Diyetoloq məsləhəti: Ləpə halında satılan qoz yeməyin

Diyetoloq məsləhəti: Ləpə halında satılan qoz yeməyin
27 avqust 2015
# 14:19

Hər qadının ən böyük arzularından biri sağlam və gözəl bədənə sahib olmaqdır. Onların ən böyük qorxusu isə yaşlanmaqdı. Ta qədimdən qadınlar gözəl, gümrah və cavan qalmaq üçün əllərindən gələni əsirgəmirlər. Son illər isə estetik əməliyyatla bu məsələni birdəfəlik həll etməyə çalışırlar. Bunun üçün də çoxlu pullar xərcləyirlər. Lakin bunun çox asan bir yolu var ki, onu da sizə dietoloq Sezyar Abdulova deyəcək:

- Sezyar xanım, xoş gördük!

- Hər vaxtınız xeyir!

- Əvvəlcə sizi ətraflı tanıyaq...

- 1984-cü ildə Bolqarıstanın Varna şəhərində anadan olmuşam. Orta təhsilimi başa vurduqdan sonra ali təhsil almaq məqsədilə İstanbula gəldim. Burada İstanbul Dövlət Universitetinin tibb bacısı şöbəsinə daxil oldum. İki il tibb bacısı olaraq İzmir Şəfa Xəstəxanasında və Amerika xəstəxanasında çalışdım. 2010-cu ildə fizioterapiya təhsili almaq üçün Amerikaya getdim. Lakin təhsilimi yarımçıq buraxaraq elə həmin il İstanbula qayıtdım.

Karyeramda dəyişiklik etmək istədim. Məhz bu səbəbdən də Londona getdim. Qidalanma, bitki və ədviyyat, ev istehsalı və təbii baxım müalicələri üzrə təhsil aldım. Bununla kifayətlənməyib bir çox seminarlara qatıldım. Bundan sonra öz üzərimdə bir az da çalışaraq, bu sahədə seminarlar verməyə başladım. Hazırda Turkiyədə Estevorld plastik cərrahi sağlamlıq qrupunda çalışıram. Detoks və sağlam yaşam mütəxəssisiyəm.

- Varnada keçən həyatınızı necə xatırlayırsız?

- Uşaqlığım və yeniyetməliyim orada keçib. Çox maraqlı günlər idi. Necə deyərlər, nənə-baba uşağı olmuşam. Babamın böyük ferması vardı, bir də əkin sahəsi. Babam bağban idi. Biz heç bir məhsulu bazardan almazdıq. Hər nə varsa özümüz tədarük edərdik. Çoxlu sayda mal-qaramız vardı. Hətta çobanlıq da edirdim. Həmişə saf qidalarla bəslənirdim. Səhhətim qaydasında idi. Elə ki 1999-cu ildə İstanbula gəldim, çəkim birdən-birə on bir kilo çəkim artdı.

- Sizcə bunun səbəbi düzgün qidalanmamaq idi?

- Mən tələbəydim. İstanbulda çeşidli meyvələri, tərəvəzləri gördüyüm andan yeməyə başladım. Bir gün şalvarım əynimdə partlayanda anladım ki, hədsiz dərəcədə kökəlmişəm. İnanın, dərhal pəhriz saxlamağa başladım. Düzgün olmayan pəhriz və stress mənim dərimi korladı, saçlarımın tökülməsinə səbəb oldu. Başladım bədənimlə müharibə etməyə. İlk olaraq düzgün qidalanmaqla bağlı kitablar oxumağa başladım. Sizi inandırım ki, oxuduqca mən bədənimi sevməyə başladım. Birdəfəlik olaraq konservləşdirilmiş məhsullardan imtina elədim. Yalnız təbii məhsullarla qidalanmağa başladım.

- Ancaq bugünkü dövrdə bu bir az çətindi.

- Bəli, çətindi. Lakin düşünün, torpaqda yetişən hər nə varsa-tərəvəzlər, göyərtilər, meyvələr-bunları yeməlidi insan. Qurani-Kərimdə də "İnsan torpaq və sudan yaradıldı" deyə yazılıb. Bədənimizə baxsan torpaq və su elementləri var, deyilmi?! Gözəl bitkilər su və torpaqla qidalanır. Deməli, Günəşdən enerji alan bitkilərdə də torpaq və su elementi var.

- Doğrudur, bitkilər Günəş olmasa məhv olar...

- Bu gün insanlarda "D" vitamini azlığı var. İnsanda bu vitamin olmasa depressiya da olar. "D" vitamini isə ən çox Günəşlə yetişən bitkilərdə olur. Bilirsiz, illərlə məni dəyişəcək birini arzuladım. Lakin sonra başa düşdüm ki, məni özümdən başqa heç kim dəyişə bilməz. Özümlə döyüşə başladım. İnanın, bundan sonra hər iş öz qaydasında oldu. İçimdəki səslə dost oldum, zaman ayırıb onu dinlədim. O səs mənə nə deyir? Baxın, o səsi dinlədim deyə, bu gün bir çox işlərə imza atdım. Araşdırmamın ilk təcrübəsini öz üzərimdə keçdim və müvəffəqiyyət əldə etdim. Başladım bu işə hobbi kimi yox, ciddi yanaşmağa. Londona gedib orada təhsil aldım. Seminarlarda iştirak etdim və öz ideyalarımı da əlavə edib Türkiyəyə döndüm. İnsanlara yardım etməyə başladım.

- Bir zamanlar deyəsən modellik də eləmisiniz? Deyəsən bu tələbəlik vaxtlarınızda olub. Şəkillərinizə baxıram, orada kifayət qədər incəsiz...

- Bəli, o şəkillər mən pəhriz edəndən sonra çəkilib. Tələbə olarkən pul qazanmaq məqsədilə modellik edirdim. Sonra tələbəlik bitdi, mən işə düzəldim və modelliyə də son qoydum.

- Gələk əsas məsələyə... Çəkiylə problemi olan xanımlara məsləhətiniz nə olardı?

- Mən bütün pasiyentlərimə ilk olaraq bunu deyirəm: əvvəlcə özünüzü sevin. Tövsiyəm odur ki, hazır qidalardan uzaq dursunlar. Səhər yuxudan oyananda acqarına 500 ml suya evdə hazırlanmış 2 yemək qaşığı alma sirkəsi əlavə edib içsinlər. Daha sonra meyvə yesinlər. Şaftalı da ola bilər, üzüm də, bir dilim qarpız da. Amma unutmasınlar ki, meyvələri qarışdırmaq olmaz. Zeytun yesinlər, hər yemək zamanı böyük qabla bir bol göyərtili salat hazırlayıb yesinlər. Həftədə bir dəfə ət, balıq, ya da toyuq yeyə bilərlər.

Bundan başqa, günortalara zeytun yağı ilə qara düyü, noxud, mərci, qarabaşaq hazırlayıb yeyə bilərlər. Şəkərdən və şirniyyatdan uzaq olsunlar. Ərik, əncir və ya xurmayla yaşıl çay içsinlər. Hər dəfə acanda su içsinlər. Gündə 3 litrə yaxın su içsinlər və 30 dəqiqə açıq havada yerisinlər. Qəti olaraq axşam saatlarında yemək yeməsinlər.

Gündə 10 ədəd qoz yesinlər ki, bu da ləpə halında satılan olmamalıdı. Yaşıl möcüzədi, tərəvəz və göyərtilərə üstünlük versinlər. Mənim tövsiyəm hələlik bu qədər. Son olaraq, bütün qadınlara sağlamlıq və gözəllik arzulayıram.

- Çox sağ olun Sezyar xanım, ümidvaram sizin məsləhətləriniz qadınlarımızın ürəyincə olacaq və öz bəhrəsini verəcəkdir.

- Siz də sağ olun.

# 1604 dəfə oxunub

Müəllifin son yazıları

# # #