yola verərdin. Halbuki onu tanıyırsan. Adınıd a düz bildiyinə əminsən. Görəsən, günahından keçəcəkmi?
12. Qarnının qəfil quruldaması – Bu hələ ən abırlısıdır. Adamın bədəni adamı çox yerdə və daha pis xəcalət edə bilir. Allah göstərməsin. Kiş-kiş düşmən başına!